Əsrin Aydınları jurnalının dəyərli qonağı bütün çıxışlarını teatr və kinosevərlər üçün estetik zövq mənbəyinə çevirməyi professionallıqla bacaran, hər kəsin sevimlisi olan «Şöhrət» ordenli, Dövlət mükafatı laureatı, Xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Hacı İsmayılovdur .
— Salam Hacı müəllim, xoş gördük. Bu gün sizinlə həmsöhbət olmaq çox xoşdur. İlk olaraq bizə zaman ayırdığınız üçün sizə təşəkkür edirəm.
— Salam Günel xanım, mən də əməkdaşlarınızı və oxucularınızı salamlayıram. Bu jurnalda qonaq olmaqdan məmnunam və mən də «Əsrin aydınları» jurnalının heyətinə təşəkkür edirəm.
— Hacı müəllim, deyirlər ki, xatirələr ömrün yarısıdır. Sizin üçün ən yaddaqalan xatirələr hansılardır?
— Artıq 80 yaşına çatmışam. Bu yaşıma qədər xatirələrim çox zəngin olub. Uşaqlıq dövrüm İçərişəhərdə keçib. Orada qala divarları, Xan sarayı, ümumiyyətlə, qədimliyi ilə tarixə düşən məşhur memarlıq abidələri var. Ona görə də İçərişəhər insanda tərif edilməyən hisslər oyadır. Orada bir çox film çəkilişlərinin canlı şahidi olmuşam. «O olmasın, bu olsun», «Amfibiya adam», «Məmlüklər» kimi filmlərin çəkilişlərini canlı izləmək fürsətim olub. O vaxt bilmirdim ki, həyatım, gələcəyim mədəniyyətlə, aktyor sənəti ilə davam edəcək. Amma istər-istəməz İçərişəhərdə o abidələri, tarixi binaları görəndə sözssüz ki, insanda mədəniyyətə, sənətə istək, sevgi yaranır. O vaxt filmlər çəkiləndə tanınmış aktyorları yaxından görmüşəm. Əliağa Ağayev, Ağasadıq Gəraybəyli, Mövsüm Sənani kimi dəyərli sənətkarları canlı izləmişəm. Həmin vaxt 190 nömrəli məktəbdə oxuyurdum. Məktəbdə dram dərnəyi fəaliyyət göstərirdi və mən də ora üzv seçilmişdim. O dram dərnəyinin rəhbəri görkəmli kinorejissor Tofiq İsmayılov idi. Birinci ifa etdiyim rol da yadımdadır. Novruz Gəncəlinin «Gənc ustalar» adlı birpərdəli pyesində mən tənbəl Mahmud rolunda çıxış edirdim. İlk dəfə səhnəyə çıxanda həyəcanlı idim, ilk sözü deməkdən yerinə axırıncı sözü demişdim. Daha sonra özümü toparladım, ilk sözü dedim və roluma davam etdim. Səhnədən çıxanda özümü qəhrəman kimi hiss edirdim. Çaşmağıma baxmayaraq özümü itirməmişdim. Məktəbdə oxuyanda iki peşəyə həvəsim yaranmışdı. Mən idmanı çox sevdiyim üçün məktəbdə idman dərsi olanda sevinirdim. Sənətə də marağım olduğu üçün Gənc Tamaşaçılar Teatrına gedəndə çox sevinirdim. Məktəb illərində daha çox idmanla məşğul olmağa başladım. Amma daha sonra aktyor sənəti qalib gəldi. O zaman Xalq Teatrının rəhbəri Xalq artisti Lütfü Məmmədbəyov idi. Mən onun dərnəyinə getmişəm. İnstituta daxil olana qədər orada çalışmışam. Futbola da həvəsim var idi, güləş, boks, voleybol və qılınc oynatma kimi idman növləri ilə də məşğul olmuşam. Amma bir daha vurğulayım ki, bütün bunların arasında aktyor sənəti qalib gəldi.
— Hacı müəllim, müxtəlif teatrlarda bir çox rollarda oynamısınız. Sənət yolunuza kiçik səyahət etsək, bu rolların ifası üçün hansı teatrlarda çalışmısınız?
— Cavanlıq dövründə hər aktyorun bir arzusu olur. Hər kəs istəyir ki, tanınmış, məşhur rolları oynasın. İstər dərnəkdə, istərsə də Akademik Milli Dram Teatrında işləyən zaman məndə də bu istək olub. 1967-ci ildə Teatr İnstitutunu bitirəndən sonra bizi İrəvan şəhərindəki 140 yaşı olan teatra göndərdilər. Orada biz Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrını yaratdıq. Həmin vaxtda Cəfər Cabbarlının «Sevil» tamaşasını oynadıq. Mən orada Məhəmmədəli bəy rolunda çıxış edirdim. Yarım il orada işləyəndən sonra Bakıya qayıtdım. Çünki ata-anam yaşlı idi və mən də evin tək uşağı idim. Bakıya qayıdandan sonra ovaxtkı Teatr İnstitutunun rəhbəri Rahib Hüseynov məni İnstitutda dərs deməyə dəvət etdi. Səhnə danışığı kafedrasında 1 il köməkçi işlədim. Sonra 1968-1969-cu illərdə Sumqayıt Teatrı açıldı və mən ora getdim. Orada bir teatr mövsümü işləyəndən sonra Akademik Milli Dram Teatrına qayıtdım və 54 ildir həmin teatrda işləyirəm.
— Hacı müəllim, teatrın dünəni, bu günü, reallıqlar və ziddiyyətlər haqqında bir qədər danışa bilərsinizmi?
— Məlum olduğu kimi 10 mart Milli Teatr günüdür. Həmin gün üçün videoçarx hazırlatmışdıq və orada teatrın dünəni, bu günü öz əksini tapıb. Teatrın sabahının necə olacağı isə bizdən, yəni sənət adamlarından asılıdır. Bilirsiniz ki, ötən il Ümummilli Lider, müasir Azərbaycanın memarı və qurucusu Ulu öndər Heydər Əliyevin yüz illik yubileyi, eyni zamanda Azərbaycan peşəkar milli teatrının da 150 illiyi idi. Ümumilli Liderin bir sözü var: «Əgər Azərbaycan xalqı müsəlman şərqində ilk dəfə 1873-cü ildə peşəkar milli teatr yaradıbsa, görün, bu xalqın nə qədər böyük mənəviyyatı, onun nə qədər böyük mədəniyyəti, nə qədər yüksək intellekti və nə qədər qüdrətli daxili imkanları var». Doğrudan da bu belədir. Azərbaycan teatrının 151 il keçdiyi çətin, amma şərəfli yol, əlbəttə ki, hamımızın ürəyincədir. Bu böyük bir tarixdir. Teatr bir xalqın mən deyərdim ki, güzgüsüdür. Xalqları ancaq mədəniyyətləri ilə tanımaq olur. Hər bir xalq başqa xalqlardan bir xüsusiyyəti ilə seçilir, o da mədəniyyətidir. Çünki mədəniyyət dünyaya zənginlik gətirir. Bu mənada Azərbaycan mədəniyyəti, eyni zamanda, teatr sənəti olduqca böyükdür. Dünənimiz Azərbaycan teatrının intibah dövrü olub. O dövrdə çox böyük sənətkarlar, dahi aktyorlar olub. Onlar Azərbaycan teatrını yaşadıblar. Onların sayəsində Azərbaycan Teatr Xadimləri İttifaqı hələ o vaxtlardan Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy Haqqverdiyevin vaxtlarından yaranıb. Teatr Xadimləri İttifaqı Azərbaycanda teatr sənətinin inkişafının həllinə köməklik göstərən bir qurumdur. Mən də 10 il bu qurumda sədr müavini kimi işləmişəm. İndi isə artıq Teatr Xadimləri İttifaqının sədr əvəzi kimi fəaliyyət göstərirəm. Gördüyümüz işlər çoxdur. Ötən il bizim ittifaqda 30 tədbir keçirilib. Ötən il may ayında «Qonaq teatr» layihəsinə başladıq. 8 ayda 9 teatr kollektivini İttifaqa dəvət etmişdik. Təsəvvür edin, 8 ayda 9 teatr kollektivi Abbas Mirzə Şərifzadə adına aktyor evinin böyük zalında tamaşa oynayıb. Tamaşaların hamısı anşlaqla keçib. Hətta biz əlavə stullar belə qoymağa məcbur olmuşuq. Gələn qonaqların çoxu da yer olmadığından geri qayıtmışdılar. Əsasən, 8 bölgə teatrlarını bura dəvət etmişdik. Çünki bilirsiniz ki, Azərbaycanda 4 qaçqın, Ağdam, Füzuli, Şuşa, İrəvan teatrları var. Biz Teatr Xadimləri İttifaqı olaraq çalışırıq ki, o teatr kollektivlərini tez-tez dəvət edək. Bizim 9-cu böyük tamaşamız Antalya Böyük Şəhər bələdiyyə teatrı ilə olub. Onlar burada ötən il dekabrın 4-5-də Pərvin Ünalın «Gecikənlər» adlı tamaşasını oynayıblar. Bizim qonaq teatr layihəsi yubileyi qeyd edilən teatrlara həsr olunmuşdu. O vaxt 8 teatrın yubileyi qeyd edilirdi. Amma istəyirik ki, bu il qonaq teatr adını bir az da geniş formada təqdim edək. Belə ki, «Teatr dünyası qonağımızdır» adı ilə teatrları dəvət etmək istəyirik. Hətta bu barədə danışıqlar da başlayıb. Trabzon Sənət Teatrı aprel ayında bizim qonağımız olacaq. Orada bizim həmyerlimiz, dramaturq Firuz Mustafanın «Tərəfsiz bölgə» tamaşasını iki gün oynayacaqlar. Hazırda 7 tamaşanın səhnələşdirilməsi ilə məşğulam. İşlərimiz çoxdur. Əsas işlər də Teatr Xadimləri İttifaqındadır. Çünki teatr xadimlərinin məqsədi, istəyi odur ki, Azərbaycan teatrı inkişaf etsin. Bu mənada mən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin gördüyü böyük işləri ürəkdən alqışlayıram. Çünki keçən il həm Teatr Forumu, Kino Forumu və yaradıcı insanlarla görüşlər keçiriblər. Həmçinin, «Azərbaycan teatrının inkişafı» adlı tədbir də ərsəyə gələcək. Azərbaycan mədəniyyətinin inkişafına həsr olunacaq bu tədbir 2024-2030-cu illəri əhatə edəcək. Teatr mədəniyyətində artıq böyük bir inkişaf var və bu getdikcə artacaq. Burada əsas güc isə gənclərin üzərinə düşəcək. Bu işdə gəncləri dəstəkləmək lazımdır. Onlar bizim sabahımızdır.
— Gənclərdən söz düşmüşkən, Hacı müəllim, onlara nə tövsiyələriniz var?
— Gənclər çox gözəl bir zamanda, müasir, müstəqil Azərbaycanda yaşayırlar. Onlara dövlətimiz, prezidentimiz çox böyük diqqət və qayğı göstərir. Bütün gənclər müxtəlif məqamlarda irəli çəkilirlər. Onların işlə bağlı istəkləri yerinə yetirilir. Gənclik dövründə insan bir qədər iddialı olur. Gənc yaşında fəxri ad da, ev də almaq istəyir. Bu da gəncliyin bir xüsusiyyətidir, elə də olmalıdır. Burada təəccübü heç nə yoxdur. Onlara bir az səbir arzulayıram. Seçdikləri işə, peşəyə sevgilərinin çox olmasını arzu edirəm. Çünki sənət, mədəniyyət, incəsənət ondan ibarətdir ki, burada təkcə insanın bacarığı olmamalıdır. Sevgi, istək də önəmlidir. Sənətdə nəsə qazanmaq üçün ilk növbədə peşəni sevməlisən. İstər rejissor, istər aktyor olsun. Mədəniyyətin hansı sahəsi ilə maraqlanırsansa, əvvəl o sahəni sevməli, böyük zəhmət çəkməli, sonra isə Allahın verdiyi istedadı üzə çıxarmalısan. Ona görə əsas gücü sevdiyin peşəyə və zəhmətə verməlisən. Ondan sonra istedad öz yerini tutacaq.
— Hacı müəllim, qalib Azərbaycanın qalib vətəndaşı olmaq necə bir hissdir?
— Bu çox böyük qürur və şərəfdir. Azərbaycan uzun zaman çox çətin dönəmlərdən keçib. 30 il torpaqlarımız işğal altında olub. Küçədə kimə baxırdın, başı aşağı, qanı qara idi. Yəni insanların üzü gülmürdü, hamı fikirli görünürdü. Qarabağ kimi gözəl torpağı itirmək əlbəttə ki, çox ağrılı idi. Şükürlər olsun ki, Müzəffər Ali Baş Komandan, möhtərəm prezidentimiz İlham Əliyevin və qüdrətli ordumuzun sayəsində torpaqlarımız, gözəl Qarabağımız azad olundu. Mən dəfələrlə Şuşada, Laçında, Füzulidə olmuşam. O gözəllikləri görəndə insan deyir ki, Allah Azərbaycanımıza necə gözəl təbiət bəxş edib. Belə bir fikir var: «Yad eldə gül-çiçək axtaran könül, çiçək Qarabağdır, ləl Qarabağdır, misqalında cavahirət, zər-ziba, gövhər Qarabağdır! Burada Qaryağdının ecazkar səsi, Üzeyirin neçə bəstəsi, İslamın, Yaqubun, Xanın nəfəsi ən həzin söz, ən kövrək səs Qarabağdır! Qarabağ Azərbaycanımızın döyünən ürəyidir».
— Dəyərli və hamımızın sevimli kino ustadı Hacı müəllim bugünki müsahibəmiz üçün sizə minnətdaram, həyat və fəaliyyətinizdə daima uğurlar arzulayıram. Sizinlə fəxr edirik!
— Günel xanım, məndə sizə jurnalınızın rəhbəri Aydın müəllimə, əməkdaşlarınıza təşəkkürümü bildirir və uğurlar arzu edirəm. Əsrin Aydınları jurnalınıza ömrü uzun və bol oxucuları isə həmişə çox olsun. Çıxdığınız bu şərəfli yolda heç zaman büdrəməyəsiniz. Uğurlar!
© Əsrin Aydınları jurnalı
Tədqiqatçı Jurnalist: Günel Şəmilzadə
SMM, fotograf: Toğrul Abdullayev