"Əsrin Aydınları" jurnalının dəyərli qonağı Azərbaycan əsilli, tanınmış fotojurnalist, dünyaca məşhur fotoqraf Reza Deqatidir.
-Salam Reza bəy xoş gördük. İIk öncə bu gün bizimlə müsahibəmizdə iştirakınız üçün təşəkkür edirəm və əminəm ki, oxucularımızı maraqlandıran bütün suallara aydınlıq gətirəcəyik. İstərdim ki, ilk şəklinizlə bağlı təəssüratlarınızı bizimlə bölüşəsiniz. İlk şəklinizin hekayəsi necə olub?
- Mənim ilk çəkdiyim şəkil ağac və quşla bağlı idi. Həmin ağacda bir quş oturmuşdu və payız fəsli idi. Mən bu mənzərəni fotoparatla çəkmək istəyirdim. Həmin fotoparat da mənim atamın idi. O zamanlar fotoaparatlar çox qəliz işləyirdi. Mən fotoaparatı götürüb həmin ağaca yaxınlaşdım. Bunu səssiz etməyə çalışırdım ki, quş uçmasın. Lakin fotoaparatı işə salarkən gələn səsdən quş uçdu, yalnız ağacın şəklini lentə ala bildim.
- Reza bəy, heç düşünürdünüzmü dünyaşöhrətli fotoqraf olacaqsınız?
- Sözün düzü, mən gələcəkdə fotoqraf olaram deyə düşünmürdüm. Lakin bu sahəyə marağı o zamanlar nəşr olunmuş bir jurnal sayəsində qazandım. Bu hadisə 59 il əvvəl baş verib, mənim 13 yaşım var idi və biz bu jurnala abunə olmuşduq. Həmin jurnalda böyük elmi məqalə yazılmışdı. Məqalədə deyilirdi ki, bir neçə ay sonra insanlar biri-birlərinə məlumatları məhz şəkillər vasitəsilə ötürəcəklər və texnologiyanın inkişafı yüksək həddə çatacaq. Hətta mən bu məqaləni ilk baxışda anlamamışdım, dəfələrlə oxuduqdan sonra başa düşmüşdüm. Bu məqalədən sonra belə bir nəticəyə gəldim ki, mən bilik və bacarıqlarımı yüksək səviyyədə inkişaf etdirməliyəm və hər şeyi ənənəvi şəkildə deyil, yeni texnologiyalara uyğun şəkildə çatdırmalıyam. Və illər sonra uşaqların inkişafı ilə bağlı "Pərvaz" adlı jurnalı təsis etdim və ilk şəklimi də məhz orada yayımladım. “Pərvaz” jurnalı uşaqların hərtərəfli inkişafı üçün təsis olunmuşdu.
- Müharibələrin ağuşunda olan hadisələri lentə alaraq dünyaya sərgiləyirsiniz. Bu proses sizdə hansı təəssüratlarla yadda qalır?
- 40 ildir ki, fotoaparatımla bütün dünyanı gəzirəm. İşlərimin çoxu isə müharibələrin olduğu Əfqanıstan, Suriya, Livan, İraq kimi ölkələrdə olub. Bilirsiniz, təəssüratlar çox dərin və ağır izlər qoyub məndə. Sərgilərdə insanlar şəkillərə baxarkən çox təsirlənirlər, lakin həmin müharibə şəraitində insanların yaşayışının, keçirdikləri qorxu və həyəcanın canlı şahidi oluram və bu heç vaxt unudulmur. Hətta müharibə xəbərini eşidəndə belə mən yenidən həmin hissləri, həmin hadisələri təsəvvürümdə canlandırıram. Bu çox ağrılıdır. Üzüm gülə bilər, amma içimdə sağalmaz yaralar var.
- Reza bəy, 20 yanvar hadisələri və Xocalı soyqırımı şəhidlərini çəkərək bütün dünyanın diqqətini Azərbaycana yönəldə bildiniz. Bundan sonra Birinci Qarabağ müharibəsi zamanı Şuşa, Cəbrayıl, Zəngilan və digər işğal olunmuş ərazilərdə foto çəkilişlər apardınız. Çətin və məşəqqətli prosesdə qələbəyə ümid bəsləyirdinizmi?
