- Hamı tərəfindən sevilən, bir çox xarici ölkələrdə də bəstələdiyi musiqiləri dillərə əzbər gənc, istedadlı bəstəkarın özü tərəfindən təqdimatı bizə daha maraqlı olardı. Özünüz haqqında bizə danışın zəhmət olmazsa.
- Mən Camal Qurbanov, 1996-cı ildə Bakı şəhərində musiqiçi ailəsində anadan olmuşam. Atam musiqiçidir, Həbib Bayramovun ansamblında simli instrumentlərdə ifa edib. Gözümü açandan musiqi ilə böyümüşəm, mənə görə musiqiçi olmağıma səbəblərdən biridə budur. Orta təhsili Ankara liseyində almışam. Məktəb illərində bir çox olimpiadalarda riyaziyyatçı olaraq iştirak etmişəm və birincilik qazanmışam. Məktəb illlərində Seyid Səttarxan adına musiqi akademiyasını bitirmişəm. Ali təhsilimi Azərbaycan Dövlət Neft Sənaye Universitetində almışam.
- Bizə uşaqlıq, gənclik xatirələrinizdən ən yadda qalanını danışa bilərsinizmi?
- Mən anamın arzusu ilə Azərbaycan Dövlət Neft Sənaye Universitetində təhsili seçmişəm. Amma mənim hər zaman sevgim musiqiyə olub. Maraqlı anlar mənim üçün tələbəlik illərimdə universitetdə konsert və tədbirlərdə, musiqi yarışlarında çıxışlarımdır. Hətta ən maraqlısı odur ki, diplom müdafiəsi zamanı yarıda saxlayıb tədbirə getmişdim. O dərəcədə musiqi mənim üçün vacib amildi və artıq bütün tanışlarım, dostlarım, məni tanıyanlar bunu qəbullanmışdılar. Bir dəfə Siyavuş Kərimli mənə sual etmişdi ki, sən bizim konservatoriyada neçənci kursda oxuyursan? Sualı verməkdə haqqlı idi, çünki mən hər dəfə konservatoriyaya gedir, səhnələrdə çıxış edirdim. Hətta məni öz tələbələrinə nümunə də çəkmişdi. 7-24 musiqi mənim həyatımda idi. Mən musiqini çox sevirəm, ailədə bu sahədən olan biri olanda bu səni daha da həvəsləndirir.
- Yeri gəlmişkən Camal bəy musiqiyə olan sevgi, həvəs, musiqi duyumu sizə atanızdan keçib yoxsa bu fitri istedaddır?
- Mənə görə genetik faktor daha çox rol oynayır, sən çox çalışqanda ola bilərsən, öz üzərində davamlı işləyərək müəyyən bir səviyyəyə gəlib çıxa bilərsən. Amma genetik faktorun olması, sənin musiqi duyumunu, istedadını xüsusiləşdirir və digərlərindən fərqləndirir.
- Bəs sizi digər musiqiçilərdən, bəstəkarlardan fərqləndirən, seçici edən nədir?
- Mənə görə hissiyyatdır, bu mənim xarakterimdən irəli gəlir, çox hissiyyatlıyam. Elə xırda detallar var ki, o səni digərlərindən fərqləndirən əsas nüansdır. O nüans sənin öz imzan, öz izindir, bunlar səni sən kimi tanınmağına kömək edir. Gündəmdə olan musiqiləri davamlı olaraq araşdırıram, yenilikləri izləyirəm. Doğru sintez etmə bacarıqlarımı hərtərəfli inkişaf etdirirəm. Mən əslində klassik piano ifaçısıyam. Amma bir çox muğamlarla elektron musiqi ilə sintezlər edirəm və kifayət qədərdə bu tərz bəstələrim hamı tərəfindən sevilir. Məncə bunlar məni digərlərindən fərqləndirən cəhətlərimdir.
- Bəstələrdən söz düşmüşkən Camal bəy, ilk bəstənizi neçə yaşında bəstələmisiniz?
- İlk bəstəmi musiqi məktəbində oxuyarkən 12 yaşında bəstələmişdim. Musiqi məktəbində üzərimdə çox əziyyəti olan müəllim Solmaz xanıma çox minnətdaram. Həmişə hər hansı bir əsəri bir yerdən sonra nota baxmamış ifa edirdim. Solmaz xanım həmişə təəccüblə bunu necə bacardığımı sual edərdi. Kiçik yaşlarımdan mən ifa etdiyim əsərləri özümküləşdirməyi bacarırdım. Bəstəkarlıqda ən vacib məqam odur ki, əsəri duyub özünküləşdirə biləsən, öz dəsti xəttini yarada biləsən. Bu mərhələdən sonra artıq sən öz bəstələrini yarada bilirsən. Hiss və emosiyalarını, daxili aləmində yaşadığın, yaratdığın dünyanı notlara musiqiyə, bəstəyə çevirmək prosesini sözlərlə ifadə etmək mümkün deyil.
