Əsrin Aydınları jurnalının dəyərli qonağı peşəkar mütəxəssis, Turan bankın filial müdiri Seyran Quliyevdir.
— Xoş gördük, Seyran müəllim. Bütün müsahiblərimizə ünvanladığımız ənənəvi bir sualımız var. Seyran müəllim özünü oxucularımıza necə təqdim edərdi?
— Mən Quliyev Seyran Cəfər oğlu 1978-ci ildə Yardımlı rayonunun Telavar kəndində anadan olmuşam. 10 uşaqlı geniş bir ailədə böyümüşəm. Atam müəllim, anam isə evdar xanım olub. 1984-cü ildə Telavar kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuşam. 1996-cı ildə Milli Qəhrəman Bəhruz Mansurov adına Telavar kənd orta məktəbin 11-ci sinfini bitirib, ali məktəbə qəbul olmuşam. Həm Türkiyə, həm də Azərbaycanda təhsil almışam. İlk ixtisasım mühəndisdir. Mənim ədəbiyyata da hər zaman xüsusi marağım olub. Tələbəlik illərimdə bədii əbiyyatla bağlı məqalələrim olub. Tələbəlik illərində aktivliyə hər zaman önəm vermişəm. istər elmi tədbirlərdə, istərsə də idman tədbirlərində mütəmadi iştirak etmişəm. İndmandan söz düşmüşkən bildirirəm ki, orta məktəbdən idmanla məşğul olmuşam, ali məktəbdə oxuduğum illərdə və daha sonar idmanın ağır qtiletika növü ilə, daha sonar güləşlə məşğul olmuşam. 1998-ci ildə Bakı şəhərində Universitetlər arası ağır atiletika üzrə Bakı şəhər çempionatlığı keçirilirdi. Bu yarışda 2-ci yer üzrə qələbə qazanmışım. Daha sonra təhsilimi Türkiyə Dövlət Kastamonu Universitetinin «İdarəçilik» ixtisasında davam etdim. Sonra iqtisadiyyat, maliyyə-mühasibatlıq üzrə təhsil alıb bank sahəsində çalışmağa başladım. Və demək olar 20 ilə yaxındır ki, bu sahədə çalışıram. 2000-2001-ci illərdə hərbi xidmətdə olmuşam. Orada da ən sevdiyim peşə rabitəçi peşəsi olub. Hərbi xidmətdən qayıtdıqdan sonra fərqli sahələrdə çalışmışam. Bir müddət dəmir yollarında çalışdım, eyni zamanda biznesim də var idi. Qeyd edim ki, mən məktəb vaxtı 8 il mədrəsə təhsili də almışam. Gündüzlər məktəbə gedirdim, axşamlar isə bizim kənddəki mədrəsəyə gedirdim. Orada fars-ərəb dillərinin qrammatikasını öyrənirdim. Artıq 11-ci sinifdə qarşımda 2 yol dururdu: ya dini təhsilə davam etmək ya da dünyəvi təhsil almaq. Mən ikinci yolu seçdim.
— Seyran müəllim, təhsilinizdə və karyeranızda kimə borclusunuz? Ən yaxın dəstəkçiniz kim olub?
— Təhsil fəaliyyətimdə öncə atama borcluyam. Atam pedaqoq olduğu üçün bizi də hər zaman oxumağa, elmə yönləndirib. Ən sevimli müəllimim isə əmim olub. Bizim evdə böyük kitabxana var idi. Hazırda o kitabxana durur. Atamın kitabxanası idi. Bizə kitaba, elmə olan sevgi atamızdan gəlib. Atam bizə həmişə kitabları səliqə ilə oxuyub, onları qorumağı tapşırırdı. Buna görə də həmin kitabxana hələ də evimizdə qalır. Bizim kəndin də kitabxanası var idi. Ailədə hər birimiz o kitabxananın üzvü idik. Dərsdən qayıdanda oradan bədii kitablar götürürdük. Ən sevdiyim kitablar arasında Hüseyn Cavidin, Əhməd Cavadın, Mirzə İbrahimovun, İsmayıl Şıxlının əsərləri var idi. Bədii ədəbiyyata daha çox zaman ayırdığımız üçün atam bizə axşamlar yalnız 2 saat əsər oxumağımıza icazə verirdi. Mənim təhsilimdə ilk öncə atam Cəfər müəllimin, əmim Məlikağa müəllimin və Əflatun müəllimin rolu böyükdür. Onlara hər zaman özümü borclu hiss edirəm. Bu gün də mən müəllimlərimlə görüşürəm. Çünki onların mənim üzərimdə əməyi, zəhməti var və mən bunu unuda bilmərəm.
