Beynəlxalq Əlbəyaxa Döyüş Federasiyasının Azərbaycandakı rəsmi nümayəndəsi, Azərbaycan Əlbəyaxa Döyüş Liqası Klubunun təsisçisi və direktoru, Yapon Döyüş Növləri və Mədəniyyəti Asossasiyasının Nəzarət və təşviqat Komitəsinin sədri, Beynəlxalq Tomiki Aykidonun Azərbaycan üzrə rəhbəri, Azərbaycanın əməkdar məşqçisi, SSRİ idman ustası, beynəlxalq ekstra dərəcəli hakim, 1-ci Qarabağ müharibəsi veteranı, Prezident mükafatçısı, Mübariz İbrahimovun «Əsrin Aydınları» jurnalına olan müsahibəsini təqdim edirik.
— Mübariz müəllim, istərdik ki, uşaqlıq illərinizə qayıdaq. Necə xatırlayırsınız o illəri?
— Mən Ağdam rayonunda anadan olmuşam, uşaqlıq dövrlərim orada keçib. Ağdamın Seyidli kənd orta məktəbini bitirmişəm. Uşaq vaxtlarından idmana həvəsim çox olub. Hətta 7-ci sinifdə oxuyanda idmana daha çox zaman ayırmaq ayırmaq stəyirdim, amma atam icazə vermirdi. Daha çox dərslərə yönəlməyimi istəyirdi. Mənim də dərs oxumaqla heç aram yox idi. (Red: gülür) Lakin atam hər gün işdə olurdu deyə, mən də saat 3-dən 5-ə kimi məşqə xəlvəti gedirdim. (Red: gülür) Söhbət 1977-ci ildən gedir. Ona görə də idman formasını üst geyiminin altından geyinirdim ki, evdən heç kim bilməsin. Təxminən 3 ay məşqə getdim. Bir gün Ağdam çempionatı keçirilirdi. Həmin yarışda mən də iştrak etdim, sərbəst güləş üzrə birinci yeri qazandım. Yarışdan sonra uşaqlarla Ağdam bazarından keçəndə, qəfil atam qarşıma çıxdı. Atamla qarşılaşdığım zaman yerimdə dondum, karıxdığımdan tez diplomu göstərib dedim ki, mən çempion olmuşam. Atam diplomun üstündə adımı oxuyandan sonra üzündə təbəssüm yarandı və əlini cibinə atıb mənə pul verdi, dedi ki, gedin xərcləyin. Həmin an sevincimin həddi-hüdudu yox idi. Həmin gündən açıq şəkildə idmana getməyə başladım. İki aydan sonra Bakıya güləş üzrə ölkə birinciliyində iştirak etmək üçün gəldik. O yarışda 4 görüş keçirdim. İkisini uddum, ikisini isə uduzdum. Bu Respublika səviyyəsində ilk yarışım idi. Bu yarışla da artıq start götürdüm. Dörd il sərbəst güləşlə məşğul oldum. İlk məşqçi- müəllimim Lətif müəllim olub. Çox tələbkar və işinin peşəkarı idi. Bu gün Lətif müəllimdən öyrəndiyim məşq prosesini davam etdirirəm. Daha sonra Lətif müəllim Rusiyaya polis məktəbinə oxumağa getdi. O zaman Lətif müəllimin dayısı Ağdam sambo güləş məktəbinin banisi, SSRİ-nin və Azərbaycanın əməkdar məşqçisi, beynəlxalq dərəcəli hakim Əbülfəz Əliyevin məşqlərinə getməyə başladım. Həmin dövrdən Respublika və SSRİ miqyaslı yarışlarda iştirak edirdim. Bir çox yarışlarda 1-2-3-cü yerləri qazandım, uduzduğum yarışlar da olurdu. 1982-ci ildə hərbi xidmətə getdim. Hərbi xidmətdə olanda da güləşməyə davam edirdim. 1984 cü ildə hərbi xidmətdən tərxis olunandan sonra fəaliyyətimi məşqçi kimi davam etdirdim, eyni zamanda da özüm də yarışlarda iştirak etməyə başladım. 1985-ci ildən Milli komandanın üzvü oldum. Dəfələrlə Azərbaycan çempionu olmuşam və SSRİ çempionatlarında, kuboklarında və turnirlərdə qızıl, gümüş, bürünc medallar qazanmışam. Güləşdiyim dövrdə tələbələrim də eyni zamanda mənimlə bərabər yarışlarda iştirak edirdilər. Bir çox tələbəm Respublikada SSRİ yarışlarında səs salmışdılar. Mənim son yarışım 18-19 yanvar 1990-cı ildə oldu. Həmin dövrdə 20 yanvar faciəsi baş verdi və mən güləş koriyeramı dayandırdım.
— Mübariz müəllim, Ağdamsız keçən günləriniz və işğaldan azad olunan doğma Ağdam. Bütün bunları necə xatırlayırsınız və hansı hissləri yaşayırsınız?
