“Əsrin aydınları” jurnalının bugünkü dəyərli qonağı Yeni Azərbaycan Partiyasının üzvü, millət vəkili, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Valeh oğlu Məmmədovdur.
- Ceyhun Məmmədov 1975-ci il yanvarın 28-də Cəbrayıl rayonunun Şükürbəyli kəndində anadan olub. Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsinin Beynəlxalq İslama Dəvət Kollecini və Xəzər Universitetinin Humanitar fənlər fakültəsini bitirmişdir. İlahiyyat üzrə fəlsəfə doktorudur. 2 kitabın müəllifidir.
1998–2001-ci illərdə «İrşad» İslam Araşdırmaları Mərkəzində tərcüməçi-referent işləmiş, 2001–2013-cü illərdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində baş mütəxəssis, bölmə müdiri, şöbə müdiri, 2013–2015-ci illərdə «Avrasiya» MMC-də tərcüməçi, AMEA-nın Şərqşünaslıq İnstitutunda böyük elmi işçi, 2015–2018-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında aparıcı məsləhətçi, böyük məsləhətçi vəzifələrində çalışıb. 2018–2020-ci illərdə Azərbaycan İlahiyyat İnstitutunun rektoru olmuşdur. Yeni Azərbaycan Partiyasının üzvüdür. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin, Elm və təhsil komitəsinin üzvüdür. Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Küveyt, Qətər, Mərakeş, Özbəkistan, Pakistan, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqında Azərbaycan nümayəndə heyəti rəhbərinin müavinidir.
- Hörmətli Ceyhun müəllim, xoş gördük... Əminəm ki, bugünkü müsahibəmiz çox maraqlı və faydalı keçəcək. Jurnalımızın ənənəsi olaraq oxucularımıza özünüz haqqınızda məlumat verməyinizi istərdim.
- Bilirsiniz ki, mən Milli Elmlər Akademiyasında, Prezident Administrasiyasında, Azərbaycan İlahiyyat İnstitutunda uzun illər çalışmışam. 2020-ci ildən parlamentdə təmsil olunuram. Eyni zamanda Milli Məclisin Elm və təhsil, İctimai birliklər və dini qurumlar komitələrənin üzvüyəm. Bu gün də biz həm təhsil, həm də din sahəsində ölkəmizdəki ictimai, siyasi vəziyyətlə bağlı davamlı olaraq öz mövqeyimizi bildiririk.
- Ceyhun müəllim, xatirələr insan həyatını, fəaliyyətini rəngləndirən və eyni zamanda istiqamət verən vasitələrdəndir. Çox istərdim ki, bizlərə unudulmaz xatirələrinizdən danışasınız.
- Mənim uşaqlığım Cəbrayıl rayonunda keçib. Kəndimizlə bağlı xatirələrim mənim üçün çox dəyərlidir. Biz çox sevinirik, çox qürurlanırıq ki, torpaqlarımız işğaldan azad olunub, biz öz dədə, baba torpaqlarımıza qayıdırıq. Bu gün xatırladığım iki Cəbrayıl var. Birincisi işğala qədər olan dövrdür. Bu dövr mənim yaddaşımda çox güclü qalıb. Kənddəki həyatımız, adət-ənənələr, kəndimizin hər qarışı xatirələrimizə həkk olunub. Bizdən asılı olmayaraq bu xatirələri illərdir ki, yaşatmışıq, ümidlə həmin yerlərə yenidən qayıdacağımızı gözləmişik. Torpaqlarımız işğaldan azad olunandan sonra mən öz kəndimizə getdim. Həm çox böyük sevinc, həm də çox böyük sarsıntı keçirdim. Sanki beynimizdə olan o xəyallar, arzular fərqli formada özünü göstərdi. O dərəcə də dağıntılar olacağını gözləmirdik. Təsəvvür edin ki, bir insan öz kəndindəki evini tapa bilmir, ümid edirsən ki, bəlkə təhsil aldığın məktəb qalar, görürsən ki, onu belə dağıdıb, viran qoyublar. Bizim rayon mərkəzində də evimiz var idi. Ümid edirdim ki, kənd dağıdılıbsa, bəlkə həmin evi tapa bilərəm, ancaq o evi də tapa bilmədim. Bu mənzərə istər- istəməz insanın düşüncələrinə çox təsir edir. İkinci dəfə Cəbrayıla gedəndə yenə də uşaqlığımın keçdiyi məhəllələri, oyun meydançalarını axtardım, bütün əraziləri gəzdim, hamısı dağıdılmışdı. Hər yeri tamam fərqli formada gördüm. Bilirsiniz ki, Cəbrayılda eləcə də bütün işğaldan azad olunmuş torpaqlarımızda çox böyük quruculuq işləri gedir, abadlıq işləri aparılır, yeni yaşayış binaları, şəhərciklər, oyun meydançaları, parklar tikilir. Yeni Cəbrayıl da heç də əvvəlkindən geridə qalmayacaq, daha maraqlı, daha inkişaf etmiş rayonlarımızdan birinə çevriləcək. Lakin bizim xatirələrimizdə yaşatdığımız həmin köhnə Cəbrayıl da hər zaman bizim üçün qalacaq. Hesab edirəm ki, həmin bölgədən olan insanlarda bu düşüncələr, təsəvvürlər hələ uzun müddət davam edəcək. Bütün bunların ən böyük təsəllisi odur ki, artıq Qarabağı azad etmişik, bizimdir.
- Ceyhun müəllim, xatirələrinizlə bağlı təəssüratlarınızı o qədər dərin ifadə etdiniz ki, dinləyərkən belə kədərlə sevinci eyni anda yaşadıq, təşəkkür edirəm.
- Gənclik illərinizdə təhsil və inkişafınızda kimlərin rolu böyük olub?
- Uşaqlıqdan qarşıma bir məqsəd qoymuşdum ki, gələcəkdə ya şərqşünas ya da tarixçi olacağam. Əmim də şərqşünas olub. Bir gün atama dedi ki: ”Belə bir imkan var, biz sənin oğlunu Suriyaya oxumağa göndərə bilərik və təhsilini başa vurduqdan sonra din xadimi kimi fəaliyyət göstərə biləcək”. Düşündüm ki, hər halda bu yaxşı fikirdir və valideynlərimin dəstəyi ilə təhsilimi Suriyada davam etdirdim.
- Quranda da yazılır ki, beşikdən məzara qədər öyrənməliyik. Sizcə, indiki gənclərimiz bu yanaşmaya nə dərəcədə riayət edir?
- Əslində Azərbaycan gəncləri çox bacarıqlı və savadlıdırlar. Biz xalq olaraq da cəsur və qəhrəmanıq. Azərbaycan ailələrinin əksəriyyətinin övladlarının təhsil almasına önəm verməsi bugünkü reallıqda çox qürurvericidir. Amma bəzən tərbiyə və əxlaq məsələsinə kifayət qədər diqqət ayıra bilmirik. Bəzən də ailələrin özlərinin səviyyəsi, özlərinin düşüncəsi birmənalı olaraq bu prosesə öz təsirini göstərir. Ona görə də burada həm məktəb, həm də ali təhsil müəssisələrinin rolu böyükdür. Bizim gənclərimizlə çox ünsiyyətdə oluram və onlarda bir çox boşluqları görürəm. Azərbaycanda kifayət qədər zərərli düşüncə və ideologiyaların təsirinə məruz qalmış gənclər var. Bu istər təhsil sahəsində, istərsə də dini cəhətdən özünü göstərir. Bizim gənclərimiz sadəcə düzgün istiqamətləndirilmirlər. Bu da təbii ki, ailədən, təhsil ocaqlarından irəli gəlir. Bizdə elə düşünülür ki, orta və ali təhsil müəsisələri yalnız elm və təhsilə yiyələnmək üçündür. Mənim fikrimcə burada hərtərəfli inkişaf olmalıdır. Buradakı mühit həm tərbiyələndirməli, həm də təhsilləndirməlidir. Əxlaqi, mənəvi və dini dəyərləri aşılamaq üçün xüsusi amil olmalıdır. Din məsələsi çox həsas məsələdir. Radikal dini cərəyanların ağuşundan gənclərimizi geri çəkməkdə kifayət qədər çətinliklər mövcuddur və bu proses müəyyən zaman tələb edir. Bu kimi yanlış istiqamətlərdə maariflənməmək üçün dini bilgilər erkən yaşlardan gənclərimizə aşılanmalıdır. Bəzən valideynlərin özlərinin kifayət qədər məlumata, biliyə malik olmaması bu prosesə öz təsirini göstərir. Ona görə bizim televiziyalarımızda, ali və orta təhsil ocaqlarında ayrı-ayrı istiqamətlərdə din haqqında geniş biliklərin verilməsinə ehtiyac var.
