Həsən bəy Zərdabi 1837-ci il iyun ayının 28-də Göyçay qəzasının Zərdab kəndində bəy ailəsində anadan olmuşdur. Siyasi-ictimai təlatümlər dövründə böyüyən Zərdabi kiçik yaşlarından ədəbiyyata, publisistikaya böyük maraq göstərmiş, ibtidai təhsilini başa vurduqdan sonra Tbilisi və Moskva şəhərlərində ali təhsil almışdır. Moskva Dövlət Universitetini bitirdikdən sonra Tiflisdə torpaq idarəsində, sonralar Quba məhkəməsində işləmişdir. 1869-cu ildə isə onun həyatında yeni dövr-maarifçilik, xalqın savadlanması, ana dilində təhsil uğrunda mübarizə mərhələsi başlayır, Bakıdakı məktəblərin birində təbiət elmləri üzrə müəllim kimi işə düzəlir.
Həsən bəy Zərdabi Bakı Realnı gimnaziyasında müəllim işlədiyi vaxtlarda burada təhsil alan kasıb, kimsəsiz uşaqların acınacaqlı həyatını görür, onların bu halına ürəkdən acıyırdı. Bu səbədən də kimsəsizlərə, evsiz-eşiksizlərə, kasıblara, qoca və xəstələrə kömək etmək, təhsil almağa imkanı olmayan uşaqlara əl tutub, onların oxumasına yardım etmək kimi humanist ideyalara xidmət edən xeyriyyə cəmiyyəti yaratmaq qərarına gəlir. "Həyat" qəzetinin 1905-ci il 25 noyabr tarixli 107-ci sayında çap etdirdiyi "Cəmiyyəti xeyriyyə binası" adlı məqaləsində Həsən bəy Zərdabi yazırdı: "1871-ci ildə mən bizim müsəlmanlar üçün bir cəmiyyəti xeyriyyə nizamnaməsi tərtib edib və bir neçə qeyri adamlara da onun ərizəsinə qol çəkdirib, sərdara verib təsdiq elətdirdim". Zərdabinin Azərbaycan və rus dillərində yazdığı 46 maddədən ibarət nizamnamə hökumət tərəfindən təsdiq olunur, lakin böyük mütəfəkkirin bu təşəbbüsünə heç kim qoşulmur. O, camaata xeyriyyə cəmiyyətinin xalqa kömək məqsədilə yaradıldığı barədə ətraflı məlumat versə də, heç bir nəticə hasil olmur. Bakı milyonerlərindən cəmiyyətin açılmasına bir fayda olmayacağını yəqin edən Zərdabi tələbələri Nəcəf bəy Vəzirov və Əsgər ağa Adıgözəlov ilə birlikdə Zaqafqaziyanın müsəlman əhalisinin məskunlaşdığı şəhərlərə səfərə çıxır, Şamaxıya, Gəncəyə, Tiflisə, İrəvana, Naxçıvana, Şuşaya, Quba və Dərbəndə qədər gedərək Cəmiyyətin yaradılması üçün vəsait toplamağa çalışır. Min bir əzab-əziyyətlə bu səfərlərdən əliboş qayıdan Həsən bəy XX əsrin əvvəllərində yenidən "Bakı-Müsəlman Xeyriyyə Cəmiyyəti" yaratmaq fikrinə düşür və 6 bölmədən, 42 bənddən ibarət nizamnamədə cəmiyyətin 21 nəfər təsisçisinin adları da qeyd olunur. Beləliklə, Azərbaycanda ilk müsəlman xeyriyyə cəmiyyəti yaradılır və cəmiyyətin maliyyəşməsinin əsas hissəsini H.Z.Tağıyev öz üzərinə götürür. Cəmiyyətin nizamnaməsinin birinci bəndində qeyd edilirdi: "Müalicəxanalarda, əlillər evlərində, digər xeyriyyə müəssisələrində əldən düşmüş qocaları saxlamaq, habelə kasıb müsəlman uşaqlarının orta və ali tədris müəssisələrinə daxil olub, təhsillərinin başa vurulmasına maddi yardım göstərmək".
Həsən bəy Zərdabi 1906-cı ildə Nəriman Nərimanovla birlikdə müəllimlərin Bakıda keçirilmiş birinci qurultayının işində yaxından iştirak etmiş, Azərbaycan qadınlarının maariflənməsinə xüsusi əhəmiyyət vermiş, 1901-ci ildə isə Bakıda azərbaycanlı qızlar üçün ilk məktəbin açılmasına böyük kömək göstərmişdir. O, həm də peşəkar teatr yaradıcılarındandır. Həsən bəyin rəhbərliyi və dramaturqlardan Nəcəf bəy Vəzirov və Əsgər ağa Adıgözəlovun fəal iştirakı ilə 1873-cü ildə M.F.Axundovun "Hacı Qara" və "Lənkəran xanının vəziri" komediyaları tamaşaya qoyulmuşdur.
