“Əsrin aydınları” jurnalının növbəti dəyərli müsahibi politoloq, media və ictimai kommunikasiyalar üzrə təcrübəli ekspert İlkin Bağırovdur.
- Salam, xoş gördük, İlkin müəllim. Gəlin əvvəlcə özünüzdən başlayaq. Uşaqlığınız, məktəb illəriniz haqqında oxucularımıza məlumat verə bilərsinizmi?
- İlk öncə sizi, “Əsrin aydınları” jurnalının bütün yaradıcı heyətini və oxucularını salamlayıram.
Uşaq ikən oxumağı və yazmağı ilk dəfə mənə anam öyrədib. Deyə bilərəm ki, o, mənim ilk müəllimim olub. Əlifbanın hərflərini isə ilk dəfə “Azərbaycan” adlı ədəb-bədii jurnalın adından öyrənmişəm. Yəni öyrəndiyim ilk hərflər məhz Azərbaycan sözü ilə bağlı olub. Anam mənə kirillə yanaşı ərəb əlifbası ilə də oxumağı öyrədib və məhz onun sayəsində ilk dəfə “Quran” oxumağa başlamışam.
Təhsil daim davam edən prosesdir. Təhsil insana həyat pillələrində qalxmağa, irəliləməyə kömək edir. Orta təhsilə gəlincə, düşünürəm ki, o, çox önəmlidir və insanın sonrakı fəaliyyətinə ciddi təsir edir. Hesab edirəm ki, bu baxımdan mən çox şanslı olmuşam. İlk təhsilimi Lənkəran rayonunun ən böyük kəndi olan Boladidə, 1 saylı tam orta məktəbdə almışam. Bizə orta məktəbdə dərs deyən müəllimlərimizin demək olar ki, hamısı çox savadlı və təcrübəli pedaqoqlar olublar. İndiki həyat dinamikamda və əldə etdiyim uğurlarda onların rolu əvəzsiz, danılmazdır. Hazırda sahib olduqlarıma görə ilk növbədə Allaha, valideynlərimə və əziz müəllimlərimə borcluyam. Təəssüf ki, müəllimlərimizin bəziləri artıq dünyasını dəyişib. Allah onlara rəhmət eləsin. Orta məktəbdə ibtidai sinif müəllimim Rumiyyə xanım Dadaşovanın sayəsində bünövrəmiz çox möhkəm qoyulub. Daha sonrakı illərdə müəllimlərimdən sinif rəhbərim Yusif Rəsulovun, həmçinin Aydın Cavadovun, Yaşar Rzayevin, Zahir Cabbarovun, Şəfiqə Axundovanın, Hüseyn Heydərovun, Zakir Axundovun, Əliməmməd Ağayevin, Həmid Hüseynovun, Qiyas Haşımovun, İlqar İsmayılovun və digərlərinin üzərimdə böyük əməyi olub. Təəssüf ki, onların hamısının adlarını burada qeyd etmək olmur. Lakin dövlət dilimiz olan Azərbaycan dilini bizə yüksək səviyyədə tədris etdiyinə görə Gülağa Paşayevə məxsusi minnətdaram. Onlar ümumən təhsillə yanaşı bizim məntiqi təfəkkürümüzün, dünyagörüşümüzün formalaşmasında da böyük rol oynayıblar. Gələcəkdə təhsilimi humanitar sahə üzrə ixtisas sahibi olmaq istəsəm də, riyaziyyat təmayüllü sinifdə təhsil alır və kimya, biologiya, fizika və həndəsə kimi dəqiq elmlər üzrə fənləri də yaxşı oxuyurdum. Məktəb illərində demək olar ki, bədən tərbiyəsi, rəsm də daxil olmaqla bütün fənlərə maraq göstərmiş, ciddi yanaşmışam. Hətta bəzi idman növləri üzrə yarışlarda, spartakiadalarda yer tutmaq, qalib gəlmək də nəsibimiz olub. Və bu, həyatımın sonrakı mərhələlərində hər zaman karıma gəlib və bəzən buna görə mənə “universal əsgər” də deyiblər. Maraqlı olsa da, jurnalistika fəaliyyətimin ilk mərhələsinə də fərqində olmadan məhz məktəb illərindən başlamışam. Belə ki, mənə sinif nümayəndəsi olmaqla yanaşı divar qəzetinin redaksiya heyətinə rəhbərlik etmək nəsib olub. Rəsmlərimdən ibarət sərgi də təşkil edilməsi planlaşdırılırdı. Lakin sonra, necə deyərlər, ara qarışdı, məzhəb itdi...
Və ən əsası - kitablar... Kitablar demək olar ki, maddi dünyada sahib olduğum ən böyük sərvətimdir. Uşaqlıqdan kitab oxumağı çox sevərdim. Təkcə dərslikləri deyil, uşaq və dünya ədəbiyyyatına aid digər kitabları da acgözlüklə oxuyardım. Bəzən başım kitablara elə qarışırdı ki, yeməyi belə unudardım. Hələ aradabir şeirlər də yazırdım... Biz indikindən fərqli olaraq məktəb illərində xüsusi bayramlar günlərində bir-birimizə daha çox kitablar, açıqcalar hədiyyə edərdik. Təəssüf ki, bu ənənə tarixin yaddaşına qovuşub...
- Təhsilinizin növbəti mərhələləri haqqında nə deyə bilərsiniz?
- Orta məktəbi bitirdikdən sonra təhsilimi Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda (BSİPİ) bakalavriatura, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında isə magistratura və aspirantura səviyyələrində davam etdirdim. Bakalavr təhsilini aldığım 1993-1997-ci illər mənim üçün xüsusilə həm çətin, həm də yaddaqalan olub. Çünki o zaman indiki kimi internet, informasiya, məlumat bolluğu yox idi. Biz dərsdən sonra bütün günümüzü kitabxanalarda keçirirdik. İndiki kimi asan deyildi, ixtisasımız və müvafiq fənlər üzrə ədəbiyyat tapmaq çətin idi. Xarici dillərdə, əsasən də rus və ingilis dillərindəki jurnallarda hansısa məqalə, yazı tapa bilirdiksə, onları dərhal aramızda paylaşırdıq. Bəzi müəllimlərimiz də bu işdə bizə dəstək olurdu. Məsələyə digər tərəfdən yanaşsaq, bəlkə də bu daha yaxşı idi. Bütün bu çətinliklər bizi daha çox çalışmağa - oxumağa, araşdırma aparmağa, təhlillər etməyə sövq edirdi. Deyə bilərəm ki, həm orta, həm də ali təhsil aldığım illərdə hər zaman maksimuma, verilən tapşırıqlarla yanaşı daha çoxuna nail olmağa çalışmışam.
