“Əsrin aydınları” jurnalının bugünkü dəyərli qonağı Azərbaycan satirik şeir sənətinin banisi, mütəfəkkir, ictimai xadim və müəllim Mirzə Ələkbər Sabirin nəvəsi, Mirzə Ələkbər Sabir Fondunun təsisçisi və prezidenti, BDU-nun dosenti Sevda Tahirlidir.
- Salam, xoş gördük, Sevda xanım. İlk olaraq onu qeyd etmək istəyərdim ki, sizin haqqınızda kifayət qədər məlumatlı olsaq da, oxucularımıza sizin özünüzü necə təqdim etməyiniz maraqlı olar.
- Səmimi cavab versəm özümü təqdim etməyi elə də sevmirəm. Qısaca onu deyə bilərəm ki, mən Sevda Tahirli Bakı Dövlət Universitetinin müəllimiyəm. Peşəmi, tələbələrimi çox sevirəm. Pedaqoji fəaliyyətimdən əlavə olaraq digər fəaliyyətlərimdə əsas məqsədim cəmiyyətimizin inkişafına az da olsa töhfə verə bilməkdir. Çalışıram ki, bu istiqamətdə mənim də bir çalarım, xəttim olsun. Əslində içində olduğumuz bu həyat bir tablo kimidir. Hər bir insan haqqında bəhs etdiyimiz bu tabloya öz dəstxəttini qoymaqla bu mənzərəni ya daha da gözəlləşdirə, ya da çirkinləşdirə bilər. Mən öz adımdan deyə bilərəm ki, hər zaman bu tabloya yaxşı çalar atmağa çalışmışam.
- Sevda xanım, təsirli cavabınız və fəlsəfi yanaşmanız üçün sizə təşəkkür edirik. Çox düşündürücü məqamlara toxundunuz. Bu bir daha onu göstərir ki, müəllim kimi sizdən çox şey öyrənəcəkləri üçün tələbələriniz şanslıdırlar.
- Biz bilirik ki, siz Azərbaycan satirasının banisi Mirzə Ələkbər Sabirin nəvəsisiniz. Bizə onunla bağlı danışılanlardan, deyimlərdən, uşaqlıq xatirələrinizdən, danışa bilərsinizmi? Azərbaycan maarifçisinin nəvəsi olmaq necə bir hissdir?
- Bilirsiz, bu hiss sadəcə bir vektorla ifadə oluna bilinmir. Bu hiss əslində hisslər toplusudur. Burada qürur da, xoş bir təəssürat da , məsuliyyət də var. Hansı ki, bu məsuliyyət Sabir dünyasının yaşadığımız cəmiyyətə düzgün çatdırılması ilə bağlıdır. Bütün bunların hamısı hisslər toplusunun içində var. Məsuliyyət tələb edən məqamlardan biri də atacağın heç bir addımın Sabir dünyasına xələl gətirməməsindədir. Mənim Mirzə Ələkbər Sabirlə bağlı uşaqlıq xatirələrim atamın danışdıqlarından ibarətdir. Çox erkən yaşda ata və anasını itirən atam bacısının himayəsində böyüyüb. Atam öz ailəsinə çox bağlı olub. 1938-ci ildə bacısını da itirən atam demək olar hər bazar günü onun məzarını ziyarət edirmiş. Bəzən bizi də aparırdı özüylə atam. Məzarı üzərində yazılan “Hophopnaməninin xilaskarı” yazısı diqqətimi cəlb etmişdi. Atam ailə dəyərlərinin, onun insanın həyatındakı ən xırda ştirxlərinə qədər incəliklərinin aşılanması ilə böyümüşdü. Bəzən bizə atasının uşaqlığı ilə bağlı elə xatirələri danışırdı ki, sanki həmin anların şahidi olmuşdur. Onu qeyd edim ki, kiçik yaşlarından anladım ki, ailəyə bağlı olmaq tamam başqa bir duyğudur. Sizinlə atamın danışdığı bir xatirəni bölüşmək istəyirəm. Sabir uşaqlıqdan ailəsinə, övladlarına bağlı biri olub. Çoxuşaqlı ailə olduqları üçün Sabirin anasının ev işlərində yükü çox olurmuş. Bir gün axşam yeməyindən sonra yorğun olduğu üçün anası qabları yuya bilməmişdi. Səhər qabların yuyulduğunu görür. Bu hal bir neçə dəfə təkar olunur. Anası mövhumata bağlı qadın olduğu üçün bunu normal bir hal kimi qəbul etməməyə başlayır. Günlərin birində yaxınlarından biri bildirir ki, evdəkilərin dırnaqlarının