“Əsrin Aydınları” Jurnalının bugünkü qonağı fəlsəfə elmləri namizədi, Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin dosenti Qəmər xanım Mürşüdlüdür. Xoş gördük, Qəmər xanım, istərdik bizə və oxucularımıza özünüzü təqdim edəsiniz.
- Salam, xoş gördük. Mən 31 avqust 1950-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olmuşam. 1971-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişəm. 1971-1974-cü illərdə Azərbaycan Dövlət Universitetinin aspiranturasında təhsil almışam və namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişəm. Aspiranturada oxuduğum müddətdə dərs də deyirdim, amma müəllim kimi 1975-ci ildən çalışmağa başlamışam. Hazırda Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının dosentiyəm. Fəlsəfə tarixi üzrə bir sıra ixtisas kurslarından, Din fəlsəfəsi və Din tarixi fənlərindən dərs deyirəm. Yetmişdən artıq elmi məqalənin və tezisin, iyirmiyə yaxın tədris proqramının, üç kitabın müəllifi və bir kitabın isə elmi redaktoruyam. Hələlik son kitabım “Cəmaləddin Əfqaninin sosial-siyasi fəlsəfəsi”dir. Azərbaycan mütəfəkkiri C.Əfqaninin bir sıra əsərlərini ilk dəfə tədqiq və ana dilinə tərcümə edərək elmi dövriyyəyə daxil etmişəm. Dünyanın bir sıra ölkələrində keçirilən beynəlxalq seminar, simpozium və konfranslarda elmi çıxışlar etmişəm. Çoxsaylı dissertasiyanın rəsmi opponenti olmuşam. Elmi rəhbərlik etdiyim doktorantlarımız var.
- Qəmər xanımın uşaqlıq xatirələrini dinləmək bizə və oxucularımıza xoş olardı. Bizimlə paylaşarsınızmı?
- Mən ziyalı ailəsində doğulmuşam. Atam və anam uzun illər təhsil sahəsində çalışıblar. Atam bacarıqlı təhsil təşkilatçısı olub. Gənc yaşlarında Gəncə beynəlmiləl texnikumunun direktoru işləyib və Gəncə Pedaqoji İnstitutun yaradılması ona həvalə olunub. Amma atam qırmızı terror illərində “xalq düşməni” kimi həbs olunduğundan bu işi başa çatdıra bilməyib (onun həbsdən necə azad olunması başqa bir mövzudur). Sonralar, almanlarla müharibə zamanı atamı cəbhədən geri çağıraraq ona Qazaxda Müəllimlər İnstitutu yaratmağı tapşırıblar. Daha sonralar o, təhsil sahəsində bir sıra məsul vəzifələrdə çalışıb. Mən orta məktəbdə oxuduğum illərdə isə atam məktəbimizin direktoru idi. Anam kimya-biologiya müəllimi idi və mənə də dərs deyirdi. Biz qardaş-bacılar üzərimizdəki məsuliyyəti uşaqlıqdan dərk etmişdik. Axı biz yaxşı oxumasaq valideynlərimiz digər şagirdlərdən yaxşı oxumağı necə tələb edə bilərdilər? Bundan başqa atamız direktor, anamız müəllimimiz olduğu üçün heç bir imtiyazımız yox idi, əksinə dərslərə hamıdan yaxşı hazırlaşmalıydıq, çünki başqalarına güzəşt olsa da bizə güzəşt yox idi. Mən valideynlərimin ciddi və məsuliyyətli, eyni zamanda sadə və yardımsevər olduqlarını xatırlayıram. Onlarca gəncin ali təhsil almasına yalnız mənəvi deyil, həm də maddi yardım göstərmişdilər. Dəfələrlə şahid olmuşam ki, məktəbdə yaxşı oxuyan, amma ali məktəbə qəbul olunmaq üçün Bakıya gəlməyə maddi imkanı olmayan şagirdlərinə anam maddi yardım göstərərək onların ali təhsil almalarına imkan yaratmışdı. Mən valideynlərimi hər zaman həm insan, həm də müəllim olaraq özümə örnək götürmüşəm. Mənim üçün “Alim olmaq asandır, insan olmaq çətin” kəlamı həyati şüardır. Peşəsindən asılı olmayaraq insani keyfiyyətlər üst səviyyədə olmalıdır. İnsan savadlı ola bilər, alim ola bilər, vəzifə sahibi ola bilər, amma hər situasiyada insan olmağı bacarmaq vacibdir. Bu həyatda çox şey gördük, yaxşını örnək götürdük, mənfidənsə yan keçdik.
- Sizin bu peşəni seçməyinizdə valideynlərinizin rolu varmı?
