Azərbaycan şairi Məhəmməd Hadi Şamaxıda anadan olmuş, dini təhsil almış, ərəb, fars dillərini, şərq ədəbiyyatını, tarix və fəlsəfəni öyrənmişdir.
Hadi M.Ə.Sabirlə, S.M.Qənizadə ilə dostluq etmişdir. 1902-ci ildə Şamaxıda baş vermiş zəlzələdən sonra Kürdəmirə köçmüş, orada məktəb açaraq müəllimlik etmiş, eyni zamanda yaradıcılıqla məşğul olmuşdur. Hadinin "Lövhi-məktəb" adlı şeiri 1905-ci ildə "Həyat" qəzetində çap olunmuşdur. Onun yaxın dostu Mustafa Lütfi Həştərxanda "Bürhani-tərəqqi" adlı qəzet nəşr etdirməyə başlamış, Hadini öz qəzetində işləməyə dəvət etmişdir.
Hadi müəllimlikdən əl çəkib, 1905-ci ildə Həştərxana gedir, qəzetdə işləməyə başlayır. Bir-birinin ardınca şeirlər yazaraq "Həyat", "Füyuzat" jurnallarında çap etdirir. Onun 1907-ci ildə yazdığı və "Yoldaş" qəzetində çap etdirdiyi "Dad istibdaddan" şeiri üsyankar bir əhvalda yazılmışdır. Şair 1908-1910-cu illərdə "Təzə həyat", "Həqiqət", "İttifaq", "Tərəqqi", "Səda" kimi qəzetlərdə çap olunurdu.
Hadi 1910-cu ildə İstanbula getmiş, "Tənin" qəzeti redaksiyasında çalışmış, habelə "Rübab", "Şəhbal", "Məhtab", "Hilal" kimi qəzet və jurnallarda əsərlərini çap etdirmişdir. Şeirlərində hökumət əleyhinə çıxışlar etmiş və nəticədə Solonikə sürgün olunmuş, ağır günlər keçirmişdir. Bir müddətdən sonra İstanbula, oradan da 1914-cü ilin fevralında Bakıya qayıtmışdır.
Hadi Bakıda "İqbal" qəzeti redaksiyasında işləməyə başlayır. Şair bu zaman Ömər Xəyyamın iyirmiyə qədər rübaisini azərbaycancaya çevirərək bu qəzetdə çap etdirir. "Eşqi-möhtəşəm, yaxud ana qucağı", "Şükufeyi hikmət" adlı kitablarını 1914-cü ildə çap etdirmişdir.
Şair Birinci dünya müharibəsi başlayanda, 1914-cü ilin axırlarında azərbaycanlılardan təşkil olunmuş diviziyanın tərkibində molla sifətilə cəbhəyə getmiş, üç il cəbhə həyatı keçirmişdir. Şair bu ərəfədə çoxlu şeirlər, məqalələr, cəbhə xəbərləri yazmış, onların bir qismini vətənə qayıdandan sonra çap etdirmişdir. Hadi 1918-1919-cu illərdə yazdığı bütün əsərlərini bir yerə toplayaraq dörd kitab halında çap etdirmişdir. Şairin ən iri əsəri "Əlvahi-intibah" lirik poemasıdır.
Hadinin ədəbiyyatın nəzəri və əməli məsələlərinə dair məqalələri, Azərbaycan ədəbiyyatının gələcək inkişafı haqqında düşüncələri maraq doğurur. "Ədibi şəhir Həsənbəyin ruhuna ithaf", "A.Səhhətin üfuli əbidəsi", "Sabirin yadigarına ithaf', "Seyid Əzim və aşarı", "Məhəmməd Səid Ordubadi cənablarına açıq məktub” və digər əsərlərdə şairi ədəbiyyatın məqsəd və vəzifələri, sənətkar və mühit, satira, tənqid, ümumiyyətlə yaradıcılıq məsələləri düşündürür. Hadinin dönə-dönə yad etdiyi mütəfəkkirlər - Nizami, Füzuli, Hüqo, Namiq Kamal və başqalarıdır. O, Seyid Əzim və Abbas Səhhət kimi doğma klassiklərə xüsusi məqalələr, "Molla Nəsrəddin" jurnalına isə rəğbət və məhəbbətlə dolu bir şeir həsr etmişdir.
Hadi ən yaxşı əsərlərində klassiklərin ənənələrini davam etdirmiş, onların təsvir vasitələrindən yaradıcı bir sənətkar kimi istifadə etmişdir. Hadi ədəbiyyatdakı ilk addımlarından özünü maarifpərvər, mütəfəkkir bir şair, jurnalist kimi tanıtmışdır. O, ən qabaqcıl fitkirlərini vətənlə bağlayır, ən dəyərli sözlərini vətəni tərənnüm edərək işlədir. Bir sözlə, "Vətən" surəti Hadi üçün ümdədir, əzizdir. Vətənlə qoşa işlənən mövzu - xalqdır. Hadidə bu iki mövzu bir-birilə üzvi surətdə bağılıdır.
Şair eyni zamanda yüzə qədər elmi-kütləvi məqalələr yazmış və onların böyük bir qismi maarif, mədəniyyət məsələlərinə həsr olunmuşdur. Məhəmməd Hadinin əsərləri onun sağlığında dövri mətibuatda, eyni zamanda şairin böyük çətinliklə 1908-ci ildə "Firdovsi-ilhamat", 1914-cü ildə "Eşqi-möhtəşəm" və "Şükufeyi-hikmət" və 1918-1919-cu illərdə çap olunmuş kitablarında toplanmışdır. Əsərləri sonralar 1936, 1957, 1979, 1980-ci illərdə Bakıda nəşr olunmuş, əsərlərinin bir qismi Türkiyə mətbuatında dərc olunmuşdur.
Məhəmməd Hadi əsərlərini əruz vəznində yazdığından, şeirlərinin dili ərəb, fars sözləri ilə ağırlaşır, bu da şairin yaradıcılığının təsir dairəsini nisbətən məhdudlaşdırır. Məhəmməd Hadi yaradıcılığı Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yer tutur. Şairin həyat və yaradıcılığı M.Cəfər, Ə.Mirəhmədov və başqaları tərəfindən araşdırılmış, məqalələr yazılmış, mətbuatda dərc edilmişdir. Azərbaycan Respublikası prezidentinin 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə Məhəmməd Hadinin əsərləri 2 cilddə kütləvi tirajla çap edilmişdir.
Kasıb olduğu üçün sevgilisi tərəfindən tərk edilən Məhəmməd Hadi ölənə qədər ailə qurmamışdır.
Məhəmməd Hadi 1920-ci ilin mayında artıq bolşeviklərin əlinə keçmiş Gəncədəki xəstəxanaların birində vəfat etmişdir. Harada dəfn edildiyi barədə uzun müddət ictimaiyyət məlumatsız qalmışdır. Sonralar şairin nəşi Gəncədə dəfn edilmişdir