«Əsrin aydınları» jurnalının dəyərli qonağı Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının təlim-tədris hissəsinin sabiq rəisi və Akademiyanın sabiq rəis müavini, polkovnik, hərbi ekspert Şair Ramaldanovdur.
Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının təlim-tədris hissəsinin sabiq rəisi və akademiyanın sabiq rəis müavini, Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Şair Ramaldanov Uğurlu «Horadiz Əməliyyatı» zamanı Horadiz qəsəbəsinin ermənilərdən azad olunmasında iştirak edən 702 briqadanın komandiri və «Azərbaycan Bayrağı» ordenini 2 dəfə alan, Moskva «Frunze» adına akademiyanı bitirmiş ordumuzdakı 6 zabitdən biri, Əliağa Şıxlinskidən sonra yazdığı kitabları dünya hərbi akademiyalarında tədris olunan yeganə hərbçidir.
Ramaldanov Şair Ramaldan oğlu 5 sentyabr 1957-ci ildə Xaçmaz rayonunun Xudat qəsəbəsində anadan olub. 1964-cü ildə Xudat 2 saylı orta məktəbinə daxil olub. 1974-cü ildə 8-ci sinfi bitirdikdən sonra Cəmşid Naxçıvanski adına Hərbiləşdirilmiş məktəbinə daxil olub.1976-cı ildə oranı müvəffəqiyyətlə bitirdikdən sonra Azərbaycan SSR Ali Soveti adına Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə daxil olub. 1980-ci ildə ali hərbi məktəbi uğurla bitirdikdən sonra 5 il ərzində Sovet Qoşunlarının Almaniyadakı məhdud kontingentində zabit kimi xidmət keçmişdir. 1987-ci ildə Moskva şəhərində SSRİ Silahlı Qüvvələrinin Frunze adına Hərbi Akademiyasına daxil olmuşdur. 1991-ci ildə akademiyanı bitirmişdir. 1992-ci ildə Alay (polk) komandirinin müavini vəzifəsindən–fevral 1992-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişdir.
1993-cü il noyabr ayında 702 saylı motoatıcı briqadanın komandiri vəzifəsinə təyinat almışdır. 1995-ci ildə 3-cü Ordu Korpusu komandiri vəzifəsinə təyin edilmişdir. Milli Qəhrəman adından imtina etmişdir 1997–2012-ci ilə qədər ordu korpusunun komandiri vəzifəsində xidmət keçmişdir. Daha sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında tədris işləri üzrə rəis müavini vəzifəsində xidmət etmişdir. 2012-ci ildə yaş ilə əlaqədar olaraq xidmətdən ehtiyata tərxis olunmuşdur.
Hal-hazırda da Müdafiə Nazirliyinin aparıcı İdarələrindən birində öz bilik və bacarığını tətbiq etməkdə davam edir.
Ümummilli lider, ulu öndər cənab Heydər Əliyevin 4 aprel 1995-ci il 307 saylı fərmanı ilə Azərbaycan Respublikasının konstitusiya dövlət quruluşunun müdafiəsində, respublikada əminamanlığın təmin edilməsində xüsusi xidmətlərinə, öz əsgəri borclarını şərəflə yerinə yetirdiyinə görə «Azərbaycan Bayrağı» ordeni ilə təltif edilmişdir. Ailəlidir, iki övladı var.
— Salam, xoş gördük, Şair müəllim. Sizi «Əsrin aydınları» jurnalının müsahibləri arasında görmək çox xoşdur. Müsahibəmizə ənənəvi sualımızla başlamaq istərdim. Şair Ramaldanov böyüyüb boya-başa çatdığı ailə, təhsili haqqında bizə və oxucularımıza məlumat verə bilərmi?
