Əsrin Aydınları jurnalın bugünki dəyərli qonağı Azərbaycanın diplomatı, sabiq xarici işlər naziri hörmətli Tofiq Zülfüqarovdur.
— Salam hörmətli Tofiq müəllim, xoş gördük. İlk öncə müsahibə üçün təşəkkür edirəm. Sizi jurnalımızın qonağı olaraq görməkdən çox məmmunam.
— Məndə sizi və əməkdaşlarınızı, oxucularınızı salamlayıram, təşəkkür edirəm.
-Tofiq müəllim, jurnalımızın ənənəvi sualı ilə müsahibəmizə başlamaq istərdim. Bir qədər özünüz haqda danışa bilərsinizmi?
— Dövlət xidmətində uzun müddət çalışmış insan kimi, ömrümün böyük bir hissəsini Qarabağ mövzusuna həsr etmişəm. Eyni zamanda həyatımın böyük bir dövrü Xarici İşlər Nazirliyi ilə bağlıdır və orada müxtəlif vəzifələrdə çalışmışam. Prezidentin təyinatından sonra ölkəmizi bir neçə il xarici ölkələrdə təmsil etmişəm. İndi çalışıram ictimai fəal kimi ölkəmizin informasiya təbliğatında iştirak edim. Şadam ki, bu məsələlərdə iştirakım həmkarlarım tərəfindən yaxşı qiymətləndirilir. Hesab edirəm ki, fayda verməyə hazıram və bunu istəyirəm. Bəlkə də hansısa hallarda bu faydalı işləri görmək nəsib olur. Bu baxımdan çox maraqlı həyat yaşamışam. Hərdən bəzi vaxtlarda o günləri yada salmaq mənim üçün də maraqlı olur. Çalışmışam həmişə dövlətin vətəndaşı olum.
-Tofiq müəllim, xatirələr həyatımızın bir parçasıdır. İstər ağrılı istərsə də xoşbəxt günlərimiz həyatımızda bir fraqmentdir. Hansı hadisələri yada salanda üzünüzdə təbbəssüm və xoşbəxt hislər yaranır?
— Uzun müddət dövlət xidmətində olmuşam. İndi bir qədər az amma əvvəllər bizim dövlətin qarşısında problemlər çox idi. Demək olar günün böyük bir hissəsini işdə keçirirdik. Əlbəttə ki, fəaliyyətimdə xoş və kədərli günlər də vardı. Xoş günlər fəaliyyətimizin uğurlu nəticələri ilə bağlı yaddaşda qalan günlərdir. Onlardan birini belə xatırlayıram. ATƏT-in Lissabon sammitindən əvvəl Ulu Öndərimiz cənab Heydər Əliyev bizə demişdi ki, əgər nəticə müsbət alınsa, sizi Lissabonun ən yaxşı restoranına dəvət edəcəyəm. Qeyri adi bir gün idi. Ulu Öndərlə çalışanlar bilir ki, çox tələbkar, işinə böyük məsuliyyətlə yanaşan insan idi. Əlbəttə, verilən vəzifə çox çətin idi. Həmin vaxt müzakirələr oldu, nazirlərə, nazir müavinlərinə tapşırıqlar verildi. O vaxt nazir müavini və nümayəndə heyətinin üzvü idim. ATƏT-in Lissabon sammitindən nəticə əldə olunandan sonra zəng gəldi və bildirildi ki, cənab Prezident Heydər Əliyev sizi foyeyə çağırır. Biz foyeyə getdik. Ulu Öndər gülümsəyərək dedi ki: «Mən sizin hamınıza söz vermişdim. Köməkçilərim burada hansısa bir yer tapıblar. Gedək qeyd edək». Həqiqətən çox xoş bir gün idi. Çünki düşmənin bu şəkildə məğlub olması diplomatik sahələrdə nadir hallarda olur. Böyük bir sammitdə ATƏT-in 54 üzv dövləti arasında, demək olar ki, Ermənistandan başqa hamı bizim mövqeyimizi dəstəklədi və Ermənistan tam şəkildə izolyasiya oldu. Bu çox böyük diplomatik uğur idi. Təbii ki, kədərli günlər də olub. Şuşanın işğal gününü xatırlayıram. Həmin vaxt nümayəndə heyətinin üzvü kimi Tehranda idim. Orada görüşdə olarkən erməni nümayəndə heyətində bir hərəkət olduğunu gördük. Dərhal öyrəndik ki, Şuşa işğal olunub. Təbii ki, çox ağır günlərdən biri idi. Başa düşürdük ki, bu işğaldan sonra digər yerlərdə də işğal baş verəcəkdi. Çünki o vaxt dövlətçilik, müdafiə imkanları baxımından Azərbaycan zəif idi. Xoş günlərdən digər biri də iki il öncə Şuşaya gedərək yaşadım. Həmkarlarla fikir mübadiləsi aparırdıq, qənaətə gəldik ki, bu əlamətdar hadisələrdən sonra yaşamağa dəyər.
