“Əsrin Aydınları” jurnalının dəyərli qonağı Beynəlxalq Real Aykido Federasiyasının vitse-prezidenti, Qafqaz Real Aykido Federasiyası və Azərbaycan Real Aykido İdman Klubunun prezidenti, baş məşqçi, 4 qat Beynəlxalq Seminar təmsilçisi, Real Aykido üzrə 5-ci Dan qara kəmərin sahibi Fariz Abdullayevdir.
- Fariz müəllim, salam, xoş gördük. İlk olaraq sizə təşəkkür edirik. Haqqınızda kifayət qədər məlumatlı olsaq da, jurnalımızın ənənəsinə sadiq qalaraq oxucularımıza özünüzü təqdim etməyinizi istərdim.
- Mən, Fariz Abdullayev Beynəlxalq Real Aykido Federasiyasının vitse-prezidenti, Qafqaz Real Aykido Federasiyası və Azərbaycan Real Aykido İdman Klubunun prezidenti, baş məşqçi, Real Aykido üzrə 5-ci Dan qara kəmərin sahibiyəm. Bakı şəhərində doğulmuşam. Ali təhsilimi Milli Aviasiya Akademiyasının İqtisadiyyat və Hüquq fakultəsində almışam, fərqlənmə ilə bitirmişəm. Həmçinin Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında da təhsil almışam. Real Aykidonun vətəni olan Serbiyanın paytaxtı Belqrada səfər edərək, 33 gün ərzində 58 peşəkar məşqdə iştirak etmişəm. Dəfələrlə ustad dərsləri keçmişəm və dünya federasiyasının 1-ci yığmasının yeganə Azərbaycanlı üzvü mən olmuşam. “Bodyguard Training Centre Vracarevic” kursunu bitirərək və lisenziya almışam, 2015-2017-ci illərdə dünyanın ən böyük idman tədbirlərindən sayılan "Beynəlxalq Döyüş Növləri Festivalı"-da Azərbaycanı və ümumilikdə Real Aykido idman növünü 2 dəfə layiqincə təmsil edərək, 18 dekabr 2019-cu ildə Beynəlxalq Real Aykido Federasiyasının vitse-prezidenti vəzifəsinə təyin olunmuşam.
- Hər kəsin həyatında yaddaşında qalan xoş xatirələri olur. Oxucularımız üçün uşaqlıq, gənclik illərinizdə yaşadığınız unudulmaz anlardan danışa bilərsinizmi?
- Əlbəttə, yaddaqalan hadisələr əslində çoxdur. Bunlardan idmanla olan xatirələrimdən bir neçəsini danışa bilərəm. Hər kəsin yaxşı tanıdığı Hollivud aktyoru, 7-ci Dan qara kəmər sahibi Stiven Siqal öz sosial hesablarının birində mənim videomu paylaşmışdı. Mən uşaqlıqdan onun filmləri ilə böyümüşəm. Filmlərdə izlədiyin, sevdiyin aktyorun sənin videonu paylaşdığını görmək qədər möhtəşəm bir hiss ola bilməzdi. Bu xəbəri mənə Beynəlxalq Real Aykido Federasiyasının prezidenti İqor Petroviç vermişdi. Mən həmin vaxt məşqə hazırlaşırdım. O, mənə telefon zəngi edib bildirdi ki: “Stiven Siqalın facebook səhifəsinə gir və paylaşılan videonu izlə”. Əvvəl inanmadım, lakin paylaşımın aktyorun rəsmi səhifəsindən edildiyini gördüm. Həmin videoya artıq youtube kanalında 1,5 milyon baxış sayı var idi. Bir ay sonra Stiven Siqalın Azərbaycana səfəri oldu. Mən də onunla görüşmək istədim. Bu görüş baş tutdu, onunla xatirə şəkli də çəkdirdik. Həmin şəkil hazırda mənim bütün sosial hesablarımda var. Bu mənim üçün ən yaddaqalan xatirələrdən biri idi.
