«Əsrin Aydınları» jurnalının bugünki dəyərli qonağı Əməkdar jurnalist, tanınmış yazıçı-publisist, Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədri, Beynəlxalq Yazıçılar Gildiyasının («İGOW Berlin», Almaniya), PEN klubun («PEN İnternational», İngiltərə) üzvü, Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru Varis Yolçuyevdir.
Salam, xoş gördük Varis müəllim. Ümidvaram bugün oxucularımızın marağında olan bir çox suallara aydınlıq gətirəcəyik. Müsahibəmizə ənənəvi sualımızla başlamaq istərdim. Özünüzü oxucularımıza necə təqdim edərsiniz?
— Mən oxuculara hər zaman özümü roman yazan bir yazıçı kimi təqdim edirəm. Yaradıcılığımın ilk illərində bəzən mənə oxucuların ardınca getdiyim üçün irad tutulurdu. Mənim bu məsələyə yanaşmam bir az fərqlidir. Düşünürəm, öncə yazıçı oxucuların ardınca getməli, fikirlərini öyrənməli, daha sonra oxucular öz yazıçılarını izləməlidirlər. İlk olaraq yazıçı kimi bir imzan olmalıdır ki, oxucu kütləsini də arxanca apara biləsən.
— Yazıçı kütləsini öz arxasıyca aparmaq üçün əsərdə nələrə diqqət etməlidir?
— Yazıçı əsərini oxucu üçün ərsəyə gətirir. Yazıçı yazdığı əsərdə həm maarifləndirmə məsələsinə, həm vətənpərvərliyin təbliğinə toxunmalı, oxucularının qeydinə qalmağı bacarmalıdır. Ümumiyyətlə, ədəbiyyatın kökündə yazıçının oxucuya verdiyi mesaj dayanır. Yazıçı kimi mən heç zaman dedektiv ədəbiyyat oxumuram. Düşünürəm, 500-600 səhifəlik bir kitabda hadisələr yalnız bir nəfərin ətrafında, qətli törədənin ətrafında cərəyan edir. Sonda da məlum olur ki qatil elə ən yaxını imiş. Mənə bu motivdə olan əsərlər cəlbedici gəlmir. Oxucuya təqdim edilən əsərdə tərbiyələndirmə məqamına xüsusi diqqət yetirmək lazımdır.
— Oxucularınızla bağlı hansı maraqlı hadisəni bizimlə bölüşmək istərdiniz?
— Yaradıcılığımın ilk illərində oxucu rəylərini toplamağa başlamışdım. Bunu tanınmış bir yazıçı olduğum üçün deyil, hədəfimə çatmaq üçün edirdim. Bu günə kimi dünyada heç bir yazıçı hələ oxucu rəylərini toplamamışdı. 100 min rəy toplamağı düşünmüşdüm. Lakin 25 min rəy topladıqdan sonra bunun əslində çətin olduğunun fərqinə vardım. Otağımda da çox yer tuturdu. Demək olar ki, otağın bir hissəsi məhz oxucu rəylərinin toplandığı papkalardan ibarət idi. Bu işi davam etmədiyim üçün sonralar peşman oldum. Mənə hər zaman deyirdilər ki, onsuz da oxucu yoxdur, kitab oxuyan yoxdur. Mən 10 min tirajla çap olunan kitabımla sübut etdim ki, oxucu var, sadəcə kitab magazası, oxunaqlı kitab yoxdur. Düşündüm ki, bu sahəni də ayağa qaldırmaq lazımdır. 15-16 il bundan öncə Bakı şəhərində cəmi 2 kitab mağazası var idi. İndi şükürlər olsun ki, həm kitab mağazalarının həm də oxucuların sayı artıb. Bügünkü gündə yaxşı kitab çıxarmaq, böyük tirajla oxucuya çatdırmaq, satışını təşkil etmək çox məsulliyyətli bir işdir. Bu çətin, bir o qədər də qürurverici işi öz öhdəmə götürdüm. Mənə elə gəlir ki, həftə 7 gün deyil, 6 gündür, bir sutka 24 saat deyil, 21-22 saatdır, ay 30-31 gün deyil, 25 gündür. Hər şey o qədər tez cərəyan edir ki, heç nəyi çatdıra bilmirəm. Çox böyük layihələrə qoşulmuşam. Bəzən düşünürsən ki, ömür o qədər qısadır ki, öhdəliyində olan böyük işləri çatdıra bilməyəcəksən. Lakin mübarizəyə yenə davam edirsən.