— Mən 1957-ci il 5 sentyabr tarixində Xaçmaz rayonunun Xudat şəhərində zəhmətkeş bir ailədə dünyaya göz açmışam. Orta təhsilimə də Xudat şəhərində başlamışam. 8-ci sinfi bitirdikdən sonra Cəmşid Naxçıvanski adına hərbi məktəbə qəbul olmuşam. Həmin məktəbin ilk məzunlarından biri də mən olmuşam. Daha sonra ali hərbi məktəbi fərqlənmə diplomu ilə bitirmişəm. Sovet dövründə fərqlənmə diplomu ilə bitirən məzunlara təyinatla bağlı seçim imkanları da verirdilər. Mən Almaniyanı seçdim və xidmətimə zabit kimi 5 il orada davam etdim. Həmin ərəfədə ailə həyatı qurdum. Vətənə qayıtdıqdan sonra Azərbaycanda müxtəlif vəzifələrdə xidmət etdim. 1987-ci ildə Moskvada SSRİ Silahlı Qüvvələrinin Frunze adına Hərbi Akademiyasına daxil oldum və 1991-ci ildə oranı bitirdim. Həmin vaxt artıq ölkədə məlum siyasi proseslər başlamışdı və mən Vətənimə dönmək istədim. Orada yaranan maraqlı bir vəziyyət haqqında danışmaq istəyirəm. Həmin vaxt mənim təyinatım palkovnik-leytenant vəzifəsi olduğu üçün Vətənə qayıtmağıma müəyyən məhdudiyyətlər qoyulmuşdu. Açıq şəkildə bildirirdilər ki, bu qərar məhz rəhbərlik tərəfindən qəbul olunub. Vətənə qayıtmağım üçün bir səbəb lazım idi. Düşünürəm, mən həmin səbəbi yaxşı tapmışdım. Rəhbərliklə görüşüb bildirdim ki, mən azərbaycanlı deyiləm. Milliyyətcə ləzgiyəm. Baxmayaraq ki, mənim bütün qohumlarım Azərbaycanda Şimal bölgəsində yaşayırdı, onlara bildirdim ki, yaxınlarımın hamısı Dağıstanda yaşayır. Bunu bəhanə gətirərək Vətənə qayıtmaq şansımı əldə etdim. İki gün sonra mənə məlumat verildi ki, sizin istəyiniz təmin olunacaq. Bir müddət Cəlilabad rayonunun Göytəpə qəsəbəsində Alay komandirinin müavini vəzifəsində çalışdım. Azərbaycan Ordusu yarandıqdan sonra Qoşun Komandirlər Məktəbində rəis müavini kimi fəaliyyətə başladım.
Kənd mühitində böyüyən uşaqların həyatı demək olar ki, eyni olur. Zəhmətkeş ailələrin həyat tərzi, gündəlik yaşantıları da bir-birinə çox oxşayır. Bizim ailədə hər zaman zəhmətkeşlik, vətənpərvərlik, milli ənənələrə sadiqlik olub. Biz üç qardaş, bir bacıyıq. Üçümüz də polkovnikik. Bacım da Cəmşid Naxçıvanski adına hərbi məktəbdə çalışır.
— Hərbçi olmaq istəyi nədən irəli gəlib, Şair müəllim? Bu sizin uşaqlıq arzunuz olub?
— Uşaqkən həmişə oğlan uşaqları oyuncaq silahlarla oynayır. Ola bilər ki, bu istək də məndə o zamanlarda yaranıb. Sözsüz ki, o vaxt hərbi həyatla bağlı heç bir məlumatım, bilgim yox idi. Düşünürəm, bu istəyi məndə daha da zəruri edən ailəmizin maddi durumu idi. Ailənin böyük oğlu kimi mən bunları düşünməli idi. Əslində, hərbçi olmağım zərurətlə istəyin üst-üstə düşməsi ilə baş tutdu. İstər təhsil aldığım dövürdə, istər xidmət etdiyim dönəmdə, istər təqaüddə olan zabit kimi heç vaxt seçdiyim sahə ilə bağlı peşmanlığım olmayıb. Yenidən həyata başlama şansın, fürsətim olsa, yenidən hərb sahəsini seçərdim.
— Bir hərbçi kimi xidmət dönəmində hansı çətinliklərlə üzləşmisiniz?
— Hərbçi həyatı çox çətindir. İnsan doğulandan özünü azad, sərbəst görmək istəyir. Atılan hər hansı bir addıma valideyn tərəfindən müəyyən məhdudiyyət qoyulan zaman daxildə olsa da, buna etirazını bildirir. Çünki yaradılışdan insan azad ruhda yaradılıb. İnsan böyüdükcə özünü müstəqil görmək istəyir. Hərb və müstəqillik, hərb və azadlıq bir-birinə zidd olan anlayışlardır. Daim vəzifə borcu altında o məhdudiyyətlərin içində böyüyürsən. Mən 8-ci sinifdən sonra artıq hər səhər «Dur!» komandası ilə oyanıb hərbi geyimdə hazır vəziyyətdə olurdum. Eyni zamanda, yatmağımız da müəyyən komandalar altında olurdu. Zaman keçdikcə insan artıq bu şəkildə formalaşır. Hətta bu məsələyə belə bir fəlsəfi yanaşma da var ki, «Hərbçilər ilk gündən artıq kəfənlənmiş olurlar». Hərbçinin döyüş hazırlığı zamanı, təlimlər zamanı atdığı hər bir addım insan həyatı üçün təhlükəlidir. Hərbçi hər an ölkəsinin, xalqının, millətinin müdafiəsində durmağa hazır olan biridir. Digər peşə sahələrinin də (mühəndis, həkim, müəllim və s.) hər birinin öz özəlliyi var. Hərbçilər digər mülki insanlardan fərqli olaraq hərb sənətindən irəli gələrək müəyyən vərdişlərə, öhdəliklərə, məsuliyyətə malik olurlar. Bu özəllikləri daşımayan, özündə inkişaf etdirə bilməyən biri hərbçi kimi yetişə bilməz. Bəzən olur ki, bu sahənin çətinliklərinə tab gətirməyənlər hərbi məktəbdən çıxır, bəziləri erkən zabitlik illərindən hərbi həyatı tərk edir. Çünki həmin şəxslərin daxili potensialları ilə sadaladığımız xüsusiyyətlər uyğun gəlmir. Ona görə də mən düşünürəm ki, hərbçi olmaq həddin artıq çox çətindir. Bu çətinliyi də müəyyən mənada tarazlayan hərbçi olmağın verdiyi qürurdur. Bəzən çətinlik və şərəfli peşənin sahibi olmaq bu və ya digər formada bir-birini tamamlayır. Bu da insanı bir fərd olaraq cəmiyyətdə yetişdirir və formalaşdırır. İnsanı bu həyatda, cəmiyyətdə tanıdan iki əsas faktor var: sənəti və ailəsi. Əgər sənət sevilərək seçilibsə, o sənətdən zövq alınırsa, daxili imkanlar o peşənin layiqincə icrasını təmin edirsə, o zaman insan özünü xoşbəxt hiss edə bilər. İkinci əsas faktor olan ailə ilə seçilən sənətin bir-birini tamamlaması da çox mühüm amildir. Hər iki yerdə (ailə və sənətdə) insan özünü rahat, xoşbəxt hiss etməlidir. Evdən çıxıb hərbiyə getdiyi zaman orada bütün məsuliyyətinlə, fikrini toplayaraq vəzifəni icra etməlisən. Eyni zamanda, xidmətdən evə, ailəyə də böyük həvəslə, həsrətlə qayıtmalısan. Hərbinin gətirdiyi gərginlikdən sonra evdə ailə məhəbbəti, sevgisi, qayğısı ilə qarşılaşdığın zaman istirahət etmiş olursan. Mənim həyatımda bu iki faktor ən uğurlu və arzulanan şəkildə inkişaf edib. Bu peşənin çətinliyinə ailə də hazır olmalıdır. Hərbçinin həyat yoldaşı olmaq çox çətindir. Günlük işlərini, ümumiyyətlə, həyatını öncədən planlaşdıra bilmirsən. Bu da mülki həyat yaşayan digər peşə sahibləri ilə hərbçilər arasında olan əsas fərqlərdəndir. Hərbidə çox zaman həyat yoldaşına «arxa cəbhə» deyirlər. Biz xidmətdə olduğumuz müddətdə ailənin bütün qayğıları evin xanımının çiyinlərində olur. Evdən, ailədən arxayın olduğun zaman da xidmətə verdiyin töhfələr daha böyük olur. Hərbçinin əsas vəzifə borcu Vətənə xidmətdir. Bu peşənin çətinliklərini yaşayanlar hərtərəfli inkişaf edərək formalaşırlar. Bu gün sizlərin qarşısında bu şəkildə əyləşmişəmsə, yaşadığım çətin anların sayəsindədir.
