«Əsrin aydınları» jurnalının dəyərli qonağı «EMEDİA GROUP» media təşkilatının rəhbəri, uğurlu layihələrin gənc və istedadlı müəllifi Elşən Əliyevdir.
— Salam, xoş gördük, Elşən müəllim. Sizi «Əsrin aydınları» jurnalının qonağı qismində görməkdən çox şadıq. Jurnalımızın ənənəvi sualı ilə müsahibəmizə başlamaq istərdim. Elşən müəllim özünü oxucularımıza necə təqdim edərdi?
— İlk öncə sizi və jurnalınızın oxucularını salamlayıram. Mən Elşən Əliyev «EMEDİA GROUP» media təşkilatının rəhbəriyəm. Gürcüstanda anadan olmuşam. 1989-cu ildən Azərbaycanda yaşayıram. Ali təhsilimi Azərbaycan Texniki Universitetində almışam.
— Bəs necə oldu ki təşkilatçılığı seçdiniz və Emedia qrupu yarandı?
-Günel xanım, mənim ixtisasımla fəaliyyətim ayrı-ayrı sahələrdir. Əslində valideynlərimin istəyi ilə Texniki Universitetə daxil olmuşdum. Mənim həmişə bədii yaradıcılığa marağım olub. Nə vaxtsa yenidən təhsil almaq istəsəm rejissorluğu seçərdim. Bu sahədə aldığım yeni biliklər işimin inkişafında böyük rol oynayardı. Bir təşkilatda sədr müavini olaraq fəalliyət göstərirdim. Bu mənim üçün öz bilik və bacarıqlarımı ortaya qoymaqda yaxşı fürsət oldu. Artıq özümü böyük yaradıcı işlərdə görmək istədim. Əlbəttə hər bir təşkilatın öz qayda qanunları, hər insanın fərqli baxış bucağı var. İnsan var gördüyü layihələrdə yaradıcılığa üstünlük verir, insan var yığcamlığa üstünlük verir. Bu baxımdan mən sanki qəfəsdə idim. Bu səbəblərdən artıq oradan çıxmaq qərarı aldım və öz təşkilatımı qurdum.
— Şirkətiniz və təşkilatınız hansı layihələr üzərində çalışır, fəaliyyət istiqamətiniz nələrdən ibarətdir?
— Bizim illik proqramlarımız var. O illik proqrama Xocalı soyqırımı, Aprel döyüşləri, İkinci Vətən müharibəsi, 8 noyabr Zəfər tarixi, Zəfər anı və s. daxildir. Məqsədimiz tariximizi unutdurmamaqdır. «Əkinçi» milli mükafatının təsis edilməsi də media təşkilatı olaraq bizim ideyamız idi. Azərbaycanda rəsmi olaraq 2-ci media təşkilatı olmadığına görə «Əkinçi» adını rahatlıqla əldə etdik. 1 iyun uşaqlar günü ilə əlaqədar layihəmizdə bizim illik proqramımızdadır. Sadəcə bizim buna yanaşmamız daha fərqli olmuşdur. 1 iyunla bağlı layihəmiz «Şiddət arzuların sonudur» adlanır. Biz bu məsələyə sosial yönümlü yanaşaraq, həmin günə daha real mövqelərdən çıxış etdik. Bəlkə də kimlərəsə xoş olmadı bu mövzuya açıq yanaşmamız, lakin bu incəliklər və reallıqlar kölgədə qalmamalıdır. Bugünlərdə valideyn-uşaq bağı itib. Bugün uşaqları valideynlərdən çox yaş hədlərinə uyğun olmayan sosial şəbəkələr və oradakı video çarxlar idarə edir. Cəmiyyətə birləşən sosial şəbəkələr, sosial şəbəkələrdə dəbdə olan mövzular bu gün uşaqları valideyndən alır. Bunun da, uşaqların bu vəziyyətə gəlib çıxma səbəblərinin günahkarı da valideynlərdir. Uşaqlar cəmiyyətimizin özəydir. Əksər hallarda uşaqların düzgün formalaşmamasında valideynlərin də səhvləri olur. Valideynlər uşaqları nəzarətsiz qoyaraq bu kimi halların baş verməsinə bir növ səbəb olmuş olurlar. Uşağı məktəbə göndərməklə öhdəliklərin bitmədiyinin fərqinə varılmalı, onların təhsilinə, tərbiyəsinə, əxlaqına, davranışlarına ciddi nəzarət edilməlidir. Biz yuxarıda qeyd etdiyim layihədə məhz bu kimi problemləri qabartdıq. Hətta tədbir media üçün nəzərdə tutulmuşdu. Sahəsi üzrə məhşur və tanınmış simaları dəvət edərək, onların dilindən biz şüarlarla çağırış etdik. Uşaqların da sosial şəbəkələri izlədiyini nəzərə alaraq, düşünürəm ki, bu çox gözəl ideya və addım idi.
— Zəfər tarixinə həsr olunmuş tədbir də bizim xüsusi layihələrimizdəndir. Bu tarix bizim ən son yazılan tariximizdir. Tarix boyu bundan böyük, unudulmaz qələbəmiz, zəfərimiz olmamışdı. Məhz buna görə də bu şanlı qələbəmiz bütün dünyaya səs saldı. Bu layihəmizin açılışına hər zaman həssas yanaşırıq. Hər il müəyyən sayda qazilərimizi cənab Prezidentimizin «Dəmir yumruq» şüarı ilə təltif edirik. Yəni, «Dəmir yumruq» milli mükafatı da bizim təşkilatımıza məxsusdur. Respublikamızla yanaşı, təşkilatımızın ölkə xaricində də həyata keçirdiyi layihələri var. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən «Xocalıya ədalət!» beynəlxalq kompaniyası çərçivəsində «Xocalı» layihəsi də 6 ölkə üzrə məhz bizim təşkilatımız tərəfindən təşkil olunub.
— Hamının yaddaşında qalan xoş xatirələr var. İstəyir uşaqlıqda istəyir gənclikdə, bəs sizin üçün ən yadda qalan xatirələr hansılardır? Yəni elə bir xatirə ki, siz onu heç vaxt unutmursunuz və onu xatırlayanda təbəssüm ilə xatırlayırsınız.
— Məktəbdə oxuduğum illərdə valideynlərim hər zaman təhsilimlə bağlı mənə ciddi nəzarət edirdilər. Çox istəyirdilər ki, davamlı olaraq yaxşı qiymətlər alım və həmişə dərsə hazırlıqlı olum. Onu deyim ki, mən də oxuyan uşaq olmuşam. Amma xəttim səliqəsiz idi, yazı yazanda sözləri çox qaralayardım (Gülür-red.). Bu səbəbdən valideynlərim həmişə məni danlayırdı. Bugünkü uğurlarımın əsas səbəbkarları məhz valideynlərimdir. Onların dəstəyi və ciddi nəzarəti fəaliyyətim zamanı əldə etdiyim nailliyyətlərin əsas səbəblərindəndir. Əvvəllər kompüterlə iş məsələsinə heç kim təhsil yönümlü baxmırdı. Kompüter deyiləndə hamının ağlına ilk olaraq oyunlar gəlirdi. Kompüter sahəsindəki bilikləri gizlicə öz hesabıma əldə etmişəm. Universitetdə oxuduğum zaman aldığım təqaüddən yığaraq gizli-gizli kompüter kursuna getmişəm. Hətta elə bir dərəcəyə gəlib çıxdım ki, artıq bahalı proqramları da öyrənməyə cəhd etdim. Lakin bir müddətdən sonra mənim büdcəm buna imkan vermədi. Müəllim kimi işləməyim üçün təhsil aldığım kursdan mənə təklif də gəlmişdi. Bu xəbər məni çox sevindirmişdi. Orada mən müəllim kimi işləməyə başladım. Müəllim kimi fəaliyyət göstərərək qazancımı digər proqramların öyrənilməsinə xərclədim və bu gün də həmin biliklər işimdə mənə çox böyük kömək olur.
— Elşən müəllim, sizin üçün uğur anlayışı nə deməkdir?
— Uğura gedən yol insanın özündən asılıdır. Həyatda uğura gedən yolla yanaşı, şan- şöhrətə gedən yol da var. İkinci yol tez zamanda sönür. Önəmli olan zəhmətinlə birinci yolda, yəni, uğura gedən yolda büdrəmədən addımlamaqdır. Şan-şöhrət uğur deyil. O səhnəyə, o efirlərə hər zaman çıxa bilərsən. Lakin yaradıcılıqla əldə edilən uğur daimi olur. Bu baxımdan özümü misal göstərə bilərəm. Geriyə baxdığım zaman uzun illərin sonunda qazanılan uğurları, nəticələri görürəm. Mən hər zaman deyirəm ki, insan özü özünü uğura aparır.
— İndiki parlayan gənclərimizə tövsiyyələriniz nələr olardı?
— Bilirsiniz Günel xanım, mən layihələri yazan zaman onları hazırlamaqla işimi bitirmiş olmuram. Eyni zamanda həmin layihələrin icrası zamanı ən xırda məqamlara da diqqət yetirirəm. Hər məsələni xüsusi araşdırıram. Və belə bir nəticənin şahidi oluram ki, gənclərimizə nə qədər dəyərli tövsiyələr verilsə də, hər şey öncə ailədən başlayır. Təəssüf ki, bu gün gənclər onlara verilən tövsiyələrin çoxuna əməl etmirlər. Lakin ilkin təməl ailədə düzgün şəkildə qoyularsa, bu cəmiyyətimiz üçün də faydalı olar. Əfsuslar olsun ki, içərisində olduğumuz cəmiyyət çox korlanıb. Bu mənfi hallar bir çox gənclərimizin «zəhərlənməsinə» səbəb olur. Hətta elə gənclərimiz var ki, valideynlərini, böyüklərini belə saymırlar. Valideyni çox hallarda maliyyə mənbəyi kimi görürlər. Mən bunların çox şahid olmuşam. İstedadı, savadı, bacarığı olan gənclərimizə hər zaman dəstək olmağa çalışıram. Sonuncu layihələrimizdən birində istedadlı bir gənc ilə tanış oldum. Bacarığının üzə çıxması üçün ona öz dəstəyimi göstərdim. Bu gün gənclərimizi ali və savadsız təbəqə olaraq iki qrupa ayırmaq olar. Savadsız təbəqənin kökündə qeyd etdiyim kimi ailə durur. Ali təbəqənin fəaliyyətini isə ölkəmizdə mövcud olan gənclər siyasətində görmək olar. Ali təbəqəyə daxil olan gənclərimiz çoxdur. Düşünürəm ki, mən də onlardan biri ola bilərəm. Bu gün qazandığım uğurlara valideynlərim belə heyrətlənirlər. Yəni, onlar da bu dərəcədə gözləmirdilər. Demək istədiyim odur ki, gənclər özləri üçün zirvələri fəth etsinlər.
— İnformasiya mübadiləsində gənclərin müxtəlif istiqamətlərdə şaxələnməməsi üçün nə etmək olar? Hansı təklifləriniz var? Xüsusi bir layihə planlayırsınızmı?
— Bu işi həyata keçirmək üçün böyük komandaya ehtiyac var. Gənclər niyə sosial mediaya üstünlük verirlər? Çünki orada əyləncə var. Biz bu əyləncəni təhsilin içərisinə əlavə etsək, gənclərimiz başqa istiqamətlərə yözəlməzlər. Biz daha çox filmlərdə gənclərin parklarda dərslərini əyləncəli şəkildə keçdiklərini görürük. Ancaq təəssüf ki, günümüzdə toplumun çox hissəsi sosial şəbəkələrdədir. Valideynlərin özlərinin canlı açdığının şahidi oluruq. Bir daha vurğulayıram ki, hər şey ailədən gəlir. Mənim ilk mobil telefonum 3-cü kursda oxuyan zaman olub. Bu gün mobil telefonlardan əsas funksiyalarından daha çox başqa məqsədlər üçün istifadə olunur. Bu da nəticədə pis vərdişlərə gətirib çıxara bilir. Mənim böyük övladımın 8 yaşı var. Onun başqa vərdişlərə yönəlməsi üçün boş zamanı yoxdur. Onu maksimum dərəcədə təhsilə yönləndirmişəm. Geri qalan zamanlarında isə idmanla məşğul olur. Hətta təhsilə maraqlarını artırmaq üçün xaricdə tətbiq olunan bir sıra təhsil metodlarından da istifadə edirəm. Valideyn övladına sosial şəbəkəni sevdirməməlidir. Məncə cəmiyyəti də korlayan məhz ailədə düzgün istiqamətləndirilməyən uşaqlardır. Günümüzdə təhsil yaralı yerlərimizdəndir. Məktəbdə alınan təhsilə təəssüf ki, ciddi yanaşılmır. Valideynlər əlavə müəllimlər tuturlar. Düşünürəm, məktəblərimizdə də bu gün düzgün tərbiyə metodlarından istifadə edilmir. Valideyn məcbur olaraq yaxşı məktəb axtarışına çıxır. Əvvəl qızdan narahat olurdularsa, indi fərq etmir. Həm qız, həm oğlan övladlarının tərbiyəsində ciddi nöqsanlar var. Müəyyən yaşdan sonra oğlan uşaqları artıq valideynlərinə qulaq asmır. Bunun üçün təhsilimiz dəyişməlidir. Valideynlər övladlarının yaxşı təhsil alması üçün, tərbiyələrinin pozulmaması üçün xüsusi məktəblərə, liseylərə üz tutmamalıdırlar. Bu təminatı fəalliyyət göstərən bütün məktəblər, təhsil ocaqları verməlidirlər. Nəyə görə şagird dərsi mənimsəmək üçün məktəbdən sonra əlavə hazırlığa getməlidir? Düşünürəm, təhsil sistemimizdə əsaslı dəyişikliklər olunmalıdır. Heç vaxt istəmərəm ki, övladlarım mənəvi olaraq oğru böyüsünlər. Bir gün övladlarım mənə «playstation» oynamaq istədiklərini bildirdilər. Mən onların qarşısında təhsilləri ilə bağlı öhdəliklər qoydum. Oyunun həvəsinə dərslərinə daha ciddi yanaşdılar. Bu onlar üçün uğura gedən yol idi. Mən onları təhsilə həvəsləndirici yolla, metodlarla gətirirəm.
— Elşən müəllim, layihələri yazarkən onların görünən və görünməyən tərəfləri olur. Görünməyən tərəfdə yəqin ki, ən çox yük sizə düşür. Bu vəziyyətdən necə çıxa bilirsiniz?
— Bizim digər təşkilatçılardan əsas fərqimiz tədbirlərimizin məhz xüsusi dövlət günlərində baş tutmasıdır. Konkret tarix olduğu üçün məcburam ki, layihəni həmin günə çatdırım. Bu çətin olsa da, məni müəyyən mənada tərbiyələndirir də. İnanın ki, elə tədbirlər olub ki, onu 3 günə təşkil etmişəm. Bəzən buna çoxları inanmır. Təbii ki, bu işdə inam, etibar çox önəmlidir və biz təşkilat olaraq bunları qazanmışıq. Bəzən tədbirlərin içərisində yeni layihələr yazıram. Və bununla bağlı işləri bölüşdürürəm. Siyasi hissə ilə həmişə özüm məşğul oluram. Çox həssas və incə məqam olduğu üçün mövzudan tutmuş qonaqlara kimi hamısı düzgün seçilməlidir. Bizdə hər işin öz komandası var. Tədbirlərin ilk günü iclas keçirilir. İclasda tərtib olunan proqram paylanılır və hərə öz işi ilə məşğul olur. Ümumiyyətlə, hər bir işin nəzarəti özümdədir, sadəcə koordinator var, hər kəsə işi o xatırladır.
— Elşən müəllim, bildirdiniz ki, hər işə bütün nəzarəti özünüz edirsiniz. Sizə çətin olmur ki?
— Mən bir işə başladığım zaman onun sonu həmişə düşündüyümdən daha yüksək şəkildə nəticələnir. Çünki mən daima axtarışda olan insanam. Mən hər zaman dostlarıma da deyirəm ki, mənim mənfi cəhətlərimi mənə bildirsinlər. Bizim tədbirlər adətən qonaqlarla bağlı olur. Böyük zal götürürük və qonaq yerləşdirmə üzərində bizdə bəzən çətinliklər olur. Çünki burada protokol qaydaları var ki, onlara əməl edilməlidir. İstər siyasi, istər matəm, istər rəsmi, istər mətbuat, istər siyasətçilər, şəhid ailələri, qazilərlə bağlı bütün tədbirlərimizdə bu qaydalara əməl edirik. Deməyim odur ki, təşkilatımızda demək olar, əksər sahələr var. Mən adətən bədii rəhbərləri dəyişirəm. Biləsuvarda bir oğlan var, o, kömür suyu ilə rəsm çəkir. Hətta onun əsərini biz Rəcəb Tayyib Ərdoğana göndərmişdik. Bu yaxınlarda iş bölgüsü zamanı mən ona yeni səlahiyyət olaraq bədii rəhbər vəzifəsini həvalə etdim. Çox həvəsli gəncdir. Bu cür istedadlı gəncləri önə çəkmək, onlara dəstək olmaq lazımdır. Bu gün bizdə onun inkişafı 20% olacaqsa, gələcək fəaliyyətində bu inkişafı 100%-ə çatacaq.
— Elşən müəllim, sizin komandaya daxil olan insanlarda daha çox nələrə önəm verirsiniz? Yəni, sizin komandaya daxil olmaq üçün müəyyən şərtlər, meyarlar varmı?
— Mənim üçün önəmli olan komanda üzvlərimin insani keyfiyyətlərin olması, düzgün tərbiyəyə malik olması, verilən işlərin, tapşırıqların öhdəsindən müvəffəqiyyətlə gəlməyi bacarmasıdır. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, mənə lazım olan kadrları mən özüm yaradıram. Dediyim kimi sadaladığım müsbət keyfiyyətlərə malik olması mənim üçün əsas şərtdir. Güvən də mənim üçün önəmlidir. Əvvəl bizdə bir cavan oğlan var idi. Onda model potensialını görürdüm. Bu gün o, artıq model akademiyasının rəhbəridir. İnanın ki, mənim komandamda eyni vaxtda bir xanım və bəy fəaliyyətə başlamışdı. Fərrux öz üzərində çalışan biri idi. Xanım isə şöhrət dalıyca qaçırdı. Məhz ona görə də bu gün Fərrux filmmlərə, reklamlara model təklifləri edir. Bu cür insanlar fəaliyyət istiqamətlərini dəyişsələr də, indi də yanımda olurlar hər zaman. Düzdür, peşman olduğum hallar da olub. Elə bir insanlara şərait yaratmışam ki, əməyi, zəhməti heçə sayaraq işləri öz adlarından təqdim ediblər.
— Sadaladığınız həmin müəyyən anlaşılmaz hallarda nə edirsiniz?
— Mən onları görməzlikdən gəlirəm, çünki bu işin altında imza var, yetərli olan budur. Atalarımızın gözəl bir sözü var: «İt hürər, karvan keçər». Bu gün karvan dayanırsa, problem onlardadır.
— Elşən müəllim, maraqlı və faydalı müsahibəniz üçün sizə təşəkkür edirəm. Həyat və fəaliyyətinizdə daima uğurlar arzulayıram.
— Öncə bu yaradıcı fikirdən dolayı sizə təşəkkür edirəm. Son illərdə belə bir jurnal olmamışdı. Bu jurnalı yaratdığı üçün başda Aydın müəllim olmaqla, sizlərə minnətdaram. Mənim hər zaman baxış bucağım o olub ki, tariximiz, keçmişimiz, dəyərlərimiz, ziyalılarımız unudulmasın. «Əsrin aydınları» jurnalı da bu missiyanın öhdəsindən uğurla gəlir və gələcək də. Uğurlarınız, araşdırmalarınız davamlı, axarlı olsun. Mənə də bu jurnalda yer ayırdığınız üçün sizə öz təşəkkürümü bildirirəm. Bu jurnal mənim üçün çox özəldir, çünki bu mənim üçün bir yenilikdir.
© Əsrin Aydınları jurnalı
Araşdırmaçı Jurnalist: Günel Şəmilzadə
SMM, Fotoqraf: Toğrul Abdullayev