— Uğurlu və ya sizə uğur gətirən işlərinizdən danışaq…
— Ötən 2023-cü il mənim üçün çox uğurlu oldu. Azərbaycan Ədəbiyyat Fonduna baş direktor təyin olundum. Yeni kitabım işıq üzü gördü. Bir il yarımlıq fasilədən sonra Azərbaycanda çıxan ilk kitabım oldu. Kifayət qədər də uğurlu kitab oldu. 1893-1993 illəri əhatə edən məsələlərin həllinə yönəlmiş bir roman idi. Bu əsərlə 1915-ci ildə qondarma erməni soyqırımının yalanlarının üzə çıxması ilə bağlı böyük işlər görülmüş oldu. Nə xoş mənə ki, bu kitabı yazan zaman İstanbulda Britaniya Konsulluğundakı materiallardan istifadə etmək imkanım yarandı. Kitabda hadisələrlə bağlı bütün faktlar qeyd olunub. Universitetdə müəllimim olmuş xalq yazıçısı Kamal Abdullanın ön sözü ilə bu romanın bir hissəsi Azərbaycan qəzetində çıxdı. Kitab tam şəkildə ilk olaraq Türkiyədə çap olundu. Bu günlərdə daha bir xoş xəbər var ki, bunu hələ mediaya açıqlamamışam. Amerikanin ən böyük platformalarını bir yerdə cəmləyən «media və ədəbiyyat» platforması son 5 ildə Rusiya nəşriyyatlarından çıxmış 19 yazıçının əsərlərini öz platformalarında yaymağı planlaşdırıblar. Onların arasında yeganə azərbaycanlı yazıçı mənəm. Bildiyiniz kimi Qarabağ müharibəsi dövründə Moskvada əsərləri nəşriyyat hesabına çıxan ilk azərbaycanlı müəllif mən olmuşam. Əsərin adı dörd dostun baş hərfindən ibarət olan «AMİN”dir. Bu əsərin ərsəyə gəlməsində iki dost birlikdə hərəmizin bir əsərini birləşdirib roman halına gətirdik. Əsər həmin nəşriyyat müdürünün o qədər xoşuna gəlmişdi. Məhz bunlara görə deyə bilərəm ki, bu il mənim üçün çox uğurlu oldu. Eyni zamanda Azərbaycan incəsənət portalını da idarə edirəm. Bu kimi fəliyyətlərimə görə ilin yekunlarına dair tədbirdə mükafata da layiq görüldüm. Əfsuslar ki, bəzən çox işi çatdırmaq olmur. Bir işi yarıda qoyub digərinə keçməli olursan. Həm ictimai fəaliyyət, həm iş fəaliyyəti zaman baxımdan müəyyən çətinliklər yaradır. Beynəlxalq platformalarda Azərbaycanı təmsil etmək üçün bir neçə layihəyə başlamışıq. İnşallah onları da təqdim edəcəyik. Çox xoşbəxtəm ki, böyük oxucu auditoriyam var. Yazıçı üçün ən böyük uğur məhz onun oxucusudur. Nə xoş mənə ki, 5 nəfərdən ən azı biri məni tanıyır və əsərlərimi oxuyur. Bilirsiniz, Azərbaycanda bizdən əvvəlki nəsildən çox az tanınmışlar olub. Günümüzdə əsərləri ilə aktuallıqlarını qoruyub saxlayan Anar, Çingiz Abdullayev, Ramiz Rövşən kimi yazıçılarımız var. Lakin müəyyən zaman kəsiyində bir müddət ədəbiyyatımızda boşluq yarandı. Daha sonra bizim dövrün yazıçıları tanınmağa başladı. Bəzən insanlar divarlardan asılan tablolar kimi müəyyən çərçivədə hərəkət edirlər. Lakin mən hər zaman o çərçivənin içərisindən çıxmaq istəmişəm. Düzdür, insan bəzən həyatın ritminə uyğunlaşmalıdır. Zaman və məkan kateqoriyalarından kənarda insan mövcud deyil.
