«Əsrin Aydınları» jurnalının dəyərli qonağı Millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru, 3-cü dərəcəli Vətənə xidmətə görə ordenilə təltif olunmuş hörmətli Aydın Mirzəzadədir.
— Salam, xoş gördük, hörmətli Aydın müəllim. Sizi bugün jurnalımızın qonağı olaraq görməkdən çox şadam, əminəm ki, bugünki müsahibəmiz maraqlı və faydalı olacaqdır.
— Hər birinizi salamlayır, sizə və oxucularınıza uğurlar arzu edirəm, Günel xanım.
— İnsan həyatında xatirələr mühüm yer tutur. Mən istəyərdim ki, siz məhz uşaqlıq xatirələrinizdən, gənclik xatirələrinizdən, doğulub boya-başa çatdığınız mühit, ailə və təhsiliniz barədə bizə və oxucularımıza danışasınız.
— Xatirələr çoxdur. Yaşadığım dövrün mənim həyatımda ayrı yeri var. Zəhmətkeş ailədə böyümüşəm. Atam ziyalı olub amma həyatın müəyyən dövrlərində müxtəlif peşə sahələrində də işləyib. Anam valideynləri tez dünyasını dəyişdiyinə görə məktəbə gedə bilməyib. Oxuyub-yaza bilmirdi. Amma onda genetik gələn bir müdriklik var idi. Baxmayaraq atam ali təhsilli idi, lakin anamla aralarında harmoniya var idi. Və bu da ailə ocağının qurulmasında, uşaqların düzgün tərbiyə olunmasında öz töhfəsini verib. Bunun nəticəsidir ki, biz hamımız təhsil aldıq, hər birimizin xoşbəxt ailəsi var, hamımız ata evini bu gün də xatırlayırıq. Gözümü açandan evimizdə həmişə dəyərlərdən, böyüyə, kiçiyə hörmətdən, tariximizin ayrı-ayrı səhifələrini bilməyin vacibliyindən danışılıb. Evimizdə kiçik də olsa kitabxana var idi. Eyni zamanda nənə və babamın tərbiyəvi söhbətləri, məsləhətləri də universitet təhsilinə bərabər idi. Həmçinin, evdə hər bir uşağın vəzifəsi var idi. Böyüklər kiçiklərə qayğı göstərirdilər. Kiçiklər böyük qayğısı görürdülər. Bir-birimizin uğuruna hamımız sevinirdik. Təhsil bizim üçün çox önəmli faktor sayılırdı. Orta məktəbi bitirəndən sonra hər birimiz təhsil almağa can atdıq. Altı bacı-qardaşdan dördünün ali təhsili var. İkisi isə kollec təhsillidir. Bacı-qardaşlarımın on beş nəvəsi var. Hamısı da ali təhsillidir. Ailə üçbucağında götürsək, on doqquz nəfərin pedaqoji təhsili var. Onların içərisindən doqquzu hələ də pedaqoq olaraq işləyir. Mən də həmçinin. Orta məktəb də xatirəmdə çox isti izlər buraxıb. Çox yaxşı müəllimlərim olub, onlar bizə yalnız fənn öyrətmir, eyni zamanda həyat dərsi də keçirdilər. Mən indiyə qədər riyaziyyat müəllimim Musa müəllim, ədəbiyyat müəllimim Firuzə müəllim, fizika müəllimim Nəzakət müəllim, kimya-biologiya müəllimim Gülsabah müəllim, tarix müəllimim Firuzə müəllimi çox böyük hörmətlə xatırlayıram. Maraqlısı budur ki, Musa müəllimin oğluna universitetdə mən dərs demişəm, hal-hazırda isə Qərbi Kaspi Universitetində Firuzə müəllimin nəvəsinə dərs deyirəm. Həyatın incəliyinə baxın. Məktəbdə elmə, biliyə, həvəs, dəyərlərə bağlılıq var idi. Birinci ali məktəbim Azərbaycan Memarlıq və İnşaat Universiteti olub. İndiki rektor Gülçöhrə Məmmədova ilə təxminən bir dövrdə tələbə