«Əsrin aydınları» jurnalının dəyərli qonağı Azərbaycan Millisinin tanınmış futbolçusu, keçmiş müdafiəçi Elnur Allahverdiyevdir.
— Salam, xoş gördük Elnur müəllim. Sizi «Əsrin aydınları» jurnalının müsahibləri arasında görməyə şadam. Özünüzü oxucularımıza təqdim edə bilərsinizmi?
— Salam, məndə sizi və oxucularımızı salamlayıram və dəvətiniz üçün təşəkkür edirəm. Mən Elnur Allahverdiyev 1983-cü il, noyabrın 2-də Bakı şəhərində anadan olmuşam. Uşaq vaxtlarından futbolla məşğul olmağa başlamışam. Məktəb illərindən futbola marağım və həvəsim daha da artıb. Bu həvəs mənim futbolla peşəkar məşğul olmağıma səbəb olub. Azərbaycan millisinin formasını geyinərək (39 oyun), «Neftçi», «Qarabağ», «Şəfa», «Xəzər Lənkəran», «Turan», MOİK, «Qəbələ» kimi klublarda oynamışam.
— Peşəkar karyeranıza necə başlamısınız? Hansı komandalarda iştirak etmisiniz?
— Futbola ilk olaraq həvəskar komandalarda oynamaqla başlamışam. 1999-2000-ci illərdə 2 il müddətinə bu cür komandalarda oynayaraq təcrübə qazanmış oldum. Futbolun sirlərinə yiyələndim. Daha sonra «Şəfa» klubuna dəvət aldım. Peşəkar karyerama da həmin vaxt başlamış oldum. Həmin dönəmlərdə komanda olaraq Azərbaycan çempionatında iştirak etdik. Bir müddət orada oynadıqdan sonra hərbi xidmətə yollandım. Hərbi xidmətdən tərxis olduqdan sonra «Turan Tovuz» klubu məni heyətinə dəvət etdi. Bu komanda ilə bir il oyunlara çıxdım. Daha sonra «Neftçi» klubunda 3 illik fəaliyyətim oldu. «Neftçi”nin heyətində 2005-2008 ci illərdə oyunlara çıxdım. 2 il müddətinə də „Qarabağ“ klubuna transfer olundum. 2010-cu ildən sonra futbol fəaliyyətimi „Xəzər Lənkəran”da davam etdirdim. Daha sonra „Qəbələ”yə transfer olundum. Futbol karyeramı „Neftçi“ klubuna qayıtdıqdan bir müddət sonra elə həmin komanda da başa vurdum.
— İlk və davamlı uğurlu yarışlarınız hansılar olub?
-Uğurlu oyunlarım çox olub. Məsələn, peşəkar futbol fəaliyyətim zamanı Azərbaycan çempionu olub, kubok aparmışam. Bu uğur mənim üçün ən xoş, ən unudulmaz anlardan olub. Ən çox sevindiyim uğurlarımdan biri də Rusiyada Ermənistan komandasını məğlub etməyimiz olub. Məşqçimiz Ağasəlim Mircavadovun düzgün taktikası sayəsində rəqib komanda üzərində qələbə qazana bildik. Nəticə olaraq finalda da 4:3 hesabı ilə çempion olduq. Digər uğurlarımdan Azərbaycan çempionatlarında qazandığım kubokları misal göstərə bilərəm. İkincilik, üçüncülük qazandığımız oyunları da mən uğurlu fəaliyyət kimi qiymətləndirirəm.
— Fəaliyyətiniz zamanı əldə etdiyiniz bu qədər qələbəni yaşadığınız üçün xoşbəxt futbolçulardansınız. Elnur müəllim, bəzən insanın həyatında unudulmaz elə xatirələri olur ki, illər keçsə də, o anlar hər zaman qısametrajlı film kimi gözlərinin önündə canlanır. Yaddaşınızda qalan ən xoş xatirələrinizi bizimlə bölüşə bilərsinizmi?
— Uşaqlıq illərində unudulmaz, xoş xatirələrim çox olub. İndi təəssüf ki, onların hamısını xatırlaya bilmirəm. Yaddaşımda qalan unudulmaz anlar daha çox idmanla, futbol həyatımla bağlıdır. Həyatda əldə etdiyim uğurların da demək olar hamısı idmanla bağlı olub. İdman hər zaman həyatımın əsas parçası olub. Həyatda sözsüz ki, xoş günlərlə yanaşı, çətin günlərim də olub. Önəmli olan qarşılaşdığımız, yaşadığımız hər hadisədən düzgün nəticə çıxarmaqdır.
— Peşəkar futbolçu olmaq üçün nə etmək lazımdır?
— Yaxşı futbolçu olmaq üçün ilk olaraq məşqlərə ciddi yanaşmaq lazımdır. Ümumiyyətlə, mən belə düşünürəm ki, yalnız futbolda deyil, bütün idman sahələrində bu belədir. Əgər peşəkar idmançı olmaq istəyirsənsə, bunun üçün çox çalışmalısan, əziyyət çəkməlisən. Bunu əslində uşaqlıqdan bir vərdiş halına çevirmək lazımdır. Məşqlərə davamlı getmək, deyilənlərə, verilən tapşırıqlara düzgün əməl etmək mütləqdir. Çünki əziyyət çəkilən bütün işlərin sonunda müəyyən bir nailiyyət, uğur var. Zəhmətlə yanaşı, ailə dəstəyinin olması da mütləqdir. Bəzən olur ki, insan müəyyən məqamlarda ruhdan düşə bilər, düşünürəm, bu zaman ailə öz sevgisi ilə, dəstəyi ilə övladına stimul verərək yenidən həvəsləndirməlidir.
