“Əsrin Aydınları” jurnalının bugünkü dəyərli qonağı Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri, Azərbaycan Turizm və Menecment Universiteninin Strateji inkişaf məsələləri üzrə prorektoru, Araz Aslanlıdır.
– Salam xoş gördük Araz müəllim. İlk öncə müsahibəmiz üçün sizə təşəkkür edirəm, əminəm ki, müsahibəmiz maraqlı və faydalı olacaqdırş Jurnalımızın ənənəsinə uyğun olaraq istərdim ki, özünüz haqqınızda bizə və oxucularımıza məlumat verəsiniz.
– Mən Biləsuvar rayonunun Xırmandalı kəndində doğulmuşam. Orta təhsilimi kənd məktəbində almışam. Orta təhsilimi 2 saylı tam orta məktəbdə başlayıb 1 saylı tam orta məktəbdə davam etdirmişəm. Sonra ali təhsil almaq üçün Türkiyə Respublikasına getmişəm. Qardaş Türkiyə Respublikasına dövlət xətti ilə ilk gedən tələbələrdənəm. Orada iki il biologiya ixtisası üzrə təhsil almışam. Daha sonra siyasi elmlərə, beynəlxalq münasibətlərə marağım daha çox olduğu üçün ixtisasımı dəyişməyə qərar vermişəm və siyasi elmlər üzrə təhsil almışam. Magistratura və doktorantura təhsilimi də Ankarada almışam. Bakalavr və magistratura təhsilim idarəetmə və politologiya üzrə, doktorantura təhsilim isə beynəlxalq münasibətlər üzrədir. Uzun müddət Türkiyədə yaşamışam. Təxminən 15 il fasiləsiz - 1992-ci ildən 2007-ci ilə qədər. Həm “Asan” adlı bir mərkəzdə, həm də oranın ən nüfuzlu mərkəzlərindən biri olan, Avrasiya materikinin ən böyük beyin mərkəzi - Strateji Araşdırmalar Mərkəzində dörd il işləmişəm. Təxminən üç il də Türkiyə Ulusal Güvənlik Strateji Araşdırmalar Mərkəzində işləmişəm. Öncə Azərbaycan şöbəsinin rəhbəri, daha sonra Qafqaz şöbəsinin rəhbəri, eyni zamanda ikinci mərkəzdə sədr müavini kimi vəzifələrdə işləmişəm. Daha çox siyasi elmlər, beynəlxalq münasibətlər və idarəetmə üzrə tədqiqatlarla məşğul olmuşam. Müəyyən dərəcədə Türkiyədə təlimlərlə məşğul olmuşam. Azərbaycana qayıtdıqdan sonra isə beynəlxalq münasibətlər üzrə araşdırma fəaliyyətim ilə yanaşı, ali təhsil sahəsində də çalışmışam. 2007-ci ildən etibarən Xəzər Universitetində, daha sonra İqtisad Universitetində, Dövlət Gömrük Komitəsinin Akademiyasında çalışmışam. Hal-hazırda Azərbaycan Turizm və Menecment Universitetində işləyirəm. Çalışdığım yerlərdə həm elmi-pedaqoji fəaliyyətlə məşğul olmuşam, həm də inzibati vəzifələrdə çalışmışam. Müəyyən dərəcədə jurnalistika fəaliyyəti ilə də məşğul olmuşam. Türkiyənin xarici siyasəti, etnik münaqişələr və s. mövzulara dair 100-dən çox məqalənin müəllifiyəm. Məqalələr Azərbaycan, ingilis, rus, alman, fransız, türk, ərəb və digər dillərdə dünyanın müxtəlif ölkələrinin (Azərbaycan, Türkiyə, Rusiya, ABŞ, Fransa, İngiltərə, Qətər və s.) elmi nəşrlərdə, qəzetlərdə və internet saytlarında dərc olunub. Azərbaycan, ingilis və türk dillərində nəşr edilən 5 kitabın müəllifi, 12 kitabın həmmüəllifiyəm.
– Hər kəsin yadda qalan uşaqlıq, gənclik xatirələri var ki, onları xatırlayarkən xoş təəssüratlara qapılır. Sizin üçün ən yadda qalan uşaqlıq xatirələriniz və yaxud da gənclik xatirələriniz nələr olub?
– Uşaqlıq və gənclik xatirələrimin iki istiqaməti var: doğulub, boya-başa çatdığım kənddə yaşadıqlarım, kəndlə bağlı xatirələrim, orta məktəbdə yaşadıqlarım; Türkiyədə təhsil aldığım dövrlə bağlı olanlar. Lap uşaqlığa gedəcəm. Əlifba bayramı mənim üçün məktəb həyatının başlanğıcı və ilk sinfin sonu idi. O bayrama xüsusi hazırlaşırdıq. Hər bir valideyn bütün hərflərin olduğu xüsusi bir şey hazırlayırdı. Rəhmətlik anam mənim üçün onu sürpriz kimi hazırlamışdı. Mən gözləyirdim ki, o da digərləri kimi çox sadə bir şey hazırlayacaq. Amma anam xüsusi əziyyət çəkib bütün hərfləri öz əlləri ilə toxumuşdu. Özümü o qədər xoşbəxt hiss etmişdim ki, mənim üçün xüsusi bir şey hazırlayıb deyə.
– Orta məktəbdə bütün müəllimlərimiz bizə qayğı göstərir, fənn olimpiadalarına xüsusi hazırlaşdırırdılar. Xüsusilə də Biologiya fənnini tədris edən müəllimimiz fənn üzrə hazırlıq prosesini bütün şagirdlərə ödənişsiz həyata keçirir, olimpiadaya hazırlayırdı. Onun hazırlaşdırdığı şagird və tələbələr Respublika fənn olimpiadalarının qalibi olur və Tibb Universitetində Biologiya fənni üzrə 5 alırdılar. Həmin illərdə mən və sinif yoldaşım zona olimpiadasının qalibi olmuşduq. Universitet həyatında isə Türkiyə qardaş ölkə olsa da, bizim üçün bir növ xarici ölkə kimi idi. Oxuduğumuz şəhərdə, universitetdə, qaldığımız yataqxanada, dünyanın müxtəlif ölkələrindən tələbələr var idi. Bu bizə sanki əlavə bir missiya verirdi ki, biz sadəcə dərs oxumalı deyilik, həm də ölkəmizi burada yaxşı təmsil etməliyik. Həmin illərdə güclü futbol klubumuz var idi. O klub bir oyunda qələbə çala bilməyəndə komanda üzvləri çox məyus olurdu. İştirak etdiyimiz ilk böyük turnirdə finalda uduzmuşduq. Məğlub olduğumuz komanda isə İdman Akademiyasının tələbələri idi. Yəni, əksəriyyəti Türkiyənin peşəkar və ya həvəskar klublarında oynayırdılar. Sonrakı il isə Azərbaycan komandası çempion oldu. Həmin illər ərazilərimiz işğal altında idi. Daim Qarabağla bağlı, milli günlərlə bağlı təbdirlər keçirir, Azərbaycanın haqq səsini dünyaya çatdırmağa çalışırdıq. Çünki orada dünyanın bəlkə də yüzə yaxın ölkəsindən tələbə var idi. Onların hər birinə bunu çatdırmağı özümüzə mənəvi borc hesab edirdik. Tələbə kimi öz təqaüdümüzdən vəsait toplayıb Qarabağla bağlı, Azərbaycanın təbliğatı ilə bağlı işlər görməyə çalışırdıq. Fikirləşirdik ki, bəlkə bir gün az yemək yeyə bilərik və ya bəlkə bir gün ac qala bilərik, amma Azərbaycanın haqq səsini dünyaya çatdırmalıyıq.