- Dünyanın əksər ölkələrində, eləcə də ölkəmizdə özünə xas musiqiləri ilə məşhurlaşan bəstəkar uğurlarını kimə borcludur və uğurlarının sirri nədir? Nailiyyətləriniz və uğurlu layihələriniz hansılardı?
- Həyatda və karyerada uğurlu olmaq üçün ən vacib məqam dəstəkdir, əsasəndə ailənin, yaxınlarının sənə dəstəyi. Mən bu cəhətdən çox şanslıyam, çünki kiçik yaşlarımdan ailəm məni anlayıb, fikirlərimə, seçimlərimə hörmətlə yanaşıblar, mənə dəstək olublar. Onların dəstəyi özgüvənimi həmişə artırırdı. Elə bu səbəbdən mən kiçik yaşlarlarımdan səhnələrdə, konsertlərdə çıxış edərək, qonararlar alırdım, ailəmizlə bölüşürdüm. Əgər dəstəyin varsa bu zaman insanın özgüvənidə, uğura, hər hansı bir sahəyə olan inamıda artır. Uğurun digər hissəsidə çox çalışmaq, daim axtarışda olmaqdır, həvəsdən düşməməkdir, dəfələrlə cəhd etmək və öz sahənə sevgin olmalıdır. Uğurlu və böyük layihələrimdən Misirin Şarm Əl Şeyx şəhərində "Dünya Film Festivalının" açılışında Dilarə Kazımovanın ifasında “Sarı gəlin” xalq mahnısı ilə çıxışımız, Gürcüstanda keçirilən "One CauCasus" festivalındakı çıxışımız, sözləri publisist, yazar Aydın Tağıyevə məxsus ilk” Zəfər Marşı”, “Vətən Marşı”, “Ana” bəstələri və 50-dən artıq instrumental bəstələrimdir.
- Camal bəy yerli və xarici musiqiçilərdən kimləri dinləyir? Öz inkişafında bu məşhurların rolu varmı?
- Klassik pianist olsamda, cazı hədsiz sevirəm. Bizim görkəmli bəstəkarlarımız çoxdur. Lakin mənim dinlədiyim və ən çox sevdiyim bəstəkar Vaqif Mustafazadədir, Rafiq Babayevdir. Onların yaradıcılığındakı caz və muğamın sintezi var və bu nüans məni özünə daha çox çəkir, ruhuma yaxındır. Mənim üçün ən maraqlı məqamlardan biri universitetdə səhnələrimizin birində mənə professor müəllimim tamam ayrı sahənin peşəkarı idi, yaxınlaşıb söyləmişdi ki, sənin ifalarında Vaqif Mustafazadənin çalarlarını hiss edirəm. Həmin professor müəlllimim isə Vaqif Mustafazadənin tələbəsi imiş. Şans elə gətirdi ki, mən həmin müəllimimdən Vaqif Mustafazadədən şəxsən öyrəndiyi xüsusi frazaları öyrəndim. Eyni zamanda mən Nailə Mirməmmədlinin tələbəsi olmuşam, onunda mənim üzərimdə əməyi çoxdur. Nailə xanımın yaradıcılığında özünə məxsus çalarlar vardı. Ondan öyrəndiklərimdə yaradıcılığımda mənə çox kömək olub. Dünyaca məşhur musiqiçilərdən, pianistlərdən bir çoxlarını, məsələn Lüdviq Van Bethoven, Yan Tyersen, Bill Evans və digərlərini dinləyirəm. Mənim üçün əsas keyfiyyətdir. Bütün musiqi növlərində istər pop, rok, klassik janrlarda xüsusi detallar var ki, onları analiz etdikcə sənin təfəkküründə müəyyən hissələr açılmağa başlayır və bu hal səni daha duyumlu, daha məhsuldar etməyə sövq edir.
- Sosial hesablarınızın birində paylaşımınızda dostunuzun şərhi diqqətimizi çox çəkmişdi “ Pianinosuz bir gün” . Gününüzün neçə saatını pianino arxasında keçirirsiniz?
- Yaşımın müəyyən bir dövrünə qədər mən gün ərzində 4-6 saat arası pianino arxasında əyləşirdim. Əgər profesional pianist olmaq istəyirsənsə bu sənin həyat tərzinə çevrilməlidir. Son üç, dörd ildir ki, işlərimin çoxluğundan dolayı gün əzrində 2 saata endirmişəm.
- Camal bəyə görə günümüzdə ən çox dinlənilən və trendlərdən düşməyən musiqisi hansıdır?