— Bu gün Azərbaycan dünyada qələbə qazanmış qalib ölkədir. Eyni zamanda iki ölkə arasında sülh danışıqları da davam edir. Lakin Ermənistan isə sülh danışıqlarını uzadır. Sizcə Azərbaycan və Ermənistan arasında münasibətlər yaxın gələcəkdə necə olacaq?
— Bu tarixi təhlil edərkən başa düşməliyik ki, Ermənistan tarix boyu bizə qarşı ərazi iddiaları irəli sürüb və hərbi təcavüz edib. Bu hərbi təcavüzün nəticəsində Azərbaycan xalqına, dövlətinə ağır zərbələr dəyib, etnik təmizləmələr baş verib. Lakin Azərbaycan bu işğal dövründə həmişə diplomatik, ideoloji sahədə mübarizəsini davam etdirib. Bildiyiniz kimi 2020-ci ildə Ermənistan dövlətinin hərbi qüvvəsi məğlub oldu və kapitulyasiya aktına imza ataraq ağ bayraq qaldırdılar. Beş ay bundan öncə artıq işğalçı qüvvələrin axırıncı ünsürləri də ərazimizi tərk etdi. Bu baxımdan deyə bilərik ki, hərbi işğala son qoyuldu. Amma anlamalıyıq ki, hərbi işğalı gündəmə gətirən bir ideologiya var. Bu ideologiyaya uyğun olaraq onlar işğalçı qanunları və qaydalar qəbul ediblər. Açıq deməliyik ki, Ermənistanın yaratdığı ideologiya, faşist ideologiyasıdır. Bu ideologiya onların cəmiyyətində və insanları arasında köklər salıb. Ermənistan cəmiyyəti bir növ faşist ideologiyasından xəstədir. Digər tərəfdən işğalı həyata keçirmək üçün qanunlar qəbul ediblər. İşğalın bünövrəsi onların müstəqilliyinin bərpası deklarasiyasında öz əksini tapıb. Sonra bu konstitutsiyalarında təsbit olunub. Ümumiyyətlə onların fəaliyyəti işğalçı bir qanunlar çərçivəsində cəmiyyəti formalaşdırmaqdır. Yəni biz onların hərbi işğalını «Dəmir Yumruq”dan istifadə edərək, ordumuzun qəhrəmanlığı və şəhidlər verərək hərbi işğala son qoyduq. Amma bu işğalçı ideologiyası hələ də Ermənistanda gündəmdədir. Biz onları hərbi yolla işğala son qoymağa məcbur etdik. Amma işğalçı qanunlar, bu ideologiyadan Ermənistan azad olunmasa, bəlkə onlar tərəfindən təhlükə hiss edə bilərik. Ona görə başa düşməliyik ki, postmüharibə dövründə siyasi baxımdan yeni bir dövr başlayır. Onun həm diplomatik elementləri, həm təbliğat mübarizə forması hələ davam edir. Necə ki İkinci Dünya Müharibəsində faşist Almaniyasına qarşı xüsusi qaydalar tətbiq olunmuşdu. Bu proses Ermənistan üçün də tətbiq olunmalıdır. Onlar bizim qardaşımız olan Türkiyəyə də qarşıdır. Yəni Ermənistanın bu düşmənçilik ideologiyasına son qoyulmalıdır.
