«Əsrin aydınları» jurnalının dəyərli qonağı Yeni dövr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi şair, yazıçı, publisist Aqşin Yeniseydir.
Aqşin Yenisey 1978-ci ildə Cəlilabad rayonunda anadan olub. Bakı Dövlət Universitetinin coğrafiya fakültəsini bitirib. Yeni dövr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biridir. Azad Yazarlar Ocağının üzvü olub. Aqşin Yeniseyin «Unutmaq sözünün şəkli» adlı ilk kitabı 2000-ci ildə dərc olunub. İkinci şeirlər kitabı «Sizin eradan əvvəl"i türk, gürcü, fransız dillərinə tərcümə edilib. Görkəmli yazar Aqşin Yenisey «Unutmaq sözünün şəkli», «Sizin eradan əvvəl», «Cənnətdə terror aksiyası», «Yüz qırx yeddi dənə sən», «Məbədin sükutu», «Tarix və Tale” və yüzdən artıq məqalənin müəllifidir. „Cənnətdə terror aksiyası“ adlı kitabda „Göləqarğısancan“ adlı roman, „Cənnətdə terror aksiyası“ adlı hekayə və „Xəstə şərqin Rafiq Tağıya dedikləri“ adlı şeri toplanıb. Əsərin əsas mövzusu Azərbaycanın üzləşdiyi və çıxmağa heç bir yol qalmayan mənəvi böhrandır. „Yüz qırx yeddi dənə sən“ A.Yeniseyin sayca dördüncü kitabıdır. Son illərdə yazdığı və əvvəlki kitablarında çap olunmamış şeirləridir. „Məbədin sükutu“ adlı bu kitabda yazarın heç bir kitabında çap olunmamış hekayələri, satirik, publisistik yazıları və müasir ədəbiyyatımızın istedadlı simalarına həsr olunmuş məqalələri toplanmışdır.
— Salam, xoş gördük Aqşin müəllim. Sizi «Əsrin aydınları» jurnalının müsahibləri arasında görməyə çox şadam. Müsahibəmizə ənənəvi sualımızla başlamaq istəyirəm. Oxucularımıza uşaqlıq xatirələrinizdən danışa bilərsinizmi?
— İlk olaraq məni də 100 dahinin arasında gördüyünüz üçün sizə təşəkkür edirəm. Baxmayaraq ki, mən özümü dahi hesab etmirəm, məni bu şəkildə qiymətləndirdiyiniz üçün sizə minnətdaram. Uşaqlığımla bağlı xatirələrim çoxdur. Hətta onlardan ilhamlanaraq bir qismini romanlarımda, əsərlərimdə bədii formada əks etdirməyə də çalışmışam. Lakin beyin alqoritmlə işləyən bir orqan olduğu üçün zaman keçdikcə xatirələr də unudulur. Bəzən beyin istifadə etmədiyi artıq informasiyaları silib ata bilir. Hətta mən düşünürəm ki, insanın gördüyü yuxunu xatırlamaması da bilavasitə beyindən asılıdır. Beyin artıq hesab etdiyi informasiyanı «format etdiyi» üçün biz gördüyümüz yuxuların böyük qismini xatırlamırıq. Bizim iradəmizdən asılı olmayanda beyin bu şəkildə əlavə, lazımsız informasiyalardan «qurtulmuş» olur. Lakin mənim yaddaşımda hələ də silinib atılmamış, yuxuya çevrilməmiş xatirələrim var. Mən bu xatirələrə yaradıcılıq aspektindən yanaşmağa çalışacam. Düşünürəm, ilk şeirimin ərsəyə gəlməsi, yazılması prosesi oxucularımıza da maraqlı olar. Sovet dövründə təhsil aldığım üçün bizə «Lenin baba» şeirini əzbərlətdirirdilər. Lakin bu şeiri bəyənmədiyim üçün onu əzbərləməkdən imtina etmişdim. Dərslərimizə hər zaman anam nəzarət edirdi. Şeiri əzbərləmədiyim üçün anam dedi ki, əgər onu mənasız hesab edirsənsə, sən daha yaxşısını yaz. Anamdan hansı mövzuda şeir yazmağımı istədiyini soruşdum. O zaman dayım dünyasını yeni dəyişmişdi. Dayımın ölümü ilə bağlı şeir yazmağımı istədi anam. 9 yaşlı uşaq üçün əslində bu çox travmatik mövzu idi. Xatırladığım qədər mən o şeiri məsnəvi janrında beyitlər şəklində yazmışdım. Şeiri oxuyan hər kəs ağlamağa başladı. Həmin vaxt düşündüm ki, deyəsən, mən mənalı və maraqlı şeir yazmışam. Daha sonra bibim onun haqqında da şeir yazmağımı istədi. Bibimin taleyi bir az çətin olmuşdu. Lakin bu seçim də 9 yaşlı uşaq üçün ağır mövzu idi. Adətən o yaşda uşaqlar daha çox rahat mövzularda — yay tətili, təbiət, Vətən sevgisi və s. haqqında inşalar, yazılar yazırdılar. Lakin bibimin məndən istədiyi sosioloji mövzu idi (Gülür: red.). Yaradıcılığa məhz bu mövzularda yazmaqla başlamışam. Boşanmanın qadına verdiyi psixoloji təsirləri şeir halında yazmağa çalışdım. Bu dəfə də şeirimi oxuyan hər kəs ağlamağa başladı. Artıq ailəmizdə mənim yaradıcılığımı sevən bir kütlə formalaşmışdı. (Gülür: red.) Bundan sonra digər ailə üzvlərimdən də müxtəlif mövzularda şeir istəkləri gəlməyə başladı. Mən artıq dar bir çevrədə şair titulu ilə müfakatlandırılmışdım. Qohumlar arasında hər kəs mənə istedadı olan, şeir yazmağı bacaran bir adam kimi baxırdı. Bu məni daha da həvəsləndirirdi. Dəftər ayırıb, istədiyim mövzularda şeirlərimi orada yazmağa başladım. Beləliklə, mənim yaradıcılıq kimliyimi ortaya çıxardan bu uşaqlıq xatirəm ömürlük yaddaşıma həkk olmuş oldu. Bu mənim heç vaxt yuxuda görmədiyim xatirəmdir. Yuxuda görsəydim, bəlkə də unudardım.
— Kənd mühitində böyüyən biri kimi şəhərdə ali təhsil aldığınız illərdə hansı əngəllərlə, maneələrlə rastlaşmısınız? Tələbəlik illəri yaradıcılığınıza necə təsir etdi?
— Ali təhsil almağımla bağlı da maraqlı, mistik bir hadisə var. 9-cu sinifdə oxuduğum zaman yaşıdlarımla birgə artıq universitetə hazırlaşmağa başlamışdıq. Hər zaman Bakı Dövlət Universitetində ali təhsil almağı arzulamışam. Bir dəfə yuxuda qədim yunan, roma anfiteatrları formasında auditoriya gördüm. Qəbul imtahanlarından sonra nəticələr açıqlandı və mən BDU-nun Coğrafiya fakültəsinə qəbul olundum. Onu da qeyd edim ki, mənim orta təhsil aldığım illərdə kənd yerlərində şagirdlər indiki kimi qəbul prosesi haqqında məlumatlı deyildilər. Mən düşünürdüm ki, test imtahanı zamanı məktəbdə keçdiyim əsas 8 fənn üzrə sualları cavablandıracağam. Lakin imtahan zamanı bunlardan yalnız 4 fənn üzrə (Ana dili-ədəbiyyat, Tarix, Coğrafiya və Xarici dil) sualların olduğunu gördüm. Sual kitabçasını yazdıqdan sonra nəzarətçiyə verdim və digər 4 fənnin də olduğu sual kitabçasını istədim. Nəzarətçi də mənim bu istəyimə təəccüb etdi. (Gülür: red.) Daha sonra mənə qəbul prosesini izah etdilər. Universitetdə ilk dərslərimizdən biri yuxuda gördüyüm auditoriyada keçirildi. Mən yuxuda gördüyüm həmin auditoriyada tələbə kimi əyləşdim. Həmin an «de-javu» yaşamış kimi oldum. Tələbəlik həyatıma bu şəkildə başladım. Kənd yerlərindən olan bütün tələbələr kimi mənim də həyatım yataqxanalarda, kirayələrdə keçib. İmtiyazlı ailədən olmadığım üçün oxumaqla yanaşı, eyni zamanda qalan müddətdə işləyirdim. Bakalavr pilləsini başa vurduqdan sonra təhsilimi növbəti səviyyələr üzrə Azərbaycanda davam etdirməyi düşünmürdüm. Atamın istəyi və təkidi ilə magistraturaya da qəbul oldum, lakin oxumaqdan imtina etdim. Təhsillə aramızda belə bir «konflikt» yarandı və hələ də onunla barışmamışam. Azərbaycan elm mühiti ilə yollarımız bu şəkildə ayrıldı.
— Yaradıcılığa başladığınız ilk illərdə qarşınıza hər hansı bir hədəf, məqsəd qoymuşdunuzmu?