Xalqının xoşbəxtliyini və tərəqqisini yalnız elmdə görən Həsən bəy Zərdabi elmin, təhsilin həyatla əlaqəsinə böyük əhəmiyyət verir, sadə, zəhmətkeş kütlənin maariflənməsi üçün yollar axtarırdı. Xeyriyyə Cəmiyyəti, teatr və müəllimlik yolu ilə xalqın maariflənməsinə çalışan Zərdabi bunun üçün ən gözəl vasitənin dövri mətbuatın olduğunu dərk edərək ana dilində qəzet çap etmək üçün hökumətə müraciət edir. O, "Rusiyada əvvəlimçi türk qəzeti" adlı məqaləsində yazırdı: "Bizim Cəmiyyəti-i Xeyriyyə bina tutmadığında, teatr təşkil etdiyimiz salonun boş qaldığı zaman anladım ki, müsəlman qardaşlarımızı bir yerə toplayıb məktəblər açdıraraq küçədəki uşaqları oxutmaq mümkün deyildir. Elmsiz bu dövrdə yaşamaq mümkün deyildir. Nə etməli? Hər kəsi çağırıram gəlmirlər, göstərirəm görmürlər, deyirəm anlamırlar. Sonunda başa düşdüm ki, səs-küy salaraq, məcburi başa salmaqdan başqa çarəm yoxdur. Mütləq bu izah etdiklərimi bir gün başa düşən olacaqdır. Axan bir suyun altına nə qədər sərt daş qoyursan qoy, zamanla o daş əriyib yox olacaqdır. Əgər elədirsə, doğru söz də bir gün başa düşüləcəkdir. Onun üçün mütləq qəzet nəşr etdirmək gərəkdir. Hər il qəzet oxuyanlardan 10 nəfər anlasa, onların sayı hər il artacaqdır. Suyun önünü kəsən o bənd sonunda dayana bilməyib yıxılacaqdır!".
Böyük zəhmətdən, əzab-əziyyətdən sonra 1875-ci ilin 22 iyulunda Bakıda qubernator mətbəəsində Azərbaycan dilində "Əkinçi" qəzetinin nəşrinə müvəffəq olan Zərdabi xalqını maarifləndirməyi, onu dünyada baş verən ictimai-siyasi, mədəni hadisələrin gedişatından xəbərdar etməyi, milləti tərəqqi yoluna çıxarmağı qarşısına məqsəd qoymuşdu. Belə ki, "Əkinçi"nin başlıca prinsipləri xalqda sağlam məfkurə formalaşdırmaq, ümummilli məqsədləri təbliğ etmək, ədəbi dili danışıq dilinə yaxınlaşdırmaq, cəmiyyətdə baş verən hadisələri obyektiv işıqlandırmaqdan ibarət idi. "Əkinçi" Azərbaycan dilində xəbərlərin, ədəbiyyatın və tənqidi şərhlərin yayılması üçün bir tribuna idi və mütərəqqi fikirli insanlar dövrün catışmazlıqlarına etiraz etmək üçün bu tribunadan istifadə edir, savadsızlıq, cəhalət, qadın hüquqları, yoxsulluq və s. kimi mövzuları mətbuat vasitəsilə xalqa çatdırmağa çalışırdılar. Qəzet səssizlərin səsinə çevrildi, cəmiyyətin bütün təbəqələrinin mübarizəsinin işıqlandırılması üçün vasitə oldu. Zərdabi qəti şəkildə inanırdı ki, mətbuat Azərbaycan əhalisi arasında ictimai şüuru oyatmaq və milli mənsubiyyət hissini aşılamaq gücünə malikdir və ömrünün sonuna qədər bu amal uğrunda mübarizə apardı.
Həsən bəy Zərdabi həm də Azərbaycanın mədəni dirçəlişinin aparıcı qüvvəsi idi. Onun ədəbi yaradıcılığı Azərbaycan ədəbiyyatını zənginləşdirməklə yanaşı, mədəni assimilyasiya dövründə xalqın milli kimliyinin qorunub saxlanmasında da mühüm rol oynamışdır. Bundan əlavə, Zərdabi qadın hüquqlarının vacibliyini və onların ictimai tərəqqidə ayrılmaz rolunu anlayır, qadınların səsinin susdurulduğu bir dövrdə onların ictimai sahədə iştirakını fəal şəkildə təşviq edirdi. Zərdabi qadınların təhsil almaq və öz fikirlərini sərbəst ifadə etmək hüququna malik olmasının vacibliyini vurğulayırdı. Onun qadın hüquqlarının qorunmasında göstərdiyi səylər həmin dövr üçün inqilabi xarakter daşıyırdı. Mübarizliyi, vətənpərvərliyi ilə xalqının tərəqqisi uğrunda fəaliyyətində hər zaman böyük çətinliklər, maneələrlə üzləşsə də, Zərdabinin Azərbaycan xalqının hüquqları uğrunda mübarizə əzmi sarsılmadı. Publisist, pedaqoq, maarifçi-demokrat, təbiətşünas alim ədalətli və maariflənmiş cəmiyyət axtarışında olan hər kəs üçün ümid çırağı idi.
Mənbə: https://portal.azertag.az/az