— Günümüzdə hekayə qurmaq süni intelektlə daha da asanlaşıb, bəs siz necə düşünürsünüz?
— Süni intellektin bütün sahələr üzrə tətbiqi günümüzün ən aktual məsələlərindəndir. Bir müddət sonra bəlkə əsərlər, romanlar yazılaaq, filmlər çəkiləcək. Süni intellekt o qədər inkişaf edib ki, artıq fotoqrafiyanı, rəssamlığı demək olar ki, əlinə alıb. Bilmək olmaz bəlkə bir müddət sonra əsərlər də ərsəyə gətirər.
— Varis müəllim, düşünürəm əsər yazmaq üçün hissiyyat çox önəmlidir. Yazıçı hadisələri, əsərinin qəhrəmanlarını bütün varlığı ilə duya bilir. Mövzunu oxuculara ötürmək üçün müəyyən emosiyalar olmalıdır.
— Bəli, Günel xanım, süni intellekt ədəbiyyat sahəsində yalnız tarixi əsərlər yaza bilər. Lakin digər mövzularda olan ədəbiyyatı yalnız insan ruhu ərsəyə gətirə bilər. Azərbaycanda yeganə yazıçıyam ki, dram əsərləri yazıram. Bəzən mənim dramlarıma sentimental da deyirlər. Lakin mən elə deməzdim. Süni intellekt heç vaxt sevgi haqqında yaza bilməz. Sevgi ürəyin, hissiyyatın məhsuludur. Mənə elə gəlir ki, mənim janrıma hər zaman ehtiyac olacaq və bu istiqamətdə əsərlər yazılacaq, mən də həmçinin yazacam.
— Sizin əsərlərinizin əsas sujet xətti insan həyatıdır. Və insan həyatı da hər zaman maraqlı olur oxuculara. Bir oxucu kimi deyə bilərəm ki, siz elə bir üslubdan istifadə edirsiniz ki, oxucuya mesaj ötürürsünüz və oxucu aylarla onun təsirindən çıxa bilmir.
— Maraqlıdır ki, romanlarınızın hansısa qəhrəmanı yuxunuza giribmi?
-Romanlarımın deyil, filmlə bağlı belə bir hadisə baş verib. Film çəkməyi planlayırdım. Demək olar ki, yuxumda da həmin film davam edirdi. İnanıram ki, bu il mən o filmi çəkəcəm.
— Varis müəllim, məqsəd və planlarınızın neçə faizini reallaşdıra bilmisiniz?
— Mən ilk olaraq jurnalistikaya gələndə, qarşıma məqsəd qoymuşdum ki, «168 saat» qəzetini bir nömrə edəcəm. Eyni ilə çalışdığım televiziya kanalını da nömrə bir etdim. Bir romanla məşhur olacağımı da demişdim. Elə də oldu. «Sonuncu ölən ümidlərdir» kitabım həmin o ilk romanım idi. Biz həmin kitabın 7-ci nəşrini təkrar çıxardıq. Sayca bəlkə də 15-ci nəşrini çıxarmış olardıq bu zamana kimi. Nəzərə alsaq ki, 2015-ci ildən bəri bu kitab nəşr olunmurdu. Bu əsərim Azərbaycanda ən çox satılan kitab elan olunmuşdu. Demək olmaz ki, mən sırf azərbaycanlı oxucunun nəbzini tutmuşam, bununla razı deyiləm. 2016-cı ildə Nyu-Yorkda Dünya Yazıçıları Konqresində bizə qızıl qaydaları keçdilər. »Metamarfoz» romanında qəhrəmanımın konkret milliyəti yoxdur. Bu roman dünyanın istənilən coğrafi məkanında sevilə bilər. Bizə hər zaman onu təbliğ edirdilər ki, elə əsər yazın ki, onun sərhədi olmasın. Mən yazmış olduğum bu romanımla fəxr edirəm. Bu romanın hətta medala da layiq görülüb. Türkəyədə «Son məktub» romanım 75 min romanın içində 52-ci yerə çıxmışdı. Ötən il Özbəkistanda ən çox satılan kitablar arasında birinci yerdə Rəşad Nuri Güntəkin, 2-ci yerdə isə mənim kitabım olmuşdu. Ona görə əsər yazan zaman çərçivədən çıxıb yazmaq lazımdır. Misirdə İsgəndəriyyə Universitetindən mənə bir tələbə yazmışdı. «Sənə inanıram romanını oxuyub o qədər təsirlənmişdi ki, ingilis dilində tələbələrə də tərcümə edirmiş. Türkiyədə bir xanım rahat oxuya bilməsi üçün bu kitabı tərcümə etdirmişdi. Ədəbiyyatın milləti və sərhədi yoxdur. Oxucu əsərdə özünü görməlidir. Düşünürəm ki, uğurlu məqsəd və hədəflərimin çox faizini reallaşdırmışam.
— Varis müəllim, ən çox yadda qalan uşaqlıq xatirələrinizdən danışa bilərsiniz?
— Uşaqlıq xatirələrim çox maraqlıdır. Kiçik yaşlarımdan kitablar oxuyurdum. Evimizdə kitabxanamız da var idi. Yəni o kitablar hər zaman oyuncaq olub mənim üçün. Bir dəfə anam iş yerindən böyük bir kitabça gətirmişdi. Onu kəsib özüm üçün kiçik kitab düzəltmişdim. Hətta üzərinə də «Varisin kitabı» yazmışdım. «İlk kitabım» üçün titul vərəqi də hazırlamışdım. Maraqlısı odur ki, içərisinə pyeslər, romanlar, əsərlər, hətta felyetonlar sözlərini yazmışdım. Sonralar ona baxanda özümə də gülməli gəlirdi ki, felyetonlar sözünü də yazmışam. (Red: gülür) Məqsəd o idi ki, böyüyəndə mən məşhur olacam. Yaxşı rəsm əsərləri də çəkirdim. Ümumiyyətlə, insanın universal olmağı çox gözəl bir şeydir. 1-ci sinifdə oxuyanda portret çəkmişdim. Uşaqlıq illərimdə çox gözəl xatirələrim olub. Yadımdadır, atam məni tez-tez məşhur yazıçılarla görüşlərə aparırdı. Nəriman Həsənzadə, Bəxtiyar Vahabzadə, Cabir Novruz, Əzizə Cəfərzadə ilə görüşmüşəm. Uşaqlıqdan ədəbi mühitin içində olmuşam. Ona görə rəssamlıqdan daha çox məşhur yazıçı olmaq istəyirdim, bir tərəfdən də idmana da marağım var idi. Sinifdə bəzən şeirlər yazırdım. Qızlar üçün pulsuz, oğlanlar üçün pullla. O vaxtdan biznezlə məşğul olmuşam. (Red: gülür) Uşaqlıq xatirələrimdən biri də balıq tutmaqla bağlı olub. Biz o vaxt Sumqayıtda yaşayırdıq. Bir qrup uşaqla balığa getdik və iri bir balıq tutmuşduq. Hətta məhləmizdəki bir uşaqla balığın kimə çatacağı ilə bağlı mübahisəmiz də olmuşdu. Qol gücünə o balığı götürmüşdü. Lakin mən istəyimdən geri dönməmişdim, balıq üstündə mübarizəmi davam etmişdim. Əslində, bu gənclərə bir tövsiyyə ola bilər ki, hədəflərinin sonuna kimi getsinlər. Tez geri çəkilməsinlər. Uşaqlıq xatirələrimin arasında ilk sevgim də var. 7-ci sinifdə oxuyan zaman ilk sevgimi yaşamışdım. Burdan əslində gənclərə səslənmək istəyirəm ki, sevgilərini etiraf etməkdə çəkinməsinlər. Fərqi yoxdur ilk addım qız ya oğlan tərəfindən olacaq. Bəzən olur ki, sevgi qarşılıqsız qalır. Bunu da normal qarşılamaq lazımdır. Bəzən insanın fikrində, xəyalında qurduğu bir sevgi obrazı olur və onun axtarışına çıxır.
-Varis müəllim, sevgi romanlarınızın neçə faizi həqiqətə əsaslanır?
-Bilirsiniz Günel xanım, real həyatda baş verənləri onsuz da hər kəs görür və xəbərdar olur. Bəzən olmuş hadisələri qələmə alıb: «Mən əsər yazdım», — deyirlər. Sıravi insanın görmədiyi bir şeyi təqdim etmək lazımdır. Bu yalnız bədii ədəbiyyatda deyil, musiqidə də, rəssamlıqda da, incəsənətin digər qollarında da bu şəkildə olmalıdır. Necə ki, yüz illər keçməsinə baxmayaraq «Xəmsə» hələ də aktuallığını və mövzu marağını saxlayıb və ya Üzeyir Hacıbəylinin əsərləri günümüzdə də şah əsərlər hesab olunur və s. Bədii əsərlərdə bir obraz bütövləşmiş formada yaradılmalıdır. Yazıçı bu obraz ilə həm öz mesajını, həm cəmiyyətin mesajını ötürməyi bacarmalıdır. Bəzən 6-7 obrazın xüsusiyyətlərini bir qəhrəmanın üzərində cəmləyirlər. Bu günə qədər yaratdığım obrazlardan yalnız birində bir insanın başına gələn hadisələri cəmləmişəm. Bəzən oxucularım deyir ki, ən gözəl uydurma obrazınızı yaratmısınız. Əksinə, həmin obraz real insanın başına gələn hadisələri yaşamışdı. Əslində, real insanın taleyi bir bədii əsərə sığmır. Əsərin oxucular tərəfindən maraqla qarşılanması üçün əsərdə bir neçə obrazın taleyi təsvir edilməlidir.
— İstedad, uğur və mühit: sizə görə bu anlayışlar bir-birinə nə dərəcədə bağlıdırlar?
— Çox zaman belə bir fikir olur ki, istedadı olan birinə heç nə lazım deyil. Lakin bu obyektiv yanaşma deyil. İstedadla yanaşı, insanın parlaması üçün onun savadı, təhsili də olmalıdır. Mühit də çox önəmli bir faktordur. Mənim belə bir aforizmim var: «Özünün ən güclü zərbələrini yaşadığın zamanın ən zəif məqamına saxla». Tarixi keçmişə nəzər salsaq, bunu daha aydın görmüş olarıq. Ən böyük inqilablar, çevrilişlər, yeniliklər məhz cəmiyyətin zəif məqamında həyata keçirilib. Ədəbiyyatşünaslıqda dünyagörüşü də çox önəmlidir. Bədii əsər yazmaq, roman yazmaq bir baxımdan riyazi düsturdur. Əsəri yazmağa başladığın an beyində formalaşan ideya və mövzu sona kimi eyni qalmır. Gedişata uyğun olaraq bu dəfələrlə dəyişə bilər. Güclü əsər ərsəyə gətirmək üçün də ustad dərsləri almaq mütləqdir. Mən çox xoşbəxtəm ki, mənim ustadım İsmayıl Şıxlı olub. İnsanın mütləq şəkildə düzgün yol göstərəni olmalıdır. Bu baxımdan mən çox şanslıyam.
