«Əsrin aydınları» jurnalının dəyərli qonağı AMEA-nın müxbir üzvü, Riyaziyyat və Mexanika İnstitutunun direktoru, Azərbaycanın sabiq təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru, Əməkdar elm xadimi, 1-ci dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə təltif olunmuş professor Misir Mərdanovdur.
Misir Mərdanov 1946-cı il oktyabrın 3-də Ermənistanın Göyərçin kəndində ziyalı ailəsində anadan olmuşdur. Yeddiillik təhsilini Salah kənd məktəbində, on illik təhsilini isə 1964-cü ilin martına qədər qonşu Polad kənd orta məktəbində almışdır. 1964-cü ilin martında Bakı şəhərinə gəlib eksternat qaydası ilə indiki Səbail rayon 49 nömrəli orta məktəbini bitirmişdir. Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin riyaziyyat şöbəsinə qəbul olunmuş, 1969-cu ildə həmin fakültəni fərqlənmə diploma ilə bitirmiş və təyinatla Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunda əmək fəaliyyətinə başlamışdır. Həmin ilin noyabrında Azərbaycan Dövlət Universitetinə yəni aspiranturasına qəbul edilmişdir. 1973-cü ildən ADUnun Həndəsə kafedrasında assistant kimi fəaliyyətə başlamışdır. 1973-cü ilin mayında Mexanika-riyaziyyat fakültəsinin müdafiə şurasında «İnteqro-diferensial tənliklər sistemi üçün optimal idarəetmə nəzəriyyəsinin bəzi məsələləri» mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, 1973-cü il 28 sentyabr SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsinə layiq görülmüş, 1973–1980-ci illərdə mexanika-riyaziyyat fakültəsinin Həndəsə kafedrasında assistent, baş müəllim kimi analitik həndəsə və diferensial həndəsə fənlərindən məşğələ dərsləri aparmış, mühazirə oxumuş və eyni zamanda Diferensial tənliklər kafedrasında ixtisas kursundan mühazirələr aparmışdır.
1978–1989-cu illərdə Mexanika-riyaziyyat fakültəsinin dekan müavini, 1980–1989-cu illərdə Diferensial tənliklər kafedrasının dosenti kimi «Optimal idarəetmənin riyazi üsulları və variasiya hesabının əsasları» fənnindən mühazirə oxumuş və ixtisas kursları aparmışdır. 1981-ci il 25 noyabr SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adını almışdır. 1989-cu iliyun ayının 6-da Ukrayna Elmlər Akademiyası Riyaziyyat İnstitutunun ixtisaslaşdırılmış Dissertasiya Şurasında «Gecikmələri və məhdudiyyətləri olan optimal proseslərin tədqiqi» mövzusunda doktorluq dissertasiyası müdafiə edib, 1989-cu il 3 noyabr SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya komissiyasının qərarı ilə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 1997–2001-ci illərdə Bakı Dövlət Universitetində Riyaziyyat üzrə ixtisaslaşdırılmış Dissertasiya Şurasının sədri olmuşdur.
2017-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasına riyaziyyat üzrə müxbir üzv seçilmişdir. Onun elmi tədqiqatları adi, xüsusi törəməli, gecikən arqumentli diferensial tənliklər və diskret sistemlərlə təsvir olunan məsələlərdə optimallıq üçün zəruri şərtlərin alınmasına həsr edilmişdir. O, neytral tipli gecikən arqumentli tənliklərlə təsvir olunan optimal idarəetmə məsələsi üçün neytrallıq tənliyə xətti daxil olmadıqda; idarəedici funksiyaya sonlu sayda gecikmə daxil olan sistemlər üçün ilk dəfə olaraq Pontryaginin maksimum prinsipini isbat etmişdir; məxsusi idarəedicinin optimallığı üçün daha güclü ikinci tərtib zəruri şərtlər isbat etmişdir; Geniş sinif-müxtəlif məhdudiyyətləri olan optimal idarəetmə məsələləri üçün Pontryaginin maksimum prinsipini, həmçinin ikinci tərtib zəruri və kafi şərtlər isbat etmək məqsədilə yeni, vahid metod işlənmişdir. Təklif olunan metod, məlum metodları tətbiq edərkən ortaya çıxan bəzi prinsipial çətinlikləri aradan qaldırmağa imkan vermişdir. Həmin çətinliklərə-idarəediciyə daxil olan gecikmələrin bir-biri ilə müqayisə oluna bilməməsi, tədqiq olunan ekstremalın normallıq şərtini ödəməməsi, faza məhdudiyyətlərinin