altına bax və nigarançılığın bitəcək. O zaman yeməklər ocaqda bişirildiyi üçün qazanların altı hiss olurmuş. Anası Sabirin dırnaqlarına baxanda görür ki, uşağın dırnaqlarının altı qaralıb. O zaman anlayır ki, qabları yuyan balaca Ələkbər imiş. Azyaşlı uşağın ailəyə, qadına verdiyi dəyər sonralar özünün də gözəl ailə başçısı olmasında rol oynayır. Ailə qurandan sonra o öz sevgisini, dəyərini həyat yoldaşı və qızı Səriyyə Soltana da ötürmüş olur. Qızı onun ilk dinləyicisi, oxucusu olub. Şeirlərini yazandan sonra onları Səriyyəyə oxutması artıq adət halını almışdı. Yazmağı, oxumağı da qızına özü öyrətmişdi. Atamın danışdığı bu xatirələr hər zaman məndə öz təsirini qoyub. Sevgi onu yalnız dilə gətirmək deyil, əməlində, davranışlarında da göstərməkdir.
- Sevda xanım, bir çox mənbələrdə Mirzə Ələkbər Sabirin 7, bəzi mənbələrdə isə 11 övladının olduğu yazılır. Bizlər üçün maraqlıdır ki, ailədə neçə uşaq olublar?
- Bəli, çox doğru vurğuladınız. Mənbələrdə fərqli rəqəmlər yazılır bəzən. Lakin mən sizə atamın danışdıqlarından deyə bilərəm ki, ailənin dördüncü övladı olaraq dünyaya gələn Mirzə Ələkbər Sabirin 11 övladı olub. Hətta sonuncu övladı dünyaya gələn zaman həyat yoldaşı da vəfat edib. Sabirin övladlarının hər birinin adları və dünyalarını dəyişmə tarixləri, səbəbləri haqqında onun yüz illiyi ərəfəsində dərc olunmuş jurnalda ətraflı, nəfis məlumatlar verilib.
- Təhsilinizdə, bu peşəni seçməyinizdə əsas rol atanızın olub, yoxsa özünüz?
- Məktəbi bitirənə qədər mən özümü bir çox sahələrdə görmüşəm. Məsələn, 6-cı sinifdə oxuyan zaman jurnalist olmaq istəyim var idi. O zamanlar hətta hekayələr də yazmışam, inşalarım məktəbdə çox bəyənilirdi. 7-ci sinifdə oxuyan zaman Kimya fənnini sevməyə başlamışam. Bu sahəyə bağlılığım, sevgim artıq evdəkilərin də diqqətini çəkmişdi. Valideynlərim artıq məni tibb sahəsinə yönəltməyə başlamışdılar. Ancaq mən özümü həkim kimi görə bilmirdim. Atamın göz problemləri olduğu üçün məni göz həkimi kimi, anam isə stomatoloq kimi görmək istəyirdi. Biologiya fənninin tədrisi zamanı anladım ki, mən bu fənni çox sevirəm. 10-cu sinifdə oxuyan zaman artıq bir sıra rayon və respublika olimpiadalarının qalibi oldum. Məktəbdə oxuduğum həmin vaxtlarda bütün məktəblərdə yazı müsabiqəsi keçirilirdi. Bir gün ədəbiyyat müəllimim Elmira xanım mənə yaxınlaşıb dedi ki, yazım müsabiqədə birinci yerə layiq görülüb. Qələmimin yaxşı olduğuna görə biologiya müəllimim Tahirə xanım mənim yaxşı tədqiqatçı ola biləcəyimi deyirdi. Hətta ikinci növbə biologiya, zoologiya, botanika dərslərini demək üçün məni dərsdən sonra məktəbə çağırırdı. Tahirə xanım sanki müəllimlik peşəsinin rüşeymlərini beynimə həkk edirdi. Bu hadisələr mənim həyatımın dönüş nöqtəsi oldu və gələcək peşəmi seçməyimə təkan verdi. Kimya və ya biologiya sahələrindən hansını seçəcəyim istiqamətində qərarsız idim. Təhsil aldığım 5 il müddətində bütün elmi işlərim, diplom işim, tədqiqatlarım kimya sahəsi üzrə olsa da aspirantura təhsilimdə bilologiyanı seçdim. Tahirə xanımın ruhuma həkk etdiyi biologiya sevgisi özünü 5 ildən sonra biruzə vermiş oldu. Və mən özümü biologiya sahəsində tapdım. Sevdiyim sahə üzrə müəllim olduğum üçün və bildiklərimi tələbələrimə öyrətdiyim üçün fəxr edirəm.
