«Əsrin aydınları» jurnalının dəyərli qonağı Azərbaycan musiqisini uzun illər boyu böyük məharət və ustalıqla dünyada təmsil edən ustad tarzən, Azərbaycanın xalq artisti, Xalq Çalğı Alətləri ansamblının bədii rəhbəri, Prezident mükafatçısı, Azərbaycan Respublikasının Prezidentinin fərdi Təqaüdçüsü, Azərbaycan Milli Konservatoriyasının muğam kafedrasının professoru Möhlət Müslümovdur.
— Salam, xoş gördük, Möhlət müəllim. Sizi jurnalımızın qonağı qismində görməyə çox şadam. Əminəm ki, bu gün sizin dəyərli fikirləriniz və xatirələriniz bizə və eləcə də oxucularımıza çox maraqlı olacaq. Həyat insana bəxş edilən keşməkeşli yollardan və rəngarəng palitralardan ibarətdir. Möhlət müəllimin uşaqlığı, gəncliyi və bu günü… İstərdim ki, musiqiyə olan sevginizdən, bu illərdəki xatirələrinizdən başlayaq.
— Məndə sizi və oxucularımızı salamlayıram. Hamınıza müvəffəqiyyətlər arzu edirəm. Bizdə ailəmizin heç bir üzvü musiqiçi olmayıb. Lakin buna baxmarayaq musiqiyə çox böyük həvəsləri olub. Bunun nəticəsidir ki, mən də məhz xalq mahnılarının təsiri ilə dil açmışam. Hətta valideynlərim deyirdilər ki, evdə taxta parçasını əlimə alaraq xalq mahnılarını çalmağa cəhd etmişəm. Musiqiyə körpə yaşlarımdan olan marağımı görən valideynlərim mənə ilk olaraq ritm aləti olan nağara aldılar. Nağarada çox böyük həvəslə ifa edirdim. Hər bir ifaçının içində, qəlbində ritmika olmalıdır. Ümumiyyətlə, ritmsiz həyat yoxdur. Daha sonra illər ötdü və tar alətinə vurğun olduğumun fərqinə vardım. 10 yaşında musiqi məktəbinə başladım. Musiqi təhsilimi 5 il musiqi məktəbində oxuduqdan sonra 4 il Asəf Zeynallı adına musiqi məktəbində, 5 il isə Milli Konservatoriyada davam etdirdim. Daha sonra hərbi xidmətə yollandım. Hərbi xidmətdən qayıtdıqdan sonra musiqidən ayrı qaldığım müddəti bərpa etmək mənə çətin gəlsə də, bunun öhdəsindən gəldim. Gün ərzində 8 saat məşq edirdim. Bəzən yuxusuz qaldığım üçün anam məni yatmağa göndərsə də, axtardığım notları yuxumda tapıb, oyanıb yenidən tarda ifa edərdim. Mən hətta musiqi məktəbində oxuduğum zamanlarda müəllimin öyrətmədiyi musiqiləri belə ifa etməyə çalışırdım. Bu da bir çox müəllimlərin marağına, diqqətinə səbəb olurdu. Bütün bunlar sənətdə mənim öz yolumu tapmağımda böyük rol oynayıb. 22 yaşım olan zaman Asəf Zeynallı adına musiqi məktəbində müəllim kimi fəaliyyətə başladım. Bəzi tələbələrim hətta yaşca məndən böyük idilər. Daha sonra bir il Səid Rüstəmov adına orkestrda işlədim. 1988-ci ildə Milli Konservatoriyada muğam sinfi açıldı. Ora ilk tar müəllimi kimi məhz məni işə götürdülər. Dövlət televiziyasının Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri anamblının rəhbəri təyin edildim. Mən rəhbər kimi fəaliyyətə başladığım zaman ilk olaraq ansamblın qocaman üzvlərini yenidən işə dəvət etdim və onlarla birlikdə çiyin-çiyinə çalışdıq. Eyni zamanda bu müddət ərzində mən onlardan bir xeyli təcrübə də əldə etmiş oldum. Paralel olaraq ansambla daha gənc 15-16 yaşlı musiqiçiləri də dəvət etdim.
— Möhlət müəllim, yeni başladığınız illərdə əməkdar artist və ya xalq artisti olmağı hədəfləmişdinizmi?