— Mənim ilk şeir kitabım 21 yaşımda çap olundu. Bu kitabda cəmi 30 şeir toplanmışdı. Mənim şeirlərimə ədəbiyyatımızın inciləri çox yüksək qiymət veriblər. Şair kimi məşhurluğum çox peşəkar mühitdə olub. Lakin buna baxmayaraq mən öz şeirlərim də daxil olmaqla heç bir şeiri əzbərləməyi sevməmişəm. Məsələn, bəzən tədbirlərdə məndən şeir oxumağı xahiş edirlər. Bu zaman mən ya çap olunmuş kitablarımdan ya da telefonumdan oxuyuram. Məni şeirlərini dinləməyi sevən şair adlandırmaq olmaz. Mən şeirlərimi yazanda zövq alıram. Mən şeirlərimi yazan zaman orijinallığı yaşadığım üçün, qiraət zaman o mənə «ikinci əl məhsul» kimi gəlir. Oxucular belə şairin yaşadığı hissi, həyəcanı tam duya bilməz. Şeirin ilkin, yazılmamış variantı çox zövqverici bir prosesdir. Bunu da bütünlüyü ilə məhsulu ərsəyə gətirən müəllif hiss edə bilər.
— Hər bir şairə ilham olan xüsusi bir fəsil, mühit olur. Sizi ilhamlandıran fəsil ya mühit hansıdır?
— Özümü dərk edəndən daha çox payız aylarında düşündüklərimi, emosiyalarımı qələmə almaq zərurəti yaranıb içimdə. Yazmaq demək olar ki, daha çox ehtiyaca çevrilirdi payız fəslində. Tutqun havalarda təbiətlə ünsiyyətim daha səmimi alınır. Bu da yaradıcılıq məhsullarımın keyfiyyətinə öz müsbət təsirini göstərmiş olur. Aydınlıqda hər şey daha parlaq göründüyü üçün bu zaman daha çox tərif, pafoslu sözlərdən istifadə etmək məcburiyyətində qalırsan. Bunu da heç zaman sevməmişəm. Düşünürəm, olduğun kimi qalmaq, yazıb-yaratmaq daha gözəldir. Bu fikir təkcə mənim deyil, demək olar bütün klassiklərin yaradıcılığa yanaşmasında var. Mənə də elə gəlir ki, tutqun havalarda insan daha çox olduğu kimi görünür, nəinki günəşli havalarda. Mən adətən yay aylarında «qış yuxusu”na gedirəm. Məhz buna görə də mənim yaradıcılıq fəslim payız fəslidir.
— Aqşin müəllim, uğur, əzm və hədəf sizə görə bir-biri ilə bağlıdır, yoxsa ayrı-ayrı anlayışlardır?
— Bir məsələni qeyd edim ki, son zamanlar bu anlayışları özündə ehtiva edən çoxlu motivasiya mövzulu kitablar ərsəyə gəlir ki, bu kitablar da oxucular tərəfdən maraqla qarşılanır. Mən görüntü xətrinə həyat yaşayan insanların avtomobillərində əyləşməkdən, onlarla zaman keçirməkdən qaçıram. Çünki onlar da motivasiya kitablarını oxuyurlar və guya o kitablar da onlara «ağıl» öyrədir. Mən hesab edirəm ki, o kitablarda qeyd olunan planlı şəkildə həyat çox darıxdırıcıdır. Həyatın da sənə nələrisə qatmağına, yaşatmağına icazə vermək lazımdır. Mütləq deyil ki, sən həyatını bir düz xətt üzrə davam edəsən. Bu həyat insana yaşanmışlıq hissi verə bilməz. Bir mənada həyata da sənin yaşantına müdaxilə etməyinə icazə verməlisən. O zaman sən təcrübəli, böyük insan olacaqsan. Məhz buna görə də mən cəmiyyətdə qəbul olunmuş bəzi standartlarla yaşamadığım kimi yazmamışam da. Mənim həyatımda bu günə qədər şablon standartların heç birinə yer olmayıb. Bunu planlı şəkildə də etməmişəm. Mənim həyatda əsas devizim odur ki, hər şey insanın öz başına gəlməlidir. Həyat özü mənə bir şeylər yaşatsın ki, mən ondan ədəbiyyat çıxardım. Mən həyatı istədiyim formaya salmaq yerinə, həyat öz xaosu, yaxşılığı, pisliyi ilə məndə bir iz buraxsın. Həyatın iz buraxmadığı yazıçıların əsərləri də oxucuları