— Həyatımız xatirələrdən ibarətdir. Qeyd etdiniz ki, ailədə 10 uşaq olmusunuz. Allah hər birinizi qorusun. Uşaqlıq illəri ilə bağlı nə kimi gözəl, yadınıza salanda hələ də üzünüzü güldürən maraqlı xatirələrinizdən danışaq.
— Bilirsiniz, Günel xanım, xatirələr insana stimul verir. Sözsüz ki, xatirələr müxtəlif olur. Bunların arasında həm xoş, həm də pis xatirələr yer alır. Şükür ki, pis xatirələrim yoxdur. Həmişə çalışmışam ki, xoş xatirələr olsun həyatımda. Uşaqlığımla bağlı çox maraqlı xatirələrim olub. Atam dövlət qulluğunda çalışıb. O, böyük bir kəndin rəhbəri işləyirdi. Söhbət o zamanlar «sovxoz», «kolxoz» adlanan dövrlərdən gedir. 1989-90-cı illərdə ölkədə bir müddət un, çörək qıtlığı yaranmışdı. Bu səbəbdən insanlar buğda əkməyə başladılar. Biz də torpaq sahəmizdə buğda əkmişdik. Bir müddət sonra əldə olunan məhsulu üyütmək üçün at arabasına yığıb dəyirmana apardıq. Dəyirman Bərzan kəndində yerləşirdi. Elə vaxt olurdu ki, biz günlərlə dəyirmanda qalası olurduq. Dəyirmanla bizim evin arasında təxmini 15-20 km məsafə var idi. 3 gün idi ki, dəyirmanda qalmışdıq. Eyni zamanda, bizimlə qonşu kənddən olan, atamın iş yoldaşının oğlu da gəlmişdi. Sözsüz ki, bir-birimizi tanıyırdıq və söhbət edirdik. O, məhsulunu sovxozun texnikası ilə gətirmişdi. Mənə sual verdi ki: «Buğdanı nə ilə gətirmisən?» Mən də araba ilə gətirdiyimi dedim. Dedi ki: «Bəs, yaxşı, sən niyə at arabası ilə gətirmisən?» Yəni demək istəyirdi ki, sənin atan vəzifədədir, niyə ondan istifadə etməmisən. Bu söz məni, həqiqətən çox düşündürdü. Gəldim evə. Anam məni fikirli görüb, nə baş verdiyini soruşdu. Məsələni anama danışdım. Təbii ki, bunu atama mənim deməyim bir az çətin məsələ idi. Daha sonra atam məsələdən ağah oldu və bizimlə söhbət etmək üçün hamımızı çağırdı. Mən uşaq vaxtı çox aktiv idim, çalışırdım ki, atamdan işlərini, hər şeyi öyrənim. Atam bizə deyirdi ki: «Baxın, mənim tabeliyimdə bir neçə sovxoz var. Mənim bir tapşırığım ilə texnika gəlib məhsulu dəyirmana apara bilər. Heç sizə də ehtiyac olmaz burada. Amma buğdanın necə üyüdüldüyünün, hansı zəhmətlə başa gəldiyinin şahidi olmağınızı istədim. Bu mənə həqiqətən, maraqlı idi, çünki ilk dəfə idi ki, dəyirman görürdüm. Atamın bir sözünü bu gün də xatırlayıram. O, demişdi ki: „Bu kimi şeyləri bilməlisən, vəzifə əbədi deyil“. Atam bizə zəhməti öyrədib hər zaman. O xatirələr mənim zəhmətkeş insan kimi yetişməyimə çox kömək etdi. Hər bir uğurun arxasında böyük bir zəhmət var. Hansı işə zəhmət sərf edirsənsə, sonda işin bəhrəsini görürsən. Xatirələrimdən birini də danışım sizlərə. 