«Əsrin aydınları» jurnalının dəyərli qonağı tanınmış teleaparıcı, media eksperti, siyasi şərhçi, teletənqidçi və publisist, filologiya elmləri doktoru, BDU-nun kafedra müdiri, Mətbuat Şurasının Etika komissiyasının sədri, professor Qulu Məhərrəmlidir.
Qonağımız təkcə TV tariximizdə parlaq iz qoymuş «7 gün», «Təfsilat», «Gerçəklik», «Səhər» (AzTV), «Dost məclisi», «Gündəm» (Xəzər TV), «Mətbuat aynasında» (GünAz TV) kimi populyar televerilişlərin müəllifi və aparıcısı deyil, həm də media və jurnalistika elmi, həmçinin dilçilik sahəsində nüfuzlu alimdir.
Qulu Məhərrəmli 2 noyabr 1954-cü ildə Zəngilanda anadan olub. Orta təhsilini Şuşada alıb. 1978-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib və təyinatla Azərbaycan Televiziyasına göndərilib. Həmin ildən televiziyanın «Xəbərlər» baş redaksiyasında reportyor kimi fəaliyyətə başlayıb. 1991-ci ildən xəbər aparıcısı kimi müntəzəm efirə çıxan Q.Məhərrəmli daha çox 1993-1995-ci illərdə apardığı «7 gün» analitik informasiya proqramı ilə tanınıb, obyektivliyi və qərəzsizliyi, hadisələrə vicdanlı münasibəti və yüksək peşəkarlığı ilə geniş tamaşaçı kütləsinin rəğbətini qazanıb. Mükəmməl analitik veriliş formatı olan «7 gün» teleməkanımızda jurnalistikanın yeni prinsiplərinin təsdiqində həlledici rol oynayıb.
1995-ci ildə Azərbaycan televiziyasının ilk siyasi icmalçısı təyin olunan Q.Məhərrəmli, eyni zamanda qısa müddətdə «Xəbərlər» baş redaksiyasına rəhbərlik edib. Həmin illərdə dövlət başçısını xarici ölkələrə səfərlərdə müşayiət edib, bu səfərlər haqqında silsilə reportaj və hesabatlar hazırlayıb. Rəsmi görüşlərdən və dövlət tədbirlərindən canlı reportajlar aparıb. Q.Məhərrəmlinin 1995-ci ildə yaratdığı və 10 ildən çox rəhbərlik etdiyi «Səhər» musiqi-informasiya proqramı 30 ilə yaxındır ki, teleməkanımızın ən populyar verilişlərindən biri olaraq qalır.
1982-ci ildən elmi, 1991-ci ildən isə pedaqoji fəaliyyətlə məşğul olan Q.Məhərrəmli 1989-cu ildə «Radiodramaturgiya dili» mövzusunda namizədlik, 2004-cü ildə isə «Televiziya dili: funksiya və struktur» mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Müstəqillik dövründə Azərbaycanda jurnalistika ixtisası üzrə ilk elmlər doktorudur. Onun elmi araşdırmalarında jurnalistikanın və medianın ümumi nəzəriyyəsi, televiziya və radio tarixi, bu sahənin aktual elmi-nəzəri problemləri, o cümlədən ekran-efirin mürəkkəb audiovizual dil sisteminin öyrənilməsi əsas yer tutur. 1998-ci ildə BDU-nun Televiziya və radio jurnalistikası kafedrasında baş müəllim vəzifəsinə qəbul edilib. 2002-ci ildə dosent, 2006-cı ildən isə professor vəzifəsinə keçirilib.
2007-ci ilin oktyabrında AzTV-ni tərk edən Q.Məhərrəmli yenicə fəaliyyətə başlamış Xəzər televiziyasında müşavir vəzifəsində çalışıb. Həmin telekanalın qurulmasında yaxından iştirak edib. Populyar «Dost məclisi» və «Gündəm» verilişlərinin aparıcısı olub. 2017-2021-ci illər arasında isə GünAz TV-də çalışıb, «Mətbuat aynasında» verilişini aparıb.
Prof. Q.Məhərrəmli 2014-2016-cı illərdə AMEA-nın Nəsimi adına Dilçilik institutunda Monitorinq şöbəsinə rəhbərlik edib. Qloballaşma şəraitində Azərbaycan dilinin işlədilməsi ilə bağlı «Dövlət Proqramı”nın reallaşdırılmasında iştirak edib. 2017-ci ildə „Altun kitab“ nəşriyyatında yaradılan AZLEKS elektron lüğətlər toplusunda çalışıb. Hazırda həmin toplunun baş redaktorudur. Xarici ölkələrdə keçirilən elmi məclislərdə Azərbaycan jurnalistikasını və jurnalistika elmimizi dəfələrlə təmsil edib. Jurnalistika sahəsində ən yüksək mükafatları alıb, 2006-ci ildə „Əməkdar jurnalist“ fəxri adına layiq görülüb.
Media problemləri, o cümlədən teleradio jurnalistikası üzrə nüfuzlu mütəxəssis kimi tanınan professor Q.Məhərrəmli 40-a yaxın kitabın, o cümlədən bir neçə monoqrafiya, dərslik və dərs vəsaitinin, həmçinin izahlı lüğətlərin müəllifidir. Onun «Jurnalistikanın əsasları», «Radio jurnalistikası: təməl biliklər», «Televiziya dili» Danışır Təbriz», «Mediada debatlar», «Jurnalistika terminləri», «Azərbaycan dilinin frazeologiya lüğəti», «Gələcəyə ön söz», «Məsəllər, deyimlər», «Yeni alınma sözlər», «Məmməd Əmin Rəsulzadə» kitabları xüsusi fərqləndirilir. Əsərləri ingilis, alman, rus, koreya, fars və çex dillərində çap edilib
Professor Qulu Məhərrəmli hazırda BDU-nun Jurnalistika fakültəsinin «Multimedia və elektron kommunikasiya» kafedrasının müdiridir, Ailəlidir, iki övladı, üç nəvəsi vardır.