olması, tənliyin sağ tərəfinin zamana görə ölçülən olması və zamanın qeyd olunmaması daxildir. Gecikən arqumentli sistemlərdə məxsusi idarəedicinin optimallığı üçün yeni ikinci tərtib zəruri şərtlər isbat edilmişdir. Diskret sistemlərlə xarakterizə olunan daha geniş sinif optimal idarəetmə məsələlərinin həlli üçün yeni anlayışlar daxil edilmiş və daha səmərəli metod işlənmiş, onların tətbiqi ilə optimallıq üçün daha güclü birinci və yüksək tərtib zəruri şərtlər almışdır. Təklif olunan üsulun köməyi ilə analoji nəticələr paylanmış parametrli Qursa-Darbu tənlikləri ilə təsvir olunan idarəetmə məsələləri üçün isbat etmişdir. İdarəedici funksiyalarda gecikmə olan proseslərdə ilk dəfə olaraq, idarəedici funksiyanın optimallığı üçün Kelli, Koop-Mayer və bərabərlik tipli zəruri şərtlər ardıcıllığı almışdır. O, son illərdə diskret tənliklərlə təsvir olunan idarəetmə məsələləri üçün yeni optimallıq şərtlərinin alınması istiqamətində tədqiqatlarını davam etdirir. Eyni zamanda diskret sistemlərlə təsvir olunan optimal idarəetmə məsələlərinin həlli zamanı yeni γ, γ ± — qabarıq çoxluq anlayışları verərək Pontryaginin maksimum prinsipinin yeni diskret analoqunu və ikinci tərtib çox nöqtəli zəruri şərtlər almış, funksionalın sıfırıncı, birinci və ikinci tərtib variasiya anlayışlarını yeni formada verərək daha güclü və konstruktiv optimallıq şərtləri isbat etmişdir. Həmçinin klassik variasiya məsələlərində güclü ekstremum üçün yeni zəruri (birinci və ikinci tərtib) və kafi şərtlər almışdır. Bu zəruri şərtləri mümkün funksiyaya yeni tip variasiya verərək, kafi şərtləri isə funksionalın invariant qalmasının yeni variantını tətbiq edərək isbat etmişdir. MisirMərdanov «Azərbaycan təhsil tarixi» fundamental dördcildliyin, «1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar» adlı fundamental çoxcildliyin, təhsillə bağlı 10 kitabın və 120 məqalənin müəllifidir. Misir Mərdanov riyaziyyata aid beş monoqrafiyanın, 150 məqalənin (onlardan 40-ı Clarivateanalyticsin siyahısında olan jurnallarda çap olunub), orta məktəblər üçün 20 dərslik və dərs vəsaitinin, ölkənin görkəmli şəxsiyyətləri ilə bağlı 64 məqalənin müəllifidir. Ailəlidir, 3 övladı var.
1989-1992-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyində Ali Təhsil İdarəsinin rəisi və nazir müavini vəzifələrində işləmişdir. 1992-ci ilin oktyabrından 1996-cı ilin oktyabrına qədər Bakı Dövlət Universitetinin tədris işləri üzrə prorektoru, 1996-cı ilin oktyabrından 1998-ci il martın 25-nə qədər Bakı Dövlət Universitetinin rektoru vəzifələrində çalışmışdır. 1996-cı ildən Azərbaycan Riyaziyyat Cəmiyyətinin vitse-prezidentidir.
1998-ci ilin martından 2013-cü il aprelin 18-nə qədər Azərbaycan Respublikasının Təhsil naziri vəzifəsində işləmişdir. 2000-ci il yanvarın 28-dən Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, 2005-ci il aprelin 27-dən Rusiya Təhsil Akademiyasının xarici üzvü, 2011–2014-cü illərdə Türkdünyası Riyaziyyat Cəmiyyətinin prezidenti, 2013-cü ilin mayından AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, 2014-cü ildən Türk dünyası Riyaziyyat Cəmiyyətinin fəxri prezidenti, 2014-cü il оktyabrın 28-dən pedaqoji təhsil üzrə Beynəlxalq Elmlər Akademiyasının (Moskva) akademikidir. «Azerbaijan journal of Mathematics» jurnalı redaksiya heyətinin üzvü, «AMEA Riyaziyyat və Mexanika İnstitutunun əsərləri» jurnalının baş redaktoru, «TWMS Journal of Pure and Applied Mathematics» jurnalının beynəlxalq redaksiya heyətinin,"Чебышевский сборник» jurnalının beynəlxalq redaksiya heyətinin üzvüdür. O, riyaziyyat üzrə bir elmlər doktorunun elmi məsləhətçisi olmuş və yeddi nəfər fəlsəfə doktoru hazırlamışdır. 2013-cü ilə qədər Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, 2020-ci ilədək isə Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü olmuşdur.
2000-ci ildə elm və təhsil sahəsindəki nailiyyətlərinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən «Əməkdar elm xadimi» fəxriadına, 2001-ci ildə «Qızılqələm» media mükafatına, 2006-cı ildə isə «Şöhrət» ordeninə layiq görülmüşdür. 2011-ci ildə Dağıstan Respublikası Prezidentinin sərəncamına əsasən Dağıstan və Azərbaycan respublikaları arasında elmi əməkdaşlığın inkişafına verdiyi böyük töhfələrə görə «Dağıstan Respublikasının Əməkdar elm xadimi» fəxri adına layiq görülmüşdür. 2021-ci ildə 1-ci dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə təltif edilmişdir.
— Salam, xoş gördük hörmətli Misir müəllim. Sizi «Əsrin Aydınları» jurnalında qonaq qismində görməkdən çox şadam. Biz bilirik ki, siz Qərbi Azərbaycanda doğulmusunuz. Orada qədim ədəbi-bədii bir mühit mövcud idi. Həmin mühitdə böyüyüb boya-başa çatan Misir Mərdanovun ən xoş xatirələrini dinləmək istərdik.
— Bəli, mən Qərbi Azərbaycanda Göyərçin kəndində anadan olmuşam. Orada Qaraqoyunlu adlanan bir dərə və həmin dərədə 14 azərbaycanlı kəndi var idi. Həmin kəndlərin əhalisi sırf azərbaycan türklərindən ibarət olub. Bizim Göyərçin kəndi də məhz həmin kəndlərdən biri idi. Dağlıq bir ərazidə, meşələrin arasında yerləşirdi. Mən anadan olanda o kənddə 70 ailə yaşayırdı. Kəndimizdə məktəb binası olmadığı üçün dərslər evlərdə keçirilirdi. Kənd mərkəzi yoldan xeyli aralı idi. Mərkəzi yoldan kəndə yol çəkmək o zamankı texnikanın gücü ilə mümkün deyildi. Bu səbəbdən 1953-cü ildə kənd əhalisi qonşu Salah kəndinə köçməli oldu. Mən birinci sinfə Salah kəndində getmişəm. Həmin kənddə də ayrıca məktəb binası olmadığı üçün dərslər Bilqeys xalanın evində keçirilirdi. O, işə gedəndən sonra onun evindən məktəb kimi istifadə olunurdu. Burada yalnız ibtidai təhsil verilirdi. Bir müddət sonra kənddə yeddiillik məktəb binası tikildi. Mən 7-ci sinfi Salah kənd məktəbində oxumuşam. Məktəbin yeni açılmasına baxmayaraq, çox yaxşı müəllimlərimiz var idi. Kənd əhalisi, ağsaqqallar müəllimlərə çox böyük hörmətlə yanaşırdılar. İbtidai sinifdə mənə ilk dəfə yazıb-oxumağı Gülxanım müəllimə öyrədib. Alı müəllim, İbrahim müəllim, Dursun müəllim, Mirzə müəllim, Kərim müəllim, Mehdi müəllim, Konsul müəllim, Sayad müəllim, İbrahim müəllim mənə yeddiillik məktəbdə dərs deyiblər. Orta təhsilimi qonşu Polad kəndində davam etmişəm. Bizim evlə Polad kənd məktəbi arasında 4 km məsafə var idi. Havalar isti olanda məktəbə piyada gedib gələrdik. Qış vaxtı 8-ci sinifdə oxuyarkən Məsumər nənəmin kəndimizin Polada yaxın səmtində yerləşən evində, 9-10-cu siniflərdə oxuyan zaman isə Polad kəndində kirayədə qalmışam. Mənim riyaziyyatçı olmağımda Mürsəl Budaqovun rolu böyük olub. Həsən müəllim, Firudin müəllim, Alı müəllim, Kərim müəllim, Tağı Müəllim, Zeynalabdı müəllim mənə Polad kəndində dərs deyiblər.