- Bəli, əlbəttə. Əvvəldə də qeyd etdiyim kimi, həyat elə gətirmişdi ki, atam dissertasiya işini başa çatdıra bilməmişdi. Ona görə də mənim də onun kimi tarixçi olmağımı, elmi araşdırmalar aparmağımı arzu edirdi. Əslində mən müəllim olmaq istəmirdim; bu mənim sevdiyim peşə deyildi. Amma ailəmin iradəsinə qarşı da çıxmadım və uğurlu nəticə ilə Tarix fakültəsinə qəbul olundum. İllər keçdi və mən müəllim olaraq fəaliyyətimə hələ də davam edirəm. Hesab edirəm ki, valideynlərimin də ruhu şaddır.
- Qəmər xanım, müəllim olmaqdan məmnunsunuzmu? Siz müəllimliyi necə ifadə edərdiniz?
- İnsan dünyaya bir missiya ilə gəlir. Görünür mənim də missiyam gənclərə elm, bilik verməkdir. Bu peşəni özüm seçməsəm də üzərimə düşən işin məsuliyyətini hər zaman hiss etmişəm və indi də hiss edirəm. Təbii ki, zamanla peşəmi sevdim, amma hər şeydən əvvəl məsuliyyət gəlir və mənim məsuliyyətim bu işi peşəkarcasına yerinə yetirməyimdə başlıca amildir. Kimsənin günahı deyil ki, sən işlədiyin sahəni özün seçmisən, ya yox; ya sahəndə ən yaxşı olmağa çalışacaqsan, yaxud da peşəni dəyişəcəksən. Başqa yol yoxdur. Dövlətimiz gəncləri, valideynlər övladlarını bizə əmanət edirlər, onlara bilik, savad, bacarıqlar aşılamaq müəllimin vəzifə borcudur. Mən hesab edirəm ki, valideynlərimi örnək aldığım müəllimlik sahəsində uğurluyam. Müəllim olmaqdan peşman deyiləm. Çünki öyrəndiklərimizə görə müəllimlərə borcluyuq. Müəllimlik ali peşədir. Deyirlər ki, fəlsəfə bütün elmlərin anasıdır. Mən də hesab edirəm ki, müəllimlik də bütün peşələrin başında gəlir. Çünki hər kəsin bir müəllimi var, hansı sahədə olursan ol, müəllimdən öyrənirsən. Mənə görə ən zəngin insan da müəllimdir. Müəllimin zənginliyi mənəvi zənginlikdir; durmadan artan, nə qədər xərclənsə də bitməyən bir zənginlik! Və bu zənginlik maddi zənginlikdən fərqli olaraq insanı daha çox xoşbəxt edir, onu kamilliyə aparır. Mənəvi zənginlikdə heç haram da yoxdur, ən əsası da budur məncə...
- Özünüzü uğurlu insan hesab edirsinizmi, yaradıcılığınızda və şəxsi həyatınızdakı uğurları kimə borclusunuz?
- Elmi-pedaqoji fəaliyyətimdə müəyyən uğur qazanmağımda böyüdüyüm ailənin, oxuduğum təhsil ocaqlarının və müəllimlərimin rolu danılmazdır. Amma davamlı uğur qazanmaq üçün öz üzərində işləmək, biliyini artırmaq, elmi-pedaqoji yenilikləri mənimsəmək çox vacibdir. Əslində mən hər tədris ilinə işə yeni başlayan biri kimi yanaşıram, amma müəyyən təcrübəsi və biliyi olan müəllim kimi; yəni keçəcəyim hər fənnə dair yeni ədəbiyyat axtarışım və onlardan istifadə vərdişim davam edir. Elm inkişaf edir və müəllim də biliyini yeniləmək zorundadır. Mən auditoriyada mühazirə oxumağa çox erkən başlamışdım, aspiranturaya qəbul imtahanlarını yenicə vermişdim, 21 yaşım vardı. Bir neçə ay kafedra müdirinin dərslərini dedim, sonra özümə kafedrada dərs yükü ayrıldı. İndi bunu xatırlayanda həyəcanlanıram ki, mən hansı cəsarətlə, özgüvənlə yaşıdlarımın, məndən yaşca böyük tələbələrin olduğu auditoriyada dərs keçdim? Gənclik illərində bilikli olduğunu düşünürsən, özünə inamın hədsiz olur. Lakin elm dəryasına baş vurduqca, biliyin artdıqca elminin yetərsiz olduğunu hiss edirsən. Çünki elm ucu-bucağı görünməyən dərin dəryadır. Dünyanın böyük alim kimi qəbul etdiyi Nyuton deyirdi ki, mən özümü dəniz sahilində oynayan, arabir daha rəngli çınqıl və ya gözəl balıqqulağı tapmaqla əylənən uşaq kimi görürəm, böyük həqiqət okeanı isə mənim qarşımda öyrənilməmiş şəkildə durur. Bax buna görə müəllim hər zaman oxumalıdır, öyrənməlidir. Ümumiyyətlə mən mütaliəni çox sevirəm, demək olar ki, kitabla böyümüşəm. Elmi ədəbiyyatla bərabər bədii ədəbiyyat, incəsənətlə və teosofiya ilə bağlı əsərləri oxuyuram.