— Mən sənətə gələn zaman qarşıma əməkdar artist və ya xalq artisti olmaq kimi məqsədlər qoymamışdım. Bütün fikrimi, diqqətimi, gücümü işimə yönəldirdim həmişə. Bu yolda əziyyətlərim də çox olub. Düşünürəm, Allah hər zaman əziyyət, zəhmət çəkən bəndələrini mükafatlandırır. Hər zaman xalqımın sevgisini, dövlətimin diqqətini hiss etmişəm. Fəaliyyətlərimin nəticəsi olaraq Ulu Öndərimiz cənab Heydər Əliyev 2000-ci ildə məni əməkdar artist adına, cənab Prezidentimiz İlham Əliyev 2005-ci ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adına layiq gördü. 2006-cı ildən Prezident mükafatçısı, 2009-cu ildən Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdçüsüyəm. Bütün bunlara görə xalqıma, sevənlərimə, tarıma borcluyam. Xalq sənətkarı sevməsə heç bir uğuru əldə etmək olmaz.
— İlk səhnənizi və ifanızı necə xatırlayırsınız?
— İlk səhnəmə 13 yaşımda Gürcüstanda çıxmışam. Xarici səfərə getdiyim üçün sevincim ikiqat idi. Daha sonra Bakıda, rayonlarımızda səhnəyə çıxmağa başladım. Elə bir rayonumuz yox idi ki, mən orada ifa etməyim. Uşaq olan zaman heç ağlıma da gətirməzdim ki, yer kürəsini dəfələrlə dövr edəcəyəm. 50-dən artıq xarici dövlətlərdə konsertlərdə iştirak etmişəm. Dəfələrlə səfərdə olduğum ölkələr də bu siyahıya daxildir. İlk diski çıxan musiqiçilərdən olmuşam. Həmin diskim Fransada hazırlanmışdı. Xarici səfərlərimin birində 1995-ci ildə diski səsləndirmək üçün lazım olan aparatı aldım. Öz diskimi də məhz həmin ildə dinləmiş oldum. Xarici səfərlərim zamanı disklərimi də hazırlayırdım. Hətta bir çox dövlətlərin radiolarının qızıl fondunda da mənim muğamlarım var.
— Bir çox karifeylərlə çalışmısınız. Onlardan öyrəndiklərinizi bizlərlə bölüşə bilərsinizmi?
— Bəli, mən karifey sənətkarlarımızla çox çalışmışam. Onlardan dünyasını dəyişənlər də var, Allah onlara rəhmət eləsin. Tar ifaçılığı sənətində Qurban Pirimov, Əhmədxan Bakıxanov, Bəhram Mansurov, Həbib Bayramov, Hacı Məmmədov, Əhsən Dadaşov, Əliağa Quliyev, Məmmədağa Muradov, həmçinin başqa böyük sənətkarlarımız olub. Mən onlardan çox şey öyrənmişəm. Şövkət Ələkbərova, Tükəzban İsmayılova, Sara Qədimova, Hacıbaba Hüseynov, Əbülfət Əliyev, Yaqub Məmmədov, İldırım Həsənov, Səxavət Məmmədov kimi böyük xanəndələri müşayiət etmişəm. Bir gün Əbülfət Əliyev onun görüşünə getməyim üçün mənə xəbər göndərmişdi. Həmin vaxt mənim 21 yaşım var idi. Böyük sənətkarın yanında ifa edəcəyim üçün həyəcandan 5 gecə yata bilməmişdim. Mənim onlardan öyrəndiyim ən qiymətli dərs səmiyyət olub. «Əsl sənətkar necə olmalıdır?» sualının cavabını da onların yanında tapmışam. Vətəni sevməyi də məhz onlar mənə aşılayıb.
— Sizə görə əsl tarzən, əsl sənətkar olmaq üçün nələri gözə almaq lazımdır?
— Əsl sənətkar kimi yetişmək üçün 20-25 il zaman lazımdır. Əzablı, əziyyətli, yuxusuz gecələr də lazımdır. Yalnız tarzənlər deyil, bütün musiqi alətlərində ifa edən musiqiçilər gecə-gündüz çalışmalıdırlar. Bu zaman sənətdə müəyyən nailiyyətlər əldə etmək mümkündür.
— Zamanın tələbi ilə bir çox xalq musiqiləri, bəstələr yenilənir və sintez olunur. Bəzən tarla bağlı musiqiləri də sintez edirlər. Bu sintezlərə necə yanaşırsınız?
