Əsrin Aydınları jurnalının dəyərli qonağı İctimai Televiziyanın İctimai-siyasi proqramlar departamentinin direktor müavini, “Diqqət mərkəzi” və “İTV Xəbər - Yekun” verilişlərinin aparıcısı Nigar Sabirqızıdır.
-Nigar xanım, xoş gördük Sizi. Əminəm ki, bugünki müsahibəmiz çox faydalı və maraqlı olacaq.
-Xoş gördük Günel xanım, sizi və oxucularınızı salamlayıram.
-Jurnalımızın oxucularına özünüzü təqdim edərdiniz zəhmət olmasa.
-Bakıda anadan olmuşam. Ailədə 4 uşağıq. Ziyalı ailəsində böyümüşəm. 20 saylı orta məktəbi bitirmişəm. Ali təhsilimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində almışam. İxtisasca sənətşünasam. Amma ixtisasım üzrə heç vaxt işləməmişəm. Uşaqlıqdan arzum aparıcılıq olub. Təhsilimi davam etdirdiyim müddətdə həm də Azərbaycan Radiosunda çalışmışam. Daha sonra fəaliyyətimi İctimai Radioda davam etdirdim. Jurnalistika fəaliyyətim isə 2010-cu ildə İctimai Televiziyadan başlayıb. Artıq 14 ildir fəaliyyətimi televiziya ilə bağlıdır. İlk apardığım veriliş “İqtisadiyyat xəbərləri” və “Carçı” informasiya proqramı olub. Son 5 ildə isə analitik verilişlərin və tok-şouların aparıcısıyam. 2019-cu ildə Prezident İlham Əliyevdən müsahibə alan jurnalistlərdən biriyəm, 2020-ci ildə dövlət başçısının sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüşəm.
- Naliyətlərinizi təbrik edirəm, Nigar xanım qürurvericidir. Təhsil və yaradıcılığınızda ailənizin rolu varmı?
-Demək olar ki, ailəmin təhsil və karyeramda xüsusi rolu olmayıb. Düzünü desəm, bu sahəni seçməyimi istəmirdilər. Anam həkim olmağımı istəyirdi. Atam isə ümumiyyətlə jurnalistika sahəsində çalışmağıma razı deyildi. Sonra çox istəkli olduğumu görüb arzuma qarşı çıxmağa son qoydular. Məndəki o arzunu, istəyi gördükcə seçimi özümə buraxdılar. Bu sahədə fəaliyyətə başlayanda qohumlar, tanışlar arasında bunu birmənalı qarşılamayanlar da oldu. Ailəm isə zamanla uğur qazandığımın şahidi olduqca məni dəstəkləməyə başladı.
-Nigar xanım, necə oldu ki, televiziya sahəsində çalışmağa qərar verdiniz? Arzu, yoxsa tale, qismət...
-Bunu yalnız qismətə bağlamaq doğru olmaz. Çünki insan arzusunda olduğu peşəni seçməlidir ki, uğur qazana bilsin. Jurnalist, daha doğrusu aparıcı olmaq məktəb yaşlarımdan arzusunda olduğum xəyal idi. Hələ 12-13 yaşlarımda əlimə qəzet alıb güzgünün qarşısında oturur və günün proqramını səsləndirirdim. O vaxtın diktorlarını izləyib, onlar kimi olmağa çalışırdım. 8-ci sinifdə oxuyarkən “Azərbaycan dili və ədəbiyyatı”nı tədris edən müəllimimiz “Gələcəkdə hansı peşənin sahibi olmaq istəyirsiz” mövzusunda inşa yazmağı tapşırmışdı. İnşamda “Mən diktor olacam” yazmışdım. İnşa yazısından 5/5 alan yeganə şagird idim. Müəllim mənim bu uğurumu bütün sinfə elan etdi və dedi ki, sən arzuna mütləq çatacaqsan. O arzu məni Azərbaycan Radiosuna gətirdi və aparıcılıqla tanışlığım buradan başladı. Radioda qazandığım təcrübə televiziya fəaliyyətimdə mənə çox yardımçı oldu. Xüsusilə nitq baxımından. Mən həmişə deyirəm ki, yaxşı aparıcının yolu mütləq radiodan keçməlidir. Çünki radio sözün həqiqi mənasında məktəbdir. Amma aparıcının peşəkarlığı yalnız yaxşı nitqlə məhdudlaşmır. Hər gün daha çox oxumaq, hər yerdən, hər şeydən məlumatlı olmaq mütləqdir. Aparıcı gərək öz üzərində çox işləsin. Heç vaxt “mən hər şeyi bilirəm” deməsin. Yüksəlmək üçün daha çox çalışmalısan.
