Firəngiz Əliağa qızı Əlizadə 1947-ci il mayın 28-də Bakıda anadan olmuşdur. İlk musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasının nəzdində xüsusi istedadlı uşaqlar üçün orta ixtisas musiqi məktəbində almışdır. Daha sonra Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq və fortepiano ixtisasları üzrə təhsil almışdır. Həm bəstəkarlıq (1972-ci il, professor Qara Qarayevin sinfi), həm də fortepiano ixtisası üzrə (1970-ci il, professor Urfan Xəlilovun sinfi) konservatoriyanı fərqlənmə diplomu ilə bitirmişdir. 1970-ci ildən Azərbaycan Dövlət Konservatoriysında (indiki Bakı Musiqi Akademiyası) pedaqoji fəaliyyətlə məşğul olmağa başlamış, 1972–1974-cü illər ərzində Qara Qarayevin assistenti kimi çalışmışdır. F.Əlizadə 1994-cü ildə dissertasiya müdafiə edərək, sənətşünaslıq namizədi elmi dərəcəsinə, 1998-ci ildə professor elmi adına layiq görülmüşdür.
1992-ci ildə F.Əlizadəyə Türkiyə dövləti tərəfindən "Boş beşik" baletinin yaradılması sifariş olunmuşdur. Həmin əsər Mersin Opera və Balet Teatrının açılışı münasibəti ilə 3 yanvar 1993-cü ildə səhnəyə qoyulmuşdur. 1998-ci ilə qədər F.Əlizadə Mersin Opera və Balet Teatrında və Mersin Konservatoriyasında professor vəzifəsində çalışmışdır.
1999-cu ildə isə o, Almaniyaya, Berlin İncəsənət Akademiyasının ("Akademie der Künste") professoru vəzifəsinə dəvət olunmuşdur. 2007-ci ilə kimi burada bəstəkar, pianoçu və dirijor kimi fəaliyyət göstərmişdir.
F.Əlizadə 1974-cü ildən SSRİ və Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. 1979-cu ildən Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin katibi olmuşdur. 2007-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının sədri seçilmiş və bu günə kimi həmin vəzifədə fəaliyyətini davam etdirir.
F.Əlizadənin fəaliyyəti çoxşaxəli və genişdir. F.Əlizadə bir bəstəkar, pianoçu, musiqişünas, pedaqoq, dirijor, musiqi-ictimai xadim kimi beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır. Bir pianoçu kimi o, Arnold Şönberq, Alban Berq, Anton Vebern, Paul Hindemit, Olivye Messian, Con Keyc, C.Kramb kimi bəstəkarların əsərlərinin ölkəmizdə ilk dəfə ifa edib və onların tanıdılmasında mühüm rol oynamışdır. O, bir çox Azərbaycan bəstəkarlarının əsərlərinin ilk ifaçısı olmuşdur. Öz əsərlərinin təqdimatında da o, həm pianoçu, həm də dirijor kimi çıxış edir. Bakıda ilk "Müasir Musiqi" Festivallarının təşkilatçılarından biridir (1986–1991).
F.Əlizadə öz yaradıcılığı ilə milli mədəniyyətimizi Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda parlaq şəkildə təmsil edir. Onun əsərləri bir çox xarici ölkələrdə ifa olunmuş, o, həmin ölkələrin "composer in residence" (ölkənin rəsmi bəstəkarı) fəxri tituluna layiq görülmüşdür.
F.Əlizadə müxtəlif janrlarda bir sıra musiqi əsərlərinin müəllifidir: "İntizar", "Sənin adın Dənizdir", "Ağ atlı oğlan" operaları, "Boş beşik" və "Stadt-Graniza" baletləri, "Habilsayağı", "Muğamsayağı", "Oazis", "Dərviş", "Abşeron" – müxtəlif ifaçılıq tərkibi üçün instrumental əsərlər, "Silk road" Konserti, violonçel və orkestr üçün Konsert "Mərsiyə", böyük simfonik orkestr üçün "İthaf", "Nağıllar" və s. əsərlər.
Son illərdə xarici ölkələrin musiqi kollektivlərinin sifarişi ilə yazılmış və ifa olunmuş əsərlərdən: Violonçel üçün "Oyan!" (Paris, Fransa, 2005), Kvintet üçün "Xəzər" (Nyu-York, ABŞ, 2006), Fleyta, klarnet, skripka və zərb alətləri üçün "Atəş" (Sietl, ABŞ, 2006); "Optical İdentity" baleti (Sinqapur, 2007); Misteriya "Al Kamandjaty" (Roma, İtaliya, 2007), Skripka üçün "Dastan" (Auqsburq, Almaniya, 2007), Hazırlanmış fortepiano, violonçel və kamera orkestri üçün "Dəniz" (Bern, İsveçrə, 2008), "Your name means the Sea" operası (Hyuston, ABŞ, 2011), Xanəndə, flamenko ifaçısı və ansambl üçün "Mugflagamenco" (Amsterdam, Hollandiya, 2011), Skripka və fortepiano üçün "İmpuls" (ABŞ, 2012), Fortapiano üçün "Landscape" (Fransa, 2012), qarışıq kvartet üçün "Schwindende Schönheit" (Münhen, 2016), kamera orkestri və zərb alətləri üçün "Harmony" (Los-Anceles, ABŞ, 2019) və s. qeyd etmək olar.
2017-ci ildə XIV əsr Azərbaycan şairi İmadəddin Nəsiminin ölümünün 600 illiyi münasibətilə UNESCO-da keçirilən tədbirdə "Nəsimiyə ithaf" baleti tamaşaya qoyulmuşdur. 2017-ci ildə Amsterdamın "Consertgebouw" konsert təşkilatının sifarişi ilə yazılan solist, xor və simfonik orkestr üçün "Nasimi-Passion" əsərinin premyerası baş tutmuşdur.
2019-cu ildə İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən elan olunmuş "Nəsimi ili" çərçivəsində Bakıda F.Əlizadənin "Nasimi-Passion" əsəri vokal-xoreoqrafik tamaşa kimi Heydər Əliyev Sarayında səhnəyə qoyulmuşdur.
Mənbə: https://www.wikimedia.az-az.nina.az/Fir%C9%99ngiz_%C6%8Flizad%C9%99.html