-Fariz müəllim, necə oldu ki, siz məhz idman sahəsini seçdiniz? Sizi bu sahə üzrə motivasiya edən kim olub?
- Mən ümumiyyətlə, uşaqlıqdan aktiv biri olmuşam. Buna görə də hər zaman idmanla məşğul olmaq istəmişəm. Qohumlarımızdan karate ilə məğul olan var idi. Mən də onun kimi olmaq istəyirdim. İdman haqqında çox məlumatlı olmadığım üçün karate ilə məşğul olmağa qərar verdim. Lakin Faiq adlı qohumum bildirdi ki: “Yaxşı olar ki, sən aykidoya yazılasan”. Bu idman növü haqqında məni məlumatlandırdı. Aykido elə bir idman növüdür ki, uşaq olsan belə, özündən yaşca böyük olanları texnika ilə məğlub edə bilərsən. Bu cümlə məndə həvəs yaratdı. Dünyada 50-dən artıq aykido stili olsa da, mən məhz real aykidoya gəldim. Bu seçimimdə atamın da rolu böyükdür. Artıq 2000-ci ildən başlayaraq real aykido ilə məşğulam.
- İlk imtahanınız və təəssüratlarınız haqqında bizə danışa bilərsinizmi?
- Real aykido stili daha çox küçə özünümüdafiə stilidir. Bu daha çox hüquq mühafizə orqanlarının, güc strukturlarının əməkdaşları üçün keçirilən bir sistemdir. Mən ilk olaraq 2001-ci ildə sarı kəmər almaq üçün imtahan vermişdim. Bu imtahan mənim üçün unudulmaz oldu. Ümumiyyətlə, mən bu imtahana çıxmaq istəmirdim. Çünki kütlə qarşısında çox həyəcanlanırdım. Lakin mənə dəstək göstərərək inandırdılar ki, bu məndə alınacaq və bir müddət sonra mən bu imtana çıxdım. Təbii ki, uğur əldə etdim. Bu imtahanı mənim üçün unudulmaz edən məqamlardan biri də o idi ki, imtahanı Ümumdünya Real Aykido Federasiyasının prezidenti, real aykidonun yaradıcısı, 10-cu Dan qara kəmər ustası, akademik, general-palkovnik Lyubomir Vraçareviç şəxsən özü götürmüşdü. 2012-ci ildə 3-cü Dan qara kəməri də həmin şəxsdən aldım. Daha sonra 5-ci Dan qara kəmərə kimi yüksəldim.
- Necə oldu ki, Azərbaycan Real Aykido İdman Klubu İctimai Birliyi yarandı? Bunun üçün siz hansı təşəbbüsləri etdiniz və fəaliyyət istiqamətləriniz nələrdir?
- Azərbaycan Real Aykido İdman Klubu İctimai Birliyi 2013-cü ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçməklə fəaliyyətə başlayıb. Bunun üçün şəxsən mənə real aykidonun yaradıcısı Lyubomir Vraçareviç ilk olaraq Azərbaycan üzrə, daha sonra Qafqaz üzrə nümayəndəlik verdi. Onun təşəbbüsü və məsləhəti ilə mən bura təyin olundum. 10 illik fəaliyyətimiz çərçivəsində 9 respublikadaxili kəmər imtahanı keçirmişik. Dekabr ayında isə 10-cu kəmər imtahanını keçirməyi düşünürük. Eyni zamanda 9 beynəlxalq seminar və kəmər imtahanı tədbirimiz olub ki, bunun da son 6 ilində Azərbaycan hər kateqoriya üzrə dünyada birincilik əldə edib. İstər nizam-intizam, istər keyfiyyət, istər texniki hazırlıq, istər qonaqpərvərlik, istər geyim formalarının düzgün olması, kollektivin, klubların sayının çox olmasında Azərbaycan artıq son 6 ildə birincilik əldə edir. May ayında keçirilməsi planlaşdırılan 10-cu beynəlxalq seminarda da birincilik əldə etmək üçün çalışacağıq.
