- Biz həmişə efirlərdə və təlimlərdə təhlükəsizlik məsələləri ilə bağlı çıxışlarınızı izləyirik. Çox istərdik ki, bizə və oxuculara özünüz haqqında ətraflı məlumat verəsiniz.
- Mən ali təhsilimi Atatürk Universitetində almışam. Qeyri dövlət-özəl mühafizə fəaliyyəti üzrə ekspert, təhlükəsizlik qaydaları üzrə mütəxəssizəm. Bu sahə ilə bağlı 100-dən artıq yerli və beynəlxalq təlimlərdə iştirak etmişəm. 15 ilə yaxındır bu sahədə çalışıram, mühafizə şirkətləri ilə sıx əməkdaşlıq edir, eləcə də şirkətlər, idarə və müəssisələr, zavod-fabriklər, iaşə və ticarət, otellər və s. digər təyinatlı obyeklər üçün keyfiyyətli və etibarlı qoruma təklifləri, elektron təhlükəsizlik vəsaitləri, sistemləri üçün qanuna müvafiq, xüsusi konsepsiyalar hazırlayaraq və bu yöndə təlimlər təşkil edir və həyata keçirirəm.
- Elmar bəy, çalışdığınız qeyri dövlət-özəl mühafizə xidməti hansı kompleks tədbirləri icra edir və bu xidmətlərə nələr daxildir?
- Qeyri dövlət-özəl mühafizə xidməti obyeklərin etibarlı mühafizəsinin təşkili, peşəkar mühafizəçilər ilə müxtəlif təyinatlı obyektlərin, zavod, fabrik, istehsalat sahələri, xidmət sahələri, bazarlar, otel və istirahət mərkəzləri və s. fəaliyyət sahəsi olan obyektlərin təhlükəsizliyinin təmin edilməsi və bu sahədə çalışan insanlara bilik və bacarıqlarının artırılması üçün mütəmadi olaraq müəyyən kurslar, treninqlər təşkil edilir, yanğın təhlükəsizliyi, texniki təhlükəsizlik, əməyin mühafizəsi, elektron mühafizə, eyni zamanda ilk tibbi yardım, psixologiya, kriminalistika və hüquq sahələri ilə bağlı ümumi baza bilikləri öyrədilir.
- Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyevə təhlükəsizliklə bağlı ən çox verilən suallar, müraciətlər hansılardı?
- Təhlükəsizlik anlayışı hər zaman ən aktual və ən vacib, geniş məsələlərdəndir. Günümüzün hər mənada bütün prosesləri məhz bununla bağlıdı. Əslində suallar və müraciətlər müxtəlif səpkilərdə olur. Problemli situasiyaları əsasən tikinti sahəsində, həm xidmət sahəsində, həm sənaye müəssisələrində, həm iaşə obyektlərində, həm də istirahət müəssisələrində müşahidə edirik. Ailə məişət nəzdində əsasən yayda elektrik vəsaitlərin ehtiyatsızlıq üzündən yanğına səbəb olması, suda boğulmalar, bina və ya tikinti sahələrində qayda pozuntuları, hündürlükdə görülən işlər zamanı təhlükəsizlik qaydaları, yollarda qoyulmuş qanunları gözardı edərək edilmiş avto qəzalar, tikinti zamanı qəzalar, qış aylarında dəm qazından baş vermiş bədbəxt hadisələrlə bağlı və digər suallar verilir.
- Təhlükəsizlik qaydaları sizə görə daha çox hansı sahələrdə pozulur və bu insanların birbaşa ehtiyatsızlığından irəli gəlir yoxsa mövcud şərait buna səbəb olur?
- Təəssüf ki, insanların əksəriyyəti təhlükəsizlik qaydalarına olduqca məsuliyyətsiz yanaşırlar. Biz bunu bütün faəliyyət sahələrində müşahidə edirik. İnsanlar qaydalara riayət etmək əvəzinə, asan yollar axtarır və buda ciddi qəzalara, qanun pozulmalarına gətirib çıxarır. Məsələn, şəhərlərdə gün ərzində yüzlərlə qayda pozuntusuna rast gəlirik. Piyada keçidləri olduğu halda insanlar yolun ortası ilə hərəkət edirlər, sürücülərin çoxu göstərilmiş sürət həddini aşırlar, evlərdə elektron məişət avadanlıqlarına, qaz, su kimi vasitələrə çox etinasız yanaşırlar. Tikinti sahələrində normaya uyğun qaydalar gözlənilmir. Mənim fikrimcə, gündəlik həyat tərzimizdə təhlükəsizlik qaydalarına əməl etməmək mühitlə əlaqəli deyil, birbaşa insanın məsuliyyətidir. Gündəlik məişətdə insanlar təhlükəsizlik qaydalarına bələd deyillər. Adicə yanğın zamanı xaotik prosesi necə aşmalı, hansı tədbirlər görülməlidi bilmirlər. Bu yaxınlarda Naynava əyalətində toy məclisi bədbəxt hadisə ilə sonlandı. Buna səbəb tez alışan maddələrin və dekorativ bəzək əşyalarının tez yanmaya meyilli olması olub. Bu hadisədə təbii ki, şərait vəya mühit təqsirkar deyil, insanlardır. Təhlükəsiz və təhlükəli mühiti birbaşa insanlar tənzimləyir.
Son illərdə ölkəmizdə tikilən binların təhlükəsizliklərinin təmin olunmasında çoxşaxəli işlər görülüb. Elmar bəy sizə görə tikilmiş yeni binalarda təhlükəsizlik qaydalarına nə dərəcədə riayət olunur?