— 1964-cü ilin mart ayında bibim oğlu professor Niftalı Qocayevin köməkliyi ilə Bakıya gəldim və eksternat yolu ilə imtahan verərək məktəbi 11 ilə deyil, 10 ilə bitirdim. Atam həkim olmağımı istəyirdi. Ancaq Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin riyaziyyat şöbəsinə qəbul oldum.
— Hörmətli Misir müəllim, təhsil və karyeranızda kimin rolu olub? Kimi özünüzə örnək götürmüsünüz?
— Mən Mürsəl müəllimi hər zaman özümə örnək götürmüşəm. O, məni riyaziyyatçı olmağa yönəldib. Mən orta məktəbdə oxuyarkən kəndə xəbər yayılmışdı ki, Qaraqoyunlu dərəsinə Bakıdan tanınmış bir professor gəlib. Həmin professor indiki Bakı Dövlət Universitetinin kafedra müdiri Qoşqar Əhmədov idi. Onu həmin dövrdə indiki İqtisad Universitetində işləyən Həsən Allahverdiyev Bakıdan bizim elə qonaq gətirmişdi. Mənim də riyaziyyata marağım olduğu üçün həmin vaxt atam Qoşqar müəllimlə tanış olmuşdu. Universitetdə oxuduğum zaman Qoşqar müəllimi daha yaxından tanımaq mənə qismət oldu. Ali məktəbdə 2 il oxuduqdan sonra bizə ixtisas seçimi təklif etdilər. O zaman mən Qoşqar müəllimin müdiri olduğu Diferensial və inteqral tənliklər kafedrasını seçdim. Və orada ixtisaslaşdım. Daha sonra aspiranturaya qəbul oldum. Dissertasiya işimə rəhbəri olaraq professor Qoşqar Əhmədovu və professor Kazım Həsənovu seçdim.
— Onu da qeyd edim ki, yuxarıda adını çəkdiyim professor Niftalı Qocayev mənim bibim oğlu idi. O, 1953-cü ildə Gölkənd kənd orta məktəbini medalla bitirib, elə həmin ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinə qəbul olmuşdu. Ali təhsilini bitirdikdən sonra universitetdə Molekulyar fizika və Optika kafedrasında işləməyə başlamışdı. Mənim təbiət elmləri istiqamətinə getməyimdə Niftalı müəllimin də rolu böyük olub.
— Müəllim peşəsi məsuliyyətli və çətin bir peşədir. Bu istiqamətdə olan tövsiyələrinizi dinləmək xoş olardı, Misir müəllim.
— Mən fikrimə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin sözləri ilə başlamaq istərdim. Ulu Öndərin siyasətində təhsil ən önəmli yerlərdən birini tuturdu. O, deyirdi ki: «Təhsil millətin gələcəyidir. Mən dünyada müəllimdən yüksək ad tanımıram, bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq, Azərbaycan müəllimləri ən yüksək mənəviyyata, vətəndaşlıq hisslərinə malik olan insanlardır, Müəllimlik sənəti şərəfli bir sənətdir».
— Mən də fəaliyyətimdə Ulu Öndərin bu fikirlərini rəhbər tutaraq, hər zaman müəllim peşəsinə hörmətlə yanaşmışam. Düşünürəm ki, müəllim millətin həyatında ən önəmli rol oynayan bir şəxsiyyətdir. Son zamanlar təəssüf ki, müəllim peşəsinə qarşı müəyyən xoşagəlməz sözlər deyilir, addımlar atılır. Mən hər zaman bu kimi hallara qarşı mübarizə aparmışam. Bu gün də həmin mübarizəmi davam etdirirəm. Bununla bağlı 525-ci qəzetdə silsilə məqalələrim də nəşr olunub. Yəni, biz əgər cəmiyyətimizi inkişaf etdirmək istəyiriksə, mütləq şəkildə müəllimə hörmət etməyi bacarmalı, onun nüfuzunun qaldırılması istiqamətində işlər görməliyik.
— Təbii ki, bu istiqamətdə əsas vəzifə məhz müəllimin öz üzərinə düşür. Müəllim özü də müəyyən mənada davranışı, ədaləti, biliyi və bacarığı ilə cəmiyyətdə nümunə olmağı bacarmalıdır. Düşünürəm, müəllimin sayı da çox olmamalıdır. Hər adam müəllim peşəsinə yiyələnə bilməz. Bilik və bacarığın olması da kifayət etmir. Müəllim peşəsini seçənlər bu işə həqiqi mənada sevgi ilə bağlı olmalıdırlar. Mən yalnız imtahan vasitəsi ilə müəllim seçilməsinin əleyhinəyəm. Müəllim seçiminə çox ehtiyatla yanaşmaq lazımdır. İlk növbədə müəllimin özü bu işdə məsuliyyəti hiss etməlidir. Müəllim ilk olaraq peşəsini, ixtisasını dərindən bilməli, hər bir şagirdə öz övladı kimi yanaşmalı, onu sevməlidir. Əgər şagird və ya tələbə müəllimini sevmirsə, burada əldə edilən təhsildən yaxşı nəticə gözləmək olmaz.
— Müəllimə sevginin aşılanmasında valideynlərin də üzərinə böyük vəzifələr düşür. Valideyn bilməlidir ki, övladının təhsilində, biliyində, tərbiyəsində məktəb və müəllim nə qədər məsuliyyət daşıyırsa, bu işdə ana və atanın da öhdəlikləri var. Valideynlər uşaqlarının təhsili ilə yaxından maraqlanmalıdırlar. Mövcud təhsil sisteminin müsbət və mənfi tərəfləri var. Əgər bir sinifdə 25 şagird varsa, onların hər biri ayrı-ayrı ailələrdə tərbiyə alan, fərdi qabiliyyətlərə malik olan uşaqlardır. Əsl müəllim hər bir şagird və onların valideynləri ilə tanış olub, onları yaxşı tanımalıdır. Bundan sonra dərs zamanı hər şagirdin bacarığına, biliyinə uyğun tədrisi düzgün şəkildə planlaşdırmalıdır.
— Yeri gəlmişkən, bu yaxınlarda iştirak etdiyim tədbirdən maraqlı bir məqamı sizə danışmaq istəyirəm. Həmin tədbirdə tanınmış müəllim Bəhmən Qüdsidən dərs almış gənc bir nəfər öz təcrübəsindən danışdı: «Mənim sinfimdə çox dalaşqan, idarə edilməsi çətin olan hiperaktiv bir şagird var idi. Onun sinifdəki hərəkətləri ilə bağlı bəzən digər valideynlərin şikayəti ilə də rastlaşırdım. Mən Bəhmən müəllimdən öyrəndiklərim əsasında bu şagirdi başqa istiqamətə yönəltməyə çalışdım. Dərs zamanı onunla daha çox zaman keçirdim, həmsöhbət oldum, yolu evə qədər bir yerdə getdim, yoldaşlıq etdim. Hal-hazırda həmin uşaq sinfin lideridir».
— Bəzən müəllimlik sənəti digər peşə sahiblərinin əməyi ilə qarışdırılır. Cəmiyyətin inkişafında müəllimin əməyi çox böyük və danılmazdır. Əsl müəllim evdə növbəti dərs üçün saatlarla hazırlaşmalı, hətta güzgünün qarşısında məşq də etməlidir. Məhz bu cür müəllimlərin əməyi də düzgün qiymətləndirilməlidir. Təhsil naziri işlədiyim zamanlarda mütəxəssislər ilə birgə tez-tez regionlara səfərlərimiz olurdu. Biz orada ayrı-ayrı müəllimlərin açıq dərslərində iştirak edirdik. Həmin səfərlərin birində Gəncədə bir ibtidai sinif müəllimi Yeganə Cəmil qızının dərsində iştirak etdik. O vaxtdan 20 il keçməsinə baxmayaraq, onunla bu gün də əlaqə saxlayıram. O müəllimə ibtidai sinifdə elə səviyyədə dərs aparmışdı ki, hamımız heyran qalmışdıq. Əməyi və zəhmətinə görə həmin müəllim daha sonra dövlətimiz tərəfindən yüksək qiymətləndirildi, «İlin ən yaxşı müəllimi», «Əməkdar müəllim» adına layiq görüldü.
— Başqa bir maraqlı hadisəni dünya şöhrətli riyaziyyatçı alim, akademik Məcid Rəsulov danışmışdı: «Uzun illər çalışmağına baxmayaraq, müəllim daim yeniliklər axtarışında olmalı, tədris edəcəyi dərslərə öncədən hazırlaşmalıdır. Bir gün axşam tədbirdə olduğum üçün evə çox yorğun gəlmişdim. Düşündüm ki, səhər keçəcəyim dərsi 10 ildir tədris edirəm, əlavə çalışmağa ehtiyac yoxdur. Səhər dərsə gəldiyim zaman auditoriyanın qarşısında universitetin Riyaziyyat fakültəsinin çox hörmətli müəllimləri AMEA-nın müxbir üzvü Maqsud Cavadovu və professor Rüstəm Sultanovu gördüm. Mənim dərsimi dinləmək istədiklərini bildirdilər, icazə alıb sinfə daxil oldular. Bir az həyəcan keçirsəm də dərsə başladım. Az sonra hiss etdim ki, mühazirənin gedişatında səhvə yol vermişəm. Düşündüm ki, ən yaxşısı doğrusunu deməkdir. Tələbələrə müəyyən hissəni yanlış yazdığımı bildirib, səhvimi düzəltdim. Dərs bitdi və kafedraya gəldik. Kafedra müdiri Maqsud müəllim dərsin qiymətləndirilməsini aparırdı. Maqsud müəllim Rüstəm müəllimdən dərs haqqında fikrini soruşanda, Rüstəm müəllim dedi ki, o səhv olmasa idi dərsi müsbət qiymətləndirmək olardı. Maqsud müəllim bildirdi ki, müəllim də insandır, o da səhv edə bilər, əsas odur ki, səhvini vaxtında gördü və düzəltdi». Əsl peşəkar müəllimin yanaşması da məhz bu şəkildə olmalıdır.
— Riyaziyyat bütün elmlərin açarıdır, fizika isə dünya içində bir dünyadır. Sizə görə bu elm sahələrinin asan və çətin tərəfləri nələrdir?
— Riyaziyyat elmi ilə bağlı dahi insanların dediyi bir çox qiymətli fikirləri var. Riyaziyyat bütün elmlərin şahıdır. Niftalı Qocayev həmişə qeyd edirdi ki, zamanında kaş ki, riyaziyyatı da dərindən öyrənərdim. Riyaziyyatı bilmədən güclü fizik olmaq mümkün deyil. Dünyanın böyük fiziklərinin hər biri eyni zamanda güclü riyaziyyatçı olublar. Bilirsiniz ki, əvvəllər yalnız fəlsəfə elmi mövcud idi. Digər elm sahələri isə fəlsəfənin tərkib hissəsi olub. Hər elmi istiqamətin tədqiqat sahəsi genişləndikcə müstəqil sahələrə ayrılıblar. Riyaziyyatçı həm də qəlbən şair olmalıdır. Riyaziyyat daha çox nəzəri elmdir. Ümumiyyətlə, ayrı-ayrı elmlər arasında əlaqə olmasa bütövlükdə konkret elm sahəsini mənimsəmək olmaz.
— Dünyanın qabaqcıl ölkələrində təhsil sisteminə nəzarət edən, onu xüsusiləşdirən universitetlər var. Bizdə həmin fəaliyyəti Təhsil İnstitutu göstərir. Təhsil İnstitutu ilə Elm və Təhsil Nazirliyinin əlaqələri və birgə fəaliyyəti nələrdən ibarətdir?
— Mən işlədiyim zamanlarda Nazirliyin tərkibində iki qurum — Tədris Metodiki Mərkəz və Pedaqogika İnstitutu fəaliyyət göstərirdi. 2001-ci ildə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə bu iki qurum birləşdirilərək Azərbaycan Respublikasının Təhsil Problemləri Institutu yaradıldı. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanına əsasən 2016-cı ildə Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu Azərbaycan Respublikasının Təhsil İnstitutu adlandırıldı. Bu İnstitut Elm və Təhsil Nazirliyinə tabe olan məktəbəqədər tərbiyə müəssisələri, orta məktəblər, kolleclər, ali məktəblərdə metodiki işlərin vəziyyəti ilə bağlı iş aparmalıdır. Tarixi ənənəyə əsaslanaraq bu institut daha çox məktəbəqədər tərbiyə müəssisəsi və orta məktəblərdə nəzarət işlərini həyata keçirir. Bir məsələni də qeyd edim ki, sovet təhsil sisteminin müsbət cəhətləri ilə yanaşı, mənfi cəhətləri də var idi. Mənfi cəhətlərindən biri o idi ki, sovet təhsil sistemində müəllim hazırlığı ilə ciddi məşğul olunsa da, təhsilin idarə olunması üzrə xüsusi ixtisas yox idi. Biz təhsil aldığımız dövrdə semestrin son üç ayını pedaqoji təcrübəyə gedirdik. Pedaqoji təcrübənin mahiyyəti ondan ibarət idi ki, ali və orta məktəblərdən təyin olunan rəhbərlərin iştirakı ilə dərslərdə iştirak edir, sonda isə açıq dərs aparırdıq. İnstitutu orta və yaxşı qiymətlərlə bitirən məzunlar kənd yerlərinə müəllim kimi işləməyə göndərilirdi. Əslində, bu yanlış sistem idi. Çünki ilk olaraq məzunun müəllim kimi yetişməsi üçün müəyyən hazırlıqdan keçməsi mütləq idi. Hazırkı təhsil sistemimizdə isə müvafiq ixtisaslar üzrə (riyaziyyat müəllimliyi, fizika müəllimliyi, kimya müəllimliyi və s.) müəllim hazırlığı aparılır. Bu müsbət bir haldır. Düşünürəm, təhsilin idarə edilməsi üzrə də xüsusi kadr hazırlığı aparılmalıdır.
— Sabiq təhsil naziri olaraq hər kəs sizi çox sevir. Bu sevginin, hörmətin qaynağı nədədir?
— Nazir kimi fəaliyyətim dövründə işlərin çoxluğuna baxmayaraq, ali və orta ixtisas məktəblərini tez-tez ziyarət etməyə çalışmışam. Nazir kimi fəaliyyətə başlayana qədər iş təcrübəm ali məktəblə bağlı olub. Orta məktəblərin iş fəaliyyəti ilə bağlı elə də təcrübəm yox idi. 1998-ci ildə yeni dərs ilinin ilk günlərində 132 nömrəli məktəbə getdim. O zaman məni təbii olaraq çox adam tanımırdı. Məktəbə daxil olanda bir neçə xanımın sinif otaqlarını yığışdırdığını gördüm. İlk ağlıma gələn o oldu ki, yəqin ki, məktəbin xadimə xanımlarıdır. Bu vaxt məktəb direktoru Aliyə xanım məni qarşılamaq üçün otaqdan çıxdı. Həmin xanımların kimliyini maraqlandım. Aliyə xanım bildirdi ki, onlar bizim ibtidai sinif müəllimlərimizdir, neçə gündür yeni dərs ilinin başlanmasına hazırlaşırlar. Bizim bu cür fədakar, peşəsini sevən müəllimlərimizin olması məni qürurlandırdı. Həmin gündən sonra məktəb müəllimlərinin fəaliyyətləri ilə daha yaxından maraqlanmağa başladım. Hər zaman fəaliyyətimi ədalətli şəkildə həyata keçirməyə çalışmışam. Peşə xidmətlərinə görə fərqlənən müəllimlər hər zaman xüsusi adlarla mükafatlandırılıb. Mən tutduğum vəzifədən asılı olmayaraq həmişə cəmiyyətə açıq bir insan olmuşam. Düşünürəm, məhz buna görə də cəmiyyətimizin üzvlərinin əksəriyyəti tərəfindən hörmət və ehtiramla qarşılanmışam.
— Misir müəllim, AMEA-da hansı fəaliyyət istiqamətində işlər aparırsınız?