— 1991-ci ilin sonlarında könüllü batalyonlar yarandı, mənim kimi yüzlərlə könüllü o batalyonlara üzv oldular və erməni təcavüzkarlarına qarşı döyüşlərə qatıldılar. Döyüş yolundan əlavə 1992-ci ilin iyun ayında həqiqi hərbi xidmətə çağrılan ilk əsgərlərin komandiri oldum. 1-ci Qarabağ müharibəsində çox ağır döyüş yolları keçdik, dostlarımız, qardaşlarımız əlil oldular, şəhid oldular. 1993-cü ildə Ağdam işğal edildi. Bu mənə çox ağır gəlmişdi və hədsiz üzülmüşdüm. Həmin vaxt hamı pərən-pərən oldu. Mən də ordudan tərxis olundum. Bir müddətdən sonra Bakıya gəldim, tələbələrimlə yenidən məşqlərə başladım. 1993-cü ilin noyabrında dünya çempionatına hakim kimi dəvət aldım və ölkəmizi təmsil etdim. Ondan sonra hakimliyə başladım. Azərbaycanı dünya, Avropa çempionatlarında təmsil edirdim, həmin il sambo üzrə beynəlxalq dərəcəli hakim adına layiq görüldüm. 1998-ci il fevral ayında Azərbaycanın Sambo Federassiyasının Hakimlər Kollegiyasının sədri seçildim, həmin ilidə Beynəlxalq Hakimlər Kollegiyası Komissiyasının üzvü seçildim və yeddi komissiya üzvündən biri də mən oldum. 1999-cu ildə beynəlxalq ekstra dərəcəli hakim adına laiq görüldüm.
— Mübariz müəllim, bir qədər sambo güləşində hakimliyinizdən danışaq. Necə bir məsuliyyətdir?
Qazandığım uğurlar əsasən, beynəlxalq yarışlarda obyektiv hakim olduğuma görə idi. Hər ilin yekununda dünyanın ən güclü 10 hakimindən biri olmuşam. Hakimlik çox məsuliyyətli işdir, uduzan tərəf adətən hakimi günahkar çıxarır. Hakimliyin çox incəlikləri var. Hətta iynənin ucu qədər də yanlışa yol vermək olmaz. Gözündən heç bir şeyi qaçırmamalısan. Çox həsas bir işdir. Elə etməlisən ki, özünü itirməyəsən. Hakimlikdə belə bir söz var: «Hakimlik edə bilirsənsə et, edə bilmirsənsə o zaman yazıldığı kimi et». (Mənası budur ki, biclik edə bilmirsənsə, qanunla hakimlik et) Hakimlərin özünün də əlavə bilikləri olmalıdır. Hakimin hərəkətindən, fitindən çox şey asılıdır. Həmçinin, psixoloji və baxış təsiri də var. Hakim elə etməlidir ki, həm hərəkəti həm də əməli ilə hörmət qazansın. Hakim baxışı, gəzişi ilə elə olmalıdır ki, insanlar orada əsl hakimin olduğunu anlasınlar. Daha açıq desək, sanki hakim o iki nəfərlə güləşməlidir. Bir dəfə Krasnoyarskda yarışda idik. Azərbaycanın oradakı diaspor sədri rəhmətlik Mahir müəllim də gəlmişdi, özü də keçmiş güləşçi idi. Yarışdan sonra mənə yaxınlaşıb belə dedi: «Mən indi bildim ki, hakim özünə qiymət verməlidir». Deyirdi ki, mən yarışa ancaq sənin hakimlik etməyini izləmək üçün gəlirəm. 2004-cü ilə kimi aparıcı məşqçi kimi çalışməşam, 2004-cü ildə baş məşqçimiz Əbülfəz Əliyev dünyasını dəyişəndən sonra baş məşqçi kimi mən seçildim. 2004-2012-ci illərdə Azərbaycanın Sambo Güləşi üzrə Milli Komandasının baş məşqçisi olmuşam. Həmin dövrdə də nailiyyətlərimiz çox olub. Komandamız sambo güləşi üzrə dünyada seçilmiş komandalardan idi. 2012-ci ildə isə Avstryadan dəvət gəldi və iki il fəaliyyətimi Avstrya komandasında baş məşqçi kimi davam etdirdim. 2014-cü ildə Türkiyədən dəvət aldım. Türkiyə milli komandasının baş məşqiçisi təyin oldum. 2016-cı ildə vətənə döndüm. 2017- ci ildə Beynəlxalq Əlbəyaxa Döyüş Federasiyasının nümayəndəsi ilə görüş keçirdik. Bununla da Azərbaycan Əlbəyaxa Döyüş Liqası Klubunu yaratdıq. Bununla yanaşı, 2022-ci ildə ölkəmizdə Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyası yarandı. Onun da Nəzarət və Təşviqat Komitəsinin sədri seçildim. 2023-cü ilin dekabr ayında Asossasiyanın təşəbüsü ilə toyiko aykido idman növü yarandı. Həmin idman növünün Azərbaycan üzrə rəhbəri seçildim. Yaponiya tərəfindən sertifikatla təltif olundum.