- Sevda xanım, ixtisasınız üzrə apardığınız tədqiqatlar, təlim-tədris prosesi zamanı hansı mənfi və müsbət hallarla qarşılaşırsınız?
- Bilirsiz, tələbələrimizlə bağlı qarşılaşdığımız ən böyük problemlərdən biri onların xarici dil biliklərinin az və ya heç olmamasıdır. Bu da bizim gənclərimizi elmi mənbələrdən uzaq tutur. Çünki bir çox elmi mənbələr digər dillərdədir. Burada sual oluna bilər ki, bəs, niyə məhz azərbaycan dilində elmi mənbələri tapmaq olmur. Məsələ burasındadır ki, azərbaycan dilində də əvəllər elmi ədəbiyyatlarımız olub. Əlifbamız zaman-zaman dəyişdiyi üçün müasir gənclik öncəki əlifbada (kiril) oxumağı bacarmırlar. Digər problemlərdən biri odur ki, elm sürətlə inkişaf etdiyi üçün onun nailiyyətlərini davamlı olaraq azərbaycan dilinə çevirmək çətinlik törədir. Ona görə də digər dilləri (ingilis, rus, alman, türk və s.) bilmək həmin mənbələri daha əlçatan edir. Bugünkü gündə biz tədəqiqatçıların əsas vəzifəsi elmi nailiyyətləri, terminologiyanı azərbaycan dilində verməklə gənclərin inkişafına töhfə verməkdir. Sovet dövründən qalma belə bir tendensiya var ki, tələbələrimiz hər zaman nəzəri olaraq daha yaxşı hazırlaşırlar. Bunun nəticəsidir ki, bir çox gənclərimiz bu sahədəki təhsillərinin növbəti pillələrini Avropanın və dünyanın bir sıra başqa ölkələrində davam etdirirlər. Lakin tədris prosesində praktik öyrətməyə daha çox üstünlük verilərsə, savadlı, potensiallı gənclərimizin məhz Azərbaycanda qalmalarına şərait yaratmış olarıq.
- Bəli, Sevda xanım, təcrübə tələb edən fənlər üzrə laboratoriyalar fəaliyyət göstərmədiyi üçün şagirdlərin nəzəri olaraq öyrəndiklərinin praktik olaraq tətbiqinə mane olur. Bu cür fənlərin (kimya, biologiya, zoologiya, botanika) tədrisi zamanı üzləşdiyiniz problemləri bizimlə bölüşdüyünüz üçün sizə təşəkkür edirəm. Ümumiyyətlə, elm və texnologiyanın sürətlə dəyişdiyi və inkişaf etdiyi bir zamanda tədqiqat apardığınız sahənin inkişafı üçün hansı təklifləriniz olardı?