— Qulu müəllim sizi «Əsrin aydınları» jurnalında qonaq qismində görməyə çox şadam. İstərdim söhbətimizə jurnalımızın ənənəvi sualı ilə başlayaq: Siz özünüzü oxucularımıza necə təqdim edərdiz?
— Mən özümü daha çox jurnalist, televiziya aparıcısı və siyasi şərhçi kimi tanıyıram. Amma müəllimlik də edir, media eksperti kimi izahlar da verir və bir dilçi-lüğətçi (leksikoqraf) kimi də çıxış etməli oluram.
— Böyüyüb boya-başa çatdığınız ailə, mühit və təhsiliniz barədə yaddaqalan xatirələriniz haqqında danışaq.
— Mən Zəngilan rayonunun Babaylı kəndində adi bir ailədə doğulmuşam, dörd qardaş olmuşuq. 6 yaşım olanda atam rəhmətə gedib, məni və böyük qardaşımı Şuşada internat məktəbinə qoyublar. Orta məktəbi bitirdikdən sonra bir müddət neft sənayesində-Abşeron Qazma İşləri idarəsində çalışmışam. İşə buruq quraşdırıcısı kimi götürmüşdülər, amma fəhləlikdən elə bir fərqi yox idi. Bakı-Abşeron ərazisində neft-kəşfiyyat quyularının qazılması üçün müxtəlif ölçülü buruqlar quraşdırırdıq. Bu iş əvvəldə mənə xeyli romantik, və cazibədar gəlsə də, tədricən nə qədər əzablı olduğunu gördüm. 1973-cü ildə BDU-nun Jurnalistika fakultəsinə qəbul olundum. Deyim ki, bu peşəni lap əvvəldən seçmişdim. Hələ 8-9-cu siniflərdə oxuyanda «Şuşa» qəzeti ilə əməkdaşlıq edirdim, orada xəbərlərim çap olunurdu. Yeniyetmələrin çoxu kimi arada şeirlər də yazırdım. Amma universitetə girəndə gördüm ki, bizim qrupda hamı şeir yazır. Düşündüm ki, bu çətin bir iş olsaydı hamı belə kütləvi şəkildə qələmə sarılmazdı (Red: Gülür). Ona görə də tezliklə şeir yazmağın daşını atıb diqqəti jurnalistikanı öyrənməyə yönəltdim.
Tələbəliyim babat keçib, yaxşı oxumuşam. Artıq ikinci kursda bəzi qəzetlərlə, radio ilə əməkdaşlıq edirdim. 1978-ci ildə universiteti bitirdikdən sonra təyinatla Azərbaycan televiziyasına göndərildim. «Günün ekranı» xəbərlər baş redaksiyasında reportyor kimi fəaliyyətə başladım. Televiziya mənə çox maraqlı gəlirdi. Düzdür, televiziyaya getməzdən öncə Universitet illərində 2-ci kursdan radio ilə sıx əməkdaşlıq edirdim — yarım saatlıq müstəqil verlişlər, müxtəlif süjetlər hazırlayırdım. Babat qonorar da verirdilər, təbii ki bu qonorar söhbəti adamı bir az da həvəsləndirirdi. O dövrdə radioda çox peşəkar insanlar çalışırdı. Jurnalistikanı, dilin qaydalarını, redaktəni çox yaxşı bilənlər var idi. Mənə xüsusən müsbət təsir edən radionun Elm redaksiyasında çalışan Əhməd Xaspoladov olub. Əhməd müəllim çox gözəl jurnalist, həm də maraqlı fantast-yazıçı idi. Sonralar televiziyada, Xəbərlər redaksiyasında, Elmi-kütləvi və tədris verlişlərində çalışdım. Gənc yaşımda məni televiziyada yeni açılmış «Beynəlxalq həyat» şöbəsinə müdir təyin etmişdilər. Orada Seyfəddin Qəndilov, Murtuz Ələsgərov, Həmid Əliyev, Mirağa Musayev, Qüdrət Əbdülsəlimzadə, Sabir Xəlilov kimi tanınmış siyasi icmalçılarla əməkdaşlıq edirdik. Sonra biz Mübariz Qurbanlı, Qabil Hüseynli, Zabil İsayev, Cəmil Həsənli, Fəzail İbrahimli, Musa Qasımlı kimi gəncləri bu siyasi icmallara cəlb etməyə başladıq.
Müstəqillik dövrü ərəfəsində televizayada vəziyyət çox dramatikləşmişdi. Yəni xalq artıq televiziyadan ənənəvi təbliğat xaraterli verlişlər yox, mövcud real vəziyyəti, Qarabağ ətrafında baş verən hadisələri, yəni reallığı işıqlandırmağı tələb edirdi. Onda biz çox aktual mövzularda verilişlər hazırlamağa başladıq. 1991-ci ildə Məmməd Murad televiziyaya sədr təyin olunanda çox ciddi dəyişikliklər aparmağa başladı, lazımsız-ideoloji veriliş və redaksiyaları bağladı. Onun atdığı radikal addımlardan biri də diktorluq institutunu ləğv etmək oldu. Artıq xəbərləri aparmaq da jurnalistlərə həvalə edildi. Bax mən o zaman, yəni1991-ci ilin oktyabrından xəbər aparıcısı kimi efirə çıxmağa başladım. Əvvəl «1000 saniyə» adlı gecə xəbərlərinə çıxırdım. Daha