bu və ya digər mənada yaralaya bilmir. Əslində, sənət yaralamağı da bacarmalıdır. Bəzən mənim yazılarıma şərhlər maraqlı şərhlər olur: «Bəs çıxış yolu nədir, siz hər zaman problemi yazırsız, lakin çıxış yolunu qeyd etmirsiniz». Çünki mənim düşüncəm, yanaşmam didaktik deyil. Mən yazılarımı kiməsə «ağıl vermək» məqsədilə yazmıram. Mən əsərlərimdə sadəcə reallığı, vəziyyəti təsvir edirəm. Burada da insanların prosesə qoşulmaları üçün bir qapı açmış oluram. Onların diqqətini mövcud vəziyyətə, məsələyə çəkməyə çalışıram. Lakin mən «öyrətmə» və ya «yol göstərmə» istiqamətlərini seçsəm, o zaman didaktik möqvedən çıxış etmiş olaram. Əslində, müəllif oxucuya çıxış yolunu göstərməməlidir. Mənim yaradıcılığımda əsas prinsiplərdən biri odur ki, sənət yaralamalıdır. Sənət hiss etdirməlidir. Sənət müalicə etməməlidir. Bu daha çox dinin və tibbin öhdəliklərindəndir. Yazıçı həkim və ya psixiatr deyil. Bu yaxınlarda Bakı Avrasiya Universitetinin magistrları ilə görüş zamanı bir tələbə mənə yaxınlaşaraq bildirdi ki: «Sizin kitablarınızı oxuyandan sonra mənim bütün xəyallarım darmadağın oldu». Bunu tənqid yoxsa, yaxşı mənada dediyini soruşdum. Əksinə, ona çox faydası olduğunu bildirdi. Özünü daha çox romantik duyğularla, emosiyalarla yüklədiyini dedi. Lakin mənim kitablarımı oxuduqdan sonra onların lazımsız, uydurma fikirlər olduğu qənaətinə gəlib. Əslində, həmin oxucu təcrübəni mənim kitablarım ilə yaşamış oldu. Real həyatda bununla qarşılaşsa idi, bu onun həyatında daha dərin və sağalmaz izlər qoya bilərdi. Bu da onun depressiyaya düşməsinə səbəb olacaqdı. Kitablarım onun xəyallarını darmadağın etsə də, eyni zamanda ona psixoloji güc də vermiş oldu. Həyatın reallığını göstərdi. Məhz buna görə də mənim yaradıcılığımda həyatla realist münasibətdə olmaq çox önəmli yer tutur. Mən bütün kitablarımda — şeirlərimdə, romanlarımda, hekayələrimdə oxucularımı heç vaxt mistik duruma salmaq fikrində olmamışam. Əksinə, o duyğuları dağıtmaqla, onları reallıqla üz-üzə qoymaq düşüncəsində olmuşam. Ünvanladığınız sualla bağlı onu deyə bilərəm ki, mənim düşüncəmə görə insanın formalaşmasında zəhmətin rolu daha böyükdür. Urbanistik travmalarla doğulan və yaşayan insanlarımızın sayı çox azdır. Bu daha çox XVII–XVIII əsrlərdə sosial həyatı bir-birinə sıx bağlı olan mühitdə baş verirdi. Lakin biz hələ də təbiətin bir parçası olduğumuza görə bu tip travmalarla çox da rastlaşmırıq. Məsələn, fikrimi bir misalla izah etməyə çalışacağam. Bu gün Bakıda yaşayan elə ailələr var ki, bu şəhərə yeni köçüblər. Onlar özlərini urbanistik mədəniyyətin bir parçası hesab edə bilməzlər. Ümumi yaşayış tərzimizdə urbanistik cizgilər çox azdır. Bu gün təbiətlə bizim əlaqələrimiz qırılmadığı üçün təbiət bizi fitri istedadla təmin edir. Biz də zəhmətlə bu istedadı ustalığa və peşəkarlığa çevirməliyik. Bu gün özümüzün yaratdığı ictimai mühit, alın yazısına, olacaqlara inanmaq bizi zamanla zəhmətdən uzaqlaşdırır. Bir dönəm Avropada da eyni düşüncə tərzi mövcud olmuşdu. Lakin dini təriqətlər əslində bunun insanın öz əlində olduğunu sübut etdi. Kalvinistlərin nəzəriyyəsinə görə cənnəti yalnız zəhmət hesabına qazanılmış pulla satın almaq mümkündür. Çox işləyib, çox qazandığınız üçün deməli, Allah sizin tərəfinizdədir. Bu da o deməkdir ki, həmin şəxslər seçilmişlərdir. Alman sosioloqu Maks Veber də bunu özünün nəzəriyyəsində əks etdirmişdi. Veberin «Xeyirxahlıq» nəzəriyyəsi də kapitalist əxlaqının yaranmasına səbəb oldu. Burada çox vacib şərt ondan ibarət idi ki, əgər pulu öz zəhmətiniz hesabına qazanmısınızsa, cənnəti əldə etmiş olacaqsınız. Digər yollarla qazanılmış pullara şamil edilmirdi. Təəssüf ki, zəhmət bizim ictimai mühitimizdə əsas faktor olmadığı üçün də bizdə dünyəvi insan yetişmir. Bizim insanımız daha çox təbii güclərin böyütdüyü insandır. Zəhmət isə sosioloji normadır. Bizdə bu faktorlar olmadığı üçün də yabanılığımız həm sənətə, həm ailə münasibətlərinə, həm də elm aləminə öz təsirini göstərir. Yabanılıq dedikdə, tamamilə təbiətdən qopmamış, sosiallaşmamış insan yanaşmasını nəzərdə tuturam. Nə əldə ediriksə, bunu yabanılığımızın sayəsində etmiş oluruq. Səlahəddin Xəlili «Şərq zehniyyəti» kitabında qeyd edir ki, Şərq fəlsəfəsi fərdin invidual kamilliyi üzərində qurulub. Məhz buna görə də Şərq fəlsəfəsində sosial kamillik unudularaq mövzu kimi maraqsız idi. Lakin Qərb fəlsəfəsində cəmiyyətin, yəni sosial kamilliyin önəmi diqqətə çatdırılır. Əgər cəmiyyət kamil deyilsə, cəmiyyət ünsürləri bir-birini anlamırsa, o zaman bu mühitdə kamil insan, təmiz, pak qəlb yetişə bilməz. İnsan yalnız qəlbi ilə kamilləşə bilər. «Çirkli ictimai mühit”də də qəlb təmiz ola bilməz. Bu o deməkdir ki, sən nə qədər invidual olaraq kamilliyə can atsan da, mühit buna imkan verməyəcək. Qəlbinin təmizliyi üçün cəmiyyətin paklığı, təmizliyi önəmlidir. Tarix boyu da invidual kamilliyə can atan, cəhd edən şəxsiyyətlərimiz bu və ya digər formada cəzalandırılmışlar. Bu mənada düşünürəm ki, sosial cəmiyyətimizi yaratmaq üçün, fərdi keyfiyyətlərimizi inkişaf etdirmək üçün zəhmət amili həm uğurun, həm əzmin həm də hədəfin səbəbidir.
— Sizin üçün ən uğurlu kitabınız və ya əsəriniz hansıdır?
— Mən kitablarıma, əsərlərimə bioloji məhsul kimi, yəni övladım kimi yanaşmıram. Ona görə də kitablarım arasında uğurlu və uğursuz hesab etdiklərim var. Məsələn, «147 dəfə sən» adlı şeir kitabım mənə görə tamamilə uğursuz kitabdır. «Unutmaq sözünün şəkli» adlı ilk kitabım isə uğurlu kitablarımdandır. Nəsrdə isə mənim uğurlu kitabım «Tarix və tale„oldu. Daha öncə yazmış olduğum romanı uğursuz hesab etdiyim üçün mənim üçün ilk romanım məhz „Tarix və tale“ əsəridir. Burada mən zəhmətin və istedadın sintezindən doğan istədiyim mətni yaza bildiyimi düşünürəm. Bu kitab istər peşəkar, istərsə də qeyri-peşəkar mühitdə çox yaxşı qarşılandı. Bu əsərim Anadolu türkcəsinə də tərcümə edildi. Bəlkə də Azərbaycanda yeganə kitablardandır ki, başqa bir ölkədən müəlliflik hüququ alındı. Müqavilə əsasında bu kitabın müəlliflik hüququ Türkiyə üçün alınmış oldu. Mən deyərdim ki, bu kitabım özünün uğurunu təmin edən bir kitab oldu. Mən istəyərəm ki, bu kitabım dünyanın başqa dillərinə də tərcümə edilsin. Bu barədə danışıqlar olsa da, mənə aid olan hissədə hələ iştirak etməmişəm.
— Bir əsərin ərsəyə gəlməsi nə qədər zamanınızı alır? Ən tez və ən gec yazdığınız əsərlərdən hansılarını qeyd edə bilərsiniz?
— Günel xanım, ümumiyyətlə, bədahətən ərsəyə gələn çox az şeirlərim var. Mən bunu elə də bacarmıram. Bədahətən yazdığım şeirlərin əksəriyyəti də günlərlə beynimdə gəzişən fikirlər olub, lakin onu sözə düzməyə fürsətim, zamanım olmayıb. Ümumiyyətlə, mənim şeirlərimin yazılma prosesi həftələrlə, bəzən isə aylarla zamanımı alır. Elə şeirim olub ki, onu iki ay müddətinə yazmışam. Bəzən olur ki, bir şeirdə fikrimi tamamlaya bilmirəm, bir neçə gündən sonra beyin siqnal verir və yeni misralar gəlir ağlıma, davamını yazıram. Necə ki lazım olan informasiyanı tapmayanda internetdə axtarışa veririk, insan beyni də o şəkildədir. Yuxarıda qeyd etdiyim kim alqoritmik bir sistemdir beynimiz. İradə beyinə əmri verir və beyin özü həmin materialı tapıb sənə təqdim edir. Mən beynimə müstəqil yaradıcı obraz yükləmişəm ki, onunla dil tapanda keyfiyyətli məhsul əldə etmiş oluram. Dil tapa bilmədiyimiz zamanlarda isə yaradıcılıq prosesi dayanır və bu da müəyyən zaman almış olur. Bəzən həmkarlarım da təəccüb edirlər ki, bir şeir bu qədər zamanı necə alır. İnsana ilham, fikir gəlir və yazır. Lakin məndə bu cür deyil. Mən yazdığım şeiri yaşayaraq, beynimdəki fikirlərlə iradəmin vəhdəti fonunda yazıram. Nəsr əsərlərinin müəyyən zaman alması isə təbiidir. Çünki düşündüyün ideya üzərində çalışmalısan. Bu ideyanın sosioloji, fəlsəfi, psixoloji istiqaməti haqqında, əsərin dili haqqında düşünməlisən. Mən müharibə mövzusunda yazılan romanla ailə-məişət mövzusunda yazılan romanın eyni dildə olması tərəfdarı deyiləm. Hər mövzuda yazılan romanın, hekayənin öz dili olmalıdır. Buna əməl etmək də mənim üçün çox vacibdir. Nəsr əsərlərində də ən çox texniki problem məhz əsərin dilinin, üslubunun seçilməsi zamanı yaşanır. Mən «Tarix və tale» romanını 5 ilə yazıb tamamlamışam. Hazırda bitirdiyim bir romanım var ki, onu da 4 ilə yaxın müddətdə ərsəyə gətirmişəm ki, bu əsərin nəşri də bu il üçün planlaşdırılır. Hətta romanın bəzi hissələri var ki, onu illər öncə, hərbi xidmətdə olduğum zamanlarda yazmışdım. Bu da təxminən 18 il əvvələ təsadüf edir. Lakin roman halına salıb, tam cilalanması isə 4 ilə yekunlaşıb. Bəzi romanlarım da var ki, onların artıq strukturlarını qurmuşam, lakin nə zaman bitirəcəyimi hələ müəyyən etməmişəm.
— Aqşin müəllim, yazdığınız əsərlərdəki obrazları yuxunuzda görmüsünüzmü? Əsərlərinizin sonunu necə bitirməklə bağlı tərəddüdlər yaşamısınızmı?
— Bu cür tərəddüdləri çox az hallarda yaşamışam. Belə deyim, yaxşı bir obrazı sonda öldürüb ya öldürməməkdə qərasız qalmışam və bunun üzərində bir müddət düşünmüşəm. Bu cür hal ilə bağlı bu yaxınlarda Azərbaycana gələn Ali Demirsoy çox maraqlı bir film haqqında danışmışdı.”Filmin qız qəhrəmanı fransız xalqı tərəfindən çox rəğbətlə qarşılanır, sevilir. Filmin sonunda həmin qız öldüyü üçün xalq rejissoru tutub cəzalandırmaq istəyir. Rejissor qaçıb gizlənir. İş o yerə gəlir ki, məsələyə hökümət qarışır və filmi yenidən çəkməsi ilə bağlı rejissora məktub yazılır. Həmin film yenidən çəkilir və sonda qız öldürülmür və rejissor özü də sağ qalmış olur». Əsərlərin gözlənilməz sonluqları ilə bağlı belə maraqlı əhvalatlar çoxdur. Əsərlərimdə bəzi obrazlarım olub ki, əsəri yazan zaman həmin obrazlarla mən əylənmişəm. Mənim əhvalımı yüksəldən, yaxşılaşdıran həmin obraza istədiyim ironik fikirləri yükləyə bilmişəm. Bəzi obrazlar var ki, əsərdə elə şəkildə təsvir olunur ki, onların artıq müəyyən bir kriteriyaları, ölçüləri olur. Oxucu da bunu, təsvir olunan obrazı bütünlüyü ilə qəbul edir. Sənət yazıçının təxəyyülündən keçirdiyi, deformasiyaya uğramış həyat həqiqətləridir. Bu həqiqətlərin nə qədərinin «yaradıcı yalana» bulaşdığını da biz bilmirik. Bizim üçün önəmli olan danışılan yalanın estetik olması, zövqə oxşamasıdır. Böyük ədəbiyyatda, sənətdə bizi heç həqiqət də maraqlandırmır. Ruhumuza oxşayan məqamları həqiqət kimi qəbul edirik. Ona görə də əsərdəki personajları daha azad mühitdən seçməyə çalışıram. Bu zaman onlarla işləmək daha rahat olur. Həmin obrazları istənilən sosial vəziyyətdə təsvir etmək mümkündür. Bu zaman mənim fəaliyyət arealım da geniş olur. Lakin spesifik bir obraz ətrafında roman yazanda enerjinin çoxu həmin obrazın edə biləcəyi və edə bilməyəcəyi nüanslar ətrafında xərclənir. Məhz buna görə də mən obrazlarımı diqqətlə seçirəm. Hətta «Tarix və tale» romanımda əsərin əsas üç qəhrəmanının, ata, ana və oğlun adı yoxdur. Əsərdə söhbət bütünlükdə Azərbaycan obrazının tarixindən və taleyindən gedir. Bu zaman əsəri böyük peşəkarlıqla yazmalısan ki, oxucu üçün əsər qəhrəmansız olmasın, özlüyündə obrazları adlandıra bilsin. Bir növ bunu oxucuların ixtiyarına buraxmış olursan.