olmuşuq. Çox fəal, bilikli, məsuliyyətli bir tələbə idi. İndiyə qədər tələbəlikdən gələn xoş, səmimi münasibətlərimiz var. Həmişə universitet tədbirlərinə böyük həvəslə gedirəm. «İnşaat mühəndisliyi» ixtisası seçməyimin əsas səbəbi bu sahəyə olan marağım idi. Çox gözəl və möhtəşəm müəllimlərim olub. Zərgərli, Muradxanov, Şamanbəyov bunlardandır. Siz fikir verin, hər soyadda əzəmət, tarixilik var. Tələbə yoldaşlarımız ilə çox yaxşı münasibətimiz olub. Onlarla vaxtaşırı görüşürük. Onlardan şəhid olan da var. Mingəçevirdə Dövlət Rayon Elektrik Stansiyasının tikintisində çalışmışam. Orada çox böyük dostlar qazanmışam. Bu bir həyat məktəbi idi. 1990-cı illərdə çox ciddi şəkildə siyasi fəaliyyətə qoşuldum. YAP-ın yeni təşkilatının yaranmasında iştirak etdim. 1993-cü ildə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısına köməkçi, sonra müavin işinə dəvət etdilər. 4 il orada çalışdım. Eyni zamanda, YAP təşkilatının sədri oldum. Təşkilatımızı böyütdük. İnsanlarla siyasi iş apardıq və mən o işi də xoş xatirələrlə xatırlayıram. 1997-ci ildə məni prezident aparatının İctimai seçki şöbəsinə müdür vəzifəsinə təyin etdilər. 2000-ci ildən isə doğulduğum və işlədiyim Mingəçevir şəhərindən Milli Məclisin deputatıyam. Həmişə seçicilərlə əlaqə saxlayıram. Onların problemlərini həll etməyə çalışıram. Eyni zamanda, deputat kimi YAP üzvü olaraq ictimai-siyasi proseslərdə iştirak etməyə çalışıram. Xüsusilə də şəhid ailələri ilə görüşü özüm üçün vacib hesab edirəm. Bunlarla yanaşı, pedaqoji fəaliyyətlə də məşğulam. Müxtəlif universitetlərdə dərs demişəm. Hal-hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosentiyəm, həm də Qərbi Kaspi Universitetində dərs deyirəm. 29 illik pedaqoji təcrübəm var. İndiyə qədər 3050 tələbəm olub. Molla Vəli Vidadinin birbaşa nəslindən olan qıza dərs demişəm, hal-hazırda isə M.Ə.Sabirin qardaşının nəticəsinə dərs deyirəm. Qızın soyadı Tahirzadədir. Çox savadlı, tərbiyəli, qabiliyyətli gənclərimiz var. Onlarla işləmək xoşdur.
— Hörmətli Aydın müəllim, bildiyimizə görə özünüzə məxsus dərs keçmə metodunuz var.
— Bəli, Günel xanım, mənim dərs keçmə metodum fərqlidir. Mən hava xoş olanda dərslərimi adətən çöldə keçirəm. Bundan əlavə məndə mühazirə və məşğələ dərsləri ayrı olur. İndiyə qədər dərs keçdiyim tələbələrdən biri də mənim fənnimdən kəsilməyib. Tələbələr imtahan verəndə çox narahat oluram, bütün fikrim onların yanında olur. Mənə çox xoşdur ki, 30 il ərzində dərs dediyim tələbələrdən heç biri kəsilməyib. Keçən dəfə Elmlər Akademiyası metrosunun yanında cavan bir oölan mənə yaxınlaşıb bildirdi ki, onun müəllimi olmuşam. Açığı o mənim yadımdan çıxmışdı. Hal-hazırda Saatlı rayonunun bir kəndində dil ədəbiyyat müəllimi olaraq işləyir. Oxuduğu qrupdan bir neçə nəfərin adını çəkəndən sonra onu xatırladım.
— Aydın müəllim, sizin kitablarla bağlı hobbiniz haqqında oxumuşdum, bu haqda oxucularımıza da danışa bilərsinizmi?
