“Əsrin aydınları” jurnalının dəyərli qonağı çağdaş ədəbiyyatımızda və ümumən müasir dünya poeziyasında xüsusi yer tutan şair, tərcüməçi, ədəbiyyatşünas və naşir Səlim Babullaoğludur.
- Salam, xoş gördük, Səlim müəllim. Əminəm ki, bu gün çox maraqlı müsahibəmiz olacaq. Sizin fəaliyyətiniz haqqında kifayət qədər məlumatlı olsaq da, çox istərdik ki, “Əsrin aydınları” jurnalının oxucularına özünüzü təqdim edəsiniz.
- Mən 1972-ci ildə Şirvan şəhərində anadan olmuşam. Orta məktəbi də orada bitirmişəm. Ali təhsilimi Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsində (hazırda: Sənəd menecmenti və informasiya) almışam. 1995-2002-ci illərdə məbuatda müxtəlif qəzetlərdə, Azərbaycan Dövlət Televiziyasında çalışmışam. 2003-cü ildən başlayaraq Azərbaycan Yazıçılar Birliyində işləyirəm. Eyni zamanda “Dünya ədəbiyyatı” jurnalının baş redaktoru olmuşam. Hal-hazırda AYB-nin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi, AYB-yə Qəbul Komissiyasının isə sədriyəm. Onlarla şeir kitabım nəşr olunub. Əsərlərim müxtəlif xarici dillərə tərcümə edilib. Kitablarım Ukrayna, Almaniya, Polşa, Macarıstan, İran, Türkiyə, Gürcüstanda nəşr olunub.
- Səlim müəllim, adətən belə deyirlər ki, şairləri, şeir insanlarını ilhamlandıran hər hansı bir fəsil, mühit olur. Bəs sizin üçün belə bir mövsüm varmı?
- Mən soyuq havanı sevdiyim üçün düşünürəm ki, həmin dövrdə mənim fəaliyyətim daha məhsuldar olur. Bəlkə bir az da bu məhz soyuq mövsümdə anadan olmağımla bağlıdır. Ümumiyyətlə, yazı sənəti fəsilə, mövsümə baxmır. Yaradıcı təkan günün hansı saatında, ilin hansı fəslində gəlirsə, həmin an insanı yazmağa sövq edir. Bu zaman da gözəl iş ərsəyə gəlir. Lakin mütaliə, araşdırma, tərcümələr üçün soyuq hava daha əlverişlidir deyə düşünürəm.
- Ədəbiyyatımızda poeziyanın dünəni və bu günü: bu iki aspekt arasında sizcə dəyişən nələrdir?
- Bütövlükdə XX əsrə nəzər salsaq, poeziyamızın 3 aspektdə yazıldığını görmüş olarıq. Birincisi, klassik divan ədbiyyatıdır ki, əruz vəznində yazılıb. İkinci bizim şeirimizin ana xətti sayılan heca şeiridir. Heca şeirindən danışan zaman ilk olaraq Səməd Vurğun yaradıcılığı yada düşür. Görkəmli nümayəndələrindən Bəxtiyar Vahabzadəni, Məmməd Arazı, Zəlimxan Yaqubu da misal göstərmək olar. Süleyman Rüstəm həm əruz, həm də heca şeiri yazıb. Üçüncüsü isə sərbəst şeir hesab olunur ki, onun da banisi Rəsul Rza hesab olunur. Böyük şairlərimizdən olan Mikayıl Müşfiq həm qəzəl, həm də sərbəst şeirlər yazıb. Sərbəst şeir nümayənləri və davamçılardan Fikrət Qoca, Ramiz Rövşən, Vaqif Səmədoğlunu qeyd edə bilərik. Bu üç estetik planda ədəbiyyatımızda bu gün də gözəl əsərlər yazılır. Son 30 ildə ədəbiyyatımızda, o cümlədən poeziyamızda mövzu baxımdan heç bir qadağa yoxdur. Hər kəs azad düşüncə ilə düşündüklərini rahat şəkildə ifadə edə bilir. Lakin bir məqamı unutmaq olmaz ki, azadlıq hər şey olar demək deyildir. Bəzən mövzu və ya ifadə azadlığında ifrata varılır. Hər kəs hər şey haqqında yaza bilməz. Bunun üçün xüsusi hazırlıq və baza olmalıdır. Bütün bunlara baxmayaraq, hesab edirəm ki, bu gün də kifayət qədər böyük şairlərimiz var. Gənclərimiz arasında da istedadlı şair və yazıçılarımız var. Düşünürəm ki, bu gün Azərbaycan ədəbiyyatı öz ənənələrinə sadiq qalaraq yeni nümunələrini yaratmaq istiqamətində çox yaxşı formalaşma dövrü keçir.