Düşünürəm ki, insanın aldığı təhsil, yiyələndiyi biliklər onun inkişafında böyük rol oynayır. İndi gənclərin bəziləri bizim hərtərəfli olmağımıza qəribə yanaşır, bəziləri isə hətta bunu lazımsız informasiya yüklənməsi hesab edir. Qərbdə isə çox zaman “ixtisaslaşmış bilik sahəsi”nə üstünlük verirlər. Mən hərtərəfli təhsil aldığım və elmin müxtəlif sahələri üzrə biliklərə sahib ola bildiyim üçün özümü xoşbəxt hiss edirəm. Həm orta, həm də ali təhsil aldığım dövrdə ictimai və siyasi baxımdan da fəal olmağa çalışmış, müxtəlif tədbirlərdə iştirak etmişəm.
Bizim ali təhsil aldığımız illər sosial-iqtisadi, ictimai-siyasi baxımdan ölkəmizin çox çətin dövrünə təsadüf edir. Həmin illərdə bəzən çörək belə tapmaq çətin olurdu və ya heç olmurdu. Günümüzün yarısından çoxu mağazaların önündə növbələrdə durmaqda keçirdi. Lakin bütün bunlara baxmayaraq, kitabdan ayrı düşməməyə, daha çox şey öyrənməyə çalışmışıq. Təhsil aldığımız müddətdə hər fürsətdə müzakirə etdiyimiz mövzuların arasında Qarabağ məsələsi, Azərbaycanın siyasi-iqtisadi həyatındakı çətinliklər öncül yeri tuturdu. Hətta bəzi nəzəri bilikləri də o dövrün real hadisələri əsasında modelləşdirməyə, prosesləri təhlil edib proqnozlaşdırmağa çalışırdıq. Geriyə baxanda indi rahat deyə bilərəm ki, təhlil və proqnozlarımızın əksəriyyəti özünü doğruldub.
Tələbə yoldaşlarımın bəziləri ilə indi də görüşəndə həmin xatirələri xoş ovqatla yada salırıq. Yeri gəlmişkən, onlardan bir neçəsi Azərbaycanda dövlət qurumlarında yüksək vəzifələrdə çalışır, bəziləri isə Rusiya, Türkiyə, İngiltərə, Almaniya, Hollandiya, İsveç və s. ölkələrdə yaşayıb müxtəlif sahələrdə fəaliyyət göstərirlər. Onların hər birinin xətri mənim üçün çox əzizdir.
- Hər kəsin həyatında yadda qalan, unutmadığı xatirələr olur. Sizin üçün ən yaddaqalan uşaqlıq xatirəsi hansıdır?
- Yaddaşımdan hələ şikayət etmədiyim üçün unutmadığım uşaqlıq xatirələrim çoxdur. (Gülür - red.) Qəribə səslənsə və təəccüblə qarşılansa da, hətta körpə ikən yaşadığımız ilk evimizdəki əşyaların yerlərini belə xatırlayıram. Uşaqlıqla bağlı həm xoş, həm də acı xatirələrim çoxdur. Valideynlərim, baba və nənələrimlə keçirdiyim vaxtlar ən qiymətli xatirələrimdəndir. Onlardan çox şeylər öyrənmişəm. Onlarla gəzintilərim və birgə etdiklərimiz, mənə öyüd-nəsihətləri, danışdıqları hadisələr, rəvayətlər, dedikləri məsəllər, atalar sözləri indiyədək qulağımdadır. (Köks ötürür – red.)
Xatirələrin hamısını danışıb bir müsahibəyə sığdırmaq mümkün deyil... Məhəlləmizdə oynadığımız oyunlardan tutmuş məktəbdəki hadisələrə, şuluqluqlara kimi yadımdır. (Gülür – red.) Lakin iki məqamı xüsusi bölüşmək istərdim.
1990-cı ilin 19-20 yanvar hadisələrindən sonra mənim SSRİ-yə və kommunist rejiminə münasibətim patoloji nifrət həddinə çatdı. Bu səbəbdən iradəmin əksinə də olsa, o vaxt “komsomol katibi” seçmələrinə baxmayaraq, bir gün, bir saat belə o vəzifədə fəaliyyət göstərmədim. Yeri gəlmişkən, mən məktəbimizin son “komsomol katibi” olmuşam.
İkinci məqam 1992-ci il 26 fevral Xocalı soyqırımından sonra keçirdiyim hisslərlə bağlıdır. Həmin hadisələrdən sonra evdən gizli şəkildə rayon hərbi komissarlığına getmişdim. O vaxt artıq 14 yaşından yuxarı oğlan uşaqlarını hərbi komissarlıqda qeydiyyata alırdılar deyə, yolunu bilirdim. Mənim o cəmi 15 yaşım vardı. 10-cu sinifdə oxuyurdum. Hərbi komissarlıqda dedilər ki, ay uşaq, burda nə gəzirsən? Qarabağa getmək, döyüşmək istədiyimi dedim. Birbaşa qayıtdılar ki, sən Allah, xətanı, bəlanı bizdən uzaq elə. Mən isə əl çəkmədim. Xatırlayıram, qış vaxtı o soyuqda, sızaqda hərbi komissarlığın qapısı axşam bağlanana kimi orada qalıb gözlədim...
Vətənpərvərlik hissi uşaqlıqdan ruhuma hopub. Vaxtilə işlədiyim Milli Məclisdən birbaşa hərbi xidmətə getmiş, zabit kimi də xidmətimdə daha çox fayda verməyə çalışmışam. 44 günlük Vətən müharibəsi başlar-başlamaz, elə ilk gündən əşya çantam qapının ağzında hazır vəziyyətdə qoyulmuşdu... Yəni Vətən eşqi, torpaq, yurd sevgisi təməli uşaqlıq illərimdən canımda, ruhumda kök atıb. Övladlarımın da ilk sözlərindən biri Azərbaycan olub...
- İlkin müəllim, bir az da öz fəaliyyətiniz barədə danışın. Doğrudur, bu haqda müəyyən qədər məlumatlıyıq, amma öz dilinizdən eşitmək istərdik maraqlı olardı...
- Səmimi desəm, “fəaliyyətim” sözünü işlətməyi çox sevmirəm. Lakin bu müsahibə avtobioqrafik xarakterli olduğundan deyə bilərəm ki, ümumən onu 3 yerə bölmək olar - dövlət qulluğu və hərbi xidmət, kütləvi informasiya vasitələri, ictimaiyyətlə əlaqələr. Əmək fəaliyyətimin böyük hissəsi jurnalistika, kütləvi informasiya vasitələri ilə bağlıdır. Jurnalistikada təxminən 20 illik təcrübəm var. Bu sahədə “kapitan” hesab edilməsəm də, hər halda sadə əsgər də olmamışam, hətta “general” ləqəbi verənlər də olub. Hər halda bu haqda keçmiş iş yoldaşlarımdan, rəhbərlərimdən soruşsanız, daha yaxşı olar. (Gülümsəyir – red.) Media sektorunun demək olar ki, bütün qollarında - televiziya, radio, qəzet, jurnal, informasiya agentlikləri və portallarda çalışmışam. Təvəzökarlıqdan uzaq səslənsə də, deyə bilərəm ki, bu sahədə hərtərəfli təcrübəyə sahib bir əlin barmaqları qədər sayılacaq adam varsa, onlardan biri də bəndeyi-həqirinizdir. Ona görə də kütləvi informasiya vasitələri sektorunun incəliklərini, “mətbəxini” heç də pis bilmirəm desəm, yəqin ki, yanılmaram. Bu günə qədər həm çalışdığım, həm də digər media qurumların kollektivləri ilə xoş münasibətim, yaxşı dostluq və tanışlıq əlaqələrim var. Hətta sonrakı dövrdə onlarla fərqli formalarda əməkdaşlığımız da olub, bəzi məsələlərdə bir-birimizə qarşılıqlı dəstək də vermişik.
Son illər isə daha çox müxtəlif qurumların ictimaiyyətlə əlaqələr, ictimai kommunikasiyalar və ya müasir dillə desək, PR(piar) departament və ya bölmələrinə rəhbərlik etmişəm. Ümumilikdə 5 iri şirkətin PR siyasətinə cavabdeh şəxs olmuşam. Harada çalışmışamsa, oranın hər zaman öndə, qabaqda getməsini, daha çox uğur əldə etməsini istəmişəm. Yerindən asılı olmayaraq hər zaman vicdanlı, məsuliyyətli və ədalətli olmağa, ümumi işə töhfə vermək naminə əlimdən gələni və hətta artığını etməyə çalışmış, bunun üçün bütün bilik və bacarıqlarımı əsirgəməmişəm. Türkiyə türklərinin bir yaxşı bir ifadəsi var: “Aldığını haqq etmək”. Düşünmüşəm ki, aldığım maaş, əldə etdiyim qazanc halal və haqqım olmalıdır. Yəni, aldığım məvacibə layiq olmalıyam. Əgər bir insan işində evindən çox vaxt keçirirsə, deməli, iş onun ikinci ailəsidir. Ailənə necə yanaşırsansa, işinə də o şəkildə, düzgün və məsuliyyətlə yanaşmalısan.
- Bir dəfə deyəsən yeni təyinatınızla bağlı yayılan xəbərlərin birində sizi hətta qərbsayağı formada “uğur böcəyi” də adlandırmışdılar...
- Bu ifadə bizdə bir qədər qəribə səslənir, amma bəli, haqqımda belə bir şey də yazılıb. (Gülür – red.) Hər hansı işə, mənsub olduğum quruma, müəssisənin uğur qazanmasına daha çox töhfə verə bildikcə, özümü daha çox xoşbəxt hiss etmişəm. Bu hissi heç nə ilə əvəz və ifadə etmək olmur. Şükürlər olsun ki, həqiqətən də harada çalışmışamsa, demək olar ki, onların hamısında mütləq uğur əldə edilib, irəliləyişə nail olunub. Amma artıq dediyim kimi, bu haqda mənim yox, digərlərinin danışması daha düzgün olar.
- Sizcə uğurun formulu və sirri nədir və ya nədədir?
- Deyə bilərəm ki, uğurun vahid formulu yoxdur. Məsələn, tanınmış ictimai-siyasi xadimlərin, milyarderlərin həyatına baxanda görürük ki, onların hər birinin həyat xətti fərqli, özüməxsusdur. Biri imkanlı ailədə, digəri kasıb ailədə böyüyüb, həyatda yaşadıqları çətinlikləri fərqli olub. Vahid formulu olmasa da, keçdiyim həyat yolum, təhsil və təcrübəm onu deməyə əsas verir ki, uğur qazanmaq üçün daim öyrənmək, yenilənmək və inadkar olmaq lazımdır. Şəxsən özüm Azərbaycanda və bir sıra xarici ölkələrdə jurnalistika, yeni media, PR, marketinq, media menecment, sosial şəbəkələr, natiqlik, oxu sənəti, motivasiya, zamanın planlaşdırılmasına dair konfrans və kurslarda iştirak etmiş, eləcə də biznes, iqtisadiyyat və s. sahələr üzrə seminar və tədbirlərdə iştirakçı olmuş, həmçinin təcrübələr keçmişəm. İndi də öyrənməkdən yorulmur, usanmıram. Eyni zamanda bildiklərimi paylaşmaqdan, öyrətməkdən də çəkinmirəm. Əksinə, bundan daha çox maraqlıyam. Məsələn, indiyədək KİV və jurnalistika, PR, kommunikasiyalar, sosial media, marketinq, informasiya təhlükəsizliyi, motivasiya, gənclər və vətənpərvərlik, siyasi texnologiyalarla bağlı konfrans, seminar və məşğələlərdə məruzəçi kimi fikirlərimi bölüşmüşəm.
Çox sevdiyim bir məsəl var: “Ağıllı adamlar başqalarının səhvlərinə baxıb öyrənir, müdrik adamlar isə öz səhvlərinə”. Mənim kifayət qədər vaxtım və fürsətim olub ki, həm digərlərinin səhvinə baxaraq, həm də öz səhvlərim üzərində öyrənim. Bunun üçün durmadan çalışmaq, tənbəl olmamaq lazımdır. Düzdür, indiki dövrün şəraiti insanları bir az tənbəlliyə sövq edir. Bunun aradan qaldırılması üçün insanın uşaqlıqdan etibarən bağçada, məktəbdə düzgün yönləndirilməsinə ehtiyac var. Təəssüf ki, günümüzdə məktəblərdə bizə oxumağı, yazmağı öyrədirlər, amma düşünməyi, danışmağı, məntiqi və xoşbəxt olmağı yox...
Əzbərçilik və mirzəlik öz yerində, amma uşaqların sərbəst düşünmə və nitq vərdişlərinin formalaşması üçün daha çox əməli addımlar atılmalı, onlara savad və təhsil verməklə yanaşı, xoşbəxt olmağı da öyrətmək lazımdır. Məncə xüsusən sonuncu siniflərdə şagirdlər üçün uğur, karyera və motivasiya üzrə ayrıca dərslər və ya məşğələlər də keçirilsə, yaxşı olar.