Mən hesab edirəm ki, inşa edilən bir sıra hündürmərtəbəli binalarda bir çox hallarda təhlükəsizlik qaydalarına riayət edilmir. Təhlükəsizliyin təminatı ilk növbədə işə götürən tərəf etməli və gedişatı nəzarətdə saxlamalıdır. Lakin bu prosesdə işçilərin də üzərinə məsuliyyət düşür. Kiçik bir ehtiyatsızlıq bədbəxt hadisə ilə nəticələnə bilir. İşçilər tikinti zamanı hündür binalarda işləyərkən lazımi avadanlıqlarla əsasən qoruyucu kəmər, dəbilqə, xüsusi qoruyucu üst geyim forması və digərlərilə təmin olunmurlar, buda heç ürəkaçan mənzərə deyil.
- Həmişə ana təbiət öz şıltaqlığı ilə insanlar tərəfindən yaradılanları məhv etmə bacarığına qadirdir. Ölkələrdə sel, yanğın, tsunami və digər təbii fəlakətlər nəticəsində insan təlafatları saysız hesabsız olmuşdur. Elmar bəy, bu yaxınlarda qardaş Türkiyədə baş verən zəlzələni misal göstərmək istərdim, bu kimi hadisələrdə risk həddini minimuma endirmək üçün hansı tədbirlər planı irəli sürmək olar?
- Məni hesab edirəm ki, bütün hadisələrdən 100% sığortalanmışıq deyə bir anlayış ola bilməz. Lakin önləyici tədbirlər nəzərə alınmaqla minimal zərərlə qurtulmaq olar. Təhlükəsizlik konsepsiyaları da məhz bu hadisələrdə qabaqlayıcı tədbirlər planı kimi rol oynayır. Bu kimi təbii fəlakətləri nəzərə alsaq, ərazinin təhükəsizlik dərəcəsi öncədən qiymətləndirilməli, ərazidə mümkün olan təhlükə riskləri müəyyənləşdirilməli və protokollaşdırılmalıdır. Əgər ərazi və ya salınacaq yaşayış məntəqəsi seysmik zonaya, çay hövzəsinin yatağına, aktiv sürüşmə zonasına, sıx meşələrə yaxındırsa bu zaman həmin ərazi dəqiqləşməli, təhlükəsizlik tədbirləri öncədən planlaşdırılmalıdır. Bunlar əsas nüanslardır. Biz bu hallarla çox rastlaşırıq, nümunə olaraq onu deyə bilərəm ki, kənd və rayonlarda bir çox iaşə və istirahət mərkəzləri çay hövzələrinə yaxın tikilir. Mövsümi yağışlar intensiv olduqda, sel və daşqınlar həmin obyektləri tamamilə sıradan çıxarır və insan təlafatlarına səbəb olur. Hətta tək təbii fəlakətlər, fövqaladə hadisələr, təbiət hadisələrində deyil gündəlik həyat tərzində təhlükəsizliyə qarşı həm insanlar həm də bütün infrastruktur hazır olmalıdır. Ancaq xüsusi hazırlanmış mexanizmə riayət etməklə, təhlükəsizlik ekspertlərinə, mütəxəssislərinə müraciət edilərsə bədbəxt hadisələrdə minimal zərərlə qurtulmaq olar.
- Təhlükəsizlik üzrə ekspert və mütəxəssislərə müraciət zamanı biz hansı maneələri aradan qaldıra bilərik?
- Bu müraciətlər zamanı sizə öncədən qanuna müvafiq konsepsiya təqdim olunur. Burada təhlükəsizliklə bağlı müddəalardan ibarət iş prinsipləri nəzərə alınmışdır. Məsələn deyək ki, siz bir yaşayış binası tikirsiniz, bu prosesə daxil olan bütün gedişata uyğun hərşeylə sizi təmin edir, yekun nəticəyə qədər iş prosesi izlənilir. Buraya tikinti materiallarının, işçi qüvvəsinin dəyərləndirilməsi, inşaat materiallarının nə dərəcədə insan sağlamlığına təhlükəsiz olub olmaması, iş əsnasında işçi qüvvəsinin təhlükəsizlik təminatının daima nəzarətdə saxlanılması, texniki resurslardan istifadə qaydalarına düzgün riayət, təbii fəlakətlərə, yanğın, zəlzələ, partlayış və digər məsələlərdə qarşı necə dözümlü olacağına, coğrafi məkan, mühit yaşayış normalarına uyğunluğuna, bina daxili və binadan kənar təhlükəsizlik sistemlərinin, nəzarət kameralarının, mühafizə xidmətlərinin düzgün yerləşdirilməsinə, uşaq oyun meydançalarının təhlükəsiz vəsaitələrlə təminatına, parkinq sahəsinin adambaşına düzgün hesablanması və digər məsələlərə aydınlıq gətirir.
- Elmar bəy, "Əsrin Aydınları" jurnalının heyəti adından maraqlı, maarifləndirici müsahibə üçün öz dərin təşəkkürümüzü bildirir və işlərinizdə uğurlar arzulayırıq.
- Məndə sizə və "Əsrin Aydınları" jurnalının heyətinə minnətdarlığımı bildirir və sizə fəaliyyətinizdə uğurlar arzu edirəm.
© Əsrin Aydınları jurnalı
Araşdırmaçı Jurnalist: Günel Şəmilzadə
SMM, Fotoqraf: Toğrul Abdullayev