Şair, dramaturq, ictimai xadim Vaqif Səmədoğlu (Vəkilov) XX əsrin böyük söz ustadlarındandır. O,1939-cu il iyun ayının 5-də Bakıda doğulub.
Vaqif Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Səməd Vurğunun ailəsində doğulan üçüncü övlad olub. Anası Xavər xanım musiqi təhsili görmüş (piano üzrə), sonradan Bakı universitetinin filoloqiya fakültəsini bitirmişdi. Pianoda ilk notları Vaqifə göstərən anası Xavər xanım olmuşdu.
Vaqif ədəbi-mədəni mühitdə böyümüş, uşaqlıqdan evlərində ailəsinin ünsiyyətdə oldugu və dostluq etdiyi tanınmış musiqiçiləri, yazıçıları, şairləri, rəssamları görmüşdü. Hər şeyi öyrənmək, bilmək marağı, musiqiyə, kitablara olan həvəsi onu yetkin bir gənc kimi yetişdirmişdi.
Vaqif orta təhsil aldığı indiki Bülbül adına musiqi məktəbini fortepiano sinfi üzrə 1956 - cı ildə əla qiymətlərlə başa vurmuş və mükafat olaraq filarmoniyada maestro Niyazinin rəhbərlik etdiyi simfonik orkestrlə S.Raxmaninovun 1-ci konsertini ifa etmişdir. Həmin il daxil olduğu Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano sinfini 1962-ci ildə müvəffəqiyyətlə başa vurmuş, həmin il Azərbaycan gənclərinin üçüncü festivalında fortepiano üzrə laureat adını qazanmışdır.1962-1964-ci illərdə P.İ.Çaykovski adına Moskva Konservatoriyasında stajor olmuşdu.
Xruşşov “ottopeli” dövrünə təsadüf edən bu illərdə azad təfəkkürün qaynadığı Moskva mühitiylə nəfəs almaq, azaddüşüncəli yaradıcı insanlarla görüşlər, təmasda olmaq Vaqifin dünyagörüşünə öz təsirini göstərməyə bilməzdi. Moskvadan qayıtdıqdan sonra o,1964-1972-ci illərdə Bakı konservatoriyasında fortepianodan dərs demişdir.
Artıq seçimini ədəbiyyat xeyrinə edən Vaqif Səmədoğlu 1967-1970-ci illərdə Azərbaycan Ensiklopediyasında incəsənət şöbəsinin müdiri vəzifəsində,1970-ci illərin əvvəllərində C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ssenari emalatxanasında ssenarist, 1978-1982-ci illərdə “Yazıçı” nəşriyyatında redaktor kimi və 1982-1985-ci illərdə kinostudiyada kinoaktyor teatrının ədəbi hissə müdiri işləmişdir. 1992-1994-cü illərdə Azərbaycan yazıçılarının müstəqil qəzeti olan “Oğuz eli”nin baş redaktoru olmuşdur.
Vaqifin musiqi janrının bütün sahələrini professional səviyyədə bilməsi, Şopen, Mosart, Maler, Raxmaninov və başqa klassiklərə ehtiramı, Amerika cazını və ümumiyyətlə, modern cazı dərindən bilməsi və fortepianoda gözəl ifası yaradıcılığından yan keçməmiş və o, ömrünün sonuna kimi musiqi ilə nəfəs alan şair olaraq qalmışdır.
80-cı ilin ortalarında AzTV-də “Caz klub” verilişinin əvəzsiz aparıcısı kimi Vaqif Səmədoğlu caz musiqisinin Azərbaycanda təbliğində böyük rol oynamışdı.
80-cı illərin sonlarında Azərbaycanın müstəqilliyi uğrunda gedən Milli Azadlıq mübarizəsində fəal iştirak etmiş, Azərbaycan müstəqillik qazandıqdan sonra Milli Məclisin deputatı (2000-2010) və Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin üzvü(2000-2005) olmuşdu.
Şeirləri ümumiləşdirmələrlə, hikmətli ifadələrlə, müdrik kəlamlarla da zəngindir. Vaqif Səmədoğlu poeziyası Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi ilə müqayisə edilir. Belə ki, onun da poeziyasında mütləq mənada qəm, xoşbəxtlik, sevinc, məhəbbət, yalan, həqiqət yoxdur, mütləq şəkildə təkcə Tanrı qəbul edilir. Bu məntiqi Vaqif öz ədəbiyyatında bədii dillə ifadə etmişdir.
Hansı janrda yazırsa yazsın – şeir, pyes, kinossenari, pritça, mahnı mətni – onun böyük istedadı görünür. O, milli dramaturgiyamızı dolğun məzmunlu əsərləri ilə zənginləşdirərək yeni mərhələyə yüksəltmişdi.Vaqif Səmədoğlu insan-cəmiyyət münasibətlərinin dərinliklərinə nüfuz etməyi bacaran mütəfəkkir bir sənətkardır.Onun yaradıcılığı milli mənbələrlə sıx bağlı olduğu üçün çox qüvvətli və zəngindir. Pyesləri tutarlı sözlər və məsəllərlə doludur. Xalq ləhcəsindən, şivəsindən böyük ustalıqla istifadə edən sənətkarın özünəməxsus fərqli yumoru, üslubu əsərlərinə xüsusi maraq doğurur. Azərbaycan teatrlarında səhnə təcəssümü tapmış “Bəxt üzüyü”, “Yayda qartopu oyunu”, “İntihar”, “Qeneralın son əmri”, “Mamoy kişinin yuxuları” tragikomediyaları və “Yaşıl eynəkli adam” trilogiyası,”Yumurta” kimi televiziya filmləri tamaşıçı məhəbbəti qazanmışdı. Vaqif Səmədoğlunun əsərlərində bütün gülüşlərin arxasında insanı düşündürən, silkələyib ayıldan bir kədər dayanır. Onun pyeslərində diqqəti çəkən həm də personajların dilidir. Hər kəs öz dilində danışır. İstər ləhcə, şivə, istərsə də daxili nitq, məntiqi fikir. Bir çox əsərlərində səslənən fikir və deyimlər xalq arasında folklor nümunəsi kimi yayılmışdı.
Poeziyadakı Vaqif Səmədoğlu ilə dramaturgiyadakı Vaqif Səmədoğlunu müqayisə edənlər onları bir-birindən fərqləndirirlər: Nədən onun şeirlərindəki kədərlə pyeslərindəki zahiri nikbinlik bir təzad təşkil edir? Buna Vaqif Səmədoğlu belə cavab verirdi: “Heç bir ziddiyyət yoxdur. Mənim yaradıcılığım hamısı bir şeirdir”.
Vaqif Səmədoğlu 1999-cu ildə Xalq şairi adına layiq görülmüş, 2004-cü ildə “Şöhrət”, 2009-cü ildə “Şərəf”, 2014 - cü ildə “İstiqlal” ordenləri ilə təltif edilmişdi.
2015-ci il yanvar ayının 28-də amansız xəstəlik bu böyük sənətkarın həyatına son qoydu və o , Fəxri Xiyabanda dəfn olundu.
Səməd Vurğunun Ev Muzeyində Vaqif Səmədoğlunun həyat və yaradıcılığına həsr olunan ekspozisiya yaradılmışdır.
Vaqif Səmədoğlunun həyat yoldaşı – fəlsəfə doktoru Babayeva-Vəkilova Nüşabə Rəşid qızıdır. O, Vaqif Səmədoğlunun kitablarının tərtibatçısı və redaktoru olmaqla yanaşı onların işıq üzü görməsində böyük rol oynamışdır. 2015-ci ildən S.Vurğunun Ev muzeyinin direktorudur.