— Mübariz müəllim, həyatınızı idmana həsr etmisiniz. Müxtəlif ölkələrdə baş məşqçi kimi fəaliyyət göstərmisiniz. Bu yol sizin üçün çətin olmayıb ki?
1992-1993-cü illərdə torpaqlarımız işğal olunduğu zaman idmandan tamamilə uzaqlaşmaq istəyirdim. Düşünürdüm ki, torpalarımız azad olunandan sonra yenidən qayıdaram. Birinci Qarabağ müharibəsi bitdi və atəşkəs elan olunandan sonra özümə bir yol seçməli idim. Çox yollar axtardım, maddi çətinliklərim də oldu. Demək olar ki, səyyari həyat sürürdüm. Ona görə də Leninqradda 4 ay yaşamalı oldum. Orada 2 məktəbdən dəvət almışdım. Tələbələrimi də mənimlə birgə dəvət etmişdilər. Tələbələrimin arasında dünya və Avropa çempionları var idi. Təklif olunmuşdu ki, 4-5 tələbə ilə gedim və orada çalışım. 1997-ci ilin fevral ayında ölkəmizə qayıtdım. Həmin vaxt Azərbaycanda Avropa çempionatı keçirilirdi. O, çempionatda baş hakimin müavini təyin olundum. Yarışda 3 tələbəm çempion oldu. İlin ən güclü məşqçisi adını aldım. O vaxtlar, yəni 1992-2002-ci illərdə 10 illik hesabatlarımız olurdu. Azərbaycan Sambo Federasiyasının İdarə Heyətinin qərarı ilə 10 ilin ən gücü məşqçisi, ən güclü hakimi seçildim.
— Mübariz müəllim, ölkəmizi təmsil etmək şərəfli və məsuliyyətli bir işdir. Bu hissləri yaşamış biri kimi duyğularınızı oxucularımızla bölüşə bilərsinizmi?
— İstər məşqçi kimi, istərsə də hakim kimi çiyinlərində çox böyük məsuliyyət hiss edirsən. Bütün yarışlar üçün böyük həyəcan və stress yaşayırsan. Çempionatlara tələbələri hazırlamaq, aralarında mübahisə düşməsin deyə edilən həyəcanlar çox olur. Hakimlərin obyektiv olması çox vacibdir. Həmçinin, gənc idmançıların psixoloji vəziyyəti ilə maraqlanmalısan. Komandanı yığmaq, yarışa hazırlamaq, eyni zamanda komandanın psixoloji və fiziki sağlamlıq vəziyyəti həmişə ön planda olur. Kənardan gələn psixoloq idmançıların psixologiyasına bələd olmur. Məşqçi birinci dərəcəli psixoloq olmalıdır. Əgər komandada 20 idmançı varsa, məşqçi «20 yerə bölünməlidir». 20 idmançının hər birinin psixoloji vəziyyətini bilməlidir. Çünki hər insanın psixologiyası fərqlidir. Yaxşı idmançı məşqçini mütləq eşitməlidir. Hazırda yeni idmançıların hazırlanmasına çalışırıq. Bizim baş məşqçimiz heyətimiz var. Bunlarla bərabər mən də idmançılarımızla meydandayam.
— Cəmiyyətdə, məktəblərdə bir-birilərini təkləmək təəssüf ki, çoxdur. Bunun bir yolu da özünümüdafiədir. Gələcək perspektivdə məktəblərlə əlaqə qurmağı və uşaqlarla işləməyi düşünürsüzmü?
— Siz çox düzgün qeyd edirsiniz, Günel xanım. Son zamanlar sosial şəbəkələrdə orta məktəb şagirdləri, həm oğlanlar, həm də qızlar qeyri-etik hərəkətlər edirlər. Və bunu telefonla çəkib sosial şəbəkələrdə paylaşırlar. Bu da cəmmiyyət arasında xoşagəlməz bir haldır. Biz də belə bir qərara gəldik ki, özünümüdafiyə adı altında gənclərimizi maarifləndirək. Həm orta məktəblərdə, həm universitetlərdə, ümumiyyətlə, bütün ictimai yerlərdə tədbirlər keçiririk. İnsanlar ən azından özlərin müdafiyə etməyi bacarmalıdırlar. Biz bu işə start verdik və həyata keçirməyə də davam edirik.
— Hörmətli Mübariz müəllim, maraqlı müsahibəniz üçün təşəkkür edirəm, sizə möhkəm can sağlığı, yaradıcılığınızda isə daima uğurlar arzulayıram.
— Məndə sizə və jurnalınızın rəhbərliyinə, əməkdaşlarınıza müvəffəqiyyətlər arzulayıram.
© Əsrin Aydınları jurnalı
Tədqiqatçı Jurnalist: Günel Şəmilzadə
SMM, Fotoqraf: Toğrul Abdullayev