-Tofiq müəllim, dünyada baş verən vəziyyətlər, diplomatik əlaqələr və hazırkı proseslərdən bir qədər bəhs edərdiniz. Sizcə üçüncü dünya müahribəsinin astanasındayıqmı?
— Dünyada baş verən proseslərdən danışarkən başa düşməliyik ki, Azərbaycanın bu böyük proseslərdə özünəməxsus bir rolu var. Azərbaycan indiki tarixi ilə yeni bir tarix yazdı. Artıq yeni təcrübə mövcuddur. Dünyada baş verən qlobal proseslərdə görürük ki, Azərbaycanın qələbəsi beynəlxalq münasibətlərdə misli olmayan hadisədir. Yəni qlobal proseslərdə Azərbaycan yeni bir tarixi səhifə yazıb. Hətta cənab Prezident öz çıxışlarında qeyd edir ki, «Biz bu Zəfərlə, düşmənin məğlub olması ilə geopolitik proseslərə öz təsirimizi göstərdik ki, hələ də onun təsirləri göz qabağındadır». Elə proseslər hərəkətə gəlib ki, bu geopolitik proseslərin dərinliyi aydın görünmür. Şimalda Rusiya-Ukrayna müharibəsi var. Hər iki ölkəyə çox ağır nəticələr verib. Baxmayaraq ki, Ukrayna işğala məruz qalan ölkədir. Amma eyni zamanda Rusiya da böyük problemlər qarşısındadır. Təkcə insani itkiləri hələ demirəm. İqtisadi baxımdan onun inkişafı çox problemli görünür. Həm Ukraynada həm də Rusiyada krizis (kəskin böhranın) olması da gözləniləndir. Cənuba baxsaq görəcəyik ki, Yaxın Şərqdə vəziyyət çox gərgindir. Hətta iqtisadiyyatın əsaslarından olan kommunikasiya və tranzit məsələləri də təhlükə altındadır. Yəni dünyada qarşıdurma prosesləri daha da fəallaşıb. Biz elə bir ortadayıq ki, bəzən müxtəlif geopolitik mərkəzlər bizə ümidlə baxır. Çünki ortaq tranzit yolu Çinin «İki kəmər bir yol» layihəsi onu göstərir ki, artıq Azərbaycan bu kommunikasiya layihələrində özünə layiq yer tutub. İndiki mərhələdə mürəkkəb proseslər Mərkəzi Asiyada baş verir. Biz görürük ki, Mərkəzi Asiyada yeni tarixi dövr hökm sürür. Müstəqillik qazanmış ölkələr artıq sürətlə inkişaf edir. Yeni geopolitik mərkəz Türk Dövlətləri Birliyi -yaranır. Həm Çin, həm ABŞ, həm Avropa İttifaqı rəhbərliyi bu ölkələrin rəhbərləri ilə ötən il ard-arda görüşlər keçirdi. Azərbaycanın da bu istiqamətdə Türkiyə ilə birgə fəallığı göz qabağındadır. Yenidən cənab Prezidentin çıxışını yada salmaq istəyirəm. Cənab Prezident qeyd edib ki, «bölgə ilə əlaqədar təxminən bir ilin ərzində 20-yə yaxın səfərlərdə olub və yaxud qəbullar keçirib». Yəni proseslər gedir. Azərbaycanın bu proseslər ərəfəsində onun əsas problemi olan ərazi bütövlüyü məsələsinin həll olunması və dövlətin, xalqın bir yumruq kimi birləşməsi onu göstərir ki, biz bu proseslərə daha yaxşı, hazırlıqlı vəziyyətdə gəlmişik.
— Hörmətli Tofiq müəllim müsahibəmiz üçün sizə dərin təşəkürümü bildirir, fəaliyyətinizdə daima müvəffəqiyyətlər arzulayıram.
— Məndə ilk öncə sizə və jurnalınızın rəhbərliyinə, əməkdaşlarınıza minnətdarlığımı bildirir və işlərinizdə uğurlar arzulayıram.
© Əsrin Aydınları jurnalı
Tədqiqatçı Jurnalist: Günel Şəmilzadə
SMM, fotograf: Toğrul Abdullayev