-Aparıcılıq sahəsində ən yaddaqalan xoş xatirələrinizdən varmı, bizimlə bölüşə bilərsinizmi?
-Xoş xatirələr olduqca çoxdur. Mən bir sıra tanınmış şəxslərdən, nazirlərdən, səfirlərdən müsahibələr almışam. Və onların hər biri ilə görüş mənim üçün xüsusi önəm daşıyır. Məsələn, Türkiyə Böyük Millət Məclisinin o vaxtkı sədri Mustafa Şəntop 2021-ci ildə Şuşaya səfəri zamanı İctimai TV-yə eksklüziv müsahibə vermişdi. O müsahibəni mən almışdım. Bu, Mustafa Şəntopla ilkinci görüşümüz idi. Məni görən kimi tanıdı. Bu mənim üçün olduqca xoş təəssürat idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə müsahibəni isə xüsusi vurğulamalıyam. Bu müsahibədən tamamilə fərqli təəssüratlarla ayrılmışdım.
-Radio və televiziyadakı peşəkar fəaliyyətinizi bizimlə bölüşə bilərsinizmi? İstərdim ki, 5 il öncə cəmiyyətin maraq dairəsi və indiki vəziyyətini necə təhlil edərdiniz?
- 5 il öncə ilə bu gün arasında çox fərq var. İstər cəmiyyətdə, istərsə də özümdə. Əgər 5 il əvvəl xəbər aparıcısı idimsə, bu gün təhlil qabiliyyəti tələb edən proqramlar aparıram. 5 il əvvəlki Nigar Sabirqızı ilə bugünkü Nigar Sabirqızı arasında çox böyük fərq görürəm. Bu gün mənim müəllif verilişim, hadisələrə öz yanaşmam var. Zaman keçdikcə artıq hadisələri daha dərindən dərk etməyə, özüm şərh etməyə başladığmı gördüm. Bu isə çox xəbər oxumaq, müxtəlif analitik yazılarla tanış olmaq sayəsində mümkün oldu. 5 il əvvəl insanlara ictimai-siyasi verilişlər də o qədər maraqlı deyildi. 2020-ci il vətən müharibəsindən sonra isə insanlar bu tip proqramlara daha çox baxmağa başladı. Biz anlayırıq ki, izləyici siyasi təhlil istəyir. Nəyin niyə baş verdiyini, proqnozları bilmək istəyir. Bu gün əldə etdiyimiz reytinq nəticələri də dediklərimi təsdiqləyir. Bu isə izləyicinin bizə inamı deməkdir.
-“Televiziya və radio tələbatı” və ya ehtiyacı hazırda necədir? Peşəkar jurnalist olaraq fikirləriniz maraqlıdır.
-Təəssüf ki, bu gün televiziya və radioaya maraq istənilən səviyyədə deyil. Bu gün media sosial şəbəkələr çox uduzur. İnsanlara anında əlindəki telefondan hər şeyi öyrənmək daha asan gəlir. Yəni onlar xəbər almaq üçün saatın tamamını gözləmyə məcbur deyil. İnternetdən dərhal istədiyi hadisədən xəbər tutur. Bu gün bu sahəyə gəlmək istəyənlərin da sayı azalıb. Ən əsası da peşəkarların. Peşəkar jurnalistlər bu sahədən uzaqlaşır. Yəqin ki, bu, həm maddi səbəblərə, həm də mediaya lazımi şəraitin yaradılmamasına bağlıdır. Etiraf edək ki, bu gün mediada naşıların sayı az deyil. Tez-tez müxtəlif universitetlərin jurnalistika fakültəsinin tələbələri ilə ünsiyyətim olur. Təəssüf ki, onların çoxu peşəkar gələcək vəd etmir. Çoxunun adi proseslərdən anlayışı yoxdur, ölkəmizlə bağlı çox məsələdən xəbərsizdirlər. Mən günahı onlarda görmürəm, əlbəttə. İlk növbədə bu fakültələrdə tədris prosesində çox şeyi dəyişmək lazımdır.
-“Uğur” anlayışı sizin üçün nədir?
- İşində birincilər sırasında olmaq, insanların inamını və sevgisini qazanmaq, özünü inkişaf etdirmək, hər il əvvəlkindən daha çox nəyəsə nail olmaq, rəqiblərini böyük fərqlə üstələmək. Bir aparıcı kimi “uğur” anlayışı mənim üçün budur. Bunları heç kim sənə bəxş etmir. Buna özün nasil olmalısan.
-Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevlə olan görüşünüzdən danışmağınızı istərdik. Təəssüratlarınızı bizimlə bölüşərdiniz?