6-cı sinifdə oxuyurdum, uşaq idim. Kolxozda rəhmətlik Fərhad işləyirdi, onun qardaşı da mənimlə oxuyurdu. Yay vaxtı sovxozun fermasının qoyun sürüləri yaylağa qalxırdı. Yaylaq da uzaq idi. Çobanlar 2-3 gün piyada yol gedirdilər. O mənə yaylaqdan çox danışırdı və bu mənə maraqlı gəlirdi. Bir gün mənə dedi ki: „Gəl, bizimlə gedək“. Mən də getmək istəyirdim, amma bilirdim ki, bu icazəni almaq qeyri-mümkündür. Evə gəlib, atamla danışdım. Atam da dedi ki: „Yaxşı, görmək istəyirsənsə, sabah sovxozun texnikaları gedəcək. Onlarla gedib, gələrsən“. Mən də bildirdim ki: „Yox, ata, mən çobanlarla getmək istəyirəm“. Rəhmətlik nənəm həmişə ən çox harayıma çatan insan olub. Getdim nənəmin yanına. Uzun xahişdən sonra razılıq aldım. Yaylaqda çox gözəl xatirələrimiz olub. O yaylaq Savalan dağının qarşısında yerləşirdi. Mən ilk dəfə idi ki, Savalan dağını canlı görürdüm. Bir həftə qalandan sonra qayıtdıq kəndə. Uşaqlıq illərimin xatirələri bu gün həyatda müəyyən mövqe tutmağıma çox kömək olub. Xatirələri sevmək, qorumaq lazımdır. Və çalışmaq lazımdır ki, həyatımız xoş xatirələrlə yadda qalsın.
— Seyran müəllim, qeyd etdiniz ki, 20 ildir, bank sektorundasınız. Peşəkar mütəxəssis kimi yetişmək üçün nələri öyrənmək, nələrə daha çox üstünlük vermək lazımdır?
-Bilirsiniz, ümumiyyətlə, peşəkarlığın arxasında zəhmət, əmək durur. Peşəkar olmaq üçün çox çalışmaq lazımdır. İstənilən sahədə nəzəri biliklərin olması mütləqdir. Peşəkarlıq isə sənin işə yanaşmandan və işi necə mənimsəməyindən irəli gəlir. Onun üçün çoxlu çalışmaq, nəzəri biliklərlə yanaşı, təcrübə də əldə etmək lazımdır. Kurslarda, seminarlarda iştirak edib, oradan biliklər əldə etmək lazımdır. Dünyamız durmadan inkişaf edir və dəyişir. Ona görə də elmi araşdırmalar aparmaq, öyrənmək lazımdır. Mən hər zaman gənc nəslə ilk olaraq işin mahiyyətini öyrənmələrini tövsiyə edirəm. Eyni zamanda, verilən tapşırıqları qüsursuz, vaxtında etməyin vacibliyini deyirəm. Zəhmət, bilik və həvəs: bu üçlü vəhdət istənilən sahədə səni peşəkar edəcəkdir.
— Hal-hazırda müştərilərlə işləyirsiniz. Onları məmnun etmək üçün hansı xidmətlərdən, layihələrdən istifadə edirsiniz? Yeni innovativ layihələr planlayırsınızmı?
— Bu gün bank sektorunda çox innovativ layihələr tətbiq edilir. Günümüzdə demək olar, bütün banklar ənənəvi bankçılıqdan innovativ bankçılığa keçib. Əvvəllər müştəri ilə müqavilə bağlamaq üçün onun fərdi olaraq banka yaxınlaşması lazım idi. Amma bu gün banka gəlmədən hesab açmaq mümkündür. Bu, əslində, bank sektorunun ən böyük uğurlarından biridir. Bu eyni zamanda, müştəri məmnuniyyəti də yaradır. Çünki vaxt itirmədən şəxsi komputeri ilə hesab aça, onu idarə edə bilir. Bunun üçün mobil tətbiqlər var, online bankçılıq anlayışı var. Bunlar hamısı innovativ məhsullardır. Müştərini məmnun etməyin ən vacib məqamlarından biri müştəriyə keyfiyyətli xidmət göstərməkdir. Bu gün bazarda olan bankların əksəriyyətinin demək olar ki, xidmət sahələri, faiz dərəcələri eynidir. Burada əsas məsələ individual olaraq müştərilərə keyfiyyətli xidmətin göstərilməsidir. Əgər bu gün əməliyyat sistemində çalışan insanlar müştəriləri operativ qəbul edib, onların problemlərinə operativ yanaşırlarsa, bu ən böyük məmnuniyyətdir. Müştəri məmnuniyyətidə məhz buradan yaranır. Bizim üçün də ən vacib məsələ müştəri məmnuniyyətini qazanmaq və qoruyub saxlamaqdır.
— Seyran müəllim, gənclərə nə kimi tövsiyələriniz var?
— Bu gün əfsuslar olsun ki, gənclərimizdə operativlik zəifdir. Eyni zamanda, öz üzərlərində də az çalışırlar. Düzdür, öz üzərində çalışan kifayət qədər gənclərimiz də var. Lakin əksəriyyətində elmə, kitab oxumağa həvəs azdır. Bəzi gənclər ünsiyyət zamanı öz fikirlərini belə ifadə edə bilmirlər. Mən bu problemin səbəbini kitab oxumamaqda görürəm. Gənclərə ən böyük, ən önəmli tövsiyəm odur ki, kitabı, oxumağı sevsinlər. Kitaba olan sevgi vətənə, valideynə, hətta sevgilisinə olan sevgini yaradır. Hətta peşəyə belə sevgi yaradır. Çünki kitab böyük bir elmdir. Bütöv dünyanı bir kitaba yerləşdirmək olar. Gənclər yalnız və yalnız oxumalıdırlar, öyrənməlidirlər. Eyni zamanda, zəhmətə alışmalıdırlar. Çünki zəhmətli həyat işıqlı həyatın təməlidir. Birinci növbədə əxlaqlı olmaq lazımdır. Əxlaqlı insan yaxşı insan, yaxşı övlad, yaxşı dost, gələcəkdə yaxşı valideyin olur. Ona görə də cəmiyyətimiz üçün əxlaqlı insanlar yetişdirmək lazımdır.
— Milli-mənəvi dəyərləri unutmaq olmaz. Mən həmişə deyirəm ki, keçmişi unutmaq olmaz, amma keçmişə bağlı qalmaq da olmaz. Sözsüz ki, cəmiyyət durmadan inkişaf edir. Bu inkişafda hər kəs öz yerini tapmalıdır. Amma milli-mənəvi dəyərlər bizim keçmişimizdir, varlığımızdır. Biz onu qorumalıyıq.
— Doğrudur, müəyyən dəyişikliklər olsa da, mənəvi dəyərlər öz yerində qalır və biz bunu gənclərimizə ötürməliyik. Bu proses zəncirvari şəkildə getməlidir. Dəyərli vaxtınızı bizə ayırdığınız üçün minnətdaram, Seyran müəllim. Var olun! Sizə fəaliyyətinizdə uğurlar arzulayıram. Sonda istərdim ki, «Əsrin aydınları» jurnalının heyətinə öz arzularınızı bildirəsiniz.
— Sizin səhifələrinizi sosial şəbəkələrdən də izləyirəm və baxıram ki, çox gözəl nailiyyətləriniz var. Eyni zamanda, sözün əsl mənasında sənətkarları, yazarları, ölkədə danılmaz xidmətləri, fəaliyyətləri olan, karyerası olan insanları işıqlandırırsınız. Buna görə sizin hər birinizə dərin təşəkkürümü bildirirəm. İnanıram ki, «Əsrin aydınları» jurnalı bir ömür bizimlə addımlayacaq və nailiyyətləriniz hər zaman sonsuz olacaq. Arzu edirəm ki, bu kimi müsahibələriniz bol olsun və jurnalınız işıq üzü görsün. Hər birimizin iş masasında «Əsrin aydınları» jurnalı göz önündə olsun.
© Əsrin Aydınları jurnalı
Tədqiqatçı Jurnalist: Günel Şəmilzadə
SMM, Fotoqraf: Toğrul Abdullayev