— Mən yeniliyi sevən biriyəm. Vaxtikən mən də tara yeni barmaqlar, yeni nəfəs gətirmişəm. Ancaq hər şeyin də öz yeri var. Fikrimi bir misalla izah etməyə çalışacağam. Bir evin içinə qapıdan daxil olan zaman orada olan otaqların birində yemək yeyirik, birində televizor izləyirik, birində yatırıq, lakin evdən çıxdığımız zaman yenidən qapıya yaxınlaşırıq. Çünki çıxış yolu birdir. Bəzən elə yeniliklər olunur ki, qapı olduğu halda pəncərədən çıxırlar. Yeniliklər edilən zaman ən xırda nüanslara belə diqqət yetirilməlidir. Yenilik etmək gözəldir, ancaq dediyim kimi qədərində. Ola bilər ki, bir musiqiçinin barmaqlarında başqa bir ritm var və o muğama yeni bir nəfəs gətirə bilər. Bunu yenilik hesab edə bilərəm.
— Möhlət müəllim, tarı əvəz edəcək və ya oxşar alət varmı?
— Mən tara müqəddəs alət kimi yanaşıram. Dünyada bu cür ecazkar, möcüzəvi musiqi aləti yoxdur. Hətta xarici səfərlərimizdə tarın nədən hazırlanması onlar üçün maraqlı gəlirdi. Tarın hazırlanmasında tut, armud, qoz ağaclarından, inək ürəyinin pərdəsindən istifadə olunub. Bu musiqi alətinin oxşarları var, lakin eynisi yoxdur.
— Azərbaycan musiqi zəngin, bəstələri isə əvəzsizdir. Sizin ən çox sevdiyiniz bəstə hansıdır?
— Muğamı bilib yazan bəstəkarları sevirəm. Cahangir Cahangirov, Tofiq Quliyev, Fikrət Əmirov, Qara Qarayev o bəstəkarlardan idilər ki, muğamı da dərindən bilirdilər. Adını sadaladığım bəstəkarların bir çox əsərləri var ki bəstə olsa da, xalq musiqilərinə bənzəyir. Hər musiqiçi də xalqın dilində yazmağı bacarmır. Azərbaycan xalqı çox istedadlı xalqdır. Bu yalnız Vətənimizdə yaşayan, yaradan insanlara aid deyil. Dünyanın hər yerində yaşayan azərbaycanlılar xüsusi bacarığa, istedada malikdirlər. Bəzən həvəskar musiqiçilər elə əsərlər yazırlar ki, insan yaxşı mənada təəccübünü gizlədə bilmir. Bəzən də elə musiqilər ərsəyə gəlir ki, adam onları heç dinləmək də istəmir. Çünki yazılan bəzi musiqilərin nə başlanğıcı olur, nə sonu. Bu cür musiqiləri mən qəbul edə bilmirəm.
— Dərs dediyiniz tələbələr arasında ən çox yadınızda kimlər qalıb? Hazırda onlar sənətlərini davam etdirirlərmi?
— Təvazökarlıqdan uzaq olsa da, mənim sinfimdə oxuyan tələbələr məni sevərək, istəyərək gəlirlər dərsə. Ərizə ilə müraciət edərək Möhlət Müslümovun sinfində oxumaq istədiklərini bildirirlər. Mən bütün tələbələrimə öz övladım kimi yanaşıram. Onları bir-birindən ayırmıram. Bu günə qədər mən böyük bir «tar çalanlar ordusu» yetişdirmişəm. Bilavasitə dərs demədiyim musiqiçilər də var ki, onlar mənim çaldığım musiqiləri özlərinə örnək götürərək, məni özlərinə ustad hesab edirlər. Elçin Həşimov, Ələkbər Ələkbərov, Rövşən Qurbanov, Rüstəm Müslümov kimi tarzənlər yetişdirmişəm.
— Tar və muğam. Bunları bir birindən ayırmaq olarmı?
— Mən tələbə olduğum zamanlarda tarda dünya bəstəkarlarının əsərlərini ifa edirdim. Həmin ifaların bir baxımdan mənə köməyi də olub. İllər öncə avanqard musiqilər ilə orkestrda çıxışlar etdim. Daha sonralar sırf muğama keçid etdim. Mən xarici səfərlərimdə, Şopenin vətənində Şopendən çalırdım. Konsertlərin birində Şopenlə yanaşı, Motzartın da əsərlərini çaldım. Daha sonra Varşavada səfərdə olan zaman konsertdə Vasif Adıgözəlovun «Qərənfil» əsərini ifa etdim. Həmin konsertdə Vasif müəllim özü məni müşayiət edirdi. Qərənfildə bir parça da muğam ifa etdim. Konsertdən sonra xarici nümayəndələr yaxınlaşaraq tərcüməçilərin vasitəsilə məndən muğam olan hissənin notlarını istədilər. Onlara 7 əsas muğamımız haqqında məlumat verdik. Məhz ifa etdiyim muğama görə Varşavada mənim solo konsertimi təşkil etdilər. O zaman mənim 24 yaşım var idi. Bu hadisə sanki məni yuxudan oyatmış oldu. Dünyada muğamımıza olan marağı və sevgini görmüş oldum. Bununla da muğama bir daha möhkəm bağlarla bağlandım. O zaman Konservatoriyada muğam dərsləri keçirilmədiyi üçün yalnız not əsərlərini ifa edirdik. Sonda da texniki imtahanlar verirdik. Səid Rüstəmov şəxsən özü qəbul zamanı məndən imtahan götürüb.