— Şair müəllim, sizin üçün uğur anlayışı nədir?
— Mənim üçün uğur anlayışı həyatını tam şəkildə peşənə həsr etməkdir. Eyni zamanda, cəmiyyətdə vətəndaşlıq borcunu layiqincə yerinə yetirməkdir. 1991-ci ildən başlayaraq Azərbaycan Respublikasında gedən siyasi proseslər hər kəsə məlumdur. Bu proseslərdə də əsas rolu siyasətçilər və hərbçilər oynayıb. Bəzən bu kimi hallarda insan seçim arasında qalır. Mən hər zaman zabitlərimə də deyirəm ki, həmişə vəzifə borclarına köklənsinlər. Yalnız vəzifə borcları çərçivəsində öz peşəsini layiqincə yerinə yetirənlər istənilən situasiyadan çıxa biləcəklər. Vətənə qayıtdıqdan sonra 1992-ci ildən Azərbaycan Müdafiə Nazirliyinin tabeliyində xidmət göstərməyə başladım. Qeyd etdiyim kimi həmin proseslərdə əsas iştirakçılardan biri hərbçilər idi. Sözsüz ki, o zaman baş verən proseslər bizim üçün yad idi. Çünki hərbçilər döyüş meydanlarında, təlimlərdə öz güclərini göstərirdilər. Siyasi proseslərdə iştirak və onun nəticələrinə hazır deyildik. Ancaq hər hadisəyə vəzifə borcları çərçivəsində yanaşılarsa, istənilən vəziyyətdən çıxmağın mümkünlüyünü də gördük. Məsələn, atılan hər hansı bir addımla bağlı suallar olduğu təqdirdə vəzifə borclarında mövcud olan bəndə əsaslandığın zaman rahatlıqla həmin vəziyyətdən çıxa bilirsən. Ona görə insan bir hərbçi olaraq uğurlu olub-olmadığını qeyd etdiyim kimi peşə və vətəndaşlıq vəzifələri çərçivəsində düşünməlidir. Şəxsi maraqları kənara qoymalıdır. Sözsüz ki, zaman-zaman ətrafımızda vəzifə səlahiyyətlərindən sui-istifadə edənlər də olub. Ancaq bu şəkildə qazanılan, əldə edilən nailiyyətləri mən uğur hesab etmirəm.
— I Qarabağ müharibəsi ilə II Qarabağ müharibəsi nə ilə fərqlənirdi, hörmətli polkovnik?
— Əslində, çox şey ilə fərqlənir. Hətta mən deyərdim ki, I Qarabağ müharibəsi ilə II Qarabağ müharibəsi yalnız bir məqama görə fərqlənmirdi ki, o da Vətənə olan məhəbbətdir. Bu sevginin yaranması üçün ölkəmizdə hər zaman lazımi mühit, şərait qurulub. Dövlət başçımız başda olmaqla, məktəblərdən tutmuş ailə mühitinə kimi övladlarımıza hər zaman vətənpərvərlik ruhu aşılanıb. Çünki milli dəyərlərimiz bu ruhu formalaşdırmağa şərait yaradıb. Ailə dəyərlərinin rolu da danılmazdır. Əslində, ailə özü də kiçik bir dövlətdir. Ona görə də milli dəyərlərimiz ilə ailə dəyərləri bir-birinə çox yaxındırlar, sinonim kimidirlər. I Qarabağ müharibəsindən sonra Ulu Öndərin rəhbərliyi zamanı hər kəsin yalnız bir fikri, şüarı var idi: «Biz torpaqlarımızı düşmən tapdağında saxlamayacağıq!» Baxmayaraq ki, torpaqlarımız 30 ilə yaxın bir müddətdə işğal altında qalmışdı, balaca uşaqdan tutmuş böyük nəslin nümayəndələrinə kimi əsas fikir bu idi. Mən deyərdim ki, fərqli olmayan yeganə şey də məhz bu idi. İstər hərbi güc cəhətdən, istər iqtisadi məsələlər baxımdan hər şey fərqli idi. Vətən sevgisi ilə yanıb-tutuşan insanların, işğal prosesini görməyən gənclərimizin sayəsində biz bu gün o möhtəşəm qələbəni yaşamış olduq. Vətənpərvər gənclərimizin yetişməsi üçün dövlətimizdə lazımi mühit yaradılmışdır. Azərbaycanda gənclərlə bağlı gedən proseslər, onların vətənpərvərlik ruhunda formalaşması istiqamətində bir sıra addımlar atılmışdır. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev «2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nı təsdiq etmişdi. Mən təhsil ocaqlarında mütəmadi olaraq tədbirlərdə iştirak edirəm. Hər zaman şagirdlərimizə, gənclərimizə aşılanan torpaq, Vətən sevgisinin şahidi oluram. Sözsüz ki, vətənpərvər ruhda gəncliyimizin böyüməsi üçün cəmiyyətdə həmin mühit yaradılmalıdır. Günümüzdə də bu əsas prioritet kimi götürülür. Bu gün II Qarabağ müharibəsində savaşan gənclər I Qarabağ müharibəsi iştirakçılarının davamçıları, övladlarıdırlar. I Qarabağ müharibəsində iştirak edən bir komandir kimi deyə bilərəm ki, bizim millət kimi savaşan, mübarizə aparan, Vətəni naminə canını belə fəda etməyə hazır olan ikinci bir millət yoxdur. I Qarabağ müharibəsində silah-sursat baxımdan şatışmazlıq olsa da, vətənpərvərlik ruhu, Vətənə bağlılıq bu və ya digər formada bu nöqsanları aradan qaldırırdı. 1994-cü ildə keçirilən Horadiz əməliyyatında bir komandir kimi iştirak etmişəm. Hər il Şəhidlər xiyabanını ziyarət edəndə şəhid olmuş əsgərlərimin simasında sanki bu sualın şahidi olurdum: „Nə oldu, bizim qisasımız nə zaman alınacaq?“ Vətən müharibəsində əldə edilən şanlı qələbədən sonra onları ziyarət edərkən sanki baxışlarının dəyişdiyini gördüm. Artıq onlar sual yox, sevinc baxışları ilə baxırdılar. Sanki onlar da rahatlayıblar, ruhları şaddır. II Qarabağ müharibəsində hərbi əməliyyatlarda iştirak edən hərbçilər məhz 90-cı illər əməliyyatlarının iştirakçılarının bir növ varisləri idilər. Yekun olaraq onu deyim ki, I və II Qarabağ müharibələrini fərqləndirməyən əsas amil Vətən, yurd sevgisi idi. Bu sevginin nəticəsində də biz bu gün qalib xalq kimi yaşayırıq.
— Bəli, Şair müəllim, 44 günlük Vətən müharibəsində biz bütün dünyaya Ordumuzun gücünü göstərmiş olduq. Genetik fonundan, milliyyətindən asılı olmayaraq hər kəs yekdilliklə könüllü olaraq hərbi hissələrə üz tutdu. Bu nədən irəli gəlirdi?