- Bilirsiz, son illərdə yaşadığımız pandemiya bir daha onu göstərdi ki, elmin inkişafı istiqamətində başqa bir yol seçilməlidir. Bizə elə gəlirdi ki, klassik tədris üsulu yeganə tədris üsuludur. Lakin pandemiya bizə onu diqtə etdi ki, hər şey bizim düşündüyümüz kimi getməyə bilər. Biz davamlı olaraq təhsilimizdə “B” variantına hazır olmalıyıq. Bu variant mənim üçün nədir? Düzdür, biz ənənəvi tədris üsuluna və tədris vəsaitlərinə alışsaq da, mövcud şəraitlə bağlı yaranmış çətinliklərin aradan qaldırılması üçün hər zaman hazırlıqlı olmalıyıq. Audio-vizual, elektron tədris materiallarının hazırki zamanda hazırlanması labüddür. Biz elektron təhsil sisteminə keçdiyimiz zaman çox çətinliklərlə qarşılaşdıq. Dünyanın bir çox ölkələrində online-distant təhsil sistemi tətbiq olunsa da, bu bizim üçün yeni bir format idi. Biz buna bir az “ögey” münasibət bəsləmişdik. Bizim üçün tədris prosesində müəllim-tələbə münasibətinin əyani şəkildə olması, duyğuların canlı şəkildə ötürülməsi əsas şərt hesab olunurdu. Bu səbəbdən həmin zamanlarda psixoloji olaraq da çətinliklərimiz oldu, xüsusən də azyaşlı şagirdlərdə bu daha çox hiss olundu. Ancaq mən düşünürəm ki, biz bu məsələyə doğma münasibət bəsləmiş olsaq, bundan faydalanmaq da mümkün olacaq. Ənənəvi tədris prosesində müəllimin səsləndirmiş olduğu mühazirələri tələbələr bütünlüklə dəftərlərinə köçürdürdülər. Lakin hazırda tədris prosesində elektron dərs vəsaitlərdən, təqdimatlardan, audio materiallardan istifadə olunur ki, bu özünün daha effektiv nəticəsini vermiş olur. Mən təklif edərdim ki, dərs vəsaitlərimizin pdf formatı ilə yanaşı audio versiyaları da yaradılsın. Bu üsul tələbələr üçün də əlverişli hesab olunur. Əgər tələbənin oxumağa zamanı yoxdursa, qulaqcıq vasitəsilə audio kitabları dinləməklə imtahan, kollekvium prosesinə hazırlaşa bilər. Günümüz 24 saat olsa da, sürətlə dəyişən həyatımızda bu zaman mahiyyət baxımdan olduqca kiçilib. Bəzən nəzərdə tutulan işlərin icrası üçün gün ərzində zamanımız yetməyə bilir. Eyni anda bir neçə işi görməklə həmin “zaman qıtlığı”nı aradan qaldırmaq mümkündür. Məsələn, harasa gedərkən audio versiyada olan kitabların dinlənilməsi və s. kimi buna misal ola bilər. Elektron tədris prosesində qarşılaşdığımız problemlərdən biri də experimental fənlərin tədrisi zamanı idi. Bu cür problemlərin aradan qaldırılması istiqamətində müəyyən tədbirlər görülərsə təhsilimiz XXI əsrin tələblərinə müəyyən mənada cavab vermiş olar. Bütün sahələrdə olduğu kimi təhsil sistemində də müəyyən modifikasiyalar olunmalıdır.
- Sevda xanım, “Qanımızın səsi” kitabınızın yazılma səbəbləri nələr idi? Tədqiqatlarınız zamanı sizin üçün ən maraqlı nüanslar hansılar idi?