- Fariz müəllim, sizin üçün uğur anlayışı nədir?
- Mənim üçün uğur davamlı cəhdlərin nəticəsidir. Davamlı cəhd olarsa, uğur da mütləq olacaq. Təəssüf ki, bəzən biz tez təslim oluruq. Lakin uğura çatmaq üçün çox cəhd etmək lazımdır. Əslində uğurlu insanlar daha çox zamanında uğursuzluğa düçar olmuş insanlardır. Təslim olmadıqları üçün bügünkü gündə onlar uğur əldə edə biliblər. Mənim ideal kimi baxdığım şəxslərin də həyatında bu kimi hallar baş verib. Odur ki, mənim prinsiplərimə görə həyat mübarizədir və bu mübarizəni təslim olmadan davamlı aparmaq lazımdır.
- Şəxsi və karyera inkişafınız üçün nələr edirsiniz?
- Mən daim öz üzərimdə işləyib inkişaf etmək üçün çalışıram. Bunu həm sosial şəbəkələr, həm video materiallar, dərsliklər vasitəsilə edirəm. Asudə vaxtım olduqca şəxsi inkişafla bağlı kitablar oxuyuram. Toni Robinsin şəxsi inkişafla bağlı yazmış olduğu “Hüdudsuz güc” və “İçindəki divi oyat” kitabları ən sevdiyim kitablardandır. Həmin kitabları oxuyan zaman özümdə onu təhlil etdim ki, əsərdə yazılanların demək olar 50 faizini mən həyatımda edirəm. Digər 50 faizini də ordan öyrənmiş oldum və bunlar gücümə daha da güc qatdı. Kitab oxumaq və doğru video materialları izləmək inkişaf üçün çox önəmlidir. 10 il ərzində 2000-dən çox şagirdə dərs keçməyimə baxmayaq, mən də özümü tələbə hesab edirəm. Çünki hələ də öyrənirəm.
- Fariz müəllim, real aykidoya neçə yaşdan başlamaq olar? Nəticə əldə etmək üçün nə qədər zaman lazımdır?
- Beynəlxalq Federasiyanın proqramı üzrə uşaq istiqamətində 4-13 yaş uşaqlar üçün “Oyunda ustalıq” adlı proqramımız var. Yəni, 4 yaşdan başlayaraq bu idman stilinə qoşulmaq olar. Burada heç bir zədə ehtimalı yoxdur. Bu proqramla uşaqlar həm əylənir, həm də fərqində olmadan, yorulmadan döyüşçü, idmançı kimi də yetişirlər. 13 yaşdan yuxarı isə böyüklər üçün olan istiqamətdir. Lakin bizdə heç bir yaş məhdudiyyəti yoxdur. Hətta istisna hallarda uşaqları 3 yaşdan da qəbul edə bilirik. Bu uşağın bacarıq və potensialından asılıdır. Hal-hazırda bizdə ən yuxarı yaş həddi 63-64 yaşdır. Bu idmanla həm xanımlar, həm də bəylər məşğul ola bilərlər.
- Yeri gəlmişkən, Azərbaycanda bu idman növü üzrə üstünlüyü xanımlar yoxsa bəylər təşkil edir?
- Ümumiyyətlə, bütün idman növlərində demək olar ki, üstünlüyü kişilər təşkil edir. Bizim seminarlarda xanımlara da çox rast gəlmək olur. Bu hər il artan bir tendensiya halını alır. Bizim tədbirlərimizdə, Heydər Əliyev Mərkəzinin önündə təşkil etdiyimiz seminarlarda xanımların çoxluğu diqqət hər zaman çəkir. Hətta təşkilatçılardan yaxınlaşıb: “Heç bir yerdə bu qədər xanımın iştirakını görməmişik”,- də deyiblər. Bu illərlə özünümüdafiə ilə apardığımız təbliğatın nəticəsidir. Vücuda kobudluq, estetik pozuntu verilmədən burada xanımlar özlərini qorumağı öyrənirlər. Bu səbəbdən bu idman növündə xanımlar da çoxluq təşkil edir.
- Ölkəmizi dünyada tanıtmaq necə bir hissdir?
- Bu əslində sözlə ifadə edilə bilinməyən bir hissdir. Mən Azərbaycanı dünyada 6 dəfə təmsil etmişəm. Belə ki, 4 dəfə Serbiyada beynəlxalq seminarlarda, 2 dəfə isə Fransada Beynəlxalq Döyüş Növləri Festivalında iştirak etmişəm. Fransada keçirilən tədbir çox həyəcanlı oldu. Çünki 20 min insan canlı olaraq səni izləyir. Burada sənin səhv etmək şansın yoxdur. Məsuliyyəti və həyəcanı artıran səbəblərdən biri də o idi ki, dünyadan real aykido üzrə seçilmiş 8 nəfərdən biri mən və tələbəm idik. Biz eyni zamanda orada Azərbaycanı təmsil edirdik. Digər iştirakçılar isə real aykidonun vətəni sayılan Serbiyadan idilər. Hətta video görüntülərdə belə bir maraqlı məqam var ki, 20 min insan eyni anda çıxışımız bitdikdən sonra bizi alqışlayır. Biz orada nəinki Azərbaycanı, dünya real aykido idman növünü təmsil etmiş olduq. Və bu 2 dəfə baş verib. Son çıxışımız isə 25 sentyabrda Serbiyada olmuşdu. Biz bu tədbirdə Azərbaycanın Serbiyadakı Səfirliyinin təşkilatçılığı və dəvəti ilə iştirak etdik. Bu tədbir ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuşdu. Biz orada uğurla, eyni zamanda böyük fəxrlə çıxış etdik.
- Fariz müəllim, sonda gənclərə tövsiyələriniz varmı?
- Gənclərə tövsiyəm odur ki, heç zaman təslim olmasınlar, arzularından əl çəkməsinlər. Bir uğura çatmaq üçün dəfələrlə cəhd etməyə dəyər. Bir arzunu reallaşdırmaq üçün sona qədər mübarizə aparmağa dəyər. Təəssüf ki, bəzən bir az çətinlik yaranan kimi başqa istiqamət seçilir. Lakin uğura çatmaq üçün davamlı olaraq cəhd etmək mütləqdir. Bununla bağlı mən öz həyatımdan nümunə gətirə bilərəm. Məşqə başladığım zamanlar bəzən kənardan bildirirdilər ki: “İdmandan nə əldə edəcəksən?” 2008-ci ildə qara kəməri alandan sonra da bu fəaliyyətimi dayandırmağımı məsləhət gördülər. Lakin mən fəaliyyətimi bu sahədə quracağımı bildirdim və daha çox çalışdım. Əzmim və iradəm sayəsində bu gün mən bir çox titul və vəzifələrə sahibəm. İndi hamı mənimlə fəxr edir.
- Fariz müəllim, çox maraqlı və faydalı müsahibəmiz üçün sizə təşəkkür edirəm. Sizə gələcək fəaliyyətinizdə daima müvəffəqiyyətlər arzu edirəm.
- Məndə sizə və “Əsrin aydınları” jurnalının rəhbəri Aydın müəllimə və onun kollektivinə uğurlar arzu edirəm. Əsrin aydınlarını işıqlandırmağınız həm ideya baxımından gözəldir, həm də tarixi bir işdir. Çünki bu materiallar arxivə çevrilir. İllər sonra axtarış zamanı bizim haqqımızda məlumatları buradan əldə etmək mümkün olacaq. Bu həm Azərbaycan tarixi üçün çox önəmli bir addımdır, həm də mənim üçün qürurverici bir haldır. Məni də əsrin aydınları arasında gördüyünüz üçün sizə təşəkkür edirəm.
© Əsrin Aydınları jurnalı
Araşdırmaçı Jurnalist: Günel Şəmilzadə
SMM, Fotoqraf: Toğrul Abdullayev