— Futbolçuların xüsusi olaraq əməl etdikləri gündəlik rutinləri varmı?
— Bəli, əlbəttə ki, var. Əslində, futbolçu olmaq çox çətindir. Futbolçuların xüsusi qida menyusu olmalıdır. Hər şeyi yemək olmaz. Buna xüsusən məşq günlərində daha ciddi əməl olunmalıdır. Yağlı qidalar, şirniyyatlardan uzaq durmaq lazımdır. Bu əlavə çəki artımına səbəb olur ki, oyunlar zamanı müəyyən cərimələrə gətirib çıxarır. Oyunqabağı yeyə biləcəyimiz xüsusi qidalar var idi. Buna görə də minerallı, zülallı qidalardan imtina edirdik. Hər oyundan öncə piy qatlarının ölçülməsi olurdu. Axşam saat 6-7-dən sonra yemək qəbul etməməyə çalışırdıq. Çünki qazanılan artıq çəki oyuna da öz mənfi təsirini göstərir. Sürətini, kordinasiyanı itirmiş olursan bu zaman.
— Bilirik ki, bir futbolçu üçün qol çox önəmlidir. Sizin üçün qol vurmaq necə bir şeydir, həmin vaxt keçirtdiyiniz hissləri necə təsvir edərsiniz?
— Qol vurmaq çox gözəl bir hissdir. Oyun zamanı qol vurulmazsa, qələbə qazana bilməzsən. Oyunun marağını artıran əsas faktorlardan biri də elə məhz qol məqamıdır. Fərq etmir bu qolun müəllifi sənsən ya digər komanda yoldaşlarındır. Ümumilikdə həmin qola komanda olaraq sevinirsən. Ən maraqlı, həyəcanlı qollar oyunun sonlarında vurulan qollar olur. Bu insana xüsusi bir xoşbəxtlik gətirir. Daha da həvəsləndirir, stimul mənbəyi olur. Mənim də belə qollarım olub.
— Çıxdığınız oyunlarda cəza almısınızmı və buna münasibətiniz necə olub?
— Bəli, oyunlar zamanı çox cəzalar almışam. Mən sol müdafiəçi mövqeyində oynadığım üçün bu kimi hallarla çox rastlaşmışam. Oyun zamanı bu halların olması normaldır. Oyunun verdiyi həyəcanla insan bəzən özünü idarə edə bilmir. Nəticədə də müəyyən qayda pozuntularına yol verir. Hətta aktivimdə qırmızı vərəqələrimin sayı daha çox olub.
— Sizcə bunun səbəbi nə olub?
— Düşünürəm, bu bir az xarakterimlə, bir az da oyunda tutduğum mövqeyimlə bağlı olub. Xüsusən də, komanda məğlub olan zaman furbolçu istər-istəməz aqressivləşir və bu oyununa da yansıyır. Aldığım qırmızı kartların əksəriyyəti məhz aqressiv reaksiyalarıma görə olub. Digər tərəfdən də dediyim kimi oyunda tutduğum mövqe ilə əlaqəlidir. Müdafiəçi hər zaman ayıq olmalı, rəqib komandanın hücumlarını dəf etməyi bacarmalıdır.
— Elnur bəy, o zaman buradan belə bir nəticəyə gəlmək olar ki, futbolçuya ən çox lazım olan nüanslar səbir və təmkindir. Hazırda karyeranıza davam etmək istəyirsinizmi? Yaxın gələcək üçün planlarınız nədir?
— Xeyr, artıq futbolçu kimi karyeramı bitirmisəm. Məşqçilik kateqoriyasında özümü sınamağa hazırlaşıram. Milli komandanın oyunçusu olduğum üçün məşqçilikdə C kateqoriyam var. İnşallah B kateqoriyasını da almalıyam. Bu kateqoriyanı əldə etdikdən sonra artıq məşqçi kimi fəaliyyətə başlaya biləcəyəm. Mənə mütəmadi olaraq Federasiyadan təkliflər gəlirdi. Lakin özüm bir müddət futbol həyatına ara verib, dincəlmək istədim. İnşallah yeni təqvim ilindən bu istiqamətdə fəaliyyət göstərmək üçün işlərə başlayacağam.
— Bugünkü gənclərimizə nə kimi tövsiyələriniz var?
— Gənclərimizə uğurlu, gözəl həyat arzu edirəm. Həyatda hər zaman möhkəm, mübariz, zəhmətkeş olsunlar. Valideynlərinin nəsihətlərini dinləsinlər. Vətənə, millətə layiqli övlad kimi yetişsinlər. Ən önəmlisi vətənpərvər gənc kimi formalaşsınlar. Hansı sahəni seçmələrinə baxmayaraq o sahənin peşəkarı olmağa çalışsınlar. Dissiplinli olsunlar. Allah bütün gənclərimizin yolunu hər zaman açıq və işıqlı etsin.
— Elnur bəy, zamanınızı ayırıb suallarımızı cavablandırdığınız üçün sizə təşəkkür edir, gələcək fəaliyyətinizdə daima uğurlar arzu edirəm.
— Məndə sizə və jurnalınızın rəhbəri Aydın müəllimə, bütün heyətinizə təşəkkür edirəm. Arzu edirəm ki, jurnalınız uzun ömürlü olsun. Uğurlar!
© Əsrin Aydınları jurnalı
Araşdırmaçı Jurnalist: Günel Şəmilzadə
SMM, Fotoqraf: Toğrul Abdullayev