- “Qanımızın səsi”nin yazılması zamanı ən maraqlı nüans əslində elə bu kitabı yazmağa qərar verdiyim an idi. Xarici televiziya kanallarında verilişlərin birində eşitdiyim maraqlı bir faktı diqqətimi cəlb etmişdi. İnsanın xarakteri onun qan qrupundan asılı olaraq dəyişə bilərmiş. Bu bir cümlə mənim düşüncələrimə siraət etdi. Bunun bir ehtimal olduğunu var sayaraq bu sahədə araşdırmalarıma başladım. Bu istiqamətdə topladığım informasiyalar kifayət qədər idi. Belə qərar verdim ki, bu informasiyaları tələbələrimə də ötürməliyəm. Bu sahədə olan ilk məlumatı təxminən 10 il bundan öncə auditoriyada tələbə-müəllim heyətinin qarşısında verdim. Bu məlumatlar bir az maraqla, bir az da şübhəylə qarşılandı. O zaman tələbələrim mənə bildirdi ki, bu barədə kitabın yazılması vacibdir. Topladığım məlumatların pərakəndə halında qalmaması üçün onların kitab halına salınmasına qərar verdim. Azərbaycan oxucusunun bu məsələ ilə daha yaxından tanış olmasına çalışdım. Maraqlı bir məqamı da sizlərlə bölüşüm ki, Yaponiyada bu məsələyə çox ciddi yanaşılır. Hətta işə götürmə zamanı da qan qrupları nəzərə alınır. İdman komandaları belə qan qruplarından asılı olaraq yığılır. Oxucularıma az da olsa qan qrupundan asılı olaraq insanların hansı xarakterə malik olmaları, davranışları barəsində məlumat verməyə çalışmışam. Qan qrupundan asılı olaraq insanlar dostluq əlaqələrində, ailə daxilində hansı problemlər yaşa bilərlər; hansı qan qrupu hansı idman növünə uyğundur; valideyn-övlad münasibətləri və s kimi məsələlər bu kitabda öz əksini tapıb. Azərbaycan oxucularına vermək istədiyim mesaj bu kitabda müfəssəl şəkildə verdiyimi düşünürəm.
- Sevda xanım, yazmış olduğunuz kitab mövzu baxımdan çox aktualdır. Gələcəkdə “Qanımızın səsi” kitabını daha çox tirajla satışa çıxarmaq kimi bir fikriniz varmı?
- Əslində kitabın ikinci nəşrinin hazırlanması ilə bağlı mənə çoxlu təkliflər gəlir. Bu kitabın mövcud formatda yenidən çıxarılması bir az çətinliklər yarada bilər. Bildiyiniz kimi kitab rəngli fotolardan ibarətdir. Rəngli nəşrlər verilən informasiyaları daha da zənginləşdirir. Bu barədə düşünürəm, bunu gələcək göstərəcək.
- Sevda xanım, hər bir insanın içində gizli qalan bir istedadı var. O istedadın aşkara çıxması üçün mühit yoxsa zaman lazımdır? Sizin bu istedadınız nə zaman özünü biruzə verdi?
- Əslində mən buna istək olaraq yanaşmışam hər zaman. Mənim içimdə hər zaman o sevgi var idi. Lakin onu gerçəkləşdirə bilmədiyim üçün o, həsrətə çevrilmişdi. Xeyli müddətdən sonra mən anladım ki, insan zamanla etmədiklərinin peşmanlığını çəkir. Məhz bu düşüncəyə qapılaraq mən o addımı atdım. Bununla da özümə sanki sevgim və hörmətim də artmış oldu. Arzularımdan birinin ardınca getdiyim üçün özümü çox xoşbəxt hiss edirəm. Ətrafımda hər kəs mənə bildirirdi ki, kaş bunu daha öncədən etmiş olardın. Bu addımım ilə sanki içimdə bir çiçək açmış oldu. Düşünürəm arzuların və istəklərin gerçəkləşdirilməsi üçün həm mühit, həm də zaman lazımdır.
- Biz bilirik ki, siz bütün fəaliyyətləriniz ilə yanaşı, eyni zamanada Mirzə Ələkbər Sabir Fondunun da təsisçisisiniz. Fondun yaranma zərurəti ilə bağlı zamanla araşdırmalar aparmışıq. Bəs, Fondun fəaliyyəti ilə bağlı hansı yeniliklər ola bilər?
