«Əsrin Aydınları» jurnalının dəyərli qonağı Azərbaycanın görkəmli bəstəkarı, «Şöhrət» ordenli Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Faiq Sücəddinovdur.
Faiq (Mirfaiq) Miri oğlu Sücəddinov 14 iyun 1947-ci ildə anadan olub. 1965-ci ildə Faiq Sücəddinov Asəf Zeynallı adına Musiqi Texnikumunun fortepiano şöbəsinə daxil olur. 1969-cu ildə Azərbaycan Dövlət Radio və Televiziya Komitəsinin Estrada Orkestrinin rəhbəri Tofiq Əhmədovun dəvətilə orkestrdə çalışmağa başlayır. 1980-ci illərdə Faiq Sücəddinov Estrada Orkestrində fəaliyyətini dayandırır və Azərbaycan Pedaqoji Dillər İnstitutunda təhsilini davam etdirir. 1977-ci illərdə Azərbaycan Dövlət Konservatoriya Bəstəkarliq fakültəsinə qəbul olunur.
1981-ci ildə Azərbaycan Dövlət Konservatoriya Bəstəkarliq fakültəsini bitirir. 2000-ci illərdə Faiq Sücəddinov Türkiyədə və Kiprdə yaşayıb və orada fəaliyyət göstərib.
Əsərləri arasında piano və simfonik orkestr üçün konsert (1990), simli kvartet (1991), piano və kamera orkestri üçün konsert (1992), kamera orkestri üçün skertso (1993), xor və simfonik orkestr üçün «Atatürk» odası (1994), müxtəlif tərkibli ansambllar üçün caz kompozisiyaları (1996) vardır.
2006-cı ildən Azərbaycan Respublikasının xalq artistidir, 2007-ci ildə Azərbaycanın «Şöhrət» ordeni ilə təltif edilib. 14 sentyabr 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
— Salam, xoş gördük Faiq müəllim. Sizi «Əsrin Aydınları» jurnalında qonaq qismində görməkdən çox şadam. Əminəm k, sizinlə müsahibəmiz çox maraqlı olacaq. İlk olaraq müsahibəmizə ənənəvi sualımızla başlamaq istəyirəm. Faiq müəllim özünü oxucularımıza necə təqdim edərdi?
— Mən Faiq Sücəddinov 14 iyun 1947-ci ildə anadan olmuşam. Orta məktəbi bitirdikdən sonra təhsilimə musiqi istiqamətində davam etmişəm. 2006-cı ildə Azərbaycan Respublikasının Xalq Artisti adına layiq görülmüş, 2007-ci ildə «Şöhrət» ordeni ilə təltif olunmuşam. 14 sentyabr 2015-ci ildən isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşəm.
— Faiq müəllim, oxucularımıza yaddaşınızda qalan ən xoş xatirələrinizdən danışa bilərsinizmi?
— Ümumiyyətlə, həyat bir nağıldır. Həyat bir romandır. Həyat Allahdan verilən bir bəxşişdir. Hər insan, hər bir canlı məxluq yaradana və təbii ki, anasına bağlı olur. Mən də həmin adamlardanam ki, valideynlərimə çox bağlı olmuşam. Xüsusən də anama. Mən həyatda təbii ki, yaradana və anama çox borcluyam. Anam çox diqqətcil biri olub. Uşaq vaxtından mənim musiqiyə olan marağımı gördüyü üçün o istiqamətdə getməyimə dəstək olub. O vaxtdan mən bu sənətə, böyük bir mədəniyyətə qovuşdum. Anam məni musiqi məktəbinə apardı və mən imtahanla Fortepiano şöbəsinə daxil oldum. O gündən mən bütün həyatımı musiqiyə bağlamış oldum. Asəf Zeynallı adına Musiqi Məktəbininin tələbəsi olduğum üçün çox xoşbəxtəm. O vaxtlar ora daxil olmaq böyük bir möcüzə idi. Fortepiano şöbəsində 15-20 nəfər tələbə təhsil alırdı. O vaxtlar pianoya böyük bir sevgi var idi. Demək olar bütün Bakı piano çalırdı. Mən bütün müsahibələrimdə də qeyd etmişəm ki, Azər Abdullayev hər dəfə məni görəndə deyirdi ki, səni musiqi məktəbinə götürdüyüm üçün heç zaman heyifsilənmərəm. Mən orada 4 il təhsil aldım. Oranı bitirəndən sonra peşəkar pianoçu oldum. Və pianoçu kimi öz fəaliyyətimi davam etdirdim. Daha sonra Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutuna qəbul oldum. Təhsilimi başa vurduqdan sonra hərbi xidmətə yollandım. Əsgərlikdən qayıtdıqdan sonra Azərbaycan Milli Konservatoriyasının Bəstəkarlıq fakültəsinə daxil oldum. Bilirsiniz, mədəniyyət böyük bir aləm, böyük bir elmdir. Xüsusilə də Azərbaycan musiqisi böyük bir elmdir. Təkcə muğamımız elə böyük bir okean, dəryadır. Azərbaycan klassik musiqisi də məhz muğamımızdan bəhrələnib. Ümumiyyətlə, demək olar ki, hər cür musiqi əsərlərinin ərsəyə gəlməsində bu və ya digər formada muğamlarımıza bir yanaşma olub. Qara Qarayevin dediyi kimi: «Muğam bir dəryadır, biz hamımız ordan bir şey götürəcəyik».
— Konservatoriyada oxuduğunuz illərdə əsas qazancınız nə oldu?
Konservatoriyada tələbə olanda biz tez-tez rayonlara gedirdik. Orada eşitdiyimiz folklor nümunələrini notlara yazmağa çalışırdıq. Mən musiqidən danışarkən təbii ki, hər zaman Üzeyir bəyin adını çəkirəm. Çünki o, çox böyük insan, şəxsiyyət olub. O, böyük bir bəstəkar, dramaturq idi. Biz ona Azərbaycan musiqisinin banisi deyirik. Mən xoşbəxtəm ki, Konservatoriyanın Bəstəkarlıq fakültəsini bitirib, o gündən indiyə kimi musiqi sahəsində fəaliyyət göstərmişəm. Musiqi sakitliyi sevir. Bəxtiyar Vahabzadənin bir fikri yadıma düşdü: «Musiqi qaranlığı sevir”-, yəni, qaranlıqda piano çalanda insanın ağlına bəzi fikirlər, düşüncələr gəlir. Bəxtiyar Vahabzadə: „Payızı sevirəm”-, deyirdi. Təbii ki, bütün fəsillər — yaz da, yay da, qış da gözəldir, amma payızda ayrı bir lirik ab-hava olur.
— Son dönəmlərdə hansı əsərlər üzərində işləmisiniz?
— Mən bu son zamanlarda «Zəfər» simfonik poemasını, «Şuşa» oratoriyasını, «Azərbaycan inciləri”ni yazmışam. Və yenə də yazmağa davam edirəm. Bəstəkar istənilən janrda yazmağı bacarmalıdır. Cabir Novruzun "Məhəbbət" poemasına romans yazmışam. Mən böyük sənətkarlarla da işləmişəm. Rəşid Behbudov, Şövkət Ələsgərova, Yalçın Rzazadə, Oqtay Ağayev, Flora Kərimova, İlhamə Quliyeva, Akif İslamzadə belə sənətkarlardandır. Mən bir proqram hazırlamışam, bununla bağlı yaxın gələcəkdə zəfər konserti etməyi də düşünürəm. Mən filmlərə də musiqi yazmışam. Operettam indi də teatrda gedir. Mən həmişə şən yaşamağa üstünlük vermişəm, çünki o zaman ətrafındakı insanlara da xoşbəxtlik vermiş olursan.
— Hər bir sənətdə rəqabət var. Sizcə rəqabət yaradıcılığa necə təsir edir ?
— Bəli Günel xanım, hər sahədə rəqabət var və bir növ çox yaxşıdır. Məsələn, Qara Qarayev yazanda Fikrət Əmirov da yazırdı. Bu gün də rəqabət var və bu rəqabətin sayəsində yaxşı əsərlərimiz yaranır. Bilirsiniz, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin də bu sahəyə olan diqqət və qayğısı danılmazdır. Bizim mədəniyyətimiz çox gözəldir, ölməzdir. Mən xaricdə fəaliyyət göstərəndə Azərbaycanı demək olar ki, tanımırdılar. Mən bir azərbaycanlı olaraq Azərbaycan musiqisini orada layiqincə təmsil edib, təqdim etməyə çalışdım. İlhamə Quliyevanı da festivala çağırmışdım. Mən orada olanda 2 kitab və 2 CD disk buraxdım. 7 ildən sonra mən vətənə qayıtdım. Daha sonralar da mənə təkliflər gəldi, amma mən vətəndə qaldım. Bir müddət Mədəniyyət və İncəsənət Universitetində Rejissorluq fakültəsində dərs dedim. Daha sonra oradan ayrılıb yaradıcılıqla məşğul olmaq istədim. Qarabağın azad olunması ilə əlaqədar «Zəfər» poemasını yazdım. O vaxt hərbi-siyasi mahnılar ərsəyə gəlirdi. Mən də «Qarabağ bizimdir, bizim olacaq, bu kəlimə ilə İlham tarix yazacaq» — oxudum. Siz məndən: «Xoşbəxtsinizmi?”-, deyə soruşsanız cavabım o olar ki, insan tam xoşbəxt olmur. Bunun da öz fəlsəfəsi var. İnsan həmişə son saatına kimi axtarışdadır. Həyat şəndir, bir az da kədərlidir. Mən yaxşı notlarla söhbəti bitirmək istəyərdim.
— Faiq müəllim, sizə görə uğur nə deməkdir? Uğur anlayışı, uğur fəlsəfəsi nədir?
— Düşünürəm ki, insanın içində bir insan da var. Onu nə adlandırırsınız, adlandırın. İnsan hər gün yaşadıqları ilə bağlı imtahan verməlidir. Etdiklərinin doğru və ya yanlış olduğunu təhlil etməlidir. Heç vaxt özündən razı olmamalıdır. Daim özü ilə sorğu-sualda olmalıdır. İnsan elə bir yaradılışdır ki, son gününə kimi özündən tam razı olmamalıdır. İnsanın ən böyük xoşbəxtliyi sevdiklərinin yanında olmasıdır.
— Hazırki musiqimizdən, gündəmdə olan musiqilərdən, bəstələrdən nə qədər razısınız? Onları necə dəyərləndirirsiniz?
— Məsələ ondadır ki, biz burada hakim ola bilmərik. Çünki hər musiqinin öz dinləyicisi, öz kütləsi var. Mən öz prizmamdan baxdığım zaman çox gözəl oxuyanları və mahnıları görə bilirəm. Zaman onsuz da hər şeyi öz ələyindən keçirir və qalanla öz yollarına davam edirlər. Mən bu gün xoşbəxtəm ki, Şövkət xanım, Elmira xanım, Rəşid bəylə çalışmışam və onlar mənim mahnılarımı oxuyublar.
— Dəyərli Faiq müəllim, sizə maraqlı müsahibəniz və dəyərli fikirləriniz üçün təşəkkür edir, fəaliyyətinizdə daima uğurlar arzu edirəm. Sizinlə fəxr edirik!
— Məndə sizə və jurnalın rəhbərliyinə, fəaliyyətinizdə uğurlar arzu edir, bu yolda yorulmadan irəliləməyi diləyirəm. Arzu edirəm ki, işıqlandırdığınız əsrin aydınları yetişməkdə olan gəncliyimizə bir örnək, nümunə olsunlar. Onların həyat və fəaliyyətlərindən bəhrələnsinlər. Uğur hər zaman sizinlə olsun.
© Əsrin Aydınları jurnalı
Araşdırmaçı Jurnalist: Günel Şəmilzadə
SMM, Fotoqraf: Toğrul Abdullayev