«Əsrin Aydınları» jurnalının dəyərli qonağı nasir, şair, tərcüməçi, kinodramaturq, «Şöhrət» ordenli Əməkdar incəsənət xadimi Baba Vəziroğludur.
— Baba müəllim, bir qədər uşaqlıq və gənclik illərinə qayıdaq. O illəri necə xatırlayırsınız?
— Uşaqlıq və gənclik illərimin hər anı yadımdadır. Bütün nağıllar, əfsanələr, həyat haqqında xülyalar, fantaziyaların hamısı o dövrə təsadüf edir. Sonra monoton bir həyat başlayır və bütün günlər bir-birinə oxşayır. Bununla bağlı belə bir şeirim də var:
Sənsiz keçən günlərim oxşayır bir-birinə,
Sənsiz keçən günlərin yaxşısı-pisi yoxdur.
O illərin bütün məqamları yadımdadır. Sadəcə qlobal şəkildə baxanda xoşbəxt olduğum bir dövr, bir mərhələ var idi. O da uşaqlıq dövrüm idi. Onu zərrə-zərrə ayıranda görürsən ki, hər bir anında xoşbəxt olmuşam. Qayğısız, gələcəyə ümidlə dolu günlər idi. Bizim uşaqlığımızda konkret kim olacağınla bağlı bir fikir yox idi. Əsas ona inanırdıq ki, bizi gözəl gələcək gözləyir. Necə ki, səhrada yol gedən səyyahın gözünə şırıltılı bulaqlar, gözəl təbiət, quşlar, çiçəklər dolu xəyallar görsənir. Əgər səhrada gedən insanın belə xəyalları olmasa, həmin dəqiqə tükənər, ümidini itirər. Hətta gücü olsa belə, səhrada məhv olub gedər. Uşaqlıq vaxtında həyat bizim üçün elə idi. Bu mənada bir rus yazıçısının fikri yadıma düşdü. O, belə deyirdi: «İnsan yaşlananda qocalmır ki. İnsan o vaxt qocalır ki, harasa dırmaşmaqdan, can atmaqdan yorulur, usanır». Bu hətta 25 yaşında da baş verə bilər. Həm də bütün ilklər o dövrdə baş verir. İlk məhəbbət, ilk sevgi məktubu, ilk müəllim, ilk məktəb, ilk Vətən. O zaman Vətən doğulduğun kiçik koma və yaşadığın bir kəndi əhatə edir. Hər şeyin ilki o zaman olur. Hər şey həyatda bir dəfə baş verir. Dünyada heç nə təkrarlanmır. Bir dəfə olur və bitir.
— Baba müəllim, nə zaman reallıqdan çıxıb romantik olursunuz?
— Yalnız yazı masasının arxasında romantikəm. Həmin vaxt səma, ruhlar və özümlə danışıram. Amma günün əksər vaxtlarında realist və praqmatikəm. Bəzən o ilahi məqamlarda kənddə böyüdüyüm balaca evimizə guya balaca Baba Vəziroğlunu tapmağa gedirəm. Təbii ki, mən onu orada tapa bilmirəm. Real, amansız həyat insanın bütün təsəvvürlərini darmadağın edir. Bircə buna çox sevinirəm ki, uşaq Baba Vəziroğlunu orada tək qoymamışam və öz içimdə gətirmişəm. Həmişə bununla fəxr edirəm. Elə insanlar var ki, uşaqlığını olduğu yerdə qoyur və tamamilə başqa bir insana dönüşür. O cür insanlardan həmişə qorxmaq lazımdır.
—Baba müəllim, yazdığınız ilk şeir, şeirlərinizdən yaranan təəssüratlar haqqında danışa bilərsinizmi? Necə oldu ki, şeir yazmağa başladınız?
— Mənə elə gəlir ki, bütün insanlar bir dəfə də olsa şeir yazırlar. Yazdıqları həmin şeiri ya kağıza köçürür, ya ürəyində saxlayır, ya da bu barədə düşünürlər. Yəni insan həyatında bir neçə misra da olsa şeir yazır. Nədən yaranır bu? İnsan lüğət dilini öyrənəndə ondan informasiya kimi istifadə edir. Əsasən, hissiyatların ifadəsindən söhbət gedir. İnsan görür ki, adi lüğət tərkibli sözlərlə özünü ifadə edə bilmir. Məsələn: Bir adamı çox istədiyin zaman ona sadəcə iformativ dildə səni çox sevirəm, sənsiz çox darıxıram desən, bu yetərli olmayacaq. İnsan sevgisini elə ifadə etmək istəyir ki, həmin insanın yeddi qatından belə keçsin. Ona görə burada yeganə dil poetik dil, bədii dildir. Bu səbəbdən hamı şair ola bilmir. Ona görə hamı şair olmur ki, ifadə etmək istədiklərini poetik dillə demək istəyir amma bacarmır. Yəni sözünün gücü çatmır. O zaman başqa şairləri oxuyur, onlardan misal gətirir. Mən də guya ilk məhəbbət məktubu yazanda görmüşəm ki, sözümün qüdrəti çatmır. Tez Bəxtiyar Vahabzadə, Nüsrət Kəsəmənlidən sitat gətirmişəm. Düzdür, bunlar şərti şəkildə ilk sevgi məktublarıdır. Çünki orada sevgidən heç nə yoxdur və nə yaxşı ki yoxdur. Hissiyatlar o qədər təmiz və safdır ki, dünyanın çirkinlikləri ora sızmır. Kitablarımın birində yazmışam: «İlk məhəbbət bizim uydurduğumuz bir nağıldır. Onun reallıqla heç bir əlaqəsi yoxdur. İlk məhəbbət deyəndə bir soyuq qış günü kənddə odunla qızınan balaca sinif otağı və qarşımda oturan qızın ayazdan, şaxtadan qızarmış və mürəkkəbə bulaşmış barmaqları ağlıma gəlir. İlk məhəbbət deyəndə ağlıma ancaq o barmaqlar gəlir. Nə qızın adını xatırlayıram, nə onun siması yadıma gəlir». Mənə elə gəlir ki, hətta ilk sevgi məktubunu da o barmaqlar yazıb. Sən demə əsl məhəbbət elə o imiş. Bəlkə də bizi digər canlılardan fərqləndirən budur ki, biz bu nağılları uydururuq və özümüzü inandırmağa çalışırıq. Çünki yaşamaq üçün mütləq bu nağıllar lazımdır. Mirzə Cəlildə də belə bir ifadə var. «Həyat ondan ibarət deyil ki, təkcə işə gedib sonra gəlib bozbaş yeyib yatasan. Həyat çox maraqlıdır, çox yaşamalıdır». Ona görə bizi yaşadan məhz o nağıllardır. Dostluq, sədaqət, sevgi haqqında nə cür nağıllar uydurmuşuq. Bizim uydurduğumuz nağıllar mütləq bizim maraqlı, gözəl yaşamağımız üçün lazımdır. Nağıllara inanmayan, uşaqlığını itirən insanlardan qorxmaq lazımdır. Həyatı gərək olduğu kimi, acıları, iztirabları, bütün reallıqları ilə yazasan. Onu da etiraf edim ki, mənim nəsrim çox ağırdır. İnsanlar onu oxuyanda özlərindən belə diksinirlər. Çünki onların öz həyatıdır. Yəni eybəcər insan özünü güzgüdə görmək istəmir. Təxminən 6-cı sinifdə oxuyurdum, ilk şeirlərimi xalq şairi Musa Yaquba göndərdim. Daha sonra gördüm ki, Musa Yaqubun ön sözü ilə şeirlər rayon qəzetində dərc olunub. Əsərlərimin bəlkə də çoxunun adı yadımda deyil, amma onların arasında «Qocalar» və «Çinar» şeirləri yadımda qalıb. Musa Yaqubun tərifi ilə o şeirlər dərc olunmuşdu.
—Baba müəllim, kitablara olan böyük sevginizdən də xəbərimiz var. Bəs bu sevgi necə yarandı?
— İlk dəfə şeirlərim rayon qəzetində çap olunandan sonra Musa müəllim mənə 3 manat qonarar yazmışdı. O zaman sovet pulu ilə 3 manat böyük pul idi və kitablar da qəpik-quruşa idi. Həmin pulla rayon mərkəzindən un kisəsi dolu kitab aldım. Rayondan bizim kəndə 35 km məsafə olardı. Onda maşın, avtobus yox idi. Həmin kitabları qarlı qış günündə piyada çiynimdə evə gətirdim. Kitablarla çətin bir yol keçdim və aramızda əbədi dostluq yarandı. Ən sədaqətli dostum və əbədi yol-yoldaşım kitabdır. Mən o kitabların həvəsi ilə Bakı Dövlət Univsitetinə qəbul oldum, sonra Moskvada, Bolqarıstanda ali kursları bitirdim. Bu gün də kitabla bir yerdəyəm. Baxmayaraq ki, o diplomları evdə qoymuşam və hazırda mənə lazım deyillər. Amma onların mənə verdiyi bilik vacibdir. Bu gün də özümü şagird, tələbə kimi hiss edirəm. Öyrənirəm, oxuyuram. Dinləməyi danışmaqdan daha çox sevirəm. Fikirləşirəm ki, bildiyimi onsuz da bilirəm. Amma dinləyərkən bilmədiklərimi daha çox öyrənirəm.
—Baba müəllim, sizcə uğur qazanmaq zəhmətdən keçir, yoxsa sadəcə qismətdir?
— Uğur əldə etmək üçün hər ikisi vacibdir. Bütün insanlar istedadlı doğulurlar. Allah hər kəsə bir damcı da olsa genetik istedad, qabiliyyət verir. Konkret müstəvidə danışsaq, bütün insanlar şair doğulurlar. Amma sonradan şair olmağı da bacarmaq lazımdır. Doğulmaq işin çox az bir faizidir. Sonra üstünə o qədər əlavələr etməlisən ki, gecə-gündüz çalışmaq, oxumaq, öyrənmək, dünyanı dərk etmək, insanları oxumağı bacarmaq lazımdır. İstedadlı yazıçının gözləri rentgen şüaları kimidir. Bunun üçün də insanları, flora-faunanı, heyvanlar aləmini belə tanımalısan. Yəni zəngin biliyə malik insan olmalısan. Bir də mütləq şəkildə şans da olmalıdır. Dəfələrlə ürək ağrısı ilə demişəm, bizdən də istedadlı, qabiliyyətli insanlar var ki, tale onlara bir balaca şans verməyib. O şans olmadığı üçün həyatdan hissiz, soyuq, vaxtsız çıxıb gediblər. Ona görə Azərbaycanda qızlar üçün belə bir misal var: «Özün gözəl olunca, bəxtin gözəl olsun». Bu böyük həqiqətdir. Bir formulası da var. Bu artıq bəşəri formuladır ki, şanslı insan odur ki, lazımı vaxtda lazımı yerdə olsun. Lazımı vaxtda və lazımı yerdə olmaq üçün yenə Allahın bir naxışı lazımdır. Çünki evdə oturub nə zaman, harada olacağını bilməzsən. Sanki insana bir mesaj gəlir ki, filan vaxtda filan yerdə olmalısan. Bunun üçün düşünürəm, mütləq şans lazımdır. Görünür, bunları Allah öz sevimli bəndələrinə verir.
—Baba müəllim, həyat çox rəngarəngdir. Bu 70 illik ömrünüzü hansı rənglərlə boyayardınız, yaxud hansı rəngdə görürsünüz?
—Həyatın rəngləri sonsuzdur. İsmayıllıda Babadağına qalxın və görün Allah necə rənglər yaradıb. Ondan sonra 7 cür rəngin olduğunu unudacaqsınız. Çünki bir rəngin milyon çaları var. Ona görə Allahın yaratdığı bütün rəngləri sevirəm. İnsan ovqatına, yaş mərhələsinə, sənətinə, yoluna uyğun bütün rənglər gözəldir. Əsas da ovqatla bağlıdır. Adətən Şərqdə qara rəngləri sevirlər. Ümumiyyətlə, qara, tünd rənglərdən heç xoşum gəlmir. Əlvan rəngləri sevirəm. Çünki əlvan rənglər insanı həyata çağırır. Bəlkə də nə vaxtsa qara rəng də gözəl olub. Amma Şərq cəhaləti qara rəngin adını o qədər bədnam edib ki, artıq qara rəng görəndə insanı xof basır. Halbuki, bütün rənglər Allahındır. Qara rəng həmişə poeziyanın nifrət hədəfindədir.
—Baba müəllim, istərdik şeirlərinizə yazılan mahnılarla bağlı da danışaq. Azərbaycanda çox görkəmli sənətkarlar sizin şeirlərinizə yazılan mahnıları ifa edib. Onlarla bağlı xatirələrinizi bilmək istərdik. Bu bəstələr necə yarandı?
— Mahnı yaradıcılığım, debüt çox gənc yaşlarında olub. Yaşca məndən böyük olmasına baxmayaraq böyük bəstəkarımız Telman Hacıyev ilə çox gözəl dostluğumuz var idi. Bir gün onların evində çay içirdik. Gördük, bəstəkar Firəngiz Babayeva və Oqtay Rəcəbov gəldilər. Onlar cavan bəstəkarlar idi. Həmişə Telman müəllimdən məsləhət alardılar. Melodiya gətirmişdilər, Telman müəllim də çox bəyənmişdi. Amma melodiyanın sözləri yox idi. Həmin vaxt Telman müəllim dedi ki, şair oturub burada, sözlərini elə ona yazdıraq. Həmin gün melodiyaya mahnı sözlərini yazdım. Hər şey tam təsadüfən oldu. Həmin vaxt iki mahnı yazdım. Firəngiz Babayeva üçün «Tövbə», Oktay Rəcəbov üçün isə «Sevərsənmi» mahnısını yazdım. Demək olar ki, hər ikisi bu gün də məşhurdur. Mahnı yazılandan bir ay sonra dekabrın 31-i Azərbaycan Televiziyasında böyük bir bayram proqramında bu iki əsər ölməz sənətkarımız Şövkət xanım Ələkbərovanın ifasında səsləndi. O zaman yaxşı mahnılar bir günün içində məşhur olurdu. Qış tətili bitdi. Yanvarda universitetə gələndə artıq məşhur idim. Çünkü o zaman bu, görünməmiş bir şey idi. Mahnı yaradıcılığım elə o gündən başladı. İlk gündən professional bəstəkarlar, sənətkarlar, böyük müəllimlərlə işləməyə başladım. Ona görə də yolum uğurlu oldu. Sonradan demək olar ki, bütün bəstəkarlarla çalışmışam. Emin Sabitoğlu, Elza İbrahimova, Oqtay Kazımi, Telman Hacıyev, Ramiz Mirişli, Eldar Mansurov, Faiq Sücəddinov, Azər Dadaşov və demək olar bütün bəstəkarlarla əməkdaşlıq etmişəm. Bəstəkar Kamal müəllimin bəstələdiyi 40-dan çox melodiyaya mahnı yazmışam. Demək olar hamısı məşhurlaşıb. Ulu Öndər Heydər Əliyevin 75 illiyinə Kamal müəllimin bəstələdiyi musiqiyə «Sən elə bir zirvəsən» şeirini yazdım. İlk dəfə bu mahnı 9 mayda 4 ifaçının, Ağadadaş Ağayev, Briliyant Dadaşova, İlqar Muradov, Ruhəngiz Allahverdiyevanın ifasında səsləndirildi. Yaşar Baxışın studiyasında səhərə qədər məşq etdilər. Günorta saat 12-yə mahnı artıq hazır oldu. Space TV-də Heydər Əliyevin fəaliyyəti və həyatı ilə bağlı kliplə axşam saat 17:00–da efirdə yayımlandı. Mahnı Ulu Öndərin xoşuna gəlmişdi və onu çox bəyənmişdi. O zaman bu əsər çox da səslənmirdi efirlərdə. Mənə elə gəlir ki, bu Heydər Əliyevin böyük təvazökarlığından irəli gəlirdi. İstəmirdi ki, onu tərənnüm edən belə bir mahnı efirdə tez-tez olsun. Bu mahnı Heydər Əliyev dünyasını dəyişəndən sonra əbədi həyatını qazandı. Sanki bu mahnını eşidəndə, dərk elədik ki, biz kimi itirmişik. Yadımdadır, 2003-cü ildə Heydər Əliyev artıq dünyasını dəyişmişdi, cənab Prezident İlham Əliyev Respublika sarayında yeni prezident kimi and içirdi. Andiçmə bitəndən sonra Ağadadaş Ağayevin ifasında bu mahnı səsləndi. Təsəvvür edin, belə bir gündə hamı kövrəldi. O zaman yanımda bu yaxınlarda rəhmətə gedən SOCAR-ın birinci müavini Xoşbəxt Yusifzadə oturmuşdu. Hamı kövrəlmişdi, amma Xoşbəxt müəllim hönkür-hönkür ağlayırdı. O vaxt Xoşbəxt müəllim söylədi ki, bu mahnını eşidəndə bütün həyatım, Ulu Öndərlə sevincli, kədərli məqamlarımız gözümün qabağından film kimi keçdi. Ondan sonra bu mahnı himnə çevrildi sanki. Bir daha Azərbaycan xalqı fərqində oldu ki, belə bir dahi şəxsiyyət artıq həyatda yoxdur.
—Baba müəllim, bu gün müxtəlif peşələrdə savadlı gənclərimiz çoxdur. Dövrümüzün gənclərinə nə tövsiyələriniz olardı?
—Çalışmaq, oxumaq, öyrənmək vacibdir. Bunu mən demirəm, Nizami Gəncəvi təxminən min il qabaq deyib ki, bir insan o biri insandan yalnız elminə, savadına görə üstün ola bilər. Qalan heç bir şeyə görə üstün ola bilməz. Ulu Öndər Heydər Əliyevin ən böyük şüarı bu idi: «Təhsil millətin gələcəyidir». Çünkü təhsilin içində mədəniyyət, insaniyyət, siyasət, bir sözlə, hər şey var. Təhsilsiz insan heç bir şey edə bilməz. 44 günlük Vətən müharibəsi dövründə əsgərlərimiz ön cəbhədə, cənab Prezident İlham Əliyev arxa cəbhədə dünya mətbuatını öz tutarlı cavabları ilə susdura bilirdi. Təsəvvür edin, cənab Prezidentimiz dünyanın bir çox aparıcı dillərində xarici jurnalistlərin çaşdırıcı suallarını tarixi, siyasi, coğrafi bilgisi ilə cavablandırırdı. Savad, bilik, təhsil, elm hər şey sözünü deyirdi. Həmişə deyirəm ki, Allah cənab Prezidentimizi qorusun. Mən şanslıyam ki, bu dövrü gördüm. Yeddi dəfə azad Şuşada, bir dəfə də Laçında olmuşam. Yüz illərlə həyata keçməyən tarixi hadisəni bizə yaşadan Ali Baş Komandana, qüdrətli ordumuza, əziz şəhidlərimizə minnətdarıq. 44 günlük ikinci Qarabağ müharibəsi və bir gün ərzində həyata keçirilən antiterror əməliyyatı ilə Azərbaycan öz suverenliyini, ərazi bütövlüyünü bərpa etdi. Möcüzələr adətən nağıllarda olur. Həyatda isə möcüzələri insanlar yaradır. Biz ona görə xoşbəxt olduq ki, bizim dövrümüzdə torpaqlarımız azad oldu və bu dünyadan nigaran getməyəcəyik. Bu gün şəhidlərimizin ruhu şaddır. Həmişə Şəhidlər Xiyabanına necə ağlar gəlirdimsə, elə də qayıdırdım. Amma bu gün qürurla Şəhidlər Xiyabanına gəlirəm. Sanki şəhid məzarlarının üzərindəki şəkillər də artıq qəmgin görünmürlər. Çünkü insan tək cismdən ibarət deyil axı, insanda əsas ruhdur. Həmişə çıxış edəndə deyirdim ki, şəhidlərimizi cismani ziyarətə gəlirik, amma ruhları nigarandır. Amma o gün söylədim ki, artıq o ruhlar daha nigaran deyil. Onu da qeyd edim ki, 44 gündə 30-dan çox şeir yazdım. Onların hamısı demək olar ki, mahnıya çevrildi. Zəfər şeirini isə zəfərdən öncə yazdım. Əvvəl şeiri yazdım daha sonra Kamal müəllim onu musiqiyə çevirdi. Onu həm Mirələm Mirələmov, həm də Ağadadaş Ağayev ifa edib. Amma ilk dəfə onu şeir kimi Şuşaya səfərimdə oxudum. Ondan sonra söz verdim ki, hər yerdə çıxışıma bu şeirlə başlayacam. Çünkü o şeirdə hər şey, keçdiyimiz yol, xalq, şəhidlərimiz və Ali Baş Komandanın rəhbərliyi var. Allah Azərbaycanımızı, dövlətimizi, Ali Baş Komandanımızı qorusun!
— Hörmətli Baba müəllim, müsahibəniz üçün sizə təşəkkür edirəm, sizə möhkəm can sağlığı, yaradıcılığınızda isə daima uğurlar arzulayıram.
— Məndə sizə və jurnalınızın rəhbərliyinə, əməkdaşlarınıza müvəffəqiyyətlər arzulayıram. Jurnalınızın ömrü uzun olsun!
© Əsrin Aydınları jurnalı
Tədqiqatçı Jurnalist: Günel Şəmilzadə
SMM, Fotoqraf: Toğrul Abdullayev