- Əslində xarici və yerli musiqi platformlarında bəstələrim və musiqilərim hər zaman çox dinlənilir. Mən daha çox klassik, instrumental bəstələr, soundtreklər bəstələyirəm. Bu musiqilərin çoxu dijital platformalarda dünyanın bir çox ölkələrində yayımlanır və dinlənilir. Təəsüflər olsun ki, bizim ölkədə klassik musiqiyə, soundtreklərə, kino musiqilərinə çox maraq göstərənlər yoxdur. Statistik təhlilərə baxarkən, bəstələrim daha çox Amerikada, Meksikada və digər Avropa ölkələrində dinlənilir. Bizim ölkədə daha çox mahnı janrı dinlənildiyindən “Cavanlığım” və digər proektlərimiz aylarla trenddə qalır. Bu məni sevindirsə də, digər tərəfdən məyus edir. Çox istərdim ki, klassik, instrumental bəstələridə dinləyənlər çoxalsın.
- Nəticələrə əsaslansaq belə qənaətə gəlmək olar ki, günümüzdə ancaq mahnı janrında olan bəstələrə maraq göstərən kütlə daha çoxdur. Musiqi duyumunu, musiqi zövqlərini dəyişdirən və kasadlaşdıran əsas səbəblər nələrdir?
- Əslində köklü səbəblər çoxdur. Günümüzdə məşhurlaşmaq, müəyyən izləyici sayı yığmaq daha əlçatandır. Əvvəlki illərə qayıtsaq, musiqilərin, bəstələrin nə qədər ağırlığını, müxtəlifliyini, keyfiyyətini, peşəkarlığı açıq aşkar görə bilərik. Günümüzdə müxtəlif texniki vasitələrlə, dolayı yollarla ərsəyə gələn bayağı musiqilərin sayı çoxdur və davamlı gündəmi zəbt edirlər. İnsanlar o qədər keyfiyyətsiz musiqilərin əhatəsində olurlar ki, bu da zövqləri korlayır.
- Deyilənə görə hər bəstəkarın yaradıcılığının öz fəsli var? Bəs Camal bəyin yaradıcılığına yeniliklər qatan fəsil hansıdır?
- Payız, qış ayları mənim ilham mənbəyimdir, mənim ən çox bəstələr yazdığım fəsillərdir. Yağışlı və qarlı hava ən sevdiyim hava şəraitidir. Həmin anlarda əyləşirəm pianino qarşısında və yeni bəstələrimi notlara köçürürəm.
- Camal bəy, sizcə bu günki dünyamız necədi, indiki gənclərin musiqidəki inkişafı, musiqi zövqü necədir?
- Bu ən həssas məqamlardan biridir. Ölkəmizin rifahi, dinamik inkişafı məhz gənclərimizin üzərinə düşür. Bu səbəbdən müəyyən sahələrdə gənclərdə həvəs, əzm artırılmalıdır. Təbii ki, bu yolda orta yaşlı nəsilin təcrübəsi və məsləhətləri biz gənclərə yön verməlidir. Hərşey dünyada inkişaf etdikcə sadələşməyə başlayır, lakin musiqimiz sadələşdikcə cılızlaşır, bəstələrdə, musiqilərdə sözlər mənasını itirir. Bu kimi hallar musiqi dünyamızı, musiqi zövqlərimizi uçuruma aparır, bu inkişaf deyil. Mən aranjımançı olduğum üçün bir məsələyə də toxunmaq istəyirəm. Əvvəllər mügənnilər bir bəstəni dəfələrlə ifa edərkən, onların səsinə müdaxilələr etmək olmazdı. İndi isə heç musiqi savadı və ya istedadı olmayanlar çox asanlıqla texnoloji müdaxilələrlə ifaçı ola bilirlər. Bizim gənclərimiz istedadın üzə çıxması üçün çox çalışmır, asana qaçmaq onları keyfiyyətli işlərdən geri salır. Buna görədə musiqi dünyamızdakı olanlar mənə görə elədə ürək açan deyil. Tövsiyyə edərdim ki, həmişə öz üzərlərində çalışsınlar, çətin tərəflərə qaçsınlar. Musiqini dərindən öyrənsinlər, keyfiyyətli musiqilər,bəstələr dinləsinlər.
- Camal bəy sizə maraqlı müsahibəmiz üçün çox təşəkkür edirik və gələcək fəaliyyətinizdə hər zaman uğurlar arzulayırıq.
- Məndə sizə və sizin jurnalın rəhbərliyinə, əməkdaşlarınıza işlərində müvəffəqiyyətlər arzu edirəm, "Əsrin Aydınları" jurnalının ömrü uzun olsun. Bu uğurlu fəaliyyətinizdə daima zirvədə olmağı diləyirəm.
© Əsrin Aydınları jurnalı
Araşdırmaçı Jurnalist: Günel Şəmilzadə
SMM, Fotoqraf: Toğrul Abdullayev