- Dediniz ki, kitabları, oxumağı çox sevirsiniz. Mütaliəyə nə qədər zaman ayıra bilirsiniz və sevdiyiniz sitatlar hansılardır?
- Əvvəllər mütaliəyə çox vaxt ayırırdım. İndi təbii ki, nisbətən daha az vaxtım olsa da, mütaliədən qalmıram. Ən çox oxuduğum və hər dəfə də oxuduğumda özüm üçün yeni nələrisə kəşf etdiyim kitab “Qurani-Kərim”dir. Allahın kitabı olan “Quran”ın nazil olan ilk ayələri də bizə oxumağı əmr edir. Yəni Allahın da bizə hər şey öncə buyurduğu şey oxumaqdır. Mən inanclı insanam. Allah bizə oxumağı əmr edirsə, onu etməliyik. Bildiyimə görə, hələ ki, oxumaqdan heç kim zərər, ziyan görməyib. (Gülür-red.)
Bədii, tarixi kitabları, detektiv və macəra janrında olan əsərləri, həmçinin motivasiya, media, biznes, marketinq, din və s. sahələr üzrə kitabları sevirəm və mütəmadi oxuyuram. Sayını dəqiq bilmirəm, saymamışam, ola bilər kitabxanamda ümumən yenili-köhnəli 3-5 min kitabım var. Demək olar ki, Bakıda keçirilən bütün kitab yarmarkaları və sərgilərində hər dəfə 20-30 kitab alıram. Təəssüf ki, hələ hamısını oxuyub bitirə bilməmişəm. Lakin bacardıqca vaxt ayırmağa çalışıram.
Sitatlara gəlincə, “Quran”ın ayələri, eyni zamanda Həzrəti peyğəmbərimizin və imamlarımızın dedikləri onların baş tacıdır. Eyni zamanda atalar sözlərini çox sevirəm. Onlar qərinələrin, yüzillərin, minilliklərin ələyindən, milyonlarla insanın həyat süzgəcindən keçiblər. Məsələn, “Əldən qalan, əlli il qalar”, “Bu günün işini sabaha qoyma”, “Dost dosta tən gərək, tən olmasa, gen gərək”, “Ağac bar əydikcə başını aşağı əyər”, “Dəvə oynayanda qar yağar”, “Allah bilir dəvəyə niyə qanad verməyib”, “Cücəni payızda sayarlar”, “Sirkə nə qədər tünd olsa, öz qabını çatladar” və s.
Klassiklərdən Sədi Şirazinin "Dağdan hey götürüb desən ki, çoxdur, bir də baxarsan ki, dağ özü yoxdur" misraları daim istifadə etdiklərimdəndir. Həmçinin Nizami, Füzuli, Nəsimi, M.Ə.Sabir, S.Ə.Şirvani, Ə.Vahid və s. dahilərimizi oxumaqdan zövq alıram, ələlxüsus, daim aktual olan Sabirin şeirlərindən.
Dünya klassiklərindən Şeksprin “Romeo və Cülyetta”sındakı "Məhəbbət kor olur, gözsüz də özü, istədiyi yerə aparır bizi" misralarını gənc vaxtlarımın sevimlilərindəndir. Ümumiyyətlə, sevdiyim müəlliflər və kitablar çoxdur. Onların içərisində Corc Oruellin “1984” və “Heyvanıstan”, Dostoyevksinin “Cinayət və cəza”, Mixail Bulqakovun “Master və Marqarita” və “İt ürəyi” əsərlərini çox bəyənirəm. Azərbaycan xalq nağılları, “Koroğlu” dastanımız, D.Defonun “Robinzon Kruzo”su, J.Vernin "Kapitan Qrantın uşaqları", R.Kiplinqin “Mauqli”si və s. isə uşaqlıq illərimin sevimliləri olub. Tələbəlik illərində və daha sonra oxuduğum “Kəlilə və Dimnə”, “Qabusnamə”, eləcə də Şekspirin, Hötenin, Dantenin, Cek Londonun, B.Şounun, Remarkın, Covanyollinin, Karneqinin, de Mopassanın, de Veqanın, Taqorun, Feyxtvangerin, Hessenin, O.Henrinin, Rablenin, Tolstoyun, Aytmatovun və onlarla, yüzlərlə digərlərinin sayını itirdiyim əsərlərinin və avtobioqrafik kitabların mənim həyatıma, əmək fəaliyyətimə, işimə böyük təsiri olub.
- Bəs müasir yerli yazıçılardan kimin əsərlərini oxuyursuz?
- Tələbəlikdən bəri müasirimiz Çingiz Abdullayevin detektivlərini birnəfəsə oxumuşam. Son illərdə kitablarını ən çox oxuduğum nisbətən gənc yerli yazıçılardan isə dostumuz Rövşən Abdullaoğlunun adını çəkə bilərəm. Onun istər “Bu şəhərdə kimsə yoxdur”, “Reyslər üzərində uzanmış adam”, “Abaddon” və digər bədii romanları, istərsə də motivasiya-psixologiya xarakterli əsərlərinin demək olar ki, hər bir səhifəsi, hər bir cümləsi bir sitat, bir ibrət mücrüsüdür. Heyf ki, o kitablar əlimə 20-30 il əvvəl düşməyib. Elə olsaydı, yəqin ki, həyatım daha fərqli və daha yaxşı məcrada inkişaf edərdi. Təkcə “Zamanı necə yeməli?”, “Arxadakı körpüləri yanıdırın”, “Hər bir insan hökmdardır”, “Çətin olsa da, həyat davam edir” və s. kitablarının adını çəkmək yetərlidir...
Kitablardan və sevimli sitatlardan çox danışmaq olar. Onlar nəinki bir müsahibəyə, heç bir jurnala belə sığmaz. (Gülür-red.)
- İlkin müəllim, jurnalistikada yetərincə təcrübəniz var. Mediada sizi daha çox İlkin İzzət kimi tanımışıq, hətta bir sıra mükafatlara layiq görülmüsüz. İstərdik ki, buradakı vəziyyət bərədə fikirlərinizi bölüşəsiniz.