- Bu mənim karyeramın ən unudulmaz hadisəsidir. Sözlə ifadə etmək mümkün deyil. Bu müsahibə mənim üçün gözlənilməz olduğu qədər də qürurverici idi. O ana qədər inana bilmirdim ki, cənab Prezidentdən məhz mən müsahibə alacam. Olduqca həyəcanlı idim. Amma dövlət başçısı ilə müsahibə başlayanda yavaş-yavaş o həyəcan keçdi. Prezident İlham Əliyev olduqca səmimi, yüksək natiqliq bacarığı olan şəxsdir. 3 saata yaxın müsahibə zamanı Cənab Prezidentin bu xüsusiyyəti, xüsusilə suallara möhtəşəm cavabları məni heyran etmişdi.
- Əslən Kəlbəcərdənsiniz. Bu gün Şuşa, Ağdam, Qubadlı və digər rayonlarımız kimi Kəlbəcər də azaddır. Kəlbəcər deyəndə gözünüzün önündə nələr canlanır?
-Mənim atam əslən Kəlbəcərdən idi. Məktəb illərimdə bütün yay tətillərim məhz Kəlbəcərdə keçib. Birinci Qarabağ müharibəsindən sonra Kəlbəcər həyatı bizim xatirələrimizə çevrilmişdi. Kəlbəcər işğal edildikdən sonra mən illərlə atamın necə doğma torpağın həsrətini çəkdiyini müşahidə edirdim. O, Kəlbəcərə vurğun idi və onun xiffətini çox çəkirdi. Yuxularında görürdü, Kəlbəcərə şeirlər yazırdı. Yenidən görməyi arzulayırdı. Amma təəəsüf ki, görə bilmədi. Bu gün atam həyatda deyil. Amma bilirəm ki, cismən gedə bilmədiyi Kəlbəcərə ruhən gedib, o torpaqları görə bilib. Mən hələ Kəlbəcəri yenidən görə bilməmişəm. Amma inanıram ki, yaxın zamanda bu arzum da reallaşacaq. Təbii ki, Kəlbəcər deyəndə uşaqlığımı xatırlayıram. Mən daha çox Kəlbəcərin Nadirxanlı kəndində olmuşam. Uşaq vaxtı gördüyüm Kəlbəcəri xatırlayanda gözümün önünə dolanbac yollar, gur Tərtər çayı, uca sıldırımı qayalar, sıx meşəli dağlar və əlbəttə ki, evimiz, geniş bağımız gəlir. Xoş günlərimiz keçib o diyarda. Bəlkə uşaq vaxtı Kəlbəcərin gözəlliyinin, əsrarəngiz təbiətinin fərqinə varmamışam. İndi o gözəlliyi yenidən görməyi arzulayıram.
-Gənclərimizə tövsiyələriniz və arzularınız…
-Öyrənməyə meyilli olsunlar. Nəyisə bilməyəndə özündən böyük və təcrübəli insanlardan soruşsunlar. Bilməmək ayıb deyil, öyrənməmək ayıbdır. Özlərindən heç vaxt razı olmasınlar. Daim mütaliə etsinlər, xəbər oxusunlar, prosesləri izləsinlər. Hər şeydən xəbərdar olmaq dünyagörüşü üçün olduqca vacibdir. Bir şeyi yadda saxlamaq lazımdır ki, həyat mübarizədir. Heç nə asan və bir anda əldə edilmir. Qarşınıza çox manelər, çətinliklər çıxacaq. Bunlar sizi yolunuzdan döndərməsin. İnanın ki, bütün çətinliklərdən sonra mütləq uğur gəlir. Nə olursa-olsun, yalnız və yalnız işinizi, peşənizi sevin. Çünki hər şeyin başlanğıcı sevgidir.
- Nigar xanım, maraqlı müsahibəmiz üçün sizə təşəkkür edir və gələcək işlərinizdə daima müvəffəqiyyətlər arzulayıram.
- Məndə jurnalınıza və kollektivinizə ilk növbədə uğurlar arzulayıram. Oxucunuz bol olsun deyirəm. Jurnalınız vasitəsilə insanlara özümü daha yaxından tanıtmaq fürsəti yaratdığınız üçün təşəkkür edirəm. Ümid edirəm ki, mənimlə müsahibə oxucularınızın marağına səbəb olacaq. Bundan sonrakı müsahiblərinizlə söhbətlərin də onların maraq dairəsində olacağına inanram.
© Əsrin Aydınları jurnalı
Araşdırmaçı Jurnalist: Günel Şəmilzadə
SMM, Fotoqraf: Toğrul Abdullayev