— Möhlət müəllim, bu illər ərzində tar kolleksiyanız olubmu?
— İnandırım sizi ki, bu günə qədər hərtərəfli razı olduğum tarım olmayıb. Məni incitdiklərinə görə bəzən tarlarımdan küsmüşəm də. Atamdan yadigar qalan tarım var idi. Bir xatirəmi sizinlə bölüşüm: «Konsertlərin birinə atamı da özümlə aparmışdım. Tamaşaçılar arasında məni dinləyirdi. Konsert bitdikdən sonra mənə yaxınlaşıb bildirdi ki, hər kəs sənin nə qədər gözəl ifa etdiyindən danışır. Ancaq həm də deyirlər ki, bu cür ifaçının bir sədəfli tarı yoxdur». Mən o zaman atama dedim ki, mən sədəfli tarı «ağılsız gözəl qıza» bənzədirəm. Mən saya tarda istədiyimi alıram. Baxmayaraq ki, çaldığım tarı atam özü 14-15 yaşım olan zaman mənə almışdı, israrla təkid etdi ki, onu sədəfli tar edək. O zaman sədəf hər yerdə tapılmırdı. Həmin tarın sədəfli tara çevrilməsi üçün bir maşının xərci qədər vəsait getdi. Lakin istədiyim səsi ala bilmədiyim üçün könlümcə olmadı. Evdə eksponat kimi saxlayırdım onu. Hollandiyaya səfərim zamanı türk musiqiçisi həmin tarı məndən bir maşın qarşılığında almaq istədiyini bildirdi. Təbii ki, mən buna razı olmadım. 3-4 il bundan öncə Heydər Əliyev Mərkəzində dünya musiqi alətlərindən ibarət bir muzey yaradıldı. Orada Azərbaycan musiqi alətlərindən ibarət də xüsusi bir bölmə var. Bu bölmədə dünyasını dəyişən sənətkarlarımızın alətləri nümayiş olunur. Bir gün mənə zəng edib bildirdilər ki, yaşayan sənətkarlarımızın da alətlərini bu bölmədə eksponat kimi saxlamaq istəyirik. 5 tarımdan birini, həmin sədəfli tarı muzeyə hədiyyə etdim. Hazırda həmin tar xüsusi şüşənin içində muzeydə mühafizə olunur. Tarın altında da məlumatlar qeyd edilib.
— Möhlət müəllim, tarın xüsusi qulluğu, baxımı varmı?
— Əslində, tar insandan da hissiyyatlıdır. Məsələn, iki saat sonra havanın necə olacağını mən bilməsəm də, tar onu hiss edir. Tar çox hissiyyatlı alətdir. Tarı ən gözəl Ağdam ərazisində ifa edirdim. Uzun müddət kökdən düşmürdü. Ancaq Bakıda, bir çox rayonlarımızda tar məni çox incidirdi. Sanki insan kimi öncədən hiss edirdi havanı. Mən tarıma özümdən də artıq qulluq etmişəm.
— Bu incəlikləri duymaq üçün düşünürəm tarla çox məşğul olmaq lazımdır. Bu istiqamətdə tar ifa edən gənclərimizə nə kimi məsləhətlər verərdiniz?
— Mənim fikrimcə tarı ifa etmək üçün hər şeydən əvvəl sözün həqiqi mənasında əsl azərbaycanlı olmalısan. Bəzən tələbələrimdən eləsi olub ki, dəfələrlə öyrətməyimə baxmayaraq yenə də səhvlərə yol verib ifa zamanı. Sonra öyrənmişəm ki, əslində ana və ya ata başqa millətin nümayəndəsidir. Muğamdakı yanğını dərindən hiss etmək lazımıdr. Bunu yalnız o ağrı-acını yaşayan duya bilər. Xeyrədin Qocanın yubileyində onun vurğunu olduğu bir segah çaldım. Musiqi sədaları altında onun ağladığını gördüm. Bu mənə daha çox ilham verməyə başladı. Evə gələndən sonra Xeyrəddin müəllim zəng etdi ki, Zəlimxan Yaqub səni axtarır. Zəlimxan Yaqubla əlaqə saxladım, dedi ki: “ İfa etdiyin segaha bir şeir yazmışam. Hələlik bu şeiri qəbul elə, yubileyinə poema yazacağam». Zəlimxan müəllim bu ifaların necə yarandığını soruşdu məndən. Bildirdim ki, yalnız ağrı-acını yaşayan xalq, millət bu cür musiqilər yarada bilər. I Qarabağ müharibəsində günahsız, köməksiz insanların amansızlıqla qətlə yetirilməsinin, evlərindən didərgin düşmələrinin şahidi olmuş xalqıq biz. Məhz buna görə deyirəm ki, gözəl tarzən olmaq üçün əsl azərbaycanlı olmaq lazımdır. Kimliyin olmalıdır. Torpağa bağlılığın olmalıdır.
— Qalib Vətənin qalib vətəndaşlarıyıq. Böyükdən kiçiyə hamı Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək həmrəyliyin, vətənə olan sevginin, torpaq uğrunda mübarizənin, nə olduğunu dünyaya bir daha sübut etdi. 44 günlük Zəfər savaşı bütün sahələrə yeni nəfəs və həvəs gətirdi. Biri birindən gözəl şeirlər, marşlar, bəstələr yazıldı. Möhlət müəllim, bəs sizin daha çox ifa etdiyiniz musiqilər hansılar oldu?
— Müharibənin ilk günlərində artıq özlüyümdə düşünürdüm ki, bundan sonra musiqiyə, tara yaxın durmaram. Bütün günü xəbər portallarından son məlumatları izləyirdim. Ali Baş Komandanın şanlı qələbəmizi elan etdiyi gün səhərə kimi mən dayanmadan tarda ifa etmişəm. Həmin an sanki dünyanı mənə vermişdilər. Bundan sonra da Allahın izni ilə yeni musiqilər yazacağam. Hər dəfə işğaldan azad olunmuş torpaqlara qədəm qoyan zaman sanki özümü sehirli bir yuxuda hiss edirəm. Sonra həqiqətin fərqinə varıram. Bu şanlı qələbəni bizə yaşadan şəhidlərimizə, qazilərimizə həmişə borcluyuq. Allah Ali Baş Komandanımızı qorusun. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Qələbəmiz, zəfərimiz əbədi olsun!
— Dəyərli ustadımız, gənclərimizə hansı tövsiyələriniz var?
— Gənclərimizə tövsiyəm odur ki, milli mənəvi dəyərlərimizi hər zaman qorusunlar, bütün dünya musiqilərini dinləsələr də, hər zaman üstünlüyü öz musiqilərimizə versinlər. Bu ənənəni hər böyüyən nəslə ötürmək lazımdır. Mənim nəvələrim ifa etdiyim musiqilərin sədası altında yuxuya gedirdilər. Övladlarımıza hər zaman milli musiqi sevgisini aşılasınlar. Xalq musiqisini, muğamı dinləyən uşaqların, körpələrin tərbiyəsi də, əxlaqı da gözəl olar. Bu musiqiləri dinləyən heç zaman pis insan olmur. Çox zaman dinlədiyi musiqi insanın daxili aləmindən, tərbiyəsindən, səviyyəsindən xəbər verir.
— Bəli, Möhlət müəllim, milli-mənəvi dəyərlərimiz hər zaman ali dərəcədə, üst pillədə olmalıdır. Onları daim bizdən öncəki nəsillərə təbliğ etməliyik. Dəyərli Möhlət müəllim, maraqlı müsahibəniz üçün sizə minnətdaram. Sizə möhkəm can sağlığı və fəaliyyətinizdə daima uğurlar arzulayıram. Milli mənəvi köklərə dayanmış musiqimizin dünya hüdudlarında tanınmasında və bu yolda öz peşəkar dəst xətti ilə seçilən, Vətəninə, xalqına bağlı olan hörmətli Xalq artisti Müslüm müəllim, sizinlə fəxr edirik.
-Mən də sizə və jurnalınızın rəhbəri Aydın müəllimə təşəkkür edirəm. Jurnalın bütün kollektivinə uğur diləyirəm. Arzu edirəm ki, fəaliyyətiniz zamanı əsl aydınları işıqlandırasınız. Məni də jurnalın müsahibləri arasında gördüyünüz üçün sizə təşəkkür edirəm. Xalqımıza isə arzum budur ki, bir daha müharibə görməsinlər, evlərindən hər zaman xoş musiqi sədaları gəlsin.
© Əsrin Aydınları jurnalı
Araşdırmaçı Jurnalist: Günel Şəmilzadə
SMM, Fotoqraf: Toğrul Abdullayev