“Əsrin aydınları” jurnalının dəyərli qonağı tanınmış telejurnalist, Prezident mükafatçısı, Mədəniyyət telekanalının direktor müavini, gənc alim Bəhruz Niftəliyevdir.
- Bəhruz Niftəliyev ziyalı ailəsində anadan olub. Orta təhsilini Bakı şəhəri, Nəsimi rayonu 35 saylı orta məktəbdə alıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) “Televiziya rejissorluğu” ixtisasını bitirib. Tələbəlik illərində fəal gənc kimi “İlyas Əfəndiyev” adına xüsusi təqaüdə layiq görülüb. Universitetin müvafiq ixtisası üzrə bakalavr və magistatura pillələrini fərqlənmə diplomu ilə bitirib. 2021-ci ildə “Müasir Azərbaycan televiziya efirinin struktur problemləri” mövzusunda yazdığı dissertasiya işini uğurla müdafiə edib. Sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Həmin il Prezident mükafatına layiq görülüb. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü, eyni zamanda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdindəki Müdafiə Şurasının seminar üzvüdür.
- Salam, xoş gördük, Bəhruz müəllim... Xatirələr həyat və fəaliyyətimizin vəhdətində yaranan fraqmentlərdir, xatırlayarkən həm xoşbəxt həm də məyus ola bilirik. Həmin xatirələr bizə yön verir. Həyatınızda ən yaddaqalan xatirələriniz hansılardır, Bəhruz müəllim?
- Əslində bu sual çox geniş cavab istəyir. Çünki xatirələr insanın yaşadıqları anlardır. O anlardır ki, sənin həyatına, yoluna, fəaliyyətinə, bütövlükdə şəxsiyyətinə təsir edən məqamlardan ibarətdir. Onlar sənin yaddaşına yazılır və heç zaman unudulmur. Ən yaddaqalan xatirə deyiləndə mənim uzaq keçmişim-uşaqlıq illərim yadıma düşür. İnsan əslində o çağlarda necə formalaşırsa, növbəti mərhələlərdə də artıq onu içində, qəlbində, ruhunda böyüdür və yetkin bir şəxsiyyət olur. Uşaqlıq illərindən yaddaşımda qalan xatirəm bir az kədərlidir. 1992-ci ilin 8 mayına təsadüf edir bu hadisə. O günü, o anı xatırlamaq qəribə bir kədərlə, qəribə bir hisslərlə müşahidə olunur içimdə. Həmin tarixdə mənim 5 yaşım qeyd olunurdu. Bütün doğmalarım, qohumlarım evimizə yığışmışdı. Və mən o gün tortun üzərindəki şamları söndürə bilmədim. Çünki o şamların yerinə ümidimiz söndü. Elə bir xəbərlə döyüldü ki, qapımız, sanki evimizdə işıqlar söndü. Biz həmin gün Şuşanın işğal edilməsi xəbərini aldıq. O süfrənin, şadyanalığın necə dağıldığını xatırlayıram. Bugünkü günə kimi də unutmamışam. Mənim növbəti yaddaqalan xatirəm yenə də Şuşa ilə bağlıdır. 2021-ci il oktyabrın 2-də işğaldan yeni azad olunmuş Şuşaya ilk səfərim oldu. Həmin o ümidimin, arzularımın heçələndiyi anlar artıq azad Şuşa ilə əvəz olunmuşdu. Mən illərdir yarımçıq qalan ad günümü oktyabrın 2-də anamla, mənə əziz olan insanların sevinci və sevgisilə qeyd etdim. Yəni, xatirə deyilən zaman, ən yaddaqalan anlar deyilən zaman bunlar yadıma düşür. Təbii ki, bu iki hadisə mənə bütövlükdə həyatıma təsir etdi və anladım ki, insanın inandığı hər şey bir gün mütləq öz həllini tapır. Yetər ki, qəlbən, ruhən, təmiz hisslərlə o arzunu istəyəsən. Ən önəmlisi isə “Sən o arzuya, istəyə layiqsənmi?” sualına da səmimi cavab verməyi bacarmalısan.
- Uğur anlayışı sizin üçün nə kəsb edir? Uğur və uğurlu olmağın təməl sütünları sizə görə nələrdir?
- Əsas qazandığın uğura, nailiyyətə layiq olmaqdır. Mən düşünürəm ki, bu yaşıma kimi qazandıqlarım, əldə etdiklərim zəhmətin, inamın və bir az da inadın hesabına baş verib. Xatirələrdən danışan zaman məktəb illərini, universitet həyatını gözdən keçirirəm və anlayıram ki, mən hər zaman televiziyaçı olmaq istəmişəm. Hələ 11-12 yaşlarımda Azərbaycan Televiziyasında “Pəncərə” verilişinin bir neçə buraxılışını aparmışdım. Pəncərədən baxarkən gördüyüm mənzərə necə də gözəl idi. Mən o pəncərədən, o gözəllikdən, o sehrdən ayrıla bilmirdim. Mənim ən böyük arzu və istəklərimdən biri məhz televiziya ilə bağlı tədqiqatlar aparmaq idi. Və bu tədqiqatları elmi müstəviyə çıxarmaq istəyirdim. Mənim unudulmaz xatirələrimdən biri də məhz bu sahəyə həsr etdiyim həyatımın 10 ilidir. Nəhayət, bütün elmi mühazirələrimi, yanaşmalarımı, yeniliklərimi müdafiə edib elmi dərəcəyə layiq oldum. Bu televiziya sahəsində nələrisə ortaya qoymaq əzmi idi. Bu gün təəssüf ki, əksər televiziya kanalları baxılası səviyyədə deyil. Mən bu vəziyyətə çox üzülürəm. Bunlar çox narahatedici hallardır. Ancaq bu gün Mədəniyyət kanalı var ki, Azərbaycanda hər kəs bu kanala rahatlıqla baxa bilir. Mədəniyyət kanalı bir örnəkdir. Bu yanaşmam kanalda əməyi olan biri kimi deyil, sadə bir izləyici kimidir. Mədəniyyət kanalına baxan tamaşaçıların səviyyəsi də fərqlənir.
- Bəhruz müəllim, əmək fəaliyyətinizə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də müxbir kimi başlamısınız. “Mədəniyyət xəbərləri” redaksiyasında redaktor, baş redaktorun müavini vəzifələrində çalışmısınız, hazırda isə Mədəniyyət telekanalının direktor müavinisiniz. Sizə bu sahəni sevdirən, təşviq edən, həvəsləndirən kim olub?
- Əslində insanı gözünü açdığı mühit formalaşdırır. Amma bəzən ailələrdə fərqli övladlar da yetişə bilir. Mənim isə gözümü açıb gördüyüm məğrur, qürurlu valideyinlərim idi. Anam heç nəyin, heç kəsin yox, yalnız yazı masasının qarşısında başını önə əyərdi, yazıb, yaratmaq üçün. Atam isə bir müddət tarix və cografiya müəllimi kimi fəaliyyət göstərib. Rus və erməni dillərini mükəmməl bilir. Uzun illər televiziyanın tərcümə redaksiyasında çalışıb, mətbuat adamı idi. Yəni, mən sözlə böyümüşəm. İstər tərcümə materialları, istər qəzet məqalələri, kitablar olsun, valideynlərimin ilk oxucusu mən idim. Mən anamın imzasının qəzetlərdə parladığı ilk anlardan etibarən, yəni, oxumağı öyrəndiyim ilk vaxtlardan etibarən onun yazılarını oxuyurdum. Bizim ailədə belə bir mühit var idi ki, adətən yazılan yazılar oxunurdu və biz onlara qulaq asırdıq. Qəzetdə çap olunduqda və ya kitab kimi ərsəyə gəldikdən sonra da onun ilk oxucusu mən olurdum. Mən eyni zamanda Məmməd Arazın şeirləri ilə böyümüşəm. O, da bizim nəslimizin xan çinarıdır. Mən o şəcərəyə mənsub olduğum üçün demirəm, Məmməd Araz olduğu zirvədə təkdir. Çünki onun söz oyunlarının, qafiyələrinin, poeziyadakı yeniliklərinin təkrarı yoxdur. Mənim anam deyirdi ki, siz uşaqlıqda daha çox kitablarla oynayırdız. Mən gözümü açıb evdə kitab rəflərini görmüşəm, kitabxana da demək olardı evimizə. Bu gün təəssüf ki, çox az ailədə kitab rəfləri var. Bəzi məqamlarda bizim uşaqlarımızın, gənclərimizin inkişaf etməməsinin səbəbi də evlərdə kitabların olmamasıdır. Mütaliə zamanı kitabı duyub hiss etsən, ona daha çox bağlanacaqsan. Bütün bunların hamısı özünüinkişafdan keçir. İlk olaraq özünü anlayıb dərk etməyə çalışmalısan. Bundan sonra qarşındakı insanı anlamağa cəhd etməlisən. Özünü anlayan, dərk edən, özünün zəif və güclü tərəflərini görən insan özüylə barışmış olur.
- Yeri gəlmişkən, televiziya sahəsində çalışan gənclərimizə bu işin peşəkarı olaraq nə məsləhət verərdiniz?
- Hansı sahədə çalışmalarından asılı olmayaraq peşələrini sevməyi məsləhət görürəm. Televiziya parlaqlığı və cazibəsi ilə çoxunu özünə çəkir. Amma hər adam da burada qala bilmir. Hansısa bir verilişi, filmi ərsəyə gətirə bilmir. Burada artıq peşəkar olmaq üçün çalışmaq lazımdır, sevgi lazımdır. Universitet gənclərə əslində müəyyən bilik və təcrübələri verir. Əsas praktikanı çalışaraq əldə etmək mümkündür. Lakin bu sahədə xüsusi istedad da olmalıdır. Sən o istedadın dərk edib cilalamalısan. Bəzən sən özünü redaktə etməyi də bacarmalısan. Bu yalnız yazıda deyil, həyatda da, danışıqda da bu şəkildədir. Özünə tənqidi mövqedən yanaşmağı bacarmalısan. Özünə inanmalısan, güvənməlisən, ancaq heç zaman özünü bəyənməməlisən.
- Bildiyimə görə məqalə, esse, hekayə və şeirləriniz “Azərbaycan”, “525-ci qəzet”, “Ədalət”, “Kaspi”qəzetlərində, “İrəvan” ədəbi almanaxında, “İşıq”, “Ulduz”, Türkiyənin “Telmih” dərgilərində çap olunub. Onlarla elmi məqaləniz yerli və beynəlxalq jurnallarda işıq üzü görüb. Müxtəlif mövzularda , fərqli yanaşmalarınızla seçilən şeirlər, maraqlı hekayələr yazırsınız. Şair, yazar olaraq hərkəsin ilham mənbəyi olur, bəs Bəhruz müəllimin necə?
- Əslində, şairlik iddiasında heç vaxt olmamışam, amma ətrafdakıların müsbət fikri, yanaşması, xüsusən ziyalıların , söz adamlarının yazdıqlarıma dəyər verəməsi müəyyən mənada bu adı da qəbullanmağıma səbəb oldu. Artıq mən bir kitab üzərində çalışıram. Şairlik gözəl bir hal olsa da, heç kəsə arzulamazdım Çünki bu çox ağrılı bir haldır. Bu ağrı şeirlər yazılan zaman öz təskinliyini tapır və insan az da olsa sakitləşir. Şairlik həm də ona görə gözəl haldır, duyğudur ki, sən kimlərinsə içində tüğyan edən , bəzən boğulan hissləri dilə gətirə bilirsən. Bəzən etiraf da edirlər ki, bu sanki mənim dilimdən yazılan, demək istəyib də deyə bilmədiklərimdir. Bəziləri həmin şeirlərdə öz arzularını, xəyallarını tapır. Tanrı ilə ünsiyyətinin bir məqamı ilə rastlaşır. Gözəl bir hal olsa da, bu insanı bəzən yora da bilir.
- “Şeir” kəlməsini necə tərənnüm edərsiniz, sizə görə nədir şeir?
- Şeir insanın ruhunun səsidir. Qəlbində olan, beynində hərlənən fikirlər süzülərək sanki insanın ruhuna hopur və şeirə çevrilir. Bu təkcə sənin şəxsinlə deyil, insanla, təbiət ilə, hadisə ilə də bağlı ola bilər. Baş verən savaşlar, zəlzələlər, hansısa bir xanımın üzgün baxışı, bəyin çarəsizliyi, hanısa bir ananın ümidsizliyi sənin şeirinə çevrilir. Sən başqasının kədərini, dərdini, sevincini duya bildiyin qədər şairsən.
- Ssenari müəllifi olduğunuz “Qalib davamçı” (Prezident İlham Əliyevin 60 illiyi münasibəti ilə hazırlananan sənədli film) “İşığa aşiq ömür” (Akademik Zərifə Əliyevanın həyat və fəaliyyəti ilə bağlı), “Bir nəslin faciəsi” (Qərbi Azərbaycandan deportasiya edilən həmvətənlərimizin başına gələn faciələr haqqında) “Bir ovuç torpaq” ( İşğaldan azad edilən Füzulinin Qoçəhmədli kəndi və onun qəhrəman sakinləri haqqında), “Salam Şuşa” (Real həyat hekayəsi əsasında ) və digər sənədli-bədii televiziya filmləri maraqla qarşılanıb. 2022-ci il “Şuşa ili” çərçivəsində ərsəyə gətirdiyiniz “Əziz Şuşa” və 2023-cü il “Heydər Əliyev ili” -də yayımlanan “Əsrin xəzinəsi” video çarxlarının müəllifisiniz. Hər bir işin çətinlikləri var. Bəs siz bu uğurlu layihələri ərsəyə gətirərkən hansı çətinliklərlə qarşılaşmısınız?