- Bu çox geniş mövzudur. Təbii ki, istər Azərbaycan məkanında, istərsə də qlobal media sektorunda hər zaman müsbət və mənfi məqamlar olub, var və olacaq. İllər keçdikcə texnologiyanın inkişafı müəyyən dərəcədə həm jurnalist peşəkarlığına, həm də oxucu tələbatlarına təsir edir. Məsələn, əgər 20-30 il bundan əvvələdək insanlar əsasən qəzet, jurnal oxuyur, TV-yə baxır və radionu dinləyirdilərsə, bu gün həmin informasiya tələbatlarını daha çox xəbər portalları və ya sosial şəbəkələr vasitəsilə ödəyirlər. Ötən əsrə nəzər salsaq, görərik ki, o zaman jurnalist olmaq hər kəsə nəsib olmurdu. Lakin müasir dünya təcrübəsi göstərir ki, günümüzdə müəyyən kurslar keçməklə və ya sadəcə işlədikcə təcrübə qazanaraq da jurnalist olmaq mümkündür. Əsas şərt işə məsuliyyətlə yanaşmaq, sahənin incəliklərini bilmək və tətbiq etməkdir. Məsələn, siz evdə, işdə təhlükəsizlik qaydalarına əməl etməsəniz, mütləq hansısa xoşagəlməz, hətta faciəvi hadisələr baş verə bilər. Hər işin öz qaydaları, şərtləri var. KİV-də də material hazırlanan zaman mütləq şəkildə etik normalar və tərəfsizlik gözlənilməlidir. Jurnalist həmçinin özünü məmur, hakim kimi aparmamalı, pafosa üstünlük verməməli, yeniliklərlə ayaqlaşmalıdır. Təəssüf ki, günümüzdə özünü peşəkar, tanınmış jurnalist hesab edənlərdən bəziləri bundan çox uzaqdırlar. Lakin jurnalistika elə bir sahədir ki, zaman dəyişdikcə hər gün yeni şeylər öyrənib özünü inkişaf etdirməlisən. Jurnalist həm psixoloq olmalı, gözəl ünsiyyət qurmağı bacarmalı, həm operativ, gündəmdən xəbərdar olmalı, eləcə də yazı və təqdimat üsullarına, manşet və başlıqlara xüsusi diqqət və həssaslıqla yanaşılmalıdır.
İndi elə dövrdür ki, istənilən şəxs telefonla hər hansı hadisənin foto və ya videosunu çəkib paylaşa bilər. Bəzən onlar xəbər mənbəyi kimi televiziya və informasiya agentliklərini də qabaqlaya bilərlər. Bu texnologiyanın yaratdığı imkanlardır. Lakin bu o demək deyil ki, onlar jurnalistdir. Bu sadəcə müşahidələrin və ya şəxsi fikirlərin ictimailəşdirilməsidir. Jurnalistin vəzifəsi isə belə informasiyalarla rastlaşdıqda onu mütləq fərqli mənbələrdən dəqiqləşdirib zənginləşdirərək işıqlandırmaq, özünü və təmsil etdiyi qurumu etibarlı və nüfuzlu KİV-ə çevirməkdir.
Əgər bu xəbərdirsə, materialda mütləq məşhur 5 suala cavab verilməli, o cümlədən ilkin mənbə, ekspert rəyi, rəsmi mövqe, səbəb və nəticələr, hadisələrin mümkün gedişatı və s. yer almalıdır. İndi sosial şəbəkələrdə paylaşılan statusların xəbər kimi verilmə halları dəb halına düşüb. Hətta bunu paylaşım sahibindən icazə almadan edirlər. Yüksək vəzifəli rəsmi şəxslərin ümumi statusları istisna olmaqla bir sosial şəbəkə istifadəçisinin öz səhifəsində dostları üçün paylaşdığı məlumatlar, şəxsi fikir və düşüncələri birbaşa xəbər mənbəyi olmamalıdır. Əgər hansısa jurnalist və ya KİV bunu xəbər kimi yaymaq istəyirsə, əvvəla, mütləq həmin statusun müəllifindən icazə almalıdır. Öz başıma gəlib. Bir dəfə 30 il əvvəl baş vermiş hadisəni nümunə göstərərək ibrət götürülməsi üçün paylaşım etmişdim. Lakin həmin status məndən heç bir icazə alınmadan, xəbərdarlıq edilmədən saytda xəbər kimi paylaşılmışdı. Bu da həmin sahədəki dövlət qurumunun çox yaxşı münasibətdə olduğum rəhbərliyi ilə aramızda müəyyən anlaşılmazlığa səbəb olmuşdu. Düzdür, məsələ aydınlaşandan sonra yoluna qoyuldu. Lakin bunun özü də mənim üçün bir ibrət dərsi oldu. O hadisədən bəri hər hansı ictimai-siyasi, iqtisadi-sosial məsələ ilə bağlı şəxsi fikir paylaşanda bunun KİV üçün olmadığını mütləq qeyd edirəm.
Jurnalistlərin bilik və peşəkarlıq səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri də sosial məsələlərlə bağlıdır. Bu sahədə əmək haqlarının elə də yüksək olmaması, sosial vəziyyətlərinin qeyri-qənaətbəxşliyi heç kimə sirr deyil. Ona görə peşəkarların bir qismi məcburən bu sahədən uzaqlaşmalı olur. Bu isə bəzi hallarda qeyri-peşəkarlara meydan açır. Arada bəzi səbəblərə görə bir neçə il jurnalistikadan uzaqlaşmalı olmuşdum. Yenidən jurnalistikaya qayıdanda çox təəccübləndim. Az qala hər şey mənə yad görünürdü. Müsahibə götürən jurnalist respondentə hansı sualı və ya hansı formada verəcəyini, bəzən isə müsahibə götürdüyü şəxsin ad-soyad, vəzifəsini, fəaliyyət sahəsini belə bilmirdi. Lakin bunu hamıya aid etmək olmaz. Çünki bu sahənin elə peşəkarları da var ki, işlərini şərəflə yerinə yetirirlər və bu faktı danmaq olmaz.
- Bu sahənin gələcəyi ilə bağlı nə düşünürsünüz?
- Mən həyatda nikbin insanam və hər bir prosesə müsbət yanaşmağa çalışıram. Ona görə də jurnalistikamızın gələcəyi ilə bağlı hələ də ümidliyəm. Azərbaycanın intellektual insan resursları və iqtisadi potensialı imkan verir ki, dövrün çağırışlarına cavab verə bilən daha ciddi, peşəkar və nüfuzlu KİV-lərimiz formalaşsın. İnanıram ki, belə də olacaq.
Lakin ümumən götürdükdə, bu sahədə aparılan araşdırmaların nəticələrinə görə, texnologiyanın və süni intellektin inkişafı ilə ənənəvi jurnalist peşəsi sıradan çıxacaq, onları informasiya sahəsindəki texniki ixtisas sahibləri əvəzləyəcək. Bu da təbiidir. Əgər son təxminən 150 il ərzində informasiya daşıyıcısı və yayımı vasitələrinin tarixinə nəzər salsaq, bənzər dəyişiklikləri bariz şəkildə görmək olar. Güman ki, bir neçə ildən və ya on ildən sonra bu sahədə vəziyyət bildiyimizdən, gördüyümüzdən çox fərqlənəcək. Bunun hansı müsbət və ya mənfi nəticələr verəcəyini isə dəqiq proqnozlaşdırmaq çətindir.
- Qeyd etdiniz ki, son illər əsasən PR sahəsində fəaliyyət göstərmisiniz. Azərbaycanda PR-ın indiki durumu barədə nə deyə bilərsiniz?
- PR iqtisadi-siyasi baxımdan azad və inkişaf etmiş ölkələrə xas sahədir. Bu baxımdan ölkəmizdə də PR-ın inkişaf mərhələsində olduğunu deyə bilərik. Düzdür, burada da obyektiv və subyektiv xarakterli problemlər, çətinliklər çoxdur. Amma onlar da zaman keçdikcə yoluna düşəcək.
Məsələn, Azərbaycanda ənənəvi olaraq ali məktəblərdə ictimai əlaqələr, ictimai kommunikasiyalar üzrə mütəxəssislər hazırlanmayıb. Dövlət və özəl qurumların bu sahədəki işlərini əsasən jurnalistikadan və ya yaxın sahələrdən gəlmiş şəxslər həyata keçiriblər. Son illər Türkiyə də daxil olmaqla xarici ölkələrdə PR üzrə təhsil alan azərbaycanlıların sayı artıb. Bundan əlavə, artıq ölkəmizdə az sayda da olsa, mütəxəssislərin hazırlanmasına başlanılıb.
Lakin ümumən cəmiyyətdə PR sahəsi bir qədər zəif inkişaf edib, daha çox yedəkdə qalıb. Çoxları hələ də PR deyəndə ya reklam, ya da mətbuat xidmətini nəzərdə tutur. Son zamanlar isə marketinqi də PR-ın gözünə qatıb qarışdırırlar. Qısası, kimin ağlına nə gəlirsə, onu da düşünür və ya edir. Halbuki, marketinq xidmətin, istehsalın və satışın bazarda baş verən proseslərə uyğun qurulmasına, reklam isə əmtəə, yaxud xidmətin satışının artırılmasına xidmət edir. Reklam daha qısamüddətli və pullu fəaliyyəti nəzərdə tutursa, PR davamlı və heç də yalnız pula söykənməyən fəaliyyətə əsaslanıb, imicin formalaşması və nüfuzun artırılması və qorunmasına xidmət edir. Mətbuat xidməti isə PR-ın yalnız tərkib hissələrindən biridir.
Son illərin araşdırmaları göstərir ki, hazırda dünya bazarlarındakı məşhur şirkətlərin, brendlərin dəyərinin 70, hətta 80 faizini onların məhsulları və sahib olduğu maddi resurslar deyil, məhz nüfuzları təşkil edir. Şirkət və ya brendlərin nüfuzdan düşməsi onların səhmlərinin də astronomik sürətlə dəyərdən düşməsinə gətirib çıxarır. Lakin hələ də ölkəmizdə buna diqqət edənlər, anlayanlar azdır. Ən pisi isə odur ki, rəhbər şəxslərin əksəriyyətinin PR haqqında ya ümumiyyətlə anlayışları yoxdur, ya da çox zəifdir. Bəziləri isə bilsə də, “palaza bürün, el ilə sürün” prinsipi ilə hərəkət edir. Ona görə də məncə ölkədə PR sahəsində peşəkar mütəxəssislərin yetişdirilməsi və ya təkmilləşdirilməsi ilə yanaşı, rəhbər şəxslərə də onların PR anlayışlarının inkişafı üçün təlim və ya seminarlar keçirilməlidir.
Bununla yanaşı, hesab edirəm ki, Azərbaycanda çox yaxşı, peşəkar PR-çılar da var və onların sayı ilbəil artır. Əminəm ki, bir müddət sonra, yəni yaxın 5-10 il ərzində bu sahədə nəinki ciddi irəliləyiş olacaq, hətta yaxşı, peşəkar PR-çılara ehtiyac o dərəcədə artacaq ki, onları günün günorta vaxtı çıraqla axtarmağa başlayacaqlar. Bəlkə də çoxlarına bu sözlərim qəribə gələcək, amma hesab edirəm ki, əgər indi qurum rəhbərləri PR bölmələrinə öz dediklərini yeridirlərsə və onlar da məcburən bununla razılaşırsa, bir müddət sonra artıq PR-çılar əsas söz sahibinə çevriləcəklər və rəhbərlər onların sözləri ilə ayaqlaşmalı olacaqlar. (Gülür – red.)
- Bildiyimiz kimi, 24 saatlıq antiterror əməliyyatından sonra ermənilər Qarabağı tərk etməyə başladılar. Halbuki Azərbaycan tərəfi onların təhlükəsizliyinə tam zəmanət vermişdi. İxtisasca bir politoloq, siyasətşünas olaraq necə düşünürsünüz, bundan sonra ermənilərlə azərbaycanlılar birgə və sülh şəraitində yaşaya biləcəklərmi?
- Niyə də yox?! Bilirik ki, Azərbaycanda türk əsilli vətəndaşlarla yanaşı talışlar, ləzgilər, tatlar, udinlər, ruslar, yəhudilər, kürdlər və s. xalqların nümayəndələri də yaşayır. Və bu vaxta kimi onlar arasında milli və etnik zəmində hər hansı ciddi qarşıdurma, toqquşma, münaqişə qeydə alınmayıb.
Bəs ermənilər də yaşaya bilərmi? Bunu onlardan soruşanda adətən “yox” cavabını verirlər. Ermənistanda əhalinin etnik tərkibinə baxsaq, görərik ki, təxminən 99%-i ermənilərdən ibarətdir. Deməli, buradan belə bir nəticəyə gəlmək olar ki, onlar başqa xalqların nümayəndələri ilə birgə yaşaya bilmirlər. Otuz illik münaqişə dövründə də Azərbaycanda ermənilər çox rahat şəkildə yaşayırdı. Hətta 2020-ci il Vətən müharibəsi dövründə Gəncəyə raket atılması və dinc əhaliyə qarşı terror aktları törədilməsi nəticəsində dağılmış evlərdən birində xəsarət alanlar arasında yaşlı bir erməni qadın da var idi. Deməli, bizim heç kimlə problemimiz yoxdur. Cənab Prezident İlham Əliyev də istər müharibədən əvvəl, istər müharibə dövründə və sonrakı çıxışlarında bildirib ki, bizim erməni xalqı ilə heç bi problemimiz yoxdur və biz birlikdə dinc şəraitdə yaşaya bilərik.