- Günümüzdə gənclərlə işləyirsiniz, onların təlim və tədris prosesindən razısınızmı?
- Gənclərlə işləməyi çox sevirəm. Dərs dediyim tələbələr arasında məşhur insanlar, öz sahəsi üzrə tanınmış peşəkarlar, yazarlar, mütəxəssislər var. Onların təhsilində, yaradıcılığında müəyyən rol oynamaq müəllim üçün çox sevindiricidir. Tələbə qrupları fərqli olur. Bəzən bir qrupda tələbələrin əksəriyyəti dərsə həvəslə hazırlaşır, debata, diskussiyaya qoşulur. Bəzən də qrupda passiv tələbələrin sayı çox olur. Müəllim hər iki halda auditoriyanı düzgün yönləndirməyə çalışmalıdır. İndi gənclərimizin inkişafı üçün, öz bacarıqlarını ortaya qoyması üçün əlverişli şərait var, onlar bu vəziyyətdən səmərəli istifadə etməlidirlər. Amma tələbələrin hamısı bu imkanlardan yararlanmırlar. Bəziləri ixtisas seçimində səhvə yol verirlər, arzulamadıqları ixtisası öyrənməyə də həvəsləri olmur.
- Qəmər müəllim, sizə görə bir tələbənin gizli istedadını necə üzə çıxarmaq olar?
- Bütün gənclərimizin özünəməxsus istedadları var. Texnologiya əsri olduğundan hər şeyin əlçatanlığı gənclərimizin bir qismini tənbəlləşdirib, lakin bu şəraitdən hərtərəfli inkişaf etmək üçün səmərəli istifadə edənlər də çoxdur. Tələbənin istedadını başa düşmək, üzə çıxarmaq üçün onu dinləmək lazımdır, ona özünü ifadə edə bilməsi üçün sərbəstlik vermək lazımdır. Bu yöndə yanaşma və metodlar, üsullar fərqli ola bilər. Çünki tələbələr fərqlidir. Hər tələbə yeni öyrənməyə çalışdığın kitabdır sanki. Bəzən tələbə zehni, bacarığı olduğu halda tənbəllik edir, müəyyən bəhanələrlə, qarşılaşdıqları problemləri əsas gətirərək müəllimlərdən güzəşt istəyir, bu yolla qiymət alır. Təəssüf ki, bəzən müəllimlər belə tələbəyə güzəşt edir, qiymət yazırlar. Bu, doğru deyil, humanistlik bu deyil. Tələbənin biliyini, bacarığını düzgün qiymətləndirmək əsas şərtdir. Mənə görə müəyyən güzəştlər ola bilər, amma onun bir həddi var. Bu güzəştlər elə olmalıdır ki, gənclərin mütəxəssis kimi yetişmələrinə zərbə vurmasın. Mənim üçün əsas dəyərləndirmə, qiymətləndirmə meyarı tələbə əməyini düzgün qiymətləndirməkdir. Çalışan tələbə ilə semestr boyu sakitcə oturub dərsi seyr edən tələbənin qiyməti eyni ola bilməz. Öz təcrübəmdə heç vaxt mənim tələbələrimlə qiymət problemim olmayıb, yəni obyektivliyi qorumağa çalışmışam. Mən tələbələrimə hər zaman sayğı ilə, dost kimi yanaşmağa çalışıram.
- Qəmər xanım, "Əsrin Aydınları" jurnalının heyəti adından maraqlı müsahibə üçün sizə öz dərin təşəkkürümüzü bildirir və işlərinizdə uğurlar arzulayırıq.
-Mən də sizə və "Əsrin Aydınları" jurnalının heyətinə minnətdarlığımı bildirir və fəaliyyətinizdə uğurlar arzu edirəm. Jurnalınızın ömrü uzun olsun, müvəffəqiyətləriniz bol olsun. İnanıram ki, bu jurnal cəmiyyətimizdə insanların, özəlliklə də gənclərin yollarını aydınladacaq,onlara işıq tutacaqdır.
© Əsrin Aydınları jurnalı
Araşdırmaçı Jurnalist: Günel Şəmilzadə
SMM, Fotoqraf: Toğrul Abdullayev