— Bilirsiniz Günel xanım, Azərbaycan hər zaman tolerant ölkə olub. Hələ Sovetlər Birliyi zamanında da Azərbaycan kimi ikinci tolerant ölkə yox idi. Bu bizim milli ənənələrimizdən, tərbiyəmizdən irəli gəlir. Sadə el dilində bir misal gətirim ki, qonağı hər zaman başımızın tacı hesab etmişik. Ona ən yüksək dəyəri, hörməti göstərmişik. Lakin onu da qeyd edim ki, müəyyən çətin məqamlarda bəzən seperatizm çatları əmələ gələ bilir. Bu da çox zaman xarici qüvvələrin təsiri nəticəsində yaranır. Parçalanmağa doğru gedən bir xalqı, milləti bir araya yığa bilən güclü lider, rəhbər olmalıdır. Azərbaycan xalqının ən böyük uğurlarından biri çətin bir zamanda öz liderini seçə bilmə imkanına sahib olması idi. Seçimini düzgün edən xalq gələcəkdə onun nəticələrini də görmüş olur. Seçim düzgün edilərsə, bu xalqın inkişafına səbəb olmuş olur. Əgər yanlış seçim olunarsa, bu xalqı parçalanmağa, uçuruma aparmış olacaq. Azərbaycan xalqı özünün ən düzgün seçimini edərək, Ümummili Lider Heydər Əliyevi seçdi. Ümummili Liderin də qeyd etdiyi ki, o özünün və ailəsinin həyatını Azərbaycan xalqına qurban etdi. Bunun nəticəsini də xalq, millət olaraq hər kəs yaşayır. Ulu Öndər hakimiyyətə gəldikdən sonra Azərbaycanda gedən bütün proseslərdə yaxından iştirak etmişəm. İllər keçəcək, onun sahib olduğu unikal xüsusiyyətlərə malik ikinci bir şəxsiyyət bəlkə də yetişməyəcək. Mən bütün bunları ən çətin məqamlarda aldığı düzgün qərarların şahidi olan biri kimi, hərbçi kimi deyirəm. O, xalqın enerjisini düzgün istiqamətləndirən bir lider idi. Bu gün qələbə çalan Azərbaycanın kökündə, sütunlarında məhz Ulu Öndərin düzgün siyasəti durur. Əsl lider düşdüyü tarixi vəziyyətdə elə bir qərarlar qəbul etməlidir ki, o qərarlar xalqın gələcəyini təmin etsin. Ulu Öndərimizin və Cənab Prezidentimizin qəbul etdiyi düzgün qərarlar bu gün xalqımızı bəladan qurtarmış oldu. Önəmli olan strategiyanın, yol xəritəsinin düzgün qurulmasıdır. Bu da liderliyin əsas və ən önəmli xüsusiyyətlərindəndir. Onu da qeyd edim ki, I Qarabağ savaşından sonra Ümummili Liderin qayıdışını biz hərbçilər daha çox gözləyirdik. Çünki o zaman hərbi vəziyyəti təhlil edib, düzgün nəticə çıxaran, hərbi əməliyyatlara mərkəzdən nəzarət edən bir şəxs yox idi. Qayıdış müraciətini ziyalılar etsə də, onun yolunu daha çox gözləyən məhz biz hərçilər idik. Onun gəlişindən sonra artıq vəziyyət də dəyişdi. Ulu Öndərin qoymuş olduğu xətti bu gün cənab prezident İlham Əliyev layiqincə davam etdirir. Onun ordu quruculuğunda atmış olduğu addımlar günümüzdə qələbəni təmin edəcək addımlar idi. Orduda yaradılan şəraitdə, ən müasir silahların alınmasında, döyüş bacarıqlarının və hazırlıqlarının artırılmasında bu addımları açıq şəkildə görmək olar. Mən sizə bir məsələni də deyim ki, Ali Baş Komandan hərbi əməliyyatlar zamanı insan itkisinə çox həssas yanaşırdı. Müasir silahların alınmasında əsas məqsəd qarşıda duran hədəfə daha tez şəkildə çatmaq idisə, digər tərəfdən də şəxsi heyət itkisinin qarşısını almaq idi. Vətən müharibəsində də pilotsuz uçan uçuş aparatları ilə düşmənin müqavimətini maksimum azaldaraq, itkinin minimuma çatdırılmasına nail oldu. Mən deyərdim ki, hərb sahəsi ən çox hesablamaların aparıldığı bir sahədir. Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan müharibə zamanı normativlərdə göstərilən ən az itki statistikası ilə qələbə qazanıb. Bu da müasir silahların, hərbi texnikaların bir mərkəzdən idarə edilməsi nəticəsində olub. Qəbul edilən bütün qərarların müəllifi də məhz Ali Baş Komandan İlham Əliyev idi. İşğal edilmiş torpaqlarımızın azad edilməsi daim onun fikrində, niyyətində, siyasətində prioritet bir məsələ idi. Özünün də bildirdiyi kimi: «Qarabağın işğaldan azad edilməsi planı hər zaman masamın üzərində olub». Artıq II Qarabağ müharibəsi zamanı yaranan vəziyyətlərdə hansı qərarların qəbul edilməsinin vacibliyini daha öncədən planlamış, hədəfləmişdi. Bu qərarların nəticəsində müharibənin sonunda Azərbaycanın üç iri rayonunu itki vermədən düşməndən azad etməyə nail oldu.
— Bildiyimizə görə işğal illərində bütün yüksəkliklər düşmən nəzarəti altında idi. Şuşa da ən əlçatmaz bir mövqedə yerləşirdi. Şuşa əməliyyatı zamanı istifadə olunan strategiyanı hərbi sirr deyilsə, bölüşə bilərsinizmi?
— Şuşanın azad edilməsi üçün öncədən çox böyük işlər görülmüşdü. Burada da əsas idarəetmə mərkəzdən idi. Bildiyiniz kimi Xüsusi təyinatçılar Şuşa əməliyyatının əsas iştirakçıları olub. Lakin bunun arxa tərəfi də var idi. Onu qeyd edim ki, bu gün «Şuşanın azad edilməsinə görə» medalı ilə 10 mindən artıq insan təltif olunub. Əlbətdə ki, Şuşanın azad edilməsinin əsas qəhrəmanları peşəkar xüsusi təyinatçılar idilər, ancaq bu istiqamətdə müəyyən vəzifələri daşıyan digər hərbçilərimiz də olub ki, onların da xidmətləri, rolu danılmazdır. Şuşanın azad edilməsi üçün öncə lazımi şərait yaradılmış, tədbirlər görülmüş daha sonra əməliyyatlar həyata keçirilmişdi. Şuşa əməliyyatında yüngül silahlardan peşəkar istifadə etməyi bacaran, əlbəyaxa döyüşə fiziki cəhətdən hazırlıq keçən, dağlıq şəraitdə lazımi bacarığa sahib olan xüsusi təyinatçılarımız iştirak etmişlər. Onlara Şuşa ərazisinə bənzər yerlərdə təlimlər keçirilimişdi. O təlimlərdə hətta Şuşanın müdafiəsinin hansı formada təşkil edilməsi, hədəflərə nail olmaq üçün hansı taktiki üsullardan istifadə edilməsi də ən xırda məqamına kimi incələnmişdi. Bildiyiniz kimi Şuşanın azad edilməsi zamanı Azərbaycan tərəfi ağır silahlardan istifadə etməyib. Prinsip cəhətdən hansı taktikalardan istifadə edildiyini qeyd etdim. Xüsusi təyinatlılar döyüş tapşırıqlarını yerinə yetirərkən verilən bütün taktikalardan zərgərlik dəqiqliyi ilə istifadə etmişlər. Bu əməliyyatı həyata keçirmək üçün də peşəkar bir heyət hazırlanmışdı. Şuşanın azad edilməsi taktiki gediş cəhətdən bu gün də araşdırılır, öyrənilir. Coğrafi mövqeyində və hava şəraitindən asılı olaraq müasir tipli silahların orada istifadə edilməsi çox məhdud idi. Bütün bunları nəzərə alaraq öncədən xüsusi plan hazırlanmışdı ki, bu plana, proqrama əsasən də döyüş əməliyyatları yerinə yetirilirdi. Şuşanın azad edilməsinə ordumuzun bütün ərazi istiqamətlərində əldə etdiyi uğurlarının da təsiri var idi. Bu baxımdan düşməndə bir növ ruh düşkünlüyü də var idi.
— Şair müəllim maraqlı müsahibəniz üçün sizə dərin təşəkkürümü bildirir, sizi dinləmək çox xoş oldu. Həyat və fəaliyyətinizdə sizə daim uğurlar arzulayıram. Sizinlə fəxr edirik!
— Məndə sizə, jurnalınızın rəhbərliyinə, əməkdaşlarınıza təşəkkür edirəm. Hər bir mətbuat mənbəyi birinci növbədə insanları maarifləndirməyə xidmət edir. Cəmiyyətin formalaşmasında, inkişafında medianın rolu danılmazdır. «Əsrin aydınları» jurnalının bütün kollektivinə uğurlar diləyirəm. Arzu edirəm ki, hər zaman cəmiyyətimizin içindən çıxan aydınları işıqlandırasınız. Qəhrəmanlarınızın çox olmasını arzu edirəm.
© Əsrin Aydınları jurnalı
Araşdırmaçı Jurnalist: Günel Şəmilzadə
SMM, Fotoqraf: Toğrul Abdullayev