"Əsrin aydınları” jurnalının dəyərli qonağı Dünya çempionu, Avropa Oyunlarının qızıl medal mükafatçısı və “Şöhrət” ordenli Rasul Çunayevdir.
- Salam, xoş gördük Rasul müəllim. Bu gün sizinlə həmsöhbət olmaq çox xoşdur. Həmişə olduğu kimi ənənəvi sualı sizə ünvanlamaq istəyirəm. Rasul Çunayev özünü oxucularımıza təqdim edə bilərmi?
- Mən, Çunayev Rasul 1991-ci ildə Balakən rayonunun Qabaqçöl qəsəbəsinin Yeni Şərif kəndində anadan olmuşam. Orta təhsilimi Üzeyir Hacıbəyov adına tam orta məktəbdə almışam. Məktəb illərindən idmanla məşğul olmağa başlamışam. Bu günlərə gəlib çıxmaq üçün çox çalışıb addım-addım irəliləmişəm. Bunun nəticəsində də çox şükür istəyimə nail olmuşam. 37 beynəlxalq yarışa qatılmışam, onların 13-də qızıl medal, 6-da gümüş medal, 12-də isə bürünc medal qazanmışam. Azərbaycan idmanında xidmətlərimə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevin 29 iyun 2015-ci il tarixli Sərəncamına əsasən "Şöhrət" ordeni ilə, 22 avqust 2016-cı il tarixli Sərəncamına əsasən isə "Azərbaycan Prezidentinin fəxri diplomu" ilə təltif edilmişəm.
Bugünkü gündə Dövlət Sərhəd Xidmətinin zabiti, Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) İdmançılar Məsləhətçi Komissiyasının üzvüyəm. Hal-hazırda Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 3-cü ali təhsilimi alıram. Daim öz üzərimdə işləyərək, yeniyetmə və gənc idmançıların yetişməsi istiqamətində əlimdən gələni edirəm. Bunun üçün tədbirlərdə, master-klasslarda davamlı olaraq iştirak edirəm. Onu da qeyd edim ki, bir ildən artıqdır ki, “Rasul Çunayevin məktəbi” adlı güləş zalları fəaliyyətə başlayıb. Bizim yüksək bacarıqlı gənclərimiz var, onlara bu istiqamətdə dəstək göstərmək lazımdır ki, üçrəngli bayrağımızı zirvələrdə dalğalandırsınlar.
- Xatirələr ömrümüzün rəngarəng çalarlarıdı. Hər kəsin yaddaqalan uşaqlıq, gənclik xatirələri olur. Rasul Çunayevin bu xatirəsi hansıdır?
- Mənim yaddaşımda qalan xatirələrim idmanla, yarışlarımla bağlıdır. Yarışların birində 28 kiloqram çəkidə ikinci yerə layiq görülmüşdüm. Həmin yarışda idmançı yoldaşım həm yaşda, həm də çəkidə məndən artıq idi. Çox gərgin keçən yarışda dəfələrlə cəhd etməyimə baxmayaraq uduzmuşdum. Lakin bu yarışda əldə etdiyim ikincilik mənim ilk uğurum və ilk medalım olduğu üçün hər zaman yaddaşımda xüsusi olaraq yer tutur. Həmin gün qalib olmağı qarşıma məqsəd olaraq qoydum. Növbəti yarışlarda artıq birinci yerin qalibi oldum.
- İdman sahəsinə gəlməzdən öncə idmançı olmaq arzunuz var idi, yoxsa bu istək sizdə sonradan yarandı?
- İdmanla məşğul olmağa başlayanda 9 yaşım var idi və idmanın nə olduğunu çox da dərk etmirdim. Nailiyyətlər əldə etdikdən sonra bir növ qələbə qazanmağa alışmış oldum. Bununla da idmana həm həvəsim artdı, eyni zamanda özümə daha çox güvənməyə başladım. Demək olar ki, çıxış etdiyim 95 faiz yarışlarda medal qazanmışam. Artıq ölkədən kənarda təşkil edilən yarışlarda da medal qazanmağa başlamışdım.
- Ölkədən kənarda keçirilən ilk yarışınızı necə xatırlayırsınız? Hansı təəssüratlarla Vətənə dönmüşdünüz?
- Bu çox maraqlı sual oldu, təşəkkür edirəm. Kənd mühitində böyüyən gəncin Respublikadan kənarda təşkil olunan yarışda iştirak etməsi indiki kimi adi bir hal deyildir. İlk yarışım Antalyada oldu. O vaxt televiziya kanallarında Antalyanın reklamı çox edildiyinə görə yarışdan daha çox ora gedəcəyim üçün sevinirdim (Red: gülür). İlk dəfə ölkədən kənarda yarışdığım üçün həyəcanım həddən artıq çox idi. Nəticədə də məğlub oldum. Həmin vaxt beynəlxalq arenaları elə də dərk etmirdim. Bu yarış mənim üçün təcrübə oldu, öz üzərimdə daha da çox işləməyə başladım. Çatışmayan cəhətləri analiz etdim və məqsədli şəkildə yarışlara hazırlaşdım. Bundan sonrakı yarışlarda artıq qələbə qazanmağa başladım.
- Rasul Çunayev məqsəd və hədəflərinə tez çatan insandırmı?
- Demək olar ki, bəli. Hərşey insanın öz əlindədir. Hesab edirəm ki, məqsəd bütün çətinliklərə rəğmən insanı daima motivasiyada saxlayır.
- Bu istiqamətdə sizə ən çox dəstək olanlar kimlərdir?
- Əlbəttə ki, ailəm. Ailəm hər zaman yanımda olub, qərarlarıma hörmətlə yanaşıb və dəstəklərini heç vaxt əsirgəməyiblər.
- Rasul müəllim, ölkəmizi dünyada tanıtmaq necə bir hissdir?
- Bunları sözlə ifadə etmək mümkün deyil. Çünki idman çox çətin və şərəfli bir yoldur. Bununla yanaşı, çətinlikləri də çoxdur: günlərlə məşq etmək, ailədən uzaqda qalmaq, istədiyini yeyə bilməmək, zədələr almaq və s.. Bütün bu çətinliklərin nəticəsi olaraq fəxri kürsüyə qalxıb bayrağımızı dalğalandırdığın an, himnimizi eşitdiyin an qürur hissi yaşayırsan. Düşünürsən ki, bunun üçün bu çətin yolu getməyə dəyər. Qalibiyyətin ilə nə qədər insanın sevincinə səbəb olduğunu görürüsən. Bu eyni zamanda özünə güvən hissini də artırır ki, nəticədə də nailiyyətləri davamlı olaraq qazanmağa çalışırsan.
- Rasul müəllim, sizə görə uğur yoxsa, zəhmət?Uğurlarınızı kimə borclusunuz?
- Uğur qazanmaq üçün zəhmət çəkmək lazımdır. Zəhmət olmazsa, orada heç bir uğuru əldə etmək olmaz. Qazandığım hər bir uğurda ailəmin, ayrı-ayrı insanların zəhməti, əməyi var. İdmana ilk başladığım vaxtlarda mənə ailəm, dayım dəstək olub. Hər yaş həddində komanda məşqçiləri dəyişdiyi üçün bizi yarışlara ayrı-ayrı məşqçilər hazırlayırdılar. Hər bir məşqçinin də bizə böyük dəstəyi olub.
- Qeyd etdiyiniz kimi hazırda idman zallarınız fəaliyyət göstərir. Həmin zallarda gənclərə idmanla bağlı hansı fəaliyyət istiqamətlərində xidmət göstərilir?
- Orada hər yaş həddinə uyğun olaraq fəaliyyət istiqamətləri müəyyən olunur. Məsələn, azyaşlılara daha çox oyun tipli məşqlər təşkil olunur. İdmançılarımız haqqında məlumat verilir. Eyni zamanda onlara psixoloji dəstək də göstərilir. Dünya və Olimpiya çempionlarımızı da zalımıza dəvət edirik. Onlar uşaqlara keçdikləri idman yolu, uğurları haqqında danışırlar.Həmçinin, yarışlar təşkil edib onlara həvəsləndirici diplom və medal, hədiyyələr təqdim edirik. Uşaqların nə qədər həvəsli, sevincli olduğunun şahidi oluruq. Bunu sözlərlə ifadə etmək çətindir.
- Bəzən idman sahəsində olan gənclərimiz qadağan edilmiş dərmanlardan istifadə edirlər. Bu haqda nə deyə bilərsiniz?
- Mən özümdən nümunə gətirə bilərəm ki, heç bir yarışda bu tipli dərmanlardan istifadə etməmişəm. Və heç bir gənc idmançıya da məsləhət görmürəm. Nailiyyət, uğur əldə etmək üçün düzgün qidalanma, davamlı məşq ən gözəl vasitədir. Bu istiqamətdə mütəmadi olaraq maarifləndirmə tədbirləri də keçiririk. İnsanın daxilində güvən hissi olduğu zaman heç bir əlavə vasitəyə ehtiyac qalmır. Həmin dərmanlardan istifadə edən idmançılar özlərini məhv etmiş olurlar. Çünki müəyyən müddət sonra bu onlarda asılılıq halına gəlir. Bu səbəbdən heç bir halda tövsiyə etmirəm.
- Bir idmançının normativlərdə göstərilən formaya gəlməsi üçün nə qədər zaman lazımdır?
- Bunun üçün adətən 3-6 ay kifayət edir. Bunu gənc yaşlarda tənzimləmək daha çətin olur. Çünki o yaşlarda idmançılar daha çılğın olurlar. Lakin artıq təcrübə qazandıqdan sonra hər bir idmançı öz vücudunu tanıdığı üçün ona hansı qidaların və məşqlərin lazım olduğunu bilir.
- Mütaliəyə vaxt ayıra bilirsinizmi? Ən son oxuduğunuz kitab hansı olub?
- Mütaliə etməyi sevirəm. Son oxuduğum kitablardan Napoleon Hillin əsərlərini misal göstərə bilərəm. Psixologiya, biznesin idarə edilməsi, idman siyasəti ilə bağlı olan ədəbiyyatları da oxumağı sevirəm. Mənə faydalı ola biləcək bütün kitabları oxumağa çalışıram. Məşq zamanı, yolda olan zaman daha çox audio kitabları dinləyirəm.
- Rasul müəllim, gənclərə hansı tövsiyələriniz var?
- İlk tövsiyəm odur ki, özlərinə qarşı inam və güvən hissi ilə yanaşsınlar. Yaxşı təhsil alsınlar. Gənc yaşlarından əldə etdikləri bilik, savad onların bu həyatda ayaq üstdə durmaları üçün hər zaman lazım olacaq. Həyatda “kaş ki” sözünü işlətməmək üçün zamanında yaradılan şəraitdən, fürsətdən yararlansınlar.
- Rasul müəllim, dəyərli fikirlərinizi bizimlə bölüşdüyünüz üçün minnətdaram. Maraqlı müsahibəmiz üçün “Əsrin aydınları” jurnalının adından sizə təşəkkür edir, işlərinizdə daima uğurlar arzulayırıq.
- Mən də jurnalın rəhbəri Aydın Tağıyev müəllimə, sizə təşəkkür edirəm. Uğurlu layihənizdə Azərbaycanımızın, xalqımızın ziyalılarını, səmərəli və uğurlu fəaliyyətinə görə seçilən gənclərini, dəyərli insanlarını işıqlandırırsınız, bu çox gözəl təşəbbüsdür. “Əsrin aydınları” jurnalınızın ömrü uzun olsun.
© Əsrin Aydınları jurnalı
Araşdırmaçı Jurnalist: Günel Şəmilzadə
SMM, Fotoqraf: Toğrul Abdullayev