«Əsrin Aydınları» nın jurnalının növbəti dəyərli qonağı Poverlifting, Strongmen, Mas-Vrestlinq (Güc idman növləri) üzrə dəfələrlə Azərbaycan, Dünya və Avropa mükafatcısı, çempionu, rekordcusu, 12qat Azərbaycan çempionu, 12qat Azərbaycan Kubokunun qalibi, 6 dəfə Dünya, 3 dəfə Avropa çempionu, Azərbaycan Respublikasının Fəxri idman ustası, Beynəlxalq Dərəcəli idmançı, Profession divizyona dəvət alıb Pro Çempion və rekordsmen adını qazanan, öz şəxsi çəkisindən 4 dəfə çox ağırlığı yerdən qaldırdan ilk və tək Poverlifting idmançısı Rövşən Xəlilovdur.
— Salam, xoş gördük, Rövşən müəllim. Sizi «Əsrin aydınları» jurnalının qonağı qismində görməkdən şadam. Özünüzü oxucularımıza təqdim edə bilərsinizmi?
— Salam, xoş gördük, Günel xanım. Dəvətiniz üçün mən sizə təşəkkür edirəm. Mən, Xəlilov Rövşən Məqsəd oğlu, Mingəçevir şəhərində anadan olmuşam. Orta təsilimə 1 saylı məktəbdə başlamışam. Təhsil aldığım illərdə sinif nümayəndəsi olmuş, Şagird Fəaliyyət Komitəsinin sədri kimi fəaliyyət göstərmişm. Məktəbin ən fəal şagirdlərdən biri olaraq təhsilimi başa vurmuşam. Ali təhsilliyəm. Hazırda Azərbaycan Respublikasının zabiti — baş leytenant olaraq Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində fəaliyyətimi davam etdirirəm. Eyni zamanda, peşəkar idmançı kimi idman həyatımı aktiv şəkildə davam etdirirəm.
— İdman həyatınıza necə daxil oldu və nələri dəyişdi?
— İdman həyatımın başlanğıcında atamın dəstəyi mühüm rol oynadı. O, məni müxtəlif döyüş növlərinə yönləndirdi və marağım olduğu üçün güləş məşqlərinə yazdırdı. Mingəçevirin peşəkar məşqçiləri olan Mehman müəllim, İnqilab müəllim, Azər müəllim, Əliağa müəllim, Sərvan müəllim və Givi müəllimdən güləş və sambo idman növlərini öyrəndim. Bir çox turnirlərdə və respublika çempionatlarında iştirak edərək qalib və mükafatçı oldum.
— «Powerliftinq”ə başlamağınıza nə səbəb oldu?
— Əslində, bu təsadüf nəticəsində oldu. Mingəçevirdə „Çempion Fitness“ idman zalında Samir Məmmədov adlı məşqçi ilə tanış oldum və ilk dəfə „Powerlifting“ (Bench Press) idman növü haqqında eşitdim. Aldığım məlumatlar bu idman növünə marağımı artırdı və məşqlərə qoşulmaq qərarını aldım. Davamlı olaraq uğurlar qazanmağa başladım. Bakı şəhərinə köçdükdən sonra Vüsal Mərdanov və Hafiz Verdiyev kimi güclü idmançılarla birgə çalışaraq „Powerlifting“ üzrə üç hərəkətdə, daha sonra isə „Strongman“ və „Mas-Wrestling“ kimi güc idman növlərində məşqlərimi inkişaf etdirdim və medallar qazandım.
2018-ci ildən etibarən şəxsi məşqçim, Azərbaycanın Əməkdar Məşqçisi və yığma komandanın baş məşqçisi Azər Mustafayev ilə məşqlərimi davam etdirirəm. Onun rəhbərliyi altında öz çəki dərəcəmdə dünyanın ən güclü 10 idmançısı sırasına adımı yazdırmağa müvəffəq olmuşam. Müxtəlif versiyalarda — İPA, WPC, WRPF və ən əsası „Pro Divizion“ Dünya çempionatında qalib olaraq çempion adını qazanmışam. Bu möhtəşəm uğurla yanaşı, Azərbaycan rekordları və bir çox yarışların rekord göstəriciləri artıq mənim adımla bağlıdır. Hər biri idman karyeramda xüsusi yer tutur və mən daim yeni zirvələr fəth etməyə çalışıram. Bu artıq mənim həyat tərzimə çevrilib.
— Hər sahədə olduğu kimi, idman sahəsində də müəyyən çətin məqamlar olur. Bu çətin anlarınızda ən böyük dəstəkçiləriniz kimlər olub?
— İdman yolunda mənə dəstək olan çox sayda insan var. Onların hər birinə minnətdarlığımı bildirir və Allahdan hər biri üçün gözəl günlər arzu edirəm. Ən böyük təşəkkürüm ailəmədir, çünki bu çətin yolda daim yanımda olublar və dəstəklərini əsirgəməyiblər.
— Rövşən müəllim, ilk yarış təcrübənizin necə keçdiyini xatırlayırsınız?
— İştirak etdiyim hər yarış ciddi hazırlıq prosesindən keçib və əldə etdiyim hər uğur mənim üçün dəyərlidir. Xüsusilə, bu idman növünün vətəni olan Amerikada qalib gələcəyimə heç kim inanmırdı. Dəfələrlə eşitdiyim bir fikir var idi: «Rusiyada, Gürcüstanda və Avropa ölkələrində qalib olmaqla deyil, əsas odur ki, bu idman növünün vətəni sayılan Amerikada çempion ola biləsən!» Mən bunu bacaracağıma əmin idim və elə də oldu. Amerikada iki qızıl medal qazandım və həmin dünya çempionatının ən güclü üç idmançısından biri olaraq Vətənimə qayıtdım. Mənim üçün xoş təsadüf oldu ki, qazandığım medallardan birini hazırda Zəfər Günü kimi qeyd edilən 8 noyabr tarixində, digərini isə 9 noyabr — Vətənimizin Bayraq Günündə qazandım və bu nailiyyətimi bütün vətənpərvər insanlara həsr etdim. Onu da qeyd edim ki 8 noyabr mənim doğum günümdür və düşünürəm, ən böyük hədiyyəm də məhz həmin gün qazandığım medal oldu.
— İndiyədək qazandığınız ən yadda qalan uğur hansıdır?
— Rusiyada öz çəki dərəcəmdə ən güclü idmançılara qalib gələrək böyük uğurlar əldə etmişəm. Həmin yarışda baş məşqçimiz Azər Mustafayev gözlənilməz qərar verərək, hətta mənim belə gözləmədiyim ağır çəkini sifariş verdi. Bunu hamı təəccüblə qarşıladı. Yarışın gedişində rəqibimdən yarım kiloqram artıq ağırlıq qaldıraraq dünya çempionu oldum. Bu anı heç vaxt unutmuram. Həmin yarışın qəhrəmanı kimi hətta rəqiblərim də məni təbrik edərək haqqımda paylaşımlar etmişdilər. Bu cür yarışlardan çox danışmaq olar. Əgər maraqlıdırsa, digərlərini də paylaşa bilərəm. (Red: gülür) «Powerlifting» sahəsində ən diqqətçəkən uğurlarımdan biri 300 kq ağırlığı yerindən qaldırmaq oldu — bu, şəxsi çəkimdən dörd dəfə ağır idi və Azərbaycanda ilk və tək nəticə kimi tarixə düşdü. Bu nailiyyətim «Pro Divizion”a dəvət almağıma və burada qələbə qazanmağıma imkan yaratdı. Peşəkar arenada əldə etdiyim bu uğurlar mənim idman karyeramda yeni səhifə açdı və beynəlxalq yarışlarda Azərbaycanı layiqincə təmsil etməyim üçün böyük stimul verdi.
— Bir az da Azərbaycan idman tarixində iz qoyan, unudulmayan məqamlardan danışaq oxucularımız üçün.
— Azərbaycan idman tarixində iz qoyan anlardan biri ölkəmizdə keçirilən ilk *Strongman* („Güclü kişi“) yarışında iştirakım oldu. 70 kq çəkiyə malik bir idmançının avtomobili qaldırması o qədər gözlənilməz idi ki, həmin gün hamının diqqətini cəlb etdim və bu nailiyyət uzun müddət müzakirə mövzusu oldu. Bu mənim üçün ən yaddaqalan məqamlardan biri idi. Azərbaycan bayrağını dünyanın ən mötəbər yarışlarında dalğalandırmaq və ölkəmizi beynəlxalq arenada layiqincə təmsil etmək mənim ən böyük amalımdır. Əgər yolun hər anından zövq alır və hər maneəni yeni bir dərs olaraq qəbul edirsinizsə, demək, həqiqi çempion ruhuna sahibsiniz.
— Yarış öncəsi mental və fiziki hazırlığınız necə olur? Gücünüzü qorumaq və artırmaq üçün necə qidalanırsınız?
— Bu sahədə uğur qazanmaq üçün ən vacib amillərdən biri disiplindir. Digər idman növlərində olduğu kimi, burada da sağlam qidalanma, keyfiyyətli yuxu, dəqiq və düzgün texnikalı məşqlərə dözümlülük əsas şərtlərdir. Bütün bu qaydalara əməl etmək, uzunmüddətli inkişaf və maksimum performans üçün vacibdir. Bununla yanaşı, maddi tərəfi də nəzərə almaq lazımdır. Peşəkar idmançının tələbatına uyğun keyfiyyətli qida, lazımi vitaminlər, bədən zədələrindən qorunmaq üçün tibbi nəzarət və digər vacib faktorlar ciddi investisiya tələb edir.
– Yeni başlayanlara hansı məsləhətləri verərdiniz? Tövsiyələrinizi bölüşə bilərsinizmi?
-Bu sahəyə yeni başlayanlara ilk tövsiyəm — düzgün və savadlı müəllim seçimidir. Uğur qazanmış idmançıların tövsiyələrinə diqqət etmək, onların keçdiyi yolu incələyərək motivasiya qazanmaq vacibdir. Ancaq tələsmədən! Təbii ki, mənim və digər güclü idmançıların nailiyyətlərini təkrarlamaq və sürətlə ağır çəkilərə keçmək istəyənlər olacaq. Amma tələskənlik təhlükəlidir. Əgər yeni başlayanlar mənim və ya başqa idmançıların qaldırdığı ağırlıqlara tələskənliklə cəhd edərsə, ciddi zədələr ala bilərlər.
Bu sahədə irəliləmək üçün dörd əsas prinsipə sadiq qalmaq lazımdır: Peşəkar məşqçi, zaman, səbir, əzmkarlıq. Məşqlər çətin ola bilər, amma dayanmaq olmaz!
— Sizi uğura gedən yolda motivasiya edən nədir və ya nələrdir?
— İdman yalnız fiziki güc deyil, eyni zamanda iradə, fədakarlıq və xarakterin göstəricisidir. Bu yolda hər uğur mənim üçün təkcə şəxsi nailiyyət deyil, həm də Azərbaycan idmanının qlobal arenada nüfuzunun möhkəmlənməsi üçün bir addımdır. Bunun özü də mənim üçün əsl motivasiyadır. Hər məşq, hər yarış, hər qələbə mənə daha güclü olmağı öyrədir və məqsədim heç vaxt yalnız podiumda olmaqla məhdudlaşmır. Mən bu idmanın inkişafı üçün çalışır və gələcək nəsillərə örnək olmaq istəyirəm. Bu sahədə zirvəyə qalxmaq üçün təkcə güclü olmaq kifayət etmir — səbirli olmaq, məqsədə doğru hər gün irəliləmək və çətinliklərə boyun əyməmək lazımdır. Mən həmişə inanmışam ki, əgər insan qətiyyətlə çalışırsa, heç bir maneə onu yolundan döndərə bilməz. Hər bir gənc idmançıya səbirli, əzmkar və qətiyyətli olmağı tövsiyə edirəm. Unutmayın ki, çempion olmaq çətindir, amma çempionluğunuzu qoruyub saxlamaq daha çətindir.
— Növbəti illər üçün olan planlarınızdan bir az bəhs edə bilərsinizmi? Gələcəkdə bu sahədə hansı hədəfləriniz var?
-İdmanda uğur həm də mental hazırlıqla bağlıdır. Bəzi ekspertlər və idman mütəxəssisləri inanır ki, planlarını başqalarına açıqlamaq motivasiyanı zəiflədə bilər. Çünki xarici təzyiq psixoloji təsir göstərə bilər. Digərləri isə inanır ki, açıq planlar daha böyük dəstək və ictimai öhdəlik hissi yaradır, bu da idmançını daha ciddi çalışmağa təşviq edir. İdmanda bu iki yanaşma şəxsi psixoloji vəziyyətdən asılıdır. Mən hər şeyi Allahdan istəyirəm. Allah isə buyurur: «Səndən hərəkət, məndən bərəkət».
Məni tanıyanlar yaxşı bilir ki, idman karyeramda ən böyük arzum, hədəfim cənab Prezidentimizin idmançılarla görüş tədbirində iştirak etmək, onunla rəsmi foto çəkdirərək təbrikini almaqdır. Bu məqsədə çatmaq üçün idman yolumu inadla davam etdirirəm. Artıq 35 yaşım tamamlanmaq üzrə olsa da, hədəflərimə sadiq qalıram. Powerlifting idman növündə Azərbaycanın idman tarixində heç kəsdə olmayan unikal bir medal var — IPF versiyasında olan medal. Hal-hazırda bu uğura çatmaq üçün «Powerlifting» idman növünün rəhbəri Raif Süleymanov və baş məşqçim Azər Mustafayevin rəhbərliyi ilə son damla qanıma qədər çalışacağam. Əgər alınarsa, bu möhtəşəm bir qələbə olacaq, alınmazsa belə, mən son ana qədər mübarizə aparacam. Qeyd edim ki, «IPF Powerlifting Dünya Oyunları» qeyri-olimpiya idman növlərinin olimpiadası hesab olunur və bu yarışda təmsil olunmaq xüsusi şərəfdir.
— Maraqlı söhbətiniz və fikirləriniz üçün təşəkkür edirəm, Rövşən müəllim. Son olaraq təəssüratlarınızı dinləmək xoş olar.
— Son olaraq, jurnal rəhbərliyinə, sizə və idmana dəyər verən, idmançılara dəstək göstərən hər kəsə səmimi minnətdarlığımı bildirirəm. Bu müsahibəni oxuyan hər kəsə dərin təşəkkür edir. Ulu Öndərimiz Heydər Əliyevin sözləri bu yolda həmişə mənə ilham verib: «Kim ki idmana və idmançılara dəstək olur, o sanki mənə dəstək olur. Kim ki, idmana və idmançılara maneə olur, o sanki mənə maneə olur». İdmana və idmançılara dəyər verən, onların inkişafına töhfə verən hər kəsə sonsuz təşəkkür edir və uğurlar arzulayıram!
© Əsrin Aydınları jurnalı
Tədqiqatçı Jurnalist: Günel Şəmilzadə
SMM, Fotoqraf: Toğrul Abdullayev