Görkəmli yazıçı və parlaq şəxsiyyət Maqsud İbrahimbəyov 20-ci əsr Azərbaycan ədəbiyyatının simvollarından birinə çevrilib. Deyilənə görə, yazıçı üçün əsas tanınma onun yaratdığı personajların onun özünü yaşatmasıdır.
Maqsud İbrahimbəyovun hekayə və povestlərinin qəhrəmanları – böyüklər və uşaqlar – milyonlarla oxucu üçün yaxşı tanış və dost olub. İndi də onlarla yeni nəsil tanış olmağa davam edir və indiki yeniyetmələrin qəlbində Maqsud İbrahimbəyovun təxəyyül gücü ilə doğulan, onun qələmi ilə canlanan həmyaşıdlarının macəraları və həyəcanları, onların özləri ilə baş verir, canlı əks-sədasını tapır.
Maqsud İbrahimbəyov 1935-ci il may ayının 11-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1955–1960-cı illərdə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsində ali təhsil almış, 1962–1964-cü illərdə Moskvada Ali ssenari kurslarında, 1971–1973-cü illərdə isə Ali rejissor kurslarında oxumuşdur.
Əmək fəaliyyətinə 1960-cı ildə Azərbaycan Tikinti Nazirliyinin Ağır Sənaye İnşaatı Trestində mühəndis kimi başlayan Maqsud İbrahimbəyov sonralar burada müxtəlif vəzifələrdə çalışmış, 1964-1971-ci illərdə SSRİ Mərkəzi Televiziya və Radio Verilişləri Komitəsində Azərbaycan üzrə xüsusi müxbir işləmişdir. Sonrakı illərdə o, bədii yaradıcılıqla və ictimai fəaliyyətlə məşğul olmuşdur.
Nasir, dramaturq, kinossenarist və rejissor kimi çoxcəhətli fəaliyyəti ilə SSRİ miqyasında tanınmışdır. Onun "Mezozoy əhvalatı" pyesi Mədəniyyət Nazirliyinin keçirdiyi ən yaxşı pyeslər müsabiqəsində birinci yeri tutmuşdur. ."Mezozoy əhvalatı", "Bayquş gəlmişdi", "Yay tətili", "Bütün yaxşılıqlar üçün — ölüm!", "Truskavetsə kim gedir?", "Sən nəğməmsən mənim", "Ona görə ki, mən Ayvar Lidakam" və s. ssenariləri əsasında filmlər çəkilmişdir.
"Qəza", "Bir az da sevinc", "Eşitmədiyim mahnı", "Qoy o bizimlə qalsın" və s. adlı kitabları Moskva nəşriyyatlarında kütləvi tirajla buraxılmışdır. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. "Bayquş gəlmişdi" və "Bütün yaxşılıqlar üçün — ölüm!" əsərlərinə görə ona 1976-cı ildə Azərbaycan SSR Dövlət mükafatı verilmişdir.
Azərbaycan Penklubunun (beynəlxalq yazıçılar təşkilatının) sədridir. Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (Beynəlxalq əlaqələr üzrə katib) seçilmişdir (1991). Azərbaycan Respublikası Milli Məclisinin üzvüdür. Kuba (1967) və İspaniyaya (1980) sovet nümayəndə heyətinin tərkibində rəsmi səfərdə, Monqolustan (1978) və Almaniya Demokratik Respublikasında (1980) yaradıcılıq ezamiyyətində olmuşdur. Amerikanın Luiziana ştatının fəxri senatoru və Minneapolis şəhərinin fəxri vətəndaşı seçilmişdir.
Maqsud İbrahimbəyovun adını daşıyan mərkəz bir çox müxtəlif tədbirlər, yeni kitabların nəşrini həyata keçirib və "Püstə ağacı" hekayəsi əsasında tamaşanı səhnəyə qoyub.
Azərbaycan Respublikasının xalq yazıçısı Rüstəm İbrahimbəyovun böyük qardaşıdır. Azərbaycanlı coğrafiyaşünas, coğrafiya elmləri doktoru, Respublika Coğrafiya Cəmiyyətinin üzvü Məmmədibrahim İbrahimbəyovun oğludur.
Maqsud İbrahimbəyov 22 mart 2016-cı ildə Bakı şəhərində gecə saatlarında vəfat edib. 23 mart 2016-cı ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında vida mərasimi keçirilərək I Fəxri Xiyabanda dəfn edilib.
Mənbə: https://portal.azertag.az/az