- Ümumiyyətlə, Fondun əsas fəaliyyət istiqaməti Sabirin görmək istədiyi gəncliyin inkişafı ilə bağlı olub. Növbəti perspektiv isə bu fəaliyyətin daha da genişləndirilməsi istiqamətindədir. Sabir yaradıcılığının təbliği, onun fəaliyyəti ilə bağlı məlumatların vahid şəkildə toplanması, “Hophopnamə”nin audio versiyasının hazırlanması, gənclərin fərdi inkişafları istiqamətində atılan addımlar, milli mənəvi dəyərlərimizin qorunması, təbliği istiqamətində müəyyən qədər bizim də rolumuzun olması üçün çalışmışıq. Ölkəmizdə və cəmiyyətimizdə baş verən yeniliklərin təbliği, gənc nəslə çatdırılması istiqamətində mühüm addımlar atmışıq. Şanlı qələbəmizə səbəb olan 44 günlük Vətən müharibəsi, antiterror əməliyyatları və s. baş verən tarixi hadisələr bizə qürur hissi yaşatmaqla yanaşı, eyni zamanda məsuliyyətimizi də artırmış oldu. Sabir Fondu olaraq bu istiqamətdə qazilərimizlə, şəhidlərimizlə bağlı bır sıra layihələr həyata keçirdik. Gündəmdə baş verən bütün yeniliklərə Sabir Fondu olaraq çalışırıq ki, biz də öz imzamızı ataq. Baş verəcək yenilikləri isə zaman daha yaxşı göstərmiş olacaq. Sabirin dediyi kimi: “Arxı tullanmadan hop demə”.
- Yeri gəlmişkən Sabir yaradıcılığında ən çox bəyəndiyiniz şeir hansıdır?
- Mirzə Ələkbər Sabirin bütün yaradıcılığını sevirəm. Bəzən ruhuma, situasiyaya uyğun olaraq uşaq şeirlərini oxuyuram, yaz fəslində baharın tərənnümü ilə bağlı şeirlərini oxuyuram. Yerinə görə hər şeyin öz dəyəri olmasaydı, Sabir yaradıcılığı günümüzə kimi aktuallığını qoruyub saxlamazdı.
- Sabirin şeir dili o qədər sadə və yaddaqalandır ki, biz uşaq vaxtlarında onları çox rahatlıqla yadda saxlayıb əzbərləyə bilirdik. Bəs sizin ailənizdə Sabir qələmini davam etdirən varmı?
- Mən düşünürəm ki, Sabir yüz, iki yüz ildə bir gələn insandır. Onun qələmini davam etdirmək çox çətindir. Baxmayaraq ki, atam da, anam da ədəbiyyatçı, qardaşım jurnalist olub, lakin onun qələmini davam etdirmək çox çətin və məsuliyyətli məsələdir. Məhz bu baxımdan Sabir də özünü şeirlərinin birində qocaman dağa bənzədib: “Bənzərəm bir qocaman dağa ki, dəryada durar”.
- Sonda “Əsrin aydınları” jurnalının heyətinə nə arzulayardınız?
- Əslində iki möhtəşəmi bir müstəviyə gətirmək böyük bacarıq və məharət tələb edir. Həm əsrin özünün, həm də aydınlığın bir möhtəşəmliyi var. Jurnalın rəhbəri Aydın Tağıyevi bu gözəl ideya üçün təbrik edirəm. Mən sizə və əməkdaşlarınıza əsrin aydınlığının yaradılması istiqamətində uğurlar arzulayıram. Yol bir işıqdır. Bu yolda komandanızla birgə yorulmadan, əmin və iti addımlarla irəliləməyinizi arzu edirəm. Aydınlar içində məni də gördüyünüz üçün sizlərə xüsusi təşəkkür edirəm.
- Qiymətli zamanınızı ayırıb xatirələrinizi və dəyərli fikirlərinizi bizlərlə – “Əsrin aydınları” jurnalının oxucuları ilə bölüşdüyünüz üçün biz sizə təşəkkür edirik, Sevda xanım.
© Əsrin Aydınları jurnalı
Araşdırmaçı Jurnalist: Günel Şəmilzadə
SMM, Fotoqraf: Toğrul Abdullayev