Hazırda da Qarabağda müəyyən sayda erməni qalıb. Düşünürəm ki, bir müddət sonra gedənlərin də bir qismi geri qayıdacaq. Bunun bir neçə səbəbi var. Birincisi, Qarabağdan Ermənistana könüllü köçən ermənilər sosial şəraitlərinin orada yaxşılaşacağı ilə bağlı onlara verilən vədlərin heç də tam gerçəkləşməyəcəyini görəcəklər. İkincisi, azərbaycanlıların onları soyqırıma məruz qoyacaqları ilə bağlı aparılan təbliğatın, irəli sürülən iddiaların yalnış olduğunun daha dərindən fərqinə varacaqlar. Üçüncüsü, görəcəklər ki, Qarabağda qalıb yaşayan ermənilərin sosial vəziyyəti əvvəlkindən daha yaxşıdır.
Bütün hallarda artıq bizim Qarabağ adlı bir problemimiz yoxdur və bu çox sevindiricidir. Bunun üçün başda Ali Baş Komandan olmaqla Silahlı Qüvvələrimizə, canlarından keçən şəhidlərimizə, qanlarını fəda edən qazilərimizə hədsiz minnətdarıq. Eyni zamanda diplomatlarımızın və xüsusi xidmət orqanlarının uğurlu və peşəkar fəaliyyətini də dəyərləndirmək lazımdır.
Yeri gəlmişkən, antiterror əməliyyatları zamanı rəsmi Bakının Qarabağdakı erməni əhali ilə necə kommunikasiyalar qurması məsələsinə də xüsusi nəzər yetirmək pis olmazdı.
Əvvəla, Azərbaycan əməliyyatlar zamanı təbliğat xarakterli olsa da, müəyyən kommunikasiyalar qurmağa çalışdı. Məsələn, ermənilərə xitabən erməni və rus dillərində müəyyən materiallar hazırlanıb yayıldı.
İkincisi, xüsusi texniki vasitələrdən istifadə edilməklə birbaşa separatçıların silahı yerə qoymasına, sülh şəraitində birgəyaşayışa dair çağırışlar edildi.
Üçüncüsü, Azərbaycanın təbəəliyini qəbul etmək istəyən şəxslərin reinteqrasiyası üçün rəsmi resurslar, əlaqə vasitələri yaradıldı.
Dördüncüsü, rəsmilərimiz Qarabağın erməni təmsilçiləri ilə Yevlax və Xankəndidə birbaşa görüşlər keçirərək onlarla birbaşa müzakirələr apardılar ki, bunun da nəticəsində qondarma rejim tam ləğv edildi, separatçılar təslim oldu.
Beşincisi, Azərbaycanı tərk edən ermənilərə sərhəddəki qayğı və humanist yanaşmanın nə dərəcədə düzgün addım olduğu sonralar bir daha anlaşıldı.
Altıncısı, Xankəndidə və digər ərazilərimizdə dövlət qurumlarımızın dərhal fəaliyyətə başlaması və ora ermənilərin anlayacağı dildə danışa bilən əməkdaşların cəlb olunması Azərbaycanın məsələyə necə həssas və düşünülmüş şəkildə yanaşdığının göstəricilərindəndir.
Yeddincisi, Qarabağ ərazisində yerli televiziya və radio kanalların yayıma başlaması və eləcə də görülən digər tədbirlər də çox önəmli məsələlərdəndir.
Fikrimcə, bundan sonra da həmin ərazilərdə istər təhlükəsizlik, istər inteqrasiya, istərsə də sosial-iqtisadi inkişaf baxımından azərbaycanlı və erməni əhali arasında kommunikasiyaların düzgün qurulmasından çox şey asılı olacaq. Şübhə etmirəm ki, dövlətimiz bütün lazımi tədbirləri görüb problemlərin öhdəsindən layiqincə gələ biləcək.
- Ümumən dünyada mövcud vəziyyəti necə dəyərləndirirsiniz və yaxın gələcək üçün proqnozunuz nədir?
- Tarix spiralvari təkrarlanır. Lakin Hegelin sözləri ilə desək, tarixin ən böyük ibrət dərsi odur ki, heç kim ondan ibrət dərsi götürmür. Ümid edirəm ki, biz başımıza gələnləri unutmayacaq və bunlardan yaxşı ibrət dərsi alıb gələcək nəsillərə ötürəcəyik ki, onlar daha ehtiyatlı davransınlar.
Ümumiyyətlə, hər 70-100 ildən bir dünya düzəni müəyyən qədər yenilənir, bu da öz növbəsində ərazi və sərhəd dəyişmələrinə, dünyanın siyasi xəritəsinin dəyişməsinə gətirib çıxarır. İndi də dünya növbəti dəyişikliklərə “hamilə”dir. Yaxşı olar ki, bunlar islahatlar, iqtisadi-mədəni layihələr yolu ilə baş versin. Amma görünən odur ki, bu transformasiyaların yalnız bir qismi islahatlar yolu və dinc vasitələrlə olacaq. Digərləri məhz elə qarşıdurmalar, toqquşmalar, silahlı münaqişələr nəticəsində gerçəkləşəcək.
Artıq dünyada dövlətlərin deyil, müəyyən şirkətlərin, koorporasiyaların idarəetmələri dövrünə keçid edilir. Bu proses tədricən gedir. Hadisələrin gedişatını izləyənlər, dərindən analiz edənlər bu daha yaxşı anlayır. Ümumən gələcəklə bağlı deyə bilərəm ki, maraqlar toqquşması artıq ərazi ilə bağlı deyil, yeraltı və yerüstü resurslar, kommunikasiyalar, o cümlədən nəqliyyat və logistika üzərində olacaq. Elmi tədqiqatlar göstərir ki, yer kürəsi indiki elmi-texnoloji vasitələrlə rahat şəkildə 50 milyard insanın rahat yaşaya bilməsi üçün yetərincə maddi resursa malikdir. Deməli, problem hazırda yer kürəsində ərzaq qıtlığı deyil, onun düzgün paylanmamasıdır. Sadə bir misal deyim. Biz gün ərzində nə qədər artıq ərzaq qalıqlarının, marketlərdə nə qədər məhsulların atıldığını, kənd təsərrüfatı sahələrində istehsal olunan məhsulların nə qədərinin bazarlara çıxarılmadan məhvinin şahidi oluruq. Bütün bunların səbəblərindən biri logistikanın düzgün qurulmasıdır. Digər səbəb isə onun düzgün qurulub-qurulmamasına yanaşmaların fərqləndiyi tərəflərin maraqlarının toqquşmasıdır. Əbəs yerə deyilmir ki, siyasət iqtisadiyyatdan ayrı deyil, onlar həmişə “əkiz qardaş” kimidirlər. Siyasi proseslər çox zaman iqtisadiyyatın, iqtisadi maraqların üzərində qurulur. Hansı dövlətlər iqtisadi cəhətdən güclü olacaqlarsa, siyasi baxımdan da məhz onlar diktə edəcəklər.
