Araşdırmaçı-yazar Aydın Tağıyev bu gün «2×2 Tok-şou» layihəsinin qonağı olub. Tok-şou formatında keçirilən tədbirdə o, milli-mənəvi dəyərlər, vətəndaşlıq borcu, vətənpərvərlik və ailə dəyərləri barədə gənclərlə fikir mübadiləsi aparıb. Çıxışında Aydın Tağıyev vurğulayıb ki, milli-mənəvi irs — dilimiz, tariximiz, mədəniyyətimiz və adət-ənənələrimiz — yalnız keçmişin yadigarı deyil, həm də gələcəyin dayağıdır. Onun sözlərinə görə, gənclərin bu dəyərlərə sahib çıxması, onları qoruyub inkişaf etdirməsi milli kimliyimizin yaşaması baxımından mühüm şərtdir.
Yazar həmçinin Ulu Öndər Heydər Əliyevin 90-cı illərdə başlatdığı gənclər siyasətindən, bu siyasətin Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, bütün bu xəttin bu gün qazanılan zəfərlər üçün əsas yol xəritəsi olmasından danışıb.
Daha sonra ölkəmizin dünyaya tanıdılmasında Maddi-mədəni irsimizin və qeyri-maddi mədəni irsimizin əhəmiyyətini vurğulayıb. Aydın Tağıyev xüsusilə qeyd edib ki, Azərbaycanın həm maddi, həm də qeyri-maddi mədəni irsi dünyada böyük maraq doğurur. Muğamımız, xalçaçılıq ənənələrimiz, Novruz bayramı, kəlağayı sənəti və digər dəyərlərimiz UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Yazarın fikrincə, bu sərvətləri qorumaqla yanaşı, onları dünyaya tanıtmaq da hər birimizin vətəndaşlıq borcudur: «Ölkəmizi tanıtmaq, onun zəngin mədəniyyətini dünyaya göstərmək — vətənpərvərliyin ən ali formalarından biridir. Hər bir gənc bu missiyanı daşıya bilər, ” — deyə Aydın Tağıyev bildirib. Çıxışında o, ailə dəyərlərinin gənclərin şəxsiyyətinin formalaşmasında böyük rol oynadığını vurğulayıb. Ailədə verilən tərbiyə və milli ruh gələcəkdə gənclərin cəmiyyətə faydalı fərdlər kimi yetişməsini təmin edir.Aydın Tağıyev gənclərə müraciət edərək onları milli dəyərlərə sahib çıxmağa, vətənpərvərlik hissini gündəlik həyatda davranışları ilə nümayiş etdirməyə və ölkəmizi dünyada layiqincə tanıtmağa çağırıb.
Tədbir interaktiv müzakirələrlə davam edib. Auditoriyada iştirak edən könüllülər, tələbələr və QHT nümayəndələri sualları və aktiv iştirakı ilə seçilib. Fərqli baxış bucağı göstərən gənclərə simvolik hədiyyələr təqdim olunub.
Görüş gənclərin böyük marağına səbəb olub və milli şüurun, vətənpərvərlik ruhunun güclənməsinə xidmət edib.