- Çətinlik bəzən məsuliyyətdən də irəli gəlir. Bu məsuliyyət insanı işin hər anına, hər məqamına ən incə nöqtələrinə qədər diqqət yetirməyə sövq edir. Amma nəticədən narazı qalmıram. Çünki televiziya qaynar bir qazandır. Bəzən çox az bir zamanın olur. Və bu vaxt çərçivəsində sən bu işi ortaya qoymalı olursan. Sən bir növ zamanla yarışırsan. Yarış da əslində xoş bir məqamdır. Sondakı nəticə sənin qalibiyyətini və ya məğlubiyyətini göstərmiş olur. Çəkilən filmlərlə yəqin ki, tanışsınız. Bu filmlər mənə uğur gətirmiş oldu. Bu gün mən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvüyəmsə, çəkilən filmlərə dəyər verilirsə, çox çətin mövzular mənə həvalə olunursa bunlar artıq bir göstəricidir. Mühit də çox önəmlidir. Bəzən həmkarlarım xüsusi təklif gözləyirlər. Ancaq sən özün təşəbbüs göstərməlisən, ideya irəli sürməlisən. Bir jurnalist kimi, televiziyaçı kimi, yazıçı-şair kimi öz mövqeyini ortaya qoymalısan. Sonuncu filmimiz “Vətən aşiqləri” adlanır. Burada biz 44 günlük savaşda döyüşən ata və oğlu, qələmini yerə qoyub silahı götürən şair qardaşımızı, iki oğlunu bir gün ara ilə cəbhəyə yola salan ananı, döyüşən qardaşları, atası qəhrəmancasına şəhidlik zirvəsinə ucalan balaca İlhamı çəkdik. O İlham ki, atası şəhid olandan sonra anasından xahiş edib ki, onun adını atasının adı ilə əvəz etsin. Belə insanları çəkmək bizim mənəvi borcumuz və məqsədimiz olmalıdır. Filmləri çəkərkən maraqlı və çətin məqamlar olur. Ancaq həmin məqamlar sənin peşəkarlığını ortaya qoyur. Bəzən hava şəraiti uyğun olmur, bəzən texnikada problemlər yarana bilir. Bütün bunlara baxmayaraq sən o işi mükəmməl şəkildə ortaya qoya bilirsənsə, demək ki, sən peşəkarsan. Tamaşaçını da nəticə maraqlandırır. Sənin hansı çətinliklə bu işi görməyin əsas deyil. Əsas sənin həmin işi necə ortaya qoymağındır.
- Mədəniyyət kanalında yayımlanan “O” – sosial-psixoloji proqramın müəllifi və aparıcısı və eyni zamanda unudulmaz elm , ədəbiyyat və mədəniyyət xadimlərinin həyat və fəaliyyətini araşdıran “Yadigarlar” verilişində aparıcısınız. Bu illər ərzində ən maraqlı müsahibələrinizdən danışa bilərsinizmi?
- Saysız müsahibələrim və saysız maraqlı insanlar olub. İlk ağlıma gələn iki oğlunu eyni gündə itirən şəhid anasıdır. Oğlu şəhid olduqdan sonra onun arzusunu yerinə yetirmək üçün universitetə daxil olan digər bir ananı da xatırlayıram. Tanınan, bilinən məşhur insanlar var ki, onlar da ürəklərini məhz mənim verilişimdə açıblar. Bəzən olur özləri də bunu etiraf edirlər ki: “Sən bunu necə bacardın?” Əslində, mən də necə bacardığımı bilmirəm. Həmin an suallar gəlir, hansısa mövzuya maraq yaranır, o an nəyəsə münasibət bildirmək istəyirəm, soruşmaq istəyirəm. Televiziyada da, çəkdiyin filmlərdə də, reportajlarda da səmimi olacaqsansa, qələmin həmin səmimiyyəti göstərə biləcəksə, yarada biləcəksə uğur olacaq. Çünki tamaşaçı sünilikdən qaçır. Söhbət sözsüz ki, zövqlü tamaşaçıdan gedir.
- Bəhruz müəllim, maraqlı müsahibəniz üçün sizə təşəkkür edir, fəaliyyətinizdə uğurlar arzulayıram. Gördüyünüz işlərlə, fəaliyyətinizlə hər zaman gənclərə örnəksiniz.
- Mən də ilk növbədə sizə, jurnalın rəhbəri Aydın müəllimə minnətdaram. Jurnalın ad seçimi çox gözəldir. Aydın ziyalı deməkdir. Əsrin ziyalılarını işıqlandırmağınız, gənclərə tanıtmağınız, örnək kimi təqdim etməyiniz çox gözəl bir ideyadır. Çünki gənclər özlərini axtaran zaman bir kumir, yol göstərən mayak axtarırlar. “Əsrin aydınları” jurnalı da bu cür ziyalıları təqdim etməklə əslində mayakı göstərmiş olur onlara. Məni də bu ziyalıların cərgəsində gördüyünüz üçün sizə təşəkkür edirəm. Bu müsahibə mənə çox xoş oldu.
© Əsrin Aydınları jurnalı
Araşdırmaçı Jurnalist: Günel Şəmilzadə
SMM, Fotoqraf: Toğrul Abdullayev