— Kitaba çox həvəsliyəm. 16 kitab müəllifiyəm. Hazırda 16-cı kitabım çapa hazırlanır. Bir neçə kitabın layihəsi isə beynimdədir. Çox özünəməxsus şəxsi kitabxanam var. Oradakı kitabların sayını bilmirəm, yüzlərlədir. Məndə 1754-cü ilin bibliyası var. 1835-ci ilin Quran kitabı var. Hətta onu da qeyd edim ki, 12 dildə Quran kitabım var. 1846-cı ildə Mirzə Kazım bəyin Kazanda çap olunduğu kitabı, 1919-cu ildə dərc olunmuş qəzet, M.Ə.Sabirin «Hopopnamə» kitabı, 1953-cü il B.Vahabzadənin birinci kitabı, 1911-ci il Üzeyir Hacıbəyovun «O olmasın, bu olsun» musiqili komediyasının kitabı mənim kitabxanamdadır. Mən bu kitabları çox sevirəm. Düşünürəm ki, hər bir ziyalının öz hobbisi olmalıdır. Kitab yığmaq da mənim hobbimdir.
— Peşəkar müəllim, pedaqoq və valideyn olaraq valideyn-övlad münasibətlərindən, ailədə fərd olaraq ana və atanın rolundan, düzgün tərbiyə metodlarından, möhkəm ailə bağlarının qurulmasından bəhs edə bilərsinizmi?
— Hər bir insan ailədə böyüyür, ailədən güc alır. Və sonradan öz şəxsi ailəsini qurur. Cəmiyyətin bünövrəsinin ilk kərpici ailədir. Hər şey ailədən başlayır. Və hər kəs ailənin möhkəm olmasında maraqlıdır. Tələblər eynidir. Ailə möhkəm olmalıdır, ailədə hər iki tərəfin məsuliyyəti var və hər iki tərəf buna xüsusi yanaşmalıdır. Bilmirəm məni qınayarlar yoxsa yox amma düşünürəm, ailədə kişinin məsuliyyəti daha çoxdur. Qadının çəkdiyi zəhmət qadının etdiyinin qiyməti yoxdur, lakin kişinin məsuliyyəti daha çoxdur deyə düşünürəm. Kişi bilməlidir ki, qapısını döyüb razılığını aldığı qıza məsuliyyət daşıyır. Onun qulluğunda durmalıdır. Problemlərin həll olmasına çalışmalıdır. Qadın isə bir ailə xoşbəxtliyidir. Qalanları isə olsa da olar, olmasa da. Eyni zamanda, uşaqlar da ailədə mehribançılıq görməlidir, zəhmət görməlidir, ədalət görməlidirlər. Uşaqları gələcək həyata hazırlamaq lazımdır. Həyatda hər kəs öz yerini biliyi, tərbiyəsi, insanlara olan xoş münasibəti, vətənpərvərliyi, məsuliyyəti ilə tutmalıdır. Və ailənin vəzifəsi dünyaya gətirdiyi övladlara yaxşı tərbiyə vermək, təhsil vermək, onları həyata hazırlamaqdır. Ailənin övladlara məsuliyyəti həmişə var. Valideynlər o məsuliyyəti zaman-zaman çəkməyi bacarmalıdırlar. Və bu baxımdan Azərbaycanda yaxşı ailələr kifayət qədər çoxdur. Şühbəsiz ki, müasir tələblərdən də geri qalmaq olmaz. İnformasiya texnologiyaları bizim həyatımıza o qədər daxil olub ki, biz həyatın harada bitdiyini bilmirik. Bu gün texnologiya həyatın tələblərindən biridir. Və özümüz də o cümlədən, uşaqlarımızı da informasiya texnologiyalarından səmərəli istifadə etməyi öyrətməliyik. Ailədə vətənpərvərlik hissi güclü olmalıdır. Vətən, torpaq, bayraq, müstəqillik, şəhidlərimizin ruhuna hörmət, qəhrəmanlarımız, tarixi şəxsiyyətlər haqqında bilmək olduqca vacibdir. Tələbələrimə tez-tez verdiyim tapşırıqlardan biri o olur ki: «Hesab edin ki, xarici ölkədəsiniz Azərbaycanı təmsil edirsiniz Azərbaycan haqqında nə danışarsınız? Amma siz elə danışmalısınız ki, auditoriya üçün maraqlı olsun. Bunun üçün hansı informasiyanı verərsiniz». Bir dəfə yol ilə gedəndə bir hadisənin şahidi oldum. Qarşımda gənc bir ana 3-4 yaşında oğlu ilə əl-ələ tutub gedərkən birdən dayandılar. Səkinin yanında dayanmış avtomobilin nömrəsində Azərbaycan bayrağı var idi. Həmin o gənc qadın oğlunu saxlayıb göstərdi ki, bu Azərbaycan bayrağıdır. Mən hesab edirəm ki, həmin ana oğlu üçün elə böyük dərs keçdi ki, elə böyük sevginin əsasını qoydu ki, onun dəyəri yoxdur. Düşünürəm ki, həmin o tərbiyənin nəticəsidir ki, bu gün hamı torpağa, vətənə, millətə bağlıdır. Bizim şəhidlərimiz döyüşə gedərkən bilirdilər ki, oradan sağ çıxmaya da bilərlər. Onlar evlərində almışdılar bu vətən sevgisini. Hərbi xidmət istənilən Azərbaycan gənci üçün fəxarətdir. Gəlin baxaq şəhərimizdə, respublikamızda nə qədər hərbi forma geyinmiş xanımlarımız var. Xanımlarımız hərbi xidmətə böyük həvəslə gedirlər. Bu onu göstərir ki, Azərbaycanda vətənpərvərliyin əsası çox gözəl qoyulub. Bunun kökü də məhz ailədir, mühitdir.
— Biz bilirik ki, siz daim gənclərin yanındasınız. Auditoriyalarda, auditoriyalardan kənarda da gənclərlə görüşür, onları dinləyirsiniz. Gənclərimizin dilə gətirdiyi problemlər hansı sahə üzrə olur?
— Demək olar ki, hər bir nəsildə eynidir. Onlar gələcəkdə həyatda yer tutmağın texnologiyasını öyrənmək istəyirlər. 20 nəfər də, 50 nəfər də bu sualı verir. Mühit dəyişib, tələblər dəyişib və müəllimin vəzifəsi həmin tələbləri gənclərə çatdırmaqdır. Və mənim onlara məsləhətim hər zaman o olur ki, təhsil alıb sahələri üzrə peşəkar olsunlar. Bu birinci məqamdır. Həyatda uğur qazanmaq heç də vəzifəli olmaq deyil. Həyatda uğur qazanmaq möhkəm ailə qurmaqdır, yaşlılara hörmət etməkdir, vətənpərvərlikdir. Azərbaycanın qüdrətlənməsi üçün töhfə verməkdir. Bu töhfənin ölçüsü yoxdur. Eyni zamanda bugünkü günün tələbi keyfiyyətli təhsildir, xarici dil bilməkdir, müasir texnologiyaları bilməkdir. Və verdiyim məsləhətlərdən ən əsasları ondan ibarətdir ki, çalışsınlar, böyük səhvlər buraxmasınlar. Yaşından asılı olmayaraq insan üçün səhv etmək adi bir şeydir, amma elə səhvlər var ki, onun kölgəsi sonra bütün həyat boyu sənin üzərində gedir. Çalışın ele səhvlər buraxmayın. Hər zaman hesab edin ki, bu gün atdığınız bu addım ya sizi uğura aparacaq, ya da həyatınız boyu sizin üzərinizdə qara bulud kimi gedəcək. Qadına hörmət edin, ədəb qaydalarını gözləyin, heç kəsin haqqına girməyin. Heç zaman kimdənsə geri qaldığınızı düşünməyin. Hər kəsin bu həyatda bir yeri var və siz də onu qazanacaqsınız.
— Hörmətli Aydın müəllim, Qafqazın geosiyasi xəritəsində Azərbaycan daim öz sözünü deyib, 44 günlük zəfər müharibəsindən sonra bütün dünyaya həm hərbi, həm siyasi həm də idarəçilik gücünü sübut edərək bildirdi ki, Azərbaycan qüdrətli dövlətdir. Mən istəyərdim ki, Azərbaycanın geosiyasi xəritədəki mövqeyini politoloq olaraq şərh edəsiniz.
— Cənubi Qafqaz Azərbaycan xalqının tarixi torpağıdır. Tarixən möhtəşəm dövlətlərimiz olub, biz bu regionun əsas tarixi etnoslarından biriyik. Amma çox təəssüf ki, tarixin müəyyən dövrlərində müstəqilliyimizi itirmişik. 1918-ci ildə həmin dövrün vətənpərvər insanları 23 aylıq şərəfli bir dövlət qurub və Azərbaycanın görkəmli şəxsiyyətləri tarixin səhnəsinə çıxıb. Hal-hazırda müstəqil dövlətik və bu gün Azərbaycansız Cənubi Qafqaz ölkələriyoxdur. Bunu deməyə ilk növbədə Azərbaycanın tarixi nəticələri əsas verir. Həmçinin, Azərbaycan xalqının genetik kodu, zəngin mədəniyyəti, ədəbiyyatı və eyni zamanda, tarixində kökünə bağlı qalaraq müasirliyə keçid edən bir xalqının olması onu regionda nüfuzlu dövlətlərdən biri kimi tanıdır. Azərbaycan dövlətçiliyi Heydər Əliyevin apardığı siyasət nəticəsində möhkəm əsaslar üzərində qurulmuşdu. Bugünkü prezidentimiz Cənab İlham Əliyevin apardığı düşünülmüş daxili və xarici siyasət Azərbaycanı möhkəm, güclü bir dövlətə çevirə bilir. Bu gün biz özümüz müstəqil şəkildə bütün problemlərimizi həll edə bilirik. Hətta ərazi bütövlüyü kimi ağır bir məsələni də Azərbaycan özü həll etdi. Vaxtilə əgər büdcəyə daxil olan əsas gəlir neft-qaz satışından olurdusa, bu gün gəlirin 52 faizi qeyri-neft sektorundandır. Vaxtilə Azərbaycan ancaq neft-qaz ölkəsi kimi tanınırdısa, bu gün artıq digər sahələr üzrə də tanınmağa başlayır. Azərbaycanın elmi, mədəniyyəti, incəsənəti tanınmağa başlayır. Artıq Azərbaycan idmanı favorit mövqedə dayanır və Azərbaycan yeni idman növləri üzrə tanınmağa başlayır. Məsələn, bu gün oxudum ki, Azərbaycan qadın şahmatçıları Avropa şahmat çempionatında medal alacaq real namizədlərdən biridir. Biz orada qızıl medal da qazana bilərik, minimum isə bürünc medalımız olacaqş. Bir neçə gün futbolçumuz Emil Mahmudovun stadionun mərkəzindən İsveç qapısına vurduğu qol bu gün dünya mətbuatında müzakirə edilən mövzulardan biridir. İnanıram ki, futbolda da böyük uğurlar qazana biləcəyik. Bu gün Azərbaycan artıq müxtəlif sahələrdə öz sözünü deyə bilir Azərbaycanın inkişaf edən iqtisadiyyatı, güclü ordusu var. Azərbaycan silah istehsalında tanınan ölkələrdən birinə çevrilir, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlərindən olub, vaxtaşırı Azərbaycanda beynəlxalq tədbirlər keçirilir, eyni zamanda, Azərbaycan Qoşulmama Hərəkatının artıq 5 ildir ki, sədridir. Bu təşkilat 1961-ci ildə yaranıb və sədrlik müddəti üç ildir, ancaq dörd ölkə üç ildən çox sədrlik etmişdir ki, bunlardan biri də məhz Azərbaycandır. Azərbaycan bu gün dünya birliyində nüfuzlu, sözünü deyən bir ölkədir. Bu ondan irəli gəlir ki, biz zəngin tarixə, köklü mədəniyyətə malikik. Bu gün Azərbaycan ədəbiyyatının dünya ədəbiyyatında qızıl səhifələri var. Nizami Gəncəvi dünya ədəbiyyatının şahlarından biri hesab edilir, digər dövrlərdən Qətran Təbrizi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundov da, Mirzə Ələkbər Sabir, Həsən bəy Zərdabi də dünya ədəbiyyatına qızlı hərflərlə yazılan ədiblərimizdirlər. Hüseyn Cavidin vaxtilə dediyi «Bəşəriyyət qadınla yüksələcək» fikri mən hesab edirəm ki, dünya tarixində qadına verilən ən yüksək qiymətdir. Onun fəlsəfəsi bütün xalqlar üçün dərslik ola biləcək bir fəlsəfədir. Səməd Vurğunumuz, Bəxtiyar Vahabzadəmiz, Mirzə İbrahimovumuz, bunların da hər biri Azərbaycanın yetirmələridirlər. Bu gün biz mədəniyyətimizin inkişafından danışa bilərik. Mədəniyyətimizin inkişafında Heydər Əliyev Fondunun, şəxsən onun sədri, birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın böyük rolu vardır. Azərbaycanda bu sahənin inkişafı üçün dövlət tərəfindən böyük dəstək var, Azərbaycan gənclərinin nüfuzlu xarici universitetlərdə oxuması, Azərbaycan mədəniyyətinin dünyada tanınması üçün böyük işlər görülür və buna çox böyük maraq var. Hesab edirəm ki, bu hələ başlanğıcdır, biz bu uğurlarımızı davam etdirəcəyik.
— Qalib Azərbaycanın qalib vətəndaşı olmaq. Siz bu hissləri necə tərənnüm edərsiniz?
— Mən hesab edirəm ki, hər birimizin qəbul edəcəyi bir fikir var. Ulu öndər Heydər Əliyevin dediyi kimi «Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam». Azərbaycanlı deyəndə təkcə dil, yaşadığı mühit başa düşülmür, bu zəngin genetik koddur, mədəniyyətdir, tarixdir. Biz qalib dövlətik və prezidentimiz hörmətli cənab İlham Əliyevin «Biz birlikdə güclüyük!» ifadəsi həqiqətən də bizim birlikdə qələbə çalmağımızın nümunəsidir. Qələbə bayrağını şəhidlərimiz sancdılar, qazilərimiz müharibənin qazanılmasında böyük rol oynadılar, bütün xalqımız müxtəlif sahələrdə qələbə qazanılmasına öz töhfəsini verdi. Bu gün işğaldan azad olunan torpaqlarımız sürətlə bərpa edilir. Artıq üç minə qədər insan beş yaşayış məntəqəsində yaşayır, gələn ilin əvvəlində Şuşaya qayıdış gözlənilir, eyni zamanda, Ağdama, Cəbrayıla da qayıdış gözlənilir. 2026-cı ilə qədər 140 min əhali, 2030-cu ilə qədər isə əhalinin böyük bir hissəsi geri qayıdacaq. Diqqət çəkən odur ki, otuz il əvvəl torpaqlarından məcburi köçkün düşən insanlar böyük həvəslə öz torpaqlarına qayıdırlar. Çünki o torpaqda onların babalarının izləri var, bu insanlar onu yaşatmaq üçün yenidən geri qayıdırlar. Dövlətimiz artıq gün keçdikcə daha çox sosial dövlətə çevrilməkdədir, insanların sosial problemlərinin həlli dövlətin diqqətindədir. Ümumiyyətlə, bütün problemlər, çətinliklər dövlətin diqqətindədir və onların da tezliklə həll ediləcəyinə heç bir şübhəm yoxdur.
— Hörmətli Aydın müəllim, dəyərli fikirlərinizi bizimlə bölüşdüyünüz üçün sizə təşəkkür edir, sizə möhkəm can sağlığı, fəaliyyətinizdə isə daima uğurlar arzulayıram.
— Məndə sizə və jurnalınızın rəhbərliyinə, əməkdaşlarına uğurlar arzu edirəm. Əminəm ki, jurnalınızın oxucuları və müvəffəqiyyətləri bol olacaq!
© Əsrin Aydınları jurnalı
Tədqiqatçı Jurnalist: Günel Şəmilzadə
SMM, fotograf: Toğrul Abdullayev