— Azərbaycanda mövcud olan mütaliə mədəniyyətindən nə qədər razısınız?
— 10 il bundan əvvəl ilə müqayisə etsək, indiki vəziyyəti yaxşı hesab etmək olar. Ümumiyyətlə, mütaliə yaradılmış mədəniyyətdən yararlanmaqdır deyə düşünürəm. Bunu da daha çox asudə zamanlarda etmək mümkündür. Qədim Yunanıstanda işləməyi, zəhməti təhqir hesab edirdilər. Onların fikrincə, işləmək yalnız kölələrin vəzifəsi idi. Aristokratlar isə evdə oturub daha ali hissləri (musiqi dinləməli, zövqlü yeməklərin dadına baxmalı, arfada ifa etməli və s.) yaşamalıdır. Yüksək təbəqənin insanları «şkoli» adlandırdıqları boş zamanlarında bir araya toplaşıb fəlfəsə ilə məşğul olurdular. Şkolinin əsasında da qədim yunan fəlsəfəsi yarandı. Məhz buna görə də boş vaxt hər bir xalqın ehtiyacı olan mədəniyyətdən istifadə edib yararlanması baxımdan ən mühüm nemətdir. Bütün zamanını zəhmətə xərcləyən xalq mədəniyyət yarada bilməz. Və ya mövcud mədəniyyətdən də istifadə edə bilməz. Çünki onların fikrindəki dünya tamam ayrı bir dünyadır. 90-cı illərdə Azərbaycanda mövcud olan siyasi vəziyyətlə, müharibə şəraiti bağlı olaraq mədəniyyət, fəlsəfə haqqında düşünmək bir mənada «arsızlıq» olardı. Həmin illərdə mütaliə mədəniyyədi, kino mədəniyyəti də təbii olaraq geriləmiş oldu. Son illərdə insanların maddi rifahının yaxşılaşması ilə əlaqədar olaraq boş zamanlarında mütaliəyə zaman ayıra bilirlər. Bu da mütaliə mədəniyyətinin vəziyyətinin yaxşılaşmasına səbəb olur. Birinci Qarabağ müharibəsindən sonra işğal olunmuş ərazilərimizin xarabalıqlara çevrilməsi, orada mövcud olan mədəniyyətimizin məhv olunması, cənnət məkanlarımızın yararsız hala salınması və şanlı qələbədən sonra bütün bunların ağır nəticələrinin aradan qaldırılması zaman və maddiyyat tələb edir. Dövlətimizin bu mənada işğaldan azad olunmuş ərazilərdə yenidən həyatın dirçəldilməsi, infrastrukturun qurulması istiqamətində mühüm işlər görməsi və diqqətin orada olması da böyük mədəniyyətlərin yaranmasına bu və ya digər formada öz təsirini göstərəcəkdi. Bəzən mütaliə mədəniyyəti mövzusunda gəncləri qınamaq istəyəndə, zamanın və texnologiyanın informasiyalaşmış cəmiyyətin əsas alətlərinə çevrilməsi məsələsi göz önünə gəlir. Bu gün gənclərimiz Türkiyədən çatdırılma yolu ilə türk ədəbiyyatları alırlar. Bu bir mənada yaxşı haldır. Ümumən xalqın mütaliə mədəniyətinin zəif olmasında isə mən insanları qınaya bilmərəm. Düşünürəm, müharibə və müsibətlər yaşamış bir xalqı mütaliə etmədiyi üçün bağışlamaq olar. Çünki bunun obyektiv səbəbləri olub. Kitab oxumaq üçün bir növ insanların tarixi fürsəti olmayıb.
— Aqşin müəllim, uşaq ədəbiyyatımız hansı vəziyyətdədir? Bəzən uşaq hekayələrində açıq-saçıq terminlərə, fikirlərə, xarakterlərə rast gəlmək olur. Bununla bağlı fikirləriniz maraqlıdır.