— Son zamanlar motivasiya, özünə inamla bağlı çoxlu kitablar yazılır və kifayət qədər də oxucu sayı var. Bu tipli ədəbiyyata maraq olduqca böyükdür. Sizcə bunun kökündə dayanan əsas səbəb nədir?
— Çox az insan minillikdən minilliyə keçir. Təbii ki, bir əsrdən digərinə daha çox insanın keçmək ehtimalı var. Biz minilliyin dəyişməsini görən insanlarıq. Keçdiyimiz minillik ən ağır inqilabları, çevrilişləri, müharibələri, sunamiləri, epidemiyaları özündə cəmləşdirib. Günümüzdə qlobal istiliklərin olması, bəzi coğrafi məkanlarda insan sayının sürətli artımı istər- istəməz insanlığa bu və ya digər formada öz təsirini göstərir. 90-cı illərdə televiziyalarda yalnız əsas xəbərlər verilirdi. Təbii fəlakətlər, qəzalar, zəlzələlər haqqında heç bir məlumat verilmirdi. Lakin bu gün dünyada baş verən bütün hadisələr hər kəs üçün açıqdır. İstər cinayət xəbərləri, istər qəza, müharibə, bahalaşma və s. xəbərlər insanların şüuruna yerləşir. Bu gün xəstəliklərin artması, boşanmaların artması, fiziki qüsurlu uşaqların daha çox dünyaya gəlməsində yuxarıda sadaladığım xəbərlərdən yaranan stresin rolu var. Məhz ona görə də günümüzün insanı nikbin deyil, bədbin insandır. Bu gün incəsənətdə şərin xeyir üzərində qələbəsini təntənə edən bir cərəyan var. Təəssüf ki, bu artıq filmlərə də siraət edib. Bu gün dünyada öz kino trendini yaradan bir neçə ölkə var ki, bunlardan Türkiyə, İran, Rusiya və Şimali Koreya ön sıradadır. Çəkilən filmlərin çoxunda sonda şərin qələbəsi qeyd olunur. Bu da insanlarda müəyyən mənada bədbinlik yaradır. Bütün bunları nəzərə alaraq, mədəniyyətin üzərinə də çox böyük missiya düşür. Bugünkü insanlar robotlaşan insanlardır. Onlar daha çox və maraqlı informasiya axtarışındadırlar. Artıq təbiətin tərənnümü onlar üçün maraqlı deyil. Getdikcə insan texniki varlığa çevrilir. Günümüzün insanları teatra getmirlər. Bu gün dünya statistikasında da ən çox oxunan məhz motivasiya ədəbiyyatıdır. Əslində bu mövzuda kitablar hər zaman oxunub və burada pis bir hal yoxdur. Lakin bədii ədəbiyyat ruhun əsas qidasıdır. Ruhu ac olan insan zamanla robotlaşır. İnsani keyfiyyətlərini itirir. İnsanı digər canlılardan fərqləndirən əsas nüans məhz onun duyğusallığıdır, hissiyyatıdır. Bunları itirməməyə çalışmalıyıq.
— Varis müəllim, maraqlı müsahibə üçün sizə təşəkkür edir, həyat və yaradıcılığınızda daima uğurlar arzulayıram.
— Məndə sizə təşəkkür edir, jurnalınızın bütün kollektivinə hər zaman peşəkarlıq arzu edirəm. Xəbərləri doğru və qərəzsiz şəkildə işləməyi arzu edirəm. Uğurlar!
© Əsrin Aydınları jurnalı
Tədqiqatçı Jurnalist: Günel Şəmilzadə
SMM, fotograf: Toğrul Abdullayev