– Uğur, zəhmət və əzm. Sizin üçün ən önəmli olan hansıdır?
– Əslində zəhmət və əzm elə uğuru təmin edir. O uğur ki zəhmət və əzmə əsaslanmır, o əsl uğur deyildir. Bunu öz tələbəlik illərimdə, həyatımda da görmüşəm. İxtisas dəyişdirdikdən sonra artıq dövlət sifarişli deyil, öz hesabıma oxuyurdum. Həmin vaxt Azərbaycanda iqtisadi vəziyyət çətin idi. O vaxtlar Azərbaycana qayıdanda bunu kiməsə deməyə utanırdım. Amma indi deməyə utanmıram. Baxmayaraq ki, Azərbaycan tələbə təşkilatlarından birinin sədri idim, amma fəhlə işləyirdim. O vaxt vətənə gələndə bunu heç kimə demirdim, gizlədirdim. Tələbə təşkilatının sədri kimi nazirlərlə, millət vəkilləri ilə görüşürdük. Amma görüş olmayan günlərdə, dərsim olmayan vaxtlarda fiziki işlərdə işləyirdim. Sonra rəy sorğuları keçirən şirkətlərdə işləməyə başladım. İctimai rəyi ölçmək üçün Türkiyəni şəhər-şəhər gəzdim. Sonralar böyük siyasi, strateji mərkəzlərdə işlədim. Təbii ki, biliyi, dünyagörüşünü artırmaq önəmlidir, amma dünyagörüşü kifayət etmir, mütləq bir əzm olmalıdır. Yəni, bir hədəfə doğru israrla gedilməli və mütləq zəhmət olmalıdır. Bunlar olanda əldə olunan uğur qalıcı uğur olur və davam edir. Digər uğurlar epizodik, süni olur. Bilik də olsa, başqa bir çox faktorlar da olsa əzm və zəhmət insanı davamlı uğura aparan sehrli ifadələrdir.
– Gənclərin təhsilləri ilə bağlı hansı tədbirlər görmələrini daha əhəmiyyətli hesab edirsiz? Siz də gənc yaşlarınızda xarici ölkədə təhsil almısınız. Qarşınızda duran müəyyən məqsəd və problemlər olub. Xaricə təhsil üçün üz tutan gənclərimizə nə məsləhət verərdiniz? Onların qarşılaşdığı problemlər nələr ola bilər?
– Ümumiyyətlə, təhsilalanların hamısına, xüsusən xaricə gedənlərə müəyyən tövsiyələrim olacaq. Ümumiyyətlə, insan təhsili daha çox bilik sahibi olmaq üçün, daha yeni səriştələrə sahib olmaq üçün almalıdır. Təəssüf ki, biz Türkiyəyə təhsil almağa gedəndə daha çox diplom əldə etmək məqsədinə xidmət etmiş oluruq. Düzdür, bu, son illərdə ciddi dərəcədə dəyişib. Cəmiyyətimizdə təhsilin bilik və bacarıqlar üçün olduğunu anlayanların sayı artıb, amma hələ də qaneedici səviyyədə deyil. Hər kəs yeni biliklərə, bacarıqlara, səriştələrə yiyələnmək, dünyagörüşünü genişləndirmək, yeni təcrübə sahibi olmaq üçün təhsil almalıdır. Bunlar olanda və üstünə əzm, iradə, zəhmət gələndə diplomlu işsizlər minimuma enəcək. Xaricdə təhsil almağa gedən zaman bizim dövrümüzdə ortaya başqa bir problem çıxırdı. Alışmadığın dünya ilə qarşılaşmaq, alışmadığın mühitdə yaşamaq məsələləri kimi. Lakin indi insanlar mütəmadi olaraq sosial və ənənəvi media vasitəsilə və ya xaricə gedib-gələnlərin təcrübələrini dinləmək vasitəsilə dünya haqqında, ölkədən kənar dünya haqqında bir məlumata sahib olurlar. Amma yenə də tələbə sosial və ya ənənəvi mediada gördüyü, qohumundan, dostundan, eşitdiyindən fərqli bir universitet, fərqli bir yataqxana, fərqli bir şəhər mühiti, fərqli müəllimlə qarşılaşa bilər. İnsanların çoxu xaricdə təhsil almağa gedəndə və ya elə kənddən çıxıb Bakıya gələndə fərqli bir gözlənti içində olur. Universitet, yataqxana, şəhər, müəllimlə bağlı xəyalındakılar gördükləri ilə qarşılaşmayanda xəyal qırıqlığı yaşaya bilirlər. Ona görə gözləntiləri çox yüksək tutmamaq, amma hədəfləri həmişə yüksək tutmaq lazımdır. Mənim tanıdığım yüksək uğur sahiblərinin böyük əksəriyyəti bu yolu keçiblər.
– Bilirik ki, bir çox kitabların və məqalələrin müəllifisiniz. Tədqiqat işləri zamanı hansı çətinliklərlə üzləşmisiniz. Çünki bilirik ki, bizdə tədqiqat sahəsində çoxlu islahatlara ehtiyac var: mənbələr məsələsi, yeniliklər, metodlar və s. kimi. Sizin qarşılaşdığınız çətinliklər nələr olub?
– Baxmayaraq ki, özümü çox elmyönümlü biri hesab edirdim. O strateji mərkəzdə işləyənə qədər universitetdə kifayət qədər yaxşı təhsil almışdım. Hacettepe Universiteti o vaxt Türkiyənin ən reytinqli üç universitetindən biri idi. Bəzi istiqamətlər üzrə də birinci idi və hələ də ən yaxşılardan biridir. Yəni, özümü kifayət qədər yaxşı təhsil almış biri hesab etdiyim halda, Strateji Araşdırmalar Mərkəzində işləməyə başlayanda gördüm ki, elə deyil. Çünki o vaxt Azərbaycanda humanitar elmlər üzrə tədqiqat ənənəsi çox zəif idi. Daha çox mövcud olanı bir yerdən digər yerə köçürmək üstünə qurulmuşdu. İlk tədqiqatlara başlayanda mənə məqalə yazmağı tapşırdılar. Düşündüm ki, dörd səhifəlik kiçik bir məqalə yazacam. Mən o strateji mərkəzdə işə başlayana qədər bir il idi ki, ciddi bakalavr səviyyəsində təhsil alıb araşdırmalar aparırdım. Birinci ayda məqalə yazmaq istəyəndə dedilər ki, hələ tezdir. İkinci ayın sonunda yenə məqalə yazmaq istəyimi bildirəndə hələ də tez olduğunu, daha çox araşdırma aparmalı olduğumu bildirdilər. Bizə bakalavrda çox yaxşı tədqiqat metodları dərsi keçmişdilər. Tədqiqat metodları təəssüf ki, bizdə ən ciddi əskiklik olan sahədir. Amma Türkiyədə bakalavr səviyyəsində bizə tədris olunan fənlər arasında ən yüksək kreditli fənnimiz məhz Tədqiqat metodları fənni idi. Onu da çox yaxşı öyrətmişdilər. Buna baxmayaraq, işlədiyim mərkəzdə ilk altı ayda dedilər ki, hələ çox oxumalısan. Üç ay sonra mən bir məqalə yazdım. Dedilər yaxşıdır, amma sənin ilk əsərin olacağı üçün onu yaxşı yazmamalısan, əla yazmalısan. Çünki ilk məqalən orta səviyyədə olsa, buna qarşı çoxlu tənqidlər yarana bilər. Sən özün də fikirləşərsən ki, yazdım, amma alınmadı. Yeri gəlmişkən, həmin yazım ən çox istinad alan əsərlərimdən biridir. Mən o insanlara təşəkkür edirəm ki, onlar məni məcbur etdilər ki, araşdırma qabiliyyətimi daha da artırım, daha dərin akademik məqalələr oxuyum. Daha dərin akademik məqalələr oxumaq o vaxt yorucu idi. Çünki insan istəyir ki, rahat olduğu üçün bəsit məqalələr oxusun. Məni məcbur edirdilər ki, dünyanın nüfuzlu jurnallarında olan konfliktologiya ilə, münaqişələrlə bağlı dili daha qəliz olan məqalələr oxuyum. Onları oxumaq çox çətin idi, amma onun faydasını gördüm. Yəni, mənim gənclərə birinci tövsiyəm odur ki, hansı ixtisas sahibi olurlarsa olsunlar, mütləq o ixtisas üzrə ən nüfuzlu elmi nəşrlərdə yayınlanmış məqalələri oxusunlar, mütləq elmi tədqiqat metodları ilə bağlı fənləri yaxşı oxusunlar. Əgər onlara o fənn tədris olunmursa, onlayn kurslarda həmin fənləri götürsünlər, o sahə üzrə kitablar oxusunlar. Yəni, öz sahələri üzrə nüfuzlu tədqiqatçıların dərin elmi tədqiqatlarını oxumaq, yaxşı elmi tədqiqat metodları öyrədən kurslara yazılmaq, kitablar oxumaq, tədqiqatlar aparmaq, və tədqiqatlarına güclü müəlliflərdən rəy və tənqidlər almaq və bunları mənfi qəbul etməmək elmi, həm də fərdi inkişaf üçün çox faydalı və zəruridir. Mən fərdi inkişafımda o obyektiv tənqidlərin, təkliflərin və rəylərin çox faydasını görmüşəm. Mənim ilk yazdığım məqaləyə Türkiyənin nüfuzlu professorlarından olan Mustafa Aydın düzəlişlər etmişdi. Amma o qədər çox düzəliş etmişdi ki, məqaləni götürəndə doğrusu, bir az xəyal qırıqlığı yaşamışdım, çox zəif yazdığımı düşünmüşdüm. Bu düzəlişlər də əsasən dillə, üslubla bağlı idi. Amma sonra professor həmin o sehrli cümləni dedi “Sənin yazın yaxşıdır, amma bu düzəlişlər onun əla olması üçündür. Sən əla yazmalısan, yaxşı yox”.
– Siyasi tədqiqatçı kimi, politoloq kimi Qarabağ məsələlərinə davamlı toxunursunuz və iki aspektdə şərh bildirmənizi istərdik: Qarabağ müharibə dönəmində; Qarabağ müharibədən sonra. Hansı inkişaf perspektivləri olacaq? Gələcəklə bağlı hansı təklifləriniz var, hansı layihələri gerçəkləşdirməyi planlayırsınız?
– Yeri gəlmişkən qeyd edim ki, Strateji Mərkəzdə ilk yazdığım məqalə Qarabağla bağlı idi. Onu yazmağa başlayanda məsələyə yanaşmam fərqli idi, yazandan sonrakı yanaşmam isə fərqli oldu. Baxmayaraq ki, kiçik bir məqalə yazacaqdım, onu yazarkən ən az 100 məqalə, 20 kitab oxumuşdum. Beynəlxalq hüquq, milli azlıqların hüququ, zəruri müdafiə hüququ, münaqişələrin həllinə nəzəri yanaşmalar, münaqişələrin həlli ilə bağlı praktiki nümunələr, modellər və s. ilə bağlı çoxlu kitab və məqalələr oxuduqca, təxminən 22 il öncə gəldiyim qənaət bu oldu ki, Qarabağ məsələsi ümumiyyətlə, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi məsələsi statussuz bir yolla həll olunmalıdır. Yəni, keçmiş Dağlıq Qarabağ Muxtariyyatı çərçivəsində yaşayan ermənilərə hər hansı bir status verilməməlidir. Bunu sırf beynəlxalq hüquqa görə əsaslandırmışdım və böyük mübahisəyə səbəb olmuşdu. Çünki həmin vaxt həll prosesi yüksək statusla bağlı gedirdi. Azərbaycan yüksək status vermək istəyirdi. Ermənistan isə müstəqillik iddiasında çıxış edirdi. Mən isə beynəlxalq hüquqa görə əsaslandırmışdım və milli azlıqların hüquqlarına görə əsaslandırmışdım ki, heç bir status vermək lazım deyil, hətta olmaz. Statusun verilməsinin bütövlükdə Cənubi Qafqaz üçün yaradacağı risklər haqqında yazmışdım. Sevindim ki, cənab Prezident İlham Əliyev seçiləndən sonra münaqişə ilə bağlı ilk açıqlamasında demişdi ki, sıfır variantına qayıdacağıq. Mən də sıfır variantla bağlı təklif yazmışdım. Məni çox sevindirmişdi ki, status üçün mənim xəyal etdiyim həll modeli var. Mən deyirdim ki, danışıqlar prosesi səhv istiqamətdə gedir. Beynəlxalq vasitəçilər bizi səhv istiqamətə aparırlar. Biz buna görə də sıfır variantına qayıtmalıyıq. Beynəlxalq vasitəçilərin bizə zorla qəbul etdirməyə çalışdığı ədalətsiz həllə yox. Və çox sevinirəm ki, cənab İlham Əliyev prezident seçildikdən dərhal sonra dediyi bu variantı yekunda reallaşdırdı. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə, əsgərlərimizə can sağlığı versin. Ordumuz və Prezidentimiz – Ali Baş Komandanımız bunu reallaşdırdı. Yəni, biz sadəcə Azərbaycanı yox, bir az Ermənistanı da və ümumiyyətlə, Cənubi Qafqazı xilas etdik. Cənubi Qafqazın gələcəyində sülh mühitinin formalaşması üçün məhz bu həll modeli olmalı idi. Biz bunu bacardıq. 44 günlük müharibəyə qədərki dövrdə mən də, digər alimlərimiz də, dövlətimiz, ordumuz da bu istiqamətdə çalışırdı ki, Azərbaycanın ərazi bütövlüyü qorunsun. Ordumuz, sənayemiz, alimlərimiz, diplomatiyamız, hamısı eyni hədəf üçün çalışdı. Bugünkü hədəf üçün Allaha şükürlər olsun, bu reallaşdırıldı. Bundan sonrakı mərhələ necə olmalıdır? Bundan sonra təbii ki, Azərbaycan dövləti diplomatik, hərbi, iqtisadi, siyasi qüdrətini həmişə o səviyyədə saxlamalıdır ki, nə Ermənistan, nə də başqa bir dövlət Azərbaycana yenidən ərazi iddiası irəli sürəcək, ya da Azərbaycanın ərazilərini işğal etmək niyyətinə düşə biləcək səviyyədə olmasın. Azərbaycanın qüdrəti elə olmalıdır ki, heç kim heç vaxt bir də bu xəyala qapılmasın. Və bilsinlər ki, nə vaxtsa, fərqi yoxdur, Ermənistan, ya da başqa bir dövlət Azərbaycana ərazi iddiası irəli sürərsə, ərazi bütövlüyünə, suverenliyinə qəsd etmək niyyətinə düşərsə, onu ağır nəticələr gözləyə bilər. Belə bir qüdrət daim mövcud olmalıdır. Amma eyni zamanda dövlətlərin hədəfi müharibə etmək olmamalıdır. Eyni zamanda Azərbaycanın məqsədi təbii ki, müharibə aparmaq deyil. Azərbaycan istəyir ki, regionda dinc şəraitdə bir arada yaşamaq mümkün olsun. Azərbaycan müstəqilliyinə qovuşduğu gündən bu günə qədər daim mütərəqqi prinsiplərdən çıxış edib. 1991-ci ildən sonra bütün mərhələlərdə Azərbaycan xarici siyasət prinsiplərini elan edərkən dinc şəraitdə bir arada yaşamağı, qarşılıqlı olaraq ərazi bütövlüyünə, müstəqilliyinə, suverenliyinə tam hörməti, daxili işlərə qarışmamağı, beynəlxalq hüququn əsas prinsiplərini daim irəli sürüb. Bu gün də o prinsiplərdən çıxış edir. Amma əvvəllər bu prinsipləri reallaşdırmaq imkanı zəif idi. Niyə? Çünki Azərbaycan bu prinsiplərdən çıxış etsə idi də, qonşu dövlət bu prinsiplərdən çıxış etmirdi. Bəzi digər dövlətlər də Azərbaycanın daxili işlərinə qarışmağa çalışırdılar, suverenliyini məhdudlaşdırmağa çalışırlar. Amma Azərbaycan qüdrətini ortaya qoyandan sonra artıq digərlərinə də izah edə bildi ki, başqa iddialarla çıxış etməyin sonu yoxdur. Gəlin birlikdə Cənubi Qafqazı sülh, əməkdaşlıq və rifah bölgəsinə çevirək, inkişaf bölgəsinə çevirək. Hesab edirəm ki, bundan sonrakı mərhələdə bunu da reallaşdırmaq imkanımız olacaq. Sadəcə özümüzlə bağlı yox, ümumiyyətlə, Cənubi Qafqazla bağlı. Müharibədən sonrakı mərhələ artıq sadəcə Azərbaycanda quruculuq mərhələsi deyil, ümumiyyətlə regionda quruculuq mərhələsidir. Bunu da cənab Prezident də qeyd edir ki, Zəngəzurla bağlı müəyyən addımlar edəcəyik, mütləq edəcəyik. Amma edəcəyik demək, ora ordu yeritmək deyil, amma məcbur edəcəyik. Məcbur etmə də hərbi yolla deyil. İnkişafı birlikdə etməliyik. İnkişaf etməsək, sabah yenə kimsə qarşı tərəfi fərqli niyyətlərə sövq edə bilər, fərqli hədəflərə yönəldə bilər. Qarşı tərəfi məcbur da olsa, başa salmalıyıq ki, gəlin birlikdə inkişaf edək. Gəlin birlikdə iqtisadi rifah mühiti yaradaq. Cənubi Qafqaz münaqişə ocağı olmamalıdır.
–Araz müəllim sizə maraqlı və dəyərli fikirlərinizi bizimlə bölüşdüyünüz üçün təşəkkür edir, fəaliyyətinizdə daima müvəffəqiyyətlər arzulayıram.
– Məndə “Əsrin aydınları” jurnalının rəhbəri Aydın müəllimə, sizə, kollektivinizə təşəkkür edirəm ki, belə gözəl bir işlə məşğul olursunuz. Ümumiyyətlə, cəmiyyətdə aydınların fikrini öyrənmək, yeni nəsillərin aydınlanmasına töhfə vermək çox vacib bir prosesdir. Xüsusən də Şərq cəmiyyətləri üçün daim aktual olan məsələdir. Ona görə bu niyyətiniz üçün sizə təşəkkür edirəm. Sizin bu zəhmətiniz, fəaliyyətiniz, fərqli peşə sahiblərinin fikirlərini öyrənməyiniz, onları cəmiyyətə çatdırmağınız, mütləq hər ixtisas üzrə və ümumiyyətlə, cəmiyyətimizin aydınlanmasına, inkişafına töhfə verəcək. Mən bu istiqamətdə sizə bol uğurlar arzulayıram. İşləriniz uğurlu olsun!
© Əsrin Aydınları jurnalı
Araşdırmaçı Jurnalist: Günel Şəmilzadə
SMM, Fotoqraf: Toğrul Abdullayev