- Yeri gəlmişkən Ceyhun müəllim, bu sahədə hansı layihələr və konsepsiyalar tətbiq edilir?
- 2014-cü ildə Prezident Administrasiyasında işə başlayanda dəfələrlə bu konsepsiyanın üzərində dayanmışam. Yəni, dinə bizim yanaşmamız necə olmalıdır, maarifləndirici tədbirlər üçün hansı vəsaitlərdən istifadə olunmalıdır, maarifləndirmə necə və hansı şərtlərlə aparılmalıdır və s. məsələlərin əks olunduğu bu konsepsiya artıq demək olar ki, hazırdır. Lakin təəssüflər olsun ki, həmin konsepsiya o illərdə öz təsdiqini tapmadı. Amma bu gün də həmin sənəd var və təsdiqi üçün yenidən baxıla və qərar qəbul oluna bilər. Eyni zamanda, hesab edirəm ki, bizim orta məktəblərdə mütləq şəkildə dini biliklər aşılanmalıdır. Bəzən bu yanaşma səhv anlaşılır, təbii ki, dinin dərinliyi ilə öyrədilməsi nəzərdə tutulmur. Bu kifayət qədər çətin prosesdir. Biz bunu pilot layihə olaraq başlaya bilərik. Hətta bunun üçün hazırlanmış xüsusi proqramlar, vəsait və kitablar mövcuddur. Təbii ki, həyat bilgisi fənnini arqument olaraq göstərirlər ki, orada bəzi mövzular var. Lakin bu yetərli deyil. Dini biliklər əsaslı mənbələrdən verilməyəndə gənclərimiz bu biliklərə yanlış yerlərdən yiyələnirlər və səhv istiqamətdə yol alırlar.
- Çıxışlarınızda və eləcə də sosial hesablarınızdan gənclərimizə dəstək olacaq maarifləndirici sitatları paylaşırsınız. Çox zaman isə həmin sitat və məsləhətləriniz məhz təcrübələr əsasında əldə etdiyiniz nəticələrə bağlı olur. Hər insanın həyatında bir dönüş nöqtəsi olur və bu dönüş nöqtəsində sizə yardımçı olan tövsiyələr hansılar olub?
- Yeri gəlmişkən, deyim ki bu tövsiyələrimlə bağlı kitab üzərində işləyirəm. Hər zaman üzərində durduğum məsələ “heç nəyə fikir vermədən yola davam etmək” şüarı olub. Gün ərzində müəyyən situasiyalar olur ki, onların öhdəsindən gəlmək səbir və dözüm tələb edir. Bu tövsiyələrin əsas məqsədi gənclərə düzgün istiqamət vermək, hər hansı çətinlik qarşısında yola davam edə bilmə gücünü aşılamaq, əsla ruhdan düşməmək üçün hər bir işi sonuna qədər davam etməyə sövq etməkdir. Hər birimizin ən çox ehtiyacı olan tövsiyələrdən biri də zəhmətə qatlaşmaq, daha çox çalışmaqdır.
- Uğurlu olmaq, uğur anlayışı sizcə insanın öz əlindədir, yoxsa bu şans məsələsidir?