— Ümumiyyətlə, uşaq ədəbiyyatı və uşağa münasibət bizim mədəniyyətimizin nöqsanlı, qüsurlu məsələsidir. Bəzən cəmiyyətimizdə uşaqları insan hesab etmirlər. Sadə bir misalla fikrimi izah etməyə çalışacağam. Yeni tikilən binaların həyətində uşaqlara nə qədər yer ayrılırsa, ədəbiyyatımızda da uşaqlara o qədər diqqət yetirilir. Əslində, şəhərsalmada uşaqlar nəzərə alınmalıdır. Təəssüf ki, Bakıda tikilən binaların 99 faizində həmin ərazilərdə uşaqların da yaşayacağı, doğulacağı ilə bağlı bir düşüncə, element yoxdur. Sanki bu binalar 20 yaş həddindən yuxarı olanlar üçün nəzərdə tutulur. Uşaqların top oynaması, əylənməsi, birlikdə zaman keçirməsi, bir sözlə, sosial mühitin yaradılması üçün heç bir şərait qurulmur. Bu gün uşaq ədədbiyyatımızın zəif olması da bir baxımdan bu kimi məsələlərdən irəli gəlir. Bizim bugünkü mədəniyyətimizdə uşaq bir o qədər əhəmiyyətli hesab olunmur, ona müstəqil fərd kimi yanaşılmır. Ailədə bioloji bağlılıqla əlaqəli uşaqlar sevilir, bəzən onların əyləncəsinin təmin olunması üçün uzun məsafələr də qət edilir. Lakin cəmiyyət olaraq uşaqları düşünən, sevən cəmiyyət deyilik. Yalnız qapalı məkanlarda onların əyləncəsi üçün müəyyən şərait yaradılır ki, bu da həm ödənişli, həm də daimi nəzarət altında olur. Bu cür yerlərdə uşaqların intellektual inkişafını gözləmək olmaz. Bəzən uşaq orada olan əşyalarla fərqli şəkildə oynamaq, onlara yaradıcı yanaşmaq istəsə də, buna nəzaərtçi tərəfindən icazə verilmir. Bununla da uşaq körpə vaxtlarından azad ruhda böyüməyin riskli olduğunu görür. «Olmaz!» sözü ilə tez-tez qarşılaşan uşağın şüuraltında bu bir travma şəklində qalmış olur. Bu cür uşaqlar azad fikir irəli sürməkdə çətinlik çəkir. Uşaq ədəbiyyatımızda mövcud olan nöqsanların mənbəyi də məhz uşaqların sosial mühitinin yanlış olmasındadır. Uşaq yazıçılarının məhsulları isə mühitin doğurduğu nəticədir. Müasir dünyamızda texnologiyanın inkişafı uşaqların yaxşı mənada xeyrinə ola bilər. Əgər ondan doğru və düzgün şəkildə istifadə edilərsə, uşaqlarımız və gələcəyimiz öz inkişaflarını orada tapmış olacaqlar. Bu baxımdan düşünürəm ki, süni zəkanın meydana gəlməsi uşaqların gələcəyi üçün faydalı ola bilər. Bugünkü uşaq ədəbiyyatımızda demək olar ki, heç bir hekayə, mətn indiki uşaqların zəkasına uyğun yazılmır. Hər ailədə uşaqlara texnologiyadan səmərəli istifadənin yollarını öyrətmək lazımdır. Mən övladlarıma da bunu tətbiq edirəm. Süni zəka sayəsində istənilən mövzuda informasiyaya əlçatarlıq mümkündür.
— Aqşin müəllim, texnologiya, süni zəka nə qədər inkişaf etsə də, düşünürəm ki, yazıçılarımızı, şairlərimizi əvəz edə bilməyəcək. Çünki onların insana ötürdüyü hiss və emosiyaları heç bir süni intellekt yaşada bilməz. Bəs sizcə?
— Bəli, razıyam, Günel xanım. Necə ki fotoaparatın meydana gəlməsi rəssamlıq sənətinə marağı azaltmadı, bu mövzuda da yanaşma eyni olacaq. Çünki insan zəkasını, təxəyyülünü heç bir süni zəka əvəz edə bilməz. Çünki orijinallığı yalnız insan yarada bilər. Yazıçı əsərini şahidi olduğu, yaşadığı hadisələrin, təcrübələrinin fonunda ərsəyə gətirir. Bunu süni zəkanın öhdəliyini buraxmalı olsaq, o zaman hər dəfə bazasında olan köhnəliyi yenidən istehsal etmiş olacaq. Lakin mədəniyyət yeni fikir, ideyaların sayəsində inkişaf edir. Bunu da tamlığı ilə insan hiss edib yarada bilər, yeni ideyaya çevirə bilər.
— Dəyərli və qiymətli fikirləriniz üçün sizə minnətdaram, Aqşin müəllim. Həyat və fəaliyyətinizdə daima müvəffəqiyyətlər arzulayıram.
— Məndə sizə, jurnalınızın rəhbərliyinə, əməkdaşlarınıza təşəkkür edir, işlərinizdə uğurlar arzulayıram.
© Əsrin Aydınları jurnalı
Araşdırmaçı Jurnalist: Günel Şəmilzadə
SMM, Fotoqraf: Toğrul Abdullayev