Düşünürəm ki, BMT deyilən qurum da öz dövrünü yavaş-yavaş başa vurmaq üzrədir. Hazırda BMT-nin Təhlükəsizlik Şurasının beş üzvü var. Dərin araşdırma aparanda görürük ki, ən çox silah satışı edən də məhz həmin dövlətlərdir. Deməli, onlar heç də dünyada təhlükəsizliyin və sülhün yox, silahlı toqquşmalar yaratmaqla daha çox maddi gəlir götürməyin marağındadırlar. Araşdırmalar da göstərir ki, həmin dövlətlərin iqtisadiyyatında hərbi sənaye və silah satışı önəmli yer tutur.
Azərbaycana gəlincə, o, məncə öz strateqliyini əməldə sübut etmiş dövlət başçısının, Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu balanslaşdırılmış siyasəti uğurla davam etdirən layiqli varisin sayəsində irəliyə doğru addımlamaqda davam edəcək. Son illərdə siyasi və hərbi arenada əldə edilən uğurlar bunun əyani göstəricisidir. Bu artıq pafos və ya şişirdilmiş tərif deyil. Cənab İlham Əliyevin peşəkar siyasətçi və idarəçi, səriştəli dövlət başçısı olduğu dünya miqyasında qəbul edilən bir faktdır.
- Yeri gəlmişkən, bildiyimizə görə, sizin Ulu öndərlə də bağlı xatirələriniz var. Onlardan bəzilərini oxucularımızla bölüşə bilərsinizmi?
- Mən 1999-cu ildən Ümummilli liderin qatıldığı tədbirlərdə, brifinqlərdə, məbuat konfranslarında jurnalist kimi iştirak etmişəm. Onun mediaya, jurnalistlərə xüsusi diqqət və qayğısı haqqında çox deyilib, yazılıb. Azərbaycanda mətbuat üzərində senzuranı ləğvindən, ölkədə söz, fikir və özünüifadə azadlığının təmin və müdafiə olunmasınadək fundamental töhfələrdən tutmuş KİV-lərə dövlət dəstəyinə kimi görülmiş işlər məhz onun adı ilə bağlıdır.
Bilirəm ki, özü şəxsən yerli qəzetləri oxuyur, telekanalları izləyirdi. Diqqət və qayğısı ilə yanaşı jurnalistlərə qarşı həm də tələbkar idi, onların daim peşəkar olmasını istəyirdi. Müdrik dövlət başçısı kimi, medianın rolunu gözəl anlayır, müasir, savadlı jurnalistlərin yetişməsində maraqlı idi. O, tez-tez jurnalistlərin sosial vəziyyətləri ilə maraqlanır, hətta aldıqları maaşlarına kimi soruşurdu.
Ulu öndərin "Mən istəyirəm ki, jurnalistlərlə bizim dostluğumuz daimi olsun. Bilin, mən jurnalistləri həmişə sevmişəm", yaxud “Siyasətçilər gələcək siyasəti, jurnalistlər isə gələcək nəsilləri düşünürlər” fikirləri Heydər Əliyevin jurnalistlərə həm inamının, həm də sevgisinin göstəriciləri ola bilər.
Demək olar ki, hər dəfə harasa səfərə gedəndə və qayıdanda mütləq jurnalistlər üçün brifinq keçirərdi. Fenomenal yaddaşa malik olduğundan hər birinin siması və adlarını gözəl xatırlayırdı.
2002-ci ilin yayında Naxçıvanda səfərdə olanda mən də daxil olmaqla bir qrup jurnalistə yaxınlaşıb işlərimizin necə getməsi ilə maraqlandı, dərhal bizə lazım olan dəstəyin verilməsini tapşırdı, sonra da bizə Batabatda xüsusi süfrə açdırdı. Elə məhz həmin səfər zamanı məndən yaşımı soruşaraq hərdən qəribə suallar verdiyimi dedi. Mən də təkmilləşməyə çalışdığımızı söylədim.
Pafossuz deyə bilərəm ki, Ulu öndər böyük, dahi şəxsiyyət, dünya miqyaslı siyasətçi idi. Onun hətta adicə duruşu, yerişi, danışıq tərzi, mimikaları belə bizim üçün bir nümunə idi. Mən fəxr edirəm ki, peşəkar fəaliyyətim dövründə Heydər Əliyev kimi dahi insanla şəxsən ünsiyyətdə olmuş, ondan nələrisə öyrənmək imkanı əldə etmişəm.
- İlkin müəllim, vaxtınızı ayırıb maraqlı xatirələrinizi, dəyərli fikirlərinizi bizimlə və “Əsrin aydınları” jurnalının oxucuları ilə bölüşdüyünüz üçün sizə təşəkkür edir, gələcək fəaliyyətinizdə uğurlarınızın davamını arzulayırıq!
- Mən də “Əsrin aydınları”nın kollektivinə böyük uğurlar, çoxminli oxucularının olmasını və onların artan sevgisini arzulayıram.
Ümumən isə arzu edirəm ki, Azərbaycanın həqiqi aydınları, ziyalıları çox olsun. Aydınlarımız çoxaldıqca dövlət də, cəmiyyət də aydınlanacaq. Aydınlanmaq üçün isə yaşından asılı olmadan daim oxumaq, inkişaf etmək, təhsilin səviyyəsini artırmaq lazımdır.
İnsan müvəqqəti varlıqdır. Lakin o, əməl və niyyətləri ilə əbədiyaşar da ola bilir. Bizdən əvvəl olanlara diqqət edək. Əməlləri və gələcək nəsillərə verdiyi töhfələri ilə hələ də yaşayanlar var. Arzu edirəm ki, insanlarımız ruhu və qəlbi ilə bu maddi dünyadan daha böyük varlıq ola bilsinlər.
Bir daha sizə, həmçinin əziyyət çəkib müsahibəmizi sonadək oxuyan hər kəsə təşəkkürümü bildirirəm!
© Əsrin Aydınları jurnalı
Araşdırmaçı Jurnalist: Günel Şəmilzadə
SMM, Fotoqraf: Toğrul Abdullayev
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin