«Əsrin Aydınları» jurnalının dəyərli qonağı tanınmış jurnalist «Ayna-Zerkalo» qəzetlərinin təsisçisi, Azərbaycan Yazıçılar İttifaqının üzvü, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlıdır.
— Salam, Elçin müəllim, xoş gördük. Bugün sizi jurnalımızda qonaq olaraq görməkdən çox şadam.
— Məndə sizi və oxucularınızı salamlayır, fəaliyyətinizdə uğurlar arzu edirəm.
— Elçin müəllim, çox istəyərdik ki, oxucularımıza böyüyüb boya-başa çatdığınız mühit, ailə, təhsiliniz haqqında məlumat verəsiniz.
— Mən ziyalı ailəsində, müəllim, yazıçı ailəsində anadan olmuşam. Gözümü açandan evimizdə kitab görmüşəm. Mənim böyüdüyüm küçədə yazıçılar yaşadığı üçün hər zaman onların əhatəsində olmuşam. Bəxtiyar Vahabzadə, Əliağa Kürçaylı, Salam Qədirzadə, Əhməd Cəmil, Bayram Bayramov, Hüseyn Abbaszadə kimi yazıçıların əhatəsində böyümüşəm. Təbii ki, sadaladığım yazıçılar arasında yadımdan çıxanlar da ola bilər. Bizim nəslin, yəni 50-ci illərdə doğulanların əksəriyyətini rus məktəbinə yollayırdılar. Bizim həyətdə isə rus məktəbinə gedən demək olar ki, yox idi. Çünki yazıçı və şairlər öz uşaqlarını rus məktəbinə göndərə bilməzdilər. Atam da hər zaman mənə və qardaşıma deyirdi ki: «Siz də rus təhsili alacaqsınızsa, bəs mən kim üçün yazıram?!» O düşünürdü ki, ana dilində yazılan əsərləri öz uşaqlarımız belə oxumayacaqsa, onda biz nahaq yerə yazırıq. Təbii olaraq, sual yarana bilər ki, bəs onda niyə rusdilli qəzetdə redaktorluq edirsiniz? İş orasındadır ki, mənim dayəm rus olub. Dilimi ana dilində açmışam, amma paralel olaraq rus dilində də danışmışam. Çünki dayəm indiki dayələr kimi deyildir. O, mənə Puşkindən nağıllar oxuyurdu. Ona görə də mənim üçün rus dilində yazıb-oxumaq heç vaxt problem olmayıb. Həm də bir şeyi nəzərə almaq lazımdır ki, bizim əlimizdə olan dünya ədəbiyyatı rusca idi. Ona görə biz dünya ədəbiyyatını rusca oxumuşuq. 190 nömrəli məktəbi bitirdikdən sonra Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) ingilis dili şöbəsinə qəbul oldum. Biz qəbul olan zaman təhsil 5 illik idi. 3-cü kursdan sonar qruplar alman və fransız şöbələrinə bölünürdülər. Mən alman dili şöbəsinə düşdüm. Birinci kursda oxuyan zaman İnstituta ilk dəfə xaricdən 5 nəfər müəllim gəlmişdi. Bizim ixtisasa gələn müəllim 25 yaşlı Con Mörfi idi. O, ilk olaraq rus bölməsinə dərsə girmişdi. Azərbaycan bölməsində oxuyan tələbələr 90 dəqiqə gözləsələr də, müəllim bizim qrupa dərsə girməmişdi. Dərs bitəndən sonra dekanımız bildirdi ki, müəllim ingilis dilindən başqa heç bir dil bilmir. Rus bölməsini isə az da olsa idarə edə bilir. Mən həmin müəllimin dərsində iştirak etməyi çox istəyirdim. Atamın xahişi ilə mən sentyabrın 20-dən dekabrın 5-nə qədər davam edən prosesin sonunda dərslərə girə bildim. Bu arada ilk dəfə idi ki, atam kimdənsə bir şey xahiş edirdi. O da mənim təhsilim üçün idi. Müəllimimiz çox çalışqan biri idi. İlin sonunda artıq Puşkinin əsərlərini rus dilində oxuyurdu. Sizə dərs prosesi ilə bağlı maraqlı bir hadisəni danışım. Müəllim «iməkləmək» sözünü ingilis dilində bizə nə qədər izah etməyə çalışsa da, başa sala bilmədi. Axırda özü iməkləməyə başladı və biz başa düşdük. (Red: gülür). Sonra bizə dərs demək üçün başqa müəllimlər də gəldilər. Üçüncü kursda dekanımız Fikrət müəllimə yaxınlaşaraq bildirdim ki: «Mən fransız bölməsinə keçmək istəyirəm». Mənə baxıb: «Yenə eyni proses?”- dedi. Mən də fikrimi dəyişdim. Beləcə universiteti bitirdim. Sonra hərbi xidmət zamanı gəldi. Atam bu mövzuda çox həssas idi. Hərbi Komissarlığa çağırılmışdım. Atam da gəlmişdi. Ürəyimdə sevindim ki, yəqin mənim daha yaxın ərazilərdə xidmətim üçün tapşıracaq. Ətrafdakılar da öz aralarında pıçıldaşmağa başladılar. Atam isə heç mənə fikir vermədi, elə bil heç orada deyiləm. Birbaşa komissarın yanına girdi. Xahişi isə bu imiş: „Oğlum 2 xarici dil bilir, ondan istifadə edin, adi əsgərlik çəkməsin, Vətənə xeyri olsun“. Çıxanda da yenə mənə fikir verməyib, getdi. Beləcə, məni Şərqi Almaniyada Sovet Ordusunun hissələrinə göndərdilər. Mənim alman dili biliyim olsa da təcrübəm yox idi. Bölgü zamanı məni komendantlığa tərcüməçi göndərdilər. Orada da işim polis və yerli əhali ilə idi deyə alman dilində danışığımı təkmilləşdirə bildim. Hərbi xidməti başa vurub gəldikdən sonra müxtəlif yerlərdə işləməyə başladım. Nəbi Xəzrinin Xarici Ölkələrlə Mədəni Əlaqələr və Dostluqlar Cəmiyyətində 5 il çalışmışam. Daha sonra Lenin adına Uşaq Fondu açıldı və orada çalışmağa başladım. Bir müddət Maarif Nazirliyində kollegiya katibi və nazir köməkçisi kimi işlədim. Maarif naziri Kamran Rəhimov idi. Kamran müəllim eyni zamanda „Azərbaycan Kommunisti“ jurnalında redaktor idi. Məni də işə götürməsini ondan xahiş etdim. Məni jurnalist olaraq işə götürdü. Beləcə, jurnalistikaya gəlmiş oldum. Sonra da Rauf Talışınski ilə tanış oldum. O vaxt işdən əlavə həftəlik qəzet də buraxırdıq. Daha sonra müstəqil qəzet buraxmağı qərara aldıq. Gəldim Kamran müəllimin yanına ki, xeyir-dua alım. Artıq Rauf getmişdi, mənim də getməyim şöbənin dağılmasına səbəb ola bilərdi. Təbii olaraq Kamran müəllim narahat olmuşdu. Amma mən dedim ki, xeyir-dua verməsəz, getməyəcəm. O: „Yaxşı, get, verirəm xeyir-duanı”-, dedi. 1990-cı ildə qəzeti buraxmağa başladıq və hələ də davam edirik.
— Elçin müəllim, yaddaşınızda qalan uşaqlıq xatirələrinizdən danışa bilərsinizmi?
— Uşaqlıq xatirələrimdən hər məqamda xatırladığım atamın bizə verdiyi məsləhətləridir. Həyatda bəzi məqamlar olur ki, insanın xarakterinin formalaşmasına təsir edir. Atam hər zaman deyirdi ki: «Adam olun, həmişə dürüst olun, yalançı olmayın. Öz mənliyinizi qoruyun, özünüzü sındırmayın». Elə kəslər var ki, sözü deyir, amma əməli başqa olur. Atam isə bizə verdiyi məsləhətlərə özü də əməl edirdi. İstənilən uşaq üçün valideyni bir nümunədir. Kənarda nə deyirlər, desinlər, sənin əsas nümunən valideynin olmalıdır. Biz, əslində, valideynlərimizi özümüz də fərqində olmadan təkrar edirik. Amma valideynlər hər zaman çalışır ki, biz onlardan da daha yüksək pillədən həyata başlayaq. Təbii ki, bu bəzilərində alınır, bəzilərində isə yox. Zəhmətsiz heç nə olmur bu həyatda. Amma elə adam var ki, çox çalışsa da, bir şeyə nail olmur. Deməli, istedad, bacarıq da önəmli faktorlardır. Yəni istedadla çalışqanlıq birləşəndə daha mükəmməl olur.
— Elçin müəllim, vurğuladığınız kimi insanın əzmi, zəhməti onun hansısa istedadını üzə çıxarır. İstedadın üzə çıxması üçün şərait daha önəmlidir yoxsa, əzm?
— Şübhəsiz ki, əzm olmalıdır. Amma şəraitsiz yerdə əzmli, istedadlı kəslərdən bəlkə minindən, on minindən birində nəsə alınır. Amma şərait olan yerdə on mindən bəlkə doqquz minində istədiyi alınar. Şərait olmalıdır, mütləqdir. Mənim bir sinif yoldaşım 10 ildir Amerikada yaşayır. Dörd övladı var. Oğlu BDU-da qiyabi təhsil alırdı. 2 il oxuduqdan sonra Amerikada universitetə qəbul olmaq üçün sənədlərini toplamağa başladı. Kaliforniya Universitetinə qəbul oldu. Orada təqaüd alan 4 tələbədən biri oldu. Hazırda Sirakuza Universitetində doktorantura təhsili alır. Qızlarının 3-ü də tanınmış universitetlərdə oxuyur. Bunları misal gətirməkdə məqsədim odur ki, insanın bu həyatda nəyəsə nail olması üçün şərait mütləq şərtlərdən biridir. Əzmsiz şərait də bir önəm kəsb etmir. Deməli, istedadın üzə çıxması üçün şərait və əzm vəhdətdə olmalıdır.
— Gənclərə nə kimi tövsiyələriniz var, Elçin müəllim?
— Atamın bir sözü var idi: «Mənim indiki ağlım və sənin indiki yaşın məndə olsa idi, gör nələr edərdim». Sadəcə olaraq, vaxt itirməmək lazımdır. Mən başa düşürəm, gənclər gəzmək, əylənmək istəyirlər. Amma hər fürsətdə, oxumaq, öyrənmək də lazımdır. Mənim hamıya bir tövsiyyəm var ki, istədiyiniz kimi yaşayın. Ürəyin istəyən kimi də yaşamaq üçün gərək çalışasan, işləyəsən və qarşına özün üçün bir məqsəd qoyasan. Məndən çox vaxt soruşurlar ki, sənin üçün xoşbəxtlik nədir? Əgər hər səhər həvəslə işə gedib, evə də həvəslə qayıdıramsa, xoşbəxtlik budur. Mən «Azərbaycan Kommunisti”ndə işləyəndə səhər 9-da işə gəlib, 5-6 saat işləyirdim, amma işdən zövq almırdım. Sonra „Zerkala”da işləyəndə gün ərzində demək olar ki, 14-15 saat çalışırdım, amma o iş mənə zövq verirdi. Soruşanda ki, uşaqlarla məşğul olursanmı? Deyirdim: Mən işə gedəndə uşaqlar yatır, işdən qayıdanda da artıq yatmış olurlar“. Yoldaşım onların bütün məsələləri ilə maraqlanır, məşğul olub hər zaman. İnsan həyatda hər şeydən zövq almağa çalışmalıdır. Yaşamaqdan da, işləməkdən də, gəzməkdən də. Yalnız çörək pulu qazanmaq üçün işləyirsənsə, zövq almamaqdan əlavə, o işin keyfiyyəti də olmayacaq.
— Maraqlı müsahibə üçün təşəkkür edirəm, Elçin müəllim. Sizə fəaliyyətinizdə daima uğurlar arzu edirəm. Yekunda ürək sözlərinizi eşitmək xoş olardı.
— İlk olaraq bütünlükdə mətbuatımıza arzum budur ki, işimizdən zövq alaq, peşəkar olaq, işimizə həvəslə, məsuliyyətlə yanaşaq. Evə getmək üçün tələsməyək, tez-tez saata baxmayaq. Jurnalistika elə işdir ki, onun saatı yoxdur. İş varsa, görməlisən. Görə bilmirsənsə, gərək papağını götürüb gedəsən. Arzum odur ki, keyfiyyətli məhsul buraxaq. Bir baxımdan bizim də işimiz biznesdir. Biz də zehnimizin məhsulunu satırıq. Həmin məhsul da gərək yaxşı olsun. Keyfiyyətli işin oxucusu da çox olur. Bəzən köşklərə baxırsan, qəzet yoxdur. Olanda da içində oxunaqlı bir şey yoxdur. Saytların da bəzisi təəssüf ki, eyni vəziyyətdədir. Yaxşı saytlarımız da çoxdur. Bizim vaxtımızda qəzet, jurnal almaq üçün köşklərin qarşısında növbə olurdu. Sizə də əsas arzum odur ki, oxucunuz hər zaman bol olsun. Azərbaycan mətbuatı üçün gördüyünüz bu önəmli işdə sizə uğur və müvəffəqiyyət arzu edirəm.
© Əsrin Aydınları jurnalı
Tədqiqatçı Jurnalist: Günel Şəmilzadə
SMM, Fotoqraf: Toğrul Abdullayev