- Mən müharibədə min bir əzab görən məcburi köçkünlərin gözlərində ümidlərinin heç zaman azalmadığını görürdüm. Hətta sizə olmuş bir hadisəni danışmaq istəyirəm. Mən illər uzunu məcburi köçkünləri ziyarət edirdim, onlarla birgə çox zaman keçirirdim. Füzuli sakini deyirdi ki, hər şeyimizi əlimizdən aldılar, amma mən bir şeyi gizlədib özümlə gətirə bildim. Soruşdum ki: “Axı nədir o?” Dedi ki: “Evimin açarı”. Bunu eşidəndə çox təsirlənmişdim. Düşünün, insan hər şeyini itirib, amma hələ də evinin açarı onun üçün ən dəyərlidirsə, deməli, bu adamın torpağına, evinə geri dönəcəyi günə ümidi var və dönəcəyinə əmindir. Mən el obalarından didərgin düşmüş həmvətənlərimizin gözlərindən heç zaman ümüdin itirmədiyini görürdüm. Bilirdim ki, torpaqlarımız mütləq bir gün geri qayıdacaq. Bu mövzu olanda mənə dəfələrlə deyirdilər ki, ümid qalmayıb sən də gözləmə. İkinci Qarabağ müharibəsində 30 illik həsrətdən doyan uşaqlar qələbə qazandı, var gücü ilə savaşdılar.
- Bildiyimiz kimi xarici ölkələrdə 300-dən artıq sərginiz keçirilib. Həmin sərgilər zamanı ermənilər sizə necə münasibət bəsləyirdilər? Hansı maneələri yaradırdılar?
- Bəli, mənim 360-dan çox sərgim keçirilib. Sərgilərdə hər zaman bəşəri mövzular olub. Dünyanın bütün ölkələrindən çəkdiyim şəkillər həmin sərgilərdə yer alıb. Mən 40 ildir ki, informasiya müharibəsindəyəm. Ermənilər informasiya mübadiləsində və təbliğatında həmişə ilk sıralarda olublar, göz boyamağı yaxşı bacarırlar. Fransada olan sərgilərimdə dəfələrlə təhdidlərlə, hücümlarla qarşılaşmışıq. Onlar həmişə mənə maddi və mənəvi ziyan vura biliblər. Hətta yadımdadır ki, bir neçə dəfə sərgilərə hazırlaşan zaman saziş bağlayarkən ermənilərin təhdidlərinə görə qarşı tərəf sərgimizin açılışına son günlərdə razılıq verməyib və sərgimiz təxirə salınıb. Bəzən sərgilərimizdə ermənilər çəkdiyim şəkillərə hücum edib onları yararsız hala salırdılar. Mən həmin şəkilləri heç zaman kənara qoymuram, əksinə, o vəziyyətdə hər kəsə onların etdiklərini, nifrət və aqresiyalarını olduğu kimi göstərirəm.
- Reza bəy sərgilərdən danışmışkən bu fotolar hansı sərginizə aiddir? Bildiyim qədərilə şəkillər Xəzər dənizi ilə bağlıdır, elədirmi?
- Bəli bu gördüyünüz şəkillər "Caspian Dream" ( Xəzərin arzusu) adlı sərgiyə aiddir. Bu sərgi noyabrın 1-də The Landmark Hotel və İş Mərkəzində açılıb. Sərgidə 1997-ci ildə çəkdiyim 7 əhəmiyyətli fotoşəkildən ibarət unikal sənət qurğusu nümayiş etdirilib. 1990-cı illərdən bəri məcburi köçkünlərə kömək etmək üçün tez-tez Bakıya gəlirdim. Bu müddət ərzində mən bütün Xəzəryanı ölkələrinə səfər etdim və 6 ay ərzində fotolar çəkdim. Xəzər dənizinin möhtəşəmliyini çəkərək, neft işçilərinin və sahil sakinlərinin həyatını aydınlaşdırmağa çalışdım. Bu anı dünya ilə bölüşmək istədim, evlərindən çıxarılan insanların Bayıl ərazisində səhər tezdən balıq tutaraq pul qazanmağa çalışdıqları anı əks etdirən fotolarda var. Onlara yaxınlaşıb danışarkən həmişə deyirdim ki, Azərbaycan bir gün güclü ölkə olacaq. Mən onları qələbəyə, Azərbaycan düşməni məğlub edəcək və torpaqlarını işğaldan azad edəcək günə daima ümidləndirirdim.
-44 günlük Vətən müharibəsi zamanı və eləcə də şanlı zəfərimizdən sonra da Qarabağa səfər etdiniz. İllər sonra həmin torpaqlara ayaq basan zaman hansı hissləri keçirdiniz?
- Çox qəribə hisslər idi. Bu tarixi günün gələcəyinə əmin idim. Qarış-qarış gəzdikcə məcburi köçkünlərlə danışdıqlarımız, onların mənə söylədikləri, təsvir etdikləri bütün yerlər, evlər, məhəllələr gözlərimin qarşısında canlandı. Bir anlıq həmin adamların səslərini eşitdim, onlar da bura gəlsələr necə olar düşüncəsi məni rahat buraxmırdı. Tez- tez özümə sual edirdim : “Ay Allah, o adam indi qayıtsa, buranı görsə, necə olar? Dedikləri evlər, məhəllələr hansıdır görəsən? Ya da ki, həmin adamlardan sağ qalanlar varmı, gəlib çata biləcəklərmi torpaqlarına? Kaş sağ olsalar, qayıda bilsələr”.
- 1992-ci ildə və qələbəmizdən sonra Qarabağda Azərbaycan əsgərləri ilə şəkil çəkdirmişdiniz. Bu şəkillər arasındakı fərq sizcə nədir?
- Hər iki şəkildə Azərbaycanın məğrur əsgəri var, hər biri Vətən üçün, millət üçün savaşan qəhrəmanlardır. 1992-ci ildən bəri şanlı ordumuz yetərincə inkişaf edib. Son illərdə Azərbaycan öz gücünü, birliyini bütün dünyaya göstərmiş oldu. Mən bu iki şəkillə onu göstərməyə çalışmışam ki, 30 il ərzində torpaqlarımızı işğaldan azad etmək istəyi heç zaman azalmadı. Və bunun nticəsidir ki, əzəli torpaqlarımız düşməndən geri alındı.
-Siz Laçın ordeni ilə də təltif olunmusunuz. Bununla bağlı sizi təbrik edirəm. Uğurlarınız bol olsun. Azərbaycanın hansı bölgəsinin mənzərələrini daha çox sevirsiniz?
- Azərbaycanın 115 diyarında olmuşam, Həmin 115 diyarda həm dağ, çöl, səhra, həm də çaylar var. Həm dəniz var, həmdə qar var. Heç vaxt fikirləşməmişəm ki, görəsən, dünyanın ən gözəl dağı, çayı haradadır. Çünki təbiət hər zaman bütün gözəlliyini bizə yansıdır və biz bunlara ürəyimizlə baxırıq.
- Qarabağla bağlı gələcək planlarınız nələrdir? Gələcəkdə hər hansı bir sərgilər fikirləşirsinizmi?.
- Qarabağla planlarım çoxdur. Bununla bağlı iki istiqamətdə alışırıq. Birinci istiqamət azad olunmuş torpaqlarımızda çəkilişlər etməkdir. Bu çəkilişlər əsasən dağıdılmış məhv olunmuş ərazilərlə bağlıdır. İkinci istiqamət isə abadlaşdırılmış Qarabağla bağlı çəkilişlərimizdir. Hər iki istiqamətdə dünyaya 30 il ərzində torpaqlarımızın hansı vəziyyətə salındığını göstərmək istəyirəm ki. Düşmənlərin bu torpaqları necə dağıdıb taladıqlarını dünyanın diqqətinə çatdırmaq istəyirəm. Və sonra isə bərpa prosesində insanların qayıdışı, dağıdılmış ərazilərin bərpası yeni həyatın qayıdışını sərgiləyəcəyik. Digər layihəmiz isə meşə və ağacların məhv edilməsi ilə bağlıdır. Bilirsiniz ki, hektarlarla sahələrə ziyan vurulub. Çox istərdim ağacəkmə prosesində bizim də qatqımız olsun.
- Arzularınız arasında şəxsi məktəb açmaq fikri varmı?
-Mənim 40 ildir bir neçə ölkədə mindən çox şagirdim olub. Yəni, bu cür fəaliyyətim olsa da şəxsi məkətbim yoxdur. Bəli, artıq 72 yaşım var və mən istəyərdim ki, Azərbaycanda bir məktəbim olsun. Hələki bu istiqamətdə söhbətlər gedir. Başqa ölkələrdən mənə məktəb açmaqla bağlı təkliflər ediblər, lakin mən burada – Azərbaycanda açılmasını istəmişəm.
- Reza bəy, sizə maraqlı müsahibəniz üçün təşəkkür edir, gələcək fəaliyyətinizdə uğurlar arzu edirik.
- Mən də sizə hər zaman hədəfinizə doğru getməyi arzu edirəm. Hədəfə gedən yollarda həmişə çətinliklər və maneələr olur, onlar sizi heç vaxt dayandırmasın!
© Əsrin Aydınları jurnalı
Araşdırmaçı Jurnalist: Günel Şəmilzadə
SMM, Fotoqraf: Toğrul Abdullayev
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin