Azərbaycan Respublikasının Xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü Vahid Əzizin «Əsrin aydınları» jurnalına müsahibəsini təqdim edirik.
— Salam xoş gördük, Vahid müəllim. Xalqımızın sevimli şairi özü haqqında qısa da olsa oxucularımıza məlumat verə bilərmi?
— Salam, Günel xanım. Mən 1945-ci il noyabrın 23-də Qərbi Azərbaycanın Dərələyəz mahalında doğulmuşam. 1951-ci ildə ermənilər min bəhanə ilə bizi oradan çıxartdılar. Tərtərə köçdükdən sonra orta məktəbə orada başladım. İkinci sinifi bitirəndən sonra Goranboy rayonuna köçdük və atam orada indiki İcra hakimiyyətinin sədri vəzifəsinə təyin olundu. Atam 1957-ci ildən Ağadərədə işlə başladı, 1961-ci ildə isə rəhmətə getdi. Atam rəhmətə gedəndə 9-cu sinifdə oxuyurdum. Atamı çox tez itirdim. Bunu şeirlərimin birində də yazmışam. Ümumiyyətlə, yaradıcılığım mənim həyatım, gündəliyim, tərcümeyi-halımdan ibarətdir deyə bilərəm. Şeirlərimdə yaşadıqlarımı yazmışam. Belə bir misra yazmışdım: «Mən atamın qocalmağını görmədiyimdən, əliyalın qarşıladım qocalığımı». Atamdan sonra yaxşını pisdən ayıra-ayıra öz yolumu tapdım. Şükür Allaha ki, gəlib bu günə çıxmışam. Azərbaycan Texniki Universitetini bitirmişəm. 1971-1977-ci illərdə «Xəbər Mətbuat Agentliyi”ndə xüsusi müxbir kimi çalışmışam. Qismət elə gətirib ki, 1982-1989-cu illərdə Azərbaycan KP Mərkəzi Komitəsində təlimatçı, Mətbuat bölməsinin müdiri təyin olunmuşam. 6 il orada işləmişəm. Orada işləyən zaman tədbirlərin birində Ulu Öndər Heydər Əliyev məni görüb tanımışdı. Bu mənim həyatımın ən önəmli, yaddaqalan məqamlarından biri idi.
— Vahid müəllim, Ulu Öndərimiz cənab Heydər Əliyevlə bağlı xatirələrinizi bizimlə bölüşə bilərsinizmi?
— Ulu Öndər Heydər Əliyevin xalqımızın həyatında əsaslı rolu olub. Bir çoxları kimi mənim də həyatımda işıq yanıdırıb dahi şəxsiyyət. 1982-ci ilin may ayında Leonid İliç Brejnev Bakıya gəlməli idi. Hava limanından indiki 20 yanvara qədər Brejnevin gedəcəyi və görəcəyi yerlər var idi. Bu marşrut xəttini rəssamla birlikdə işləmişdik. Elə oldu ki, onları mən təqdim etməli oldum. Həmin vaxt təqdimatım Ulu Öndərin xoşuna gəlmişdi. O zaman kadr məsələləri müzakirə olunurdu. Kadr yoxdur deyiləndə, Ulu Öndər söyləmişdi: «Necə kadr yoxdur? Bakı Partiya Komitəsindən Vahid Cəfərov mənə məlumat verirdi və mən onu çox bəyəndim. Qabiliyyətli gəncdir. Gətirin bura, işləsin». 1982-ci il iyun ayının 11-də saat 12:15–də Ulu Öndərimiz məni qəbul etdi və yarım saata qədər mənimlə söhbət etdi. Məni Mərkəzi Komitənin Təbliğat və təşviqat şöbəsində təlimatçı vəzifəsinə təyin etdi. Bir ildən sonra Mətbuat bölməsinin müdiri oldum. 1982-1988-ci illərin sonuna kimi Mərkəzi Komitədə işlədim. Daha sonra orada Mətbuat bölməsinin sədr müavini vəzifəsində çalışdım. Daha sonra 1991-1997-ci illərdə Azərbaycan Yazıçılar Birliyinin İdarə heyətinin katibi oldum. 7 il orada çalışandan sonra 52 yaşında işdən çıxarıldım və təəssüf ki, işsiz qaldım. Bu mənə çox pis təsir etdi. Çünki mən böyük bir siyasi məktəb keçmişdim. Hələ Mətbuat komitəsində işləyəndə ermənilərin əleyhinə 12 adda kitab buraxmışdım. Hamısı da tarixi kitablar idi. Çətin vaxtlarım çox olub. Amma Ulu Öndərimiz vaxtilə bütün bunları yüksək səviyyədə dəyərləndirdi və 2019-cu il may ayının 25-də Azərbaycanın Xalq şairi fəxri adına layiq görüldüm. Həmçinin, mənə ömürlük Prezident təqaüdü təyin edildi. Düşünürəm ki, hər zaman əxlaqımı və ləyaqətimi qoruya bilmişəm. Həm siyasi, həm Heydər Əliyev məktəbi keçmişəm. Heydər Əliyevdən insanlara diqqət-qayğı göstərməyi, Vətən sevgisini, azərbaycançılığı, dilə hörməti öyrənmişəm.
— Vahid müəllim, doğulduğunuz doğma elinizlə bağlı hansı arzularınız var?
— Özümə söz vermişəm ki, el-obamıza köç başlayan kimi dağılmış, sökülmüş evimizin yerində məscid tikdirəcəm. Artıq tikiləcək məscidin layihəsinin işlənməsi ilə bağlı arxitekturlarla da danışmışıq. Heydər məscidinin üslubunda 100 nəfərlik məscid tikməyi düşünürük. Allah dualarımızı qəbul edər və biz ora köçərik İnşallah.
— Yaradıcılığa və ədəbiyyata gəlişiniz necə olub?
— Şeir yazmağa çox gec başlamışam. 1965-ci ildə ilk və bir neçə şeirim «Politexnik» qəzetində nəşr olunmuşdu. Sonra elə oldu ki, şeirlərimi Fikrət Qoca, Rəsul Rza oxudular. 1968-ci ilin aprel sayında Rəsul Rza «Ədəbiyyat» qəzetində nəşr olunan «Tanışlıq» məqaləsində 3-cü kurs tələbəsi haqqında belə yazmışdı: «Vahid Əzizin şeirləri qibtə edilə biləcək qədər poetikdir». Bir ildən sonra yəni 1969-cu ildə ilk kitabım çapdan çıxdı. İkinci kitabım 1974-cü ildə işıq üzü gördü. İndiyə kimi 11 kitabım nəşr olunub. Bu gün bütün dünyanı dolaşan, mənim sözlərimə yazılan «Bayatılar» mahnısını dövlət aranjiman etdirdi. Təklif etmişəm ki, nəşriyyatların birində dövlət vəsaiti hesabına Bədii şura yaradılsın. Həmin şurada əsəri qəbul etsinlər. Bu ideoloji iş və ideoloji konsepsiya məsələsidir. İdeoloji konsepsiyanın hazırlanmasında bu işdə təcrübəsi olan insanları cəlb etmək lazımdır ki, nəticə müsbət olsun.
— Ədəbiyyatdan, sözdən danışmışkən uşaq ədəbiyyatını və bugünkü ədəbiyyatı, yazarları necə dəyərləndirirsiniz?
— Cəmi bir uşaq şeiri yazmışam. Nəvələrimlə də uşaq kimi danışıram. Bəzən evdə hamı buna görə mənə gülür. (Red: gülür) Uşaq şeirləri yazmaq da çox ciddi bir işdir. Mən yazmamışam. Bu gün yazanlar çoxdur. Amma yazmaqla da iş bitmir. Onları cəmiyyətə təqdim etmək də vacib məsələdir. Bu gün həmin şeirlərin təqdimatı üçün onların çap olunmasına şərait yaradılmalıdır. Bunun üçün də ideoloji iş konsepsiyası mövcud olmalıdır. Ümid edirik ki, bu istiqamətdə də müəyyən işlər aparılacaq.
— Vahid müəllim, sonda gənclərimizə tövsiyə və arzularınızı dinləmək istəyərdim.
— Bəzən indiki gəncləri bəyənmirlər. Amma mən gəncliyimizi çox bəyənirəm və onları yüksək qiymətləndirirəm. İkinci Qarabağ savaşında vuruşanlar, şəhid, qazi olanlar bizim gəncliyimizdir. Cənab Prezident İlham Əliyev də çıxışlarında hər zaman vurğulayır ki: «Prezident seçildiyim dövrdə doğulan və formalaşan gənclərdir Qarabağı azad edənlər». Ermənilər bilməlidirlər ki, əgər yenidən baş qaldırmaq istəsələr, bu gün atasız qalmış uşaqlar onlardan ikiqat qisas alacaqlar. Bugünkü Azərbaycan gəncliyi möhtəşəmdir. Dövlətimiz tərəfindən də onların inkişafı, təhsili üçün hərtərəfli şərait yaradılır. Məsələn, tələbələrimiz üçün təhsil haqlarını ödəmələri üçün tələbə krediti var. Yəni gənclərimizə diqqət və qayğı göstərilir. Təhsilimizdə müsbət dönüş hiss olunur. Ali təhsil sistemində maraqlı qaydalar tətbiq olunur. Tənbəllik və dərslərdən yayınmaq məsələsi artıq yoxdur. Azərbaycan-Türkiyə Universiteti, eyni zamanda, Qarabağ Universiteti fəaliyyətə başlayacaq. Bu mənada təhsilimizdə müsbət dönüşlər var. Hətta ucqar rayonlarda doğulan uşaqlarımız da Beynəlxalq olimpiadalarda qızıl medal qazanırlar. Mən xalqımızı o qədər çox sevirəm, dilimizə o qədər vurğunam ki. Bu gün xalqımızın bütün sahələrdə inkişafı göz qabağındadır. Ona görə xalqımızı həmişə dəyərləndirmək lazımdır. Dəyərləndirə bilməyən, xalqdan deyil.
— Vahid müəllim, maraqlı və xoş söhbət üçün sizə təşəkkür edirəm. Sonda «Əsrin aydınları» jurnalına ürək sözləriniz nə olardı?
— Mən sizə və jurnalınızın rəhbəri Aydın müəllimə təşəkkür edirəm, Günel xanım. Həmsöhbət olmaq mənə də çox xoş oldu. Əsrin ziyalılarını işıqlandırmağınız çox gözəl və günümüzdə vacib bir məsələdir. Bu jurnal vasitəsilə onları gənclərimizə bir örnək kimi təqdim edirsiniz. Fəaliyyətinizdə sizə və komandanıza uğurlar arzu edirəm!
© Əsrin Aydınları jurnalı
Tədqiqatçı Jurnalist: Günel Şəmilzadə
SMM, Fotoqraf: Toğrul Abdullayev