Artıq on birinci ildir ki AMEA Riyaziyyat və Mexanika İnstitutunda çalışıram. Bura mənim üçün yeni bir iş sahəsi olsa da, heç bir çətinliyim olmadı. Kollektivdə çalışan bir çox insanları universitetdə işlədiyim illərdən tanıyırdım. Yaradıcılıq baxımdan elmi-tədqiqat sahəsinə AMEA-da işlədiyim zamanlarda daha çox töhfəm olub. Mən burada çalışdığım müddətdə elmi-tədqiqat işlərinin sayı artmış, 10-dan artıq kitab nəşr olunmuş, dissertasiyalar müdafiə olunmuş, institutda hazırlanan üç elmi jurnal Scopus-un Web of science bazasına daxil olmuşdur. Hər həftənin 3-cü günü saat 10:00–da İnstitutun elmi seminarı keçirilir. Seminarda institutun tanınmış alimləri ilə yanaşı respublikanın digər ali məktəblərinin və bir çox xarici ölkə alimlərinin məruzələrini dinləyir və müzakirə edirik. İnstitutumuzda riyaziyyatın müxtəlif sahələri üzrə müdafiə şuraları fəaliyyət göstərir. Hər təqvim ilinin sonunda şöbələrimizin illik hesabatları dinlənilir. İnstitutumuzun 170-ə yaxın əməkdaşı var. Onların da böyük bir qismi alim, digərləri köməkçi heyətdən ibarətdir. Riyaziyyat və Mexanika İnstitutu ölkəmizin ən qədim və çox nüfuzlu elmi tədqiqat müəssisələrindən biridir. Hesab edirəm ki, bura Azərbaycanda riyaziyyat elminin məbədidir. Burada vaxtılə ölkəmizdə müasir riyaziyyat elminin baniləri Zahid Xəlilov, İbrahim İbrahimov, Əşrəf Hüseynov kimi dünya şöhrətli alimlər çalışıblar. Məqsədimiz bu böyük şəxsiyyətlərdən qalmış ənənələri qoruyub saxlam və daha da inkişaf etdirməkdən ibarətdir.
— Adətən ailədə hər zaman bir nəfər davamçı olur. Bəs sizin övladlarınız, nəvələriniz arasında davamçınız varmı?
— Mənim 3 övladım, 7 nəvəm var. Nəvələrimdən biri hazırda doktorantura təhsili alır, ikisi BDU-da bakalavriat səviyyəsində təhsil alır, biri həkimdir, biri Londonda təhsilini davam etdirir, ikisi isə orta məktəbdə oxuyur. Fərqli ixtisas sahələrini seçdikləri üçün hələ ki, mənim sahəmi davam etdirən yoxdur.
— Ulu Öndərin əsasını qoyduğu gənclər siyasətinin davamı olaraq 44 günlük Vətən müharibəsində gənclərimiz əsl qorxmazlıq, şücaət göstərərək bir yumruq kimi prezident İlham Əliyevin ətrafında toplaşdılar. Qalib ölkənin qalib vətəndaşı olmaq sizin üçün necə bir hissdir?
— 44 günlük Vətən müharibəsi və 24 saatlıq lokal antiterror əməliyyatı zamanı qazandığımız qələbənin əsas səbəbkarları prezident, cənab İlham Əliyev başda olmaqla, döyüşdə canlarını fəda etmiş şəhidlərimiz, qazilərimizdir. Burada məktəb müəllimlərinin də böyük rolu var. Əgər Azərbaycan müəllimi vətənpərvər şagirdlər yetişdirməsəydi, bu gün şanlı qələbəni yaşa bilməzdik. Biz çox xoşbəxt insanlarıq ki, 200 il ərzində tarixin ən böyük qələbəsini yaşamış olduq. Torpaqlarımız vahid şəkildə öz müstəqilliyinə, ərazi bütövlüyünə qovuşdu. Müstəqil Azərbaycan Dövləti ilk dəfə olaraq öz ərazi bütövlüyünü tam bərpa etdi. Sizin kimi gənclər hələ çox uğurların, qalibiyyətlərin şahidi olacaq.
— Hörmətli Misir müəllim, xoş söhbətiniz və müsahibəniz üçün sizə dərin minnətdarlığımı bildirir, fəaliyyətinizdə daima uğurlar arzulayıram. Sizinlə fəxr edirik!
— Günel xanım, siz və jurnalınızın rəhbəri Aydın müəllim çox gözəl bir missiyanı həyata keçirirsiniz. İllərdir bizim nöqsanlarımızdan biri o olub ki, alimlərimiz, böyük şəxsiyyətlərimiz tarixi yaradıblar, lakin onu yazmayıblar. O baxımdan sizin həyata keçirdiyiniz iş çox möhtəşəm və uğurlu bir layihədir. Arzu edirəm ki, ölkəmizdə, Vətənimizdə əsl aydınlarımızın sayı çox olsun.
© Əsrin Aydınları jurnalı
Araşdırmaçı Jurnalist: Günel Şəmilzadə
SMM, Fotoqraf: Toğrul Abdullayev