- Bu formalaşma dövründə hansı gənc yazıçılarımızın əsərlərini oxuyursunuz?
- Mən demək olar ki, hər kəsin əsərlərini oxumağa çalışıram. Bu arena əslində çox genişdir. Ola bilər ki, kiminsə adını çəkməyi unudaram. Bu yaxınlarda mən Səxavət Sahilin böyük bir şeir silsiləsini oxudum. Həmid Piriyev də gözəl şeir və hekayə ustasıdır. Qismət Rüstəmov, Fərid Hüseynin də yaradıcılığı təqdirəlayiqdir. Onların müasir ədəbiyyatımıza töhfələri danılmazdır. Onlar həm tərcümə yaracılığı, həm də ədəbi maarifləndirmə istiqamətində böyük işlər görürlər. Rəhilə Nazimqızı, Jalə İsmayıl, Sevinc Elsevər, Ülviyyə Heydərova və başqa dəyərli yazıçılarım var ki, onlar da ədəbiyyatımızda bu və ya digər formada öz dəstxətlərini yaratmışlar. Ramil Əhməd hesab edirəm ki, çox gözəl şair, ədəbiyyatşünasdır. Mən Qılman İmanın şeirlərini də çox sevirəm. Bu yaxınlarda Ulucay Akifin də çox maraqlı bir hekayəsini oxudum. Hesab edirəm ki, gənc olmasına baxmayaraq, onun da özünəməxsus yazı üslubu var. Təbii ki, bu siyahını daha da artırmaq olar. Mən sizə son yarım ildə oxuduğum əsərlərin müəlliflərinin adlarını çəkdim.
- Çox şükür ki, qalib ölkənin vətəndaşlarıyıq. Bizə Şanlı Zəfəri yaşadan qəhrəman şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Şanlı Zəfər mövzusunda oxuduğunuz şeir və ya hekayələrdən hansıları xatırlayırsız?
- İlk öncə Vətən uğrunda canını fəda edən bütün qəhrəmanlarımızın ruhu şad olsun. Zəfər mövzusunda əsərlər çoxdur. Zəfər savaşımızdan sonra Fərid Hüseynin tərtibçiliyi ilə Azərbaycan yazıçılarının nəşr olunmuş əsərlərinin böyük siyahısı çap olunmuşdur. Burada müxtəlif illərin nümayəndələri olan ədiblərin əsərləri var idi. Siyahını tam xatırlamasam da bədii dəyəri yüksək olan əsərlərdən qeyd edə bilərəm. Məsələn, İlqar Fəhminin “Balaca kişilər” adlı bir dram əsəri var. Bu əsər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında da səhnələşdirilib. Elşad Baratın şəhidlərlə bağlı yazmış olduğu şeirləri çox maraqlıdır. O, hər bir şəhidə şeir yazmağı da qarşısına vəzifə kimi qoyub. Fərid Hüseynin “Adaşlar” poeması da çox təqdirəlayiqdir. Bizim qazi şairlərimiz də var. Qazi şairimiz Emin Pirinin şeirləri olduqca maraqlıdır. Şanlı qələbəmizdən sonra sanki bütün yazıçı və şairlərimiz bu mövzuda əsərlər ərsəyə gətirməyi qarşılarına bir məqsəd kimi qoydular. Hər kəsin yaradıcılığında bu mövzuya rast gəlmək olar. İnanıram ki, bu istiqamətdə daha monumental əsərlər də yazılacaq. Şahnaz Şahinin Vətən müharibəsindən bəhs edən “Zəfər nəğmələri” kitabı nəşr olunub.
- Günümüzdə kitaba, mütaliəyə maraq hansı səviyyədədir və siz onu necə dəyərləndirirsiniz?
- Bu məsələyə mənim ikili baxışım var. Yeri gəlmişkən, bu yaxınlarda Bakıda 9-cu Beynəlxalq Kitab Sərgisi keçirildi. Həmin sərgidə 140-a yaxın naşirlər iştirak edirdi. Günümüzdə nəşriyyatların sayının çox olması, çap olunan kitabların çeşidi, poliqrafiyası, mövzusunun rəngarəng olması da oxucuların sayının artmasına səbəb olur. Burada əsas məqam bizim nə oxuduğumuzla bağlıdır. Düşünürəm ki, şeir kitabları çox az satılır. Mən hesab edirəm ki, motivasiya tipli ədəbiyyatlar, populyar ensiklopedik dildə yazılmış ədəbiyyatlar daha çox satılır. Bu hal da qaçılmazdır, bütün dünyada belədir. Maraqlı tərəflərdən biri odur ki, bizim yetişən gəncliyimiz yalnız Azərbaycanda nəşr olunan kitabları deyil, ingilis, rus, türk və digər xarici dillərdə nəşr olunan kitabları da oxuyurlar. Buna görə hesab edirəm ki, indi vəziyyət daha yaxşıdır.
- Sizə görə kitabların marketinq sahəsində daha çox işıqlandırılması, daha çox satılmasının təmin edilməsi istiqamətində vəziyyət necədir?
- Təəssüf ki, Azərbaycanda mərkəzləşdirilmiş kitab satışı şəbəkəsi yoxdur. Bu çox məyusedici haldır. Bakıda xeyli kitab mağazaları var. Məsələn, Libraffın kitab şəbəkəsi, Bakı Kitab Mərkəzi, Akademiya Kitab Mərkəzi var. Dünyada belə bir təcrübə var ki, nəşriyyatlar ayrı bir institut hesab olunur. Bundan əlavə böyük yayım şəbəkələri də var ki, onlar nəşriyyatlardan kitabları alaraq kitab satışı mərkəzlərinə paylayırlar. Bu istiqamətdə bizdə, xüsusilə də bölgələrimizdə problemlərimiz var. Hətta elə rayonlarımız var ki, orada heç kitab mağazası da yoxdur. Ümid edirəm ki, bu problem yaxın gələcəkdə aradan qalxacaq.
- İl ərzində Azərbaycanda nəşr olunan kitabların dünyaya çıxış faizi nə qədərdir?
- Bizim yeni ədəbiyyatımızın dünya dillərinə tərcümə işində müəyyən irəliləyişlər var. Lakin bu arzuolunan səviyyədə deyil. Çünki dünyada belə bir təcrübə var ki, hər ölkənin kitab təbliğatı ilə məşğul olan bir qurumu, təşkilatı fəaliyyət göstərir. Məsələn, Polşada Kitab İnstitutu, Türkiyədə Türk ədəbiyyatının Təbliği Agentliyi, Rusiyada Tərcümə İnstitutu buna misal ola bilər. Onlar öz ədəbiyyatlarının tərcümə işlərini maliyyələşdirib, təbliğinə dəsətək olurlar. Bizdə bu işi sistemləşmiş şəkildə həyata keçirən təşkilat yoxdur. Bu təbii ki, maliyyə resursu tələb edir. Heç şübhəsiz ki, bizim ədiblər fərdi qaydada öz əsərlərinin xaricə çıxması istiqamətində müəyyən işlər görürlər. Məsələn, 2021-ci ilin yanvar ayında Ukraynada Azərbaycan yazıçılarının Qarabağ mövzusuna həsr etdikləri roman, povest, hekayələrinin toplandığı “Bayraqdar” antologiyası nəşr olunub. Bu antologiyada 30-a yaxın Azərbaycan yazıçısının əsərləri var idi. Monteneqroda “Qarabağ. Tale hekayələri” toplusu nəşr olunub. Ötən iki il ərzində mənim kitablarım da Macarıstanda, Ukraynada nəşr olunub. Son işlərdən biri də Türkiyədə nəşr olunan məhur “Hece taşları” dərgisinin bir sayında da Azərbaycan yazıçılarının hekayələri dərc olunub.
- Bu problemin aradan qaldırılması üçün hər hansı bir layihə və ya konsepsiya irəli sürülürmü?
- Bununla bağlı təbii ki, müəyyən layihələr işlənilir. İki faktı qeyd edim ki, 2009-cu ilin avqust ayında Mədəniyyət Nazirliyinə Azərbaycan kitabının təbliği ilə bağlı proqram tipli layihə təqdim etmişdim. Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədr kimi 7 il fəaliyyət göstərmişəm. Biz fəaliyyətimizi iki istiqamətdə görürdük: dünya ədəbiyyatı xalqlarının əsərlərinin Azərbaycan dilinə tərcümə edilməsi; yerli ədəbiyyatın dünya dillərinə tərcümə edilməsi. Bu müddət ərzində 250-300 yazıçımızın Azərbaycan ədəbiyyatı nümunələrini rus, ukrayna, ingilis, rumın, türk, polyak, ərəb dillərinə tərcümə etmişik. Bununla da tərcümə işləri məsələsinə təkan vermiş olduq. Lakin düşünürəm ki, bu nəticə qənaətbaxş deyil, bunun üçün maliyyə resursu lazımdır. Oman Krallığının məşhur “Nizva” jurnalı Xurdişbanu Natavanın, Əzizə Cəfərzadənin, Anarın, Damət Salmanoğlunun əsərlərini ilk dəfə ərəb dilində çap etdirib. Həmin dərgidə mənim Azərbaycan ədəbiyyatı və ərəb ədəbiyyatı əlaqələri ilə bağlı məqaləm də dərc edilib. Bu kimi işlərin genişmiqyaslı hal alması üçün yaxşı olar ki, dövlət vəsaiti ayrılsın. Ümumiyyətlə kitab starteji məsələ hesab olunur. Buna görə bu sahəyə də dövlətin diqqət və qayğısı önəmlidir.
- Kitablarınız və əsərləriniz arasında ən uğurlusunu seçmək çətin deyil ki?
- Bu bir az çətin sualdır. Məsələn, bir roman yazdığınız halda, bu bir kitabda bir əsər olur. Şeir kitabında isə yüzlərlə şeirlər olur. Onların içindən birini seçmək çətin olar. Eyni zamanda, mövzu, tematika, konsepsiya baxımından da fərqliliklər olur. 2021-ci ilə xalq artisti, bəstəkar Faiq Sücəddinov ilə birgə “Zəfər” sinfonik poemasını yazdıq. Zəfər savaşı ilə bağlı çəkilən bir filmə şeir yazmışdım. Bunları ayırmaq düşünürəm ki, çətin olar. Oxucular arasında rəy sorğusu aparsaq, hər oxucunun qəlbinə yol tapan şeir başqa olacaq. Bunu bir növ oxucunun ixtiyarına buraxmaq laızmdır.
- Dəyərli Səlim müəllim, xoş söhbətiniz və dəyərli fikirləriniz üçün sizə təşəkkür edir, fəaliyyətinizdə uğurlar arzu edirəm.
- Məndə sizə və sizin rəhbərliyə, əməkdaşlarınıza minnətdarlığımı bildirirəm. “Əsrin aydınları” jurnalının adı çox böyük bir məna ifadə edir. Aydın və ziyalı sözünün məna yükü böyük məsuliyyətdir. Yolunuz aydın, ömrünüz əsr qədər uzun olsun. İnsan ömrünü kitaba bənzədirlər bəzən. Arzu edirəm ki, ömrünüz hər zaman kitabla keçsin. Mən indi də maraqlı, mənə sakitlik gətirən kitabları oxuyan zaman uşaq kimi sevinirəm. 6 yaşından kitab oxumağa başlamışam və 45 ildir bu ənənəyə sadiqəm. Sizə jurnalın adında göstərilən missiyanı uğurla daşımağı arzu edirəm.
© Əsrin Aydınları jurnalı
Araşdırmaçı Jurnalist: Günel Şəmilzadə
SMM, Fotoqraf: Toğrul Abdullayev