-Uğurun şansla və ya tale ilə bağlı olması fikri ilə heç də razı deyiləm. Cəmiyyətimizdə insanların çoxu bir işin öhdəsindən gələ bilmədikdə bəxtin, taleyin üzərinə atırlar. Bu doğru deyil. Hesab edirəm ki, uğur böyük zəhmətdir. Siz istənilən uğurlu insanın həyatına baxsanız, onun fəaliyyətini təhlil etsəniz, görəcəksiniz ki, onun arxasında ağır zəhmət dayanır. Bu gün gənclər də nəzərə almalıdırlar ki, uğur qazanmaq üçün, daha çox çalışmaq, öyrənmək lazımdır. Bəzən bizim cəmiyyətdə insanlar uğuru maddi vəsaitə bağlayırlar. Bunlar müəyyən bir məqama qədər sizə dəstək ola bilər, lakin əsas məsələ zəhmətdir. Ona görə düşünürəm ki, müasir dünyamızda uğurlu olmağın əsas qaydası ağır zəhmətdən, əzmdən keçməkdir. Biz daha yaxşı cəmiyyət qurmaq istəyiriksə, o cəmiyyətdə insanların dünyagörüşü, intellektual səviyyəsi yüksək olmalıdır. Amma mən hesab edirəm ki, hər bir insanın formalaşmasında onun oxuduğu, mütaliə etdiyi kitablar çox önəmlidir.
-Ceyhun müəllim, son zamanlar hansı istiqamətdə kitabları oxuyursunuz?
- Mən son vaxtlar əsasən şəxsi inkişafla bağlı kitabları mütaliə edirəm. İnsanlarla münasibətin daha düzgün qurulması, vaxtdan səmərəli istifadə, karyera planlaması, insanın bacarıq və təcrübələrinin necə aktivləşdirilməsi, bədən dili mövzularına daha çox üstünlük verirəm Gənclərimizə tövsiyəm odur ki, özünü, mədəniyyətini, xalqını dərk etmək üçün ilk olaraq öz yazıçılarımızın əsərlərini oxusunlar. Daha sonra digər dillərdə ədəbiyyatlar oxumalı və düzgün təhlil etməlidirlər.
- Ceyhun müəllim, dəyərli fikirlərinizi bizimlə bölüşdüyünüz üçün təşəkkür edirik. Biz gənclərə daima örnəksiniz. Sizə gələcək fəalliyyətinizdə uğurlar arzulayıram.
- Mən də sizə, “Əsrin aydınları” jurnalının rəhbəri Aydın müəllimə, əməkdaşlarınıza minnətdaram. Sizin jurnalın adı mənim diqqətimi çox cəlb etdi. Bir əsr, 100 ilə bərabər ömür və bu 100 il boyu cəmiyyət üçün çalışan aydınlar. Hesab edirəm ki, bu gün Azərbaycan cəmiyyətində aydınların rolunun daha çox olmasına, özünü daha qabarıq göstərməsinə ehtiyac var. Bu məsələ ilə bağlı bəzən şikayətlənirəm ki, bizim ziyalılarımız, alimlərimiz sosial şəbəkələrdə, mediada, gündəmdə daha az görünürlər. Bu mənada daha çox aydınlarımızın olmasını arzulayıram. Hesab edirəm ki, çox uğurlu iş görürsünüz. Bəzən mənim gördüyüm odur ki, bizim gənclərimiz aydınlarımızı, ziyalılarımızı, dərindən tanımır və onlar haqqında məlumatları kifayət qədər olmur. Bu anlamda sizin fəaliyyətiniz çox önəmlidir. Cəmiyyətimizin bu kimi uğurlu layihələrə çox ehtiyacı var. Çıxdığınız bu yol doğrudur və bu yolda sizə bol müvəffəqiyyətlər arzulayıram. İnanıram ki, qarşınızda qoyduğunuz məqsədlərə çatacaqsınız.
© Əsrin Aydınları jurnalı
Araşdırmaçı Jurnalist: Günel Şəmilzadə
SMM, Fotoqraf: Toğrul Abdullayev