Ana dilimiz milli sərvətimiz, milli kimliyimiz, qorumağa borclu olduğumuz ən böyük dəyərdir. Ana dilimiz bizim ulu babalarımızın gözbəbəyi tək qoruduğu ən ali sərvətdir. Hər bir xalqın milli-mənəvi dəyərlərinin yaradılması və inkişaf etdirilməsində ana dili müstəsna rol oynayır. Dil kimliyimiz, tariximizdir. Doğma Azərbaycan dili də bizim keçmişimiz, bu günümüz və sabahımızdır. Bu gün Azərbaycan dili siyasi müzakirələr, mədəni yığıncaqlar, elmi simpoziumlar, əsrin müqavilələrinin, Zəfər tarixinin dilidir.
Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib. Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan dörd tələbənin öldürülməsi hadisəsini bir daha insanların xatirəsində canlandırır.
Ana dilimizi qorumaq və inkişaf etdirmək hər bir azərbaycanlının müqəddəs borcudur. Dil millətin simasını səciyyələndirən mühüm amillərdən biri, onun milli sərvətidir, dil hər bir xalqın dünəni, bu günü və gələcək salnaməsidir. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Ümummilli lider, ulu öndər Heydər Əliyev dilimiz haqqında demişdir:
«Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir».
Ulu öndər Heydər Əliyev keçən əsrin 60-cı illərinin sonundan Azərbaycan Respublikasına rəhbərlik etməyə başladığı ilk vaxtlardan ana dilinə böyük qayğı və diqqət göstərmişdi. Ötən əsrin 70-ci illərində Azərbaycan dilinin müxtəlif yönlərdən araşdırılması ilə bağlı bir sıra dəyərli elmi-tədqiqat işləri yerinə yetirilmişdi. 1974-cü ildə ali məktəblər üçün hazırlanmış dörd cildlik «Müasir Azərbaycan dili» dərsliyi respublika Dövlət mükafatına layiq görülərək, ölkəmizdə dilçiliyin daha da inkişafı üçün geniş imkanlar yaratmışdı. SSRİ Elmlər Akademiyasının türk dillərinin tədqiqi istiqamətində yeganə elmi orqanı olan «Sovetskaya Türkologiya» jurnalı Bakıda nəşr olunmağa başlamışdı.
Ümummilli lider Heydər Əliyevin ən başlıca missiyası məhz ana dilinin qorunması, onun inkişafı və dünyəvi sferada tanınması idi. Ulu öndər Azərbaycan dilinin daha da zənginləşdirilməsi, dövlət dili statusunun qorunması sahəsində bir-birinin ardınca mühüm əhəmiyyət kəsb edən tədbirlər həyata keçirilməsində, Ana dilində dərsliklərin və kitabların nəşrinin genişləndirilməsi, dilçi alimlərə qayğı göstərilməsinə xüsusilə önəm verirdi.
Sovet dövründə quruluşun müəyyən təzyiqlərinə, diktələrinə baxmayaraq, ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin respublikada dövlət dilinə çevrilməsində əsl fədakarlıq göstərmişdir. Ana dilinin inkişafı ilə əlaqədar ulu öndərin müntəzəm imzaladığı fərman və sərəncamlarda, eləcə də çıxış və məruzələrində, tövsiyələrində vaxtaşırı ortaya çıxan problemlərin həlli vacib sayılırdı. Ulu öndər Heydər Əliyev deyirdi:
«Mən hər yerdə Azərbaycan dilində danışıram. Qoy tərcüməçilər mənim danışdıqlarımı öz dilimdən tərcümə etsinlər». «Mən arzu edərdim ki, Azərbaycan gənci Şekspiri ingilis dilində oxusun, Puşkini rus dilində oxusun, Nizamini, Füzulini, Nəsimini isə Azərbaycan dilində oxusun».
Bütün mütəxəssislər, tədqiqatçılar, ümummilli liderlə birlikdə səfərdə olanlar bir məsələni həmişə tez-tez yada salırlar ki, Heydər Əliyev Azərbaycan dilini təkcə ölkəmizdə, soydaşlarımızın yaşadığı yerlərdə deyil, beynəlxalq dillər mühitində də səsləndirməyi lazım bilirdi.
2001-ci ilin iyunun 18-də «Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında» və 2001-ci il avqustun 9-da «Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında» fərmanlar, daha sonra 2002-ci il sentyabr ayının 30-da 3 fəsil 20 maddədən ibarət «Dövlət dili haqqında» qanunun qəbul edilməsi, 2003-cü ilin yanvarın 2-də isə «Azərbaycan Respublikasında Dövlət dili haqqında» fərmanın imzalanması dahi Öndərimizin dilimizə, milli dəyərlərimizə göstərdiyi qayğının, ehtiramın həssas münasibətin əsl sübutu idi.
Hazırda bu ənənələri Zəfər tariximizin banisi, president cənab İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlətimizin başçısının «Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında» 2004-cü il 12 yanvar tarixli Sərəncamı və bu istiqamətdə görülən digər işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür. Dövlət başçısının 2004-cü il 27 dekabr tarixli Sərəncamına uyğun olaraq Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri kütləvi tirajla nəşr olunaraq ölkədəki bütün kitabxana şəbəkəsinə hədiyyə edilmişdir. Qeyd edək ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 24 avqust 2007-ci il tarixli digər bir Sərəncamı ilə dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində kütləvi şəkildə nəşri də həyata keçirilmişdir.
Dövlətin həyata keçirəcəyi bu mühüm sənəd dilçilik mədəniyyətimizin yeni üfüqlərini naxışlayır. Fəxr edirik ki, dövrlərin ən böyük dövlətlərarası razılaşmaları bu dildə aparılmış, əsrin müqavilələri bu dildə yazılmışdır. İndi bu dildə ən çətin və mürəkkəb fikirləri şərh etmək, saysız hesabsız elmi əsərləri başqa dillərdən asanlıqla tərcümə etmək mümkündür. Ölkə Prezidenti cənab İlham Əliyev öz çıxışlarında daima vurğulamışdır:
«Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməlidir. Bu səbəbdən də onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur».
Bu gün Ana dilimiz bütünləşən Azərbaycan torpaqlarımızın hər qarışına yayılıb. Ali Baş Komandan və rəşadətli Azərbaycan Ordusu Zəfərimizi məhz ana dilimizdə bütün dünyaya çatdırdılar.
«Qarabağ Azərbaycandır!» — kəlməsi bütün dünyaya xalqımızın öz ana dilinə, öz tarixinə, əbədi əzəli dədə baba yurdlarına, öz milli mənəvi dəyərlərini necə sahibləndiyinin, qoruduğunun, Zəfər tariximizin lideri cənab İlham Əliyevin dəmir yumruğu ətrafında necə sıx həmrəy olduğunun sübütudur.
Çalışaq hər zaman dilimizi sevək və qoruyaq! Beynəlxalq Ana dili günümüz mübarək!
Günel Şəmilzadə
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, tədqiqatçı jurnalist, pedaqoq, yazar
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin