Arizona Dövlət Universitetinin rəhbərliyi ilə aparılan və “Science Advances” jurnalında dərc olunan genişmiqyaslı tədqiqat nəticəsində 2002-ci ildən bəri dünya üzrə misilsiz miqyasda şirin su itkisi müşahidə edildiyi müəyyən edilib.
Aydınlar.az Evrimağacı-na istinadən xəbər verir ki, 22 ildən artıq müddətdə GRACE və GRACE-FO peykləri vasitəsilə aparılan təhlillər göstərir ki, iqlim dəyişikliyi, yeraltı suların həddindən artıq istismarı və uzunmüddətli quraqlıqlar nəticəsində qurunun su ehtiyatları sürətlə azalır.
Tədqiqat, Şimal yarımkürəsində dörd qlobal miqyaslı “mega quruyan” bölgəni müəyyənləşdirib:
ABŞ və Mərkəzi Amerika (Los-Anceles və Mexiko şəhərləri daxil olmaqla),
Alyaska və Şimal Kanada (buzlaqlar və permafrost əraziləri),
Şimal Rusiyası (ərimə proseslərinin sürətlənməsi),
Yaxın Şərq, Şimali Afrika və Avrasiya (Əlcəzairdən Çinə qədər uzanan iri şəhərləri əhatə edir).
Əsas nəticələr:
Dünya əhalisinin 75%-i son 22 il ərzində şirin su itkisi yaşayan 101 ölkədə məskunlaşıb.
Quruda baş verən su itkisinin 68%-i birbaşa yeraltı suların tükənməsi ilə bağlıdır – bu göstərici Qrenlandiya və Antarktida buzlaqlarının dəniz səviyyəsinə təsirindən daha böyükdür.
2014-2015-ci illərdə baş verən “mega El-Ninyo” hadisəsi bir dönüş nöqtəsi kimi qiymətləndirilir: həmin dövrdən etibarən quru sahələrinin quruması sürətlənib və dəniz səviyyəsinin artımına buzlaqların əriməsindən daha çox təsir göstərib.
Araşdırma müəllifləri bu prosesi “şirin su müflisliyi” adlandırır. Baş tədqiqatçı Cey Famigliettinin sözlərinə görə, bu böhran qlobal ərzaq və su təhlükəsizliyini təhdid edir və “beynəlxalq səviyyədə səfərbərlik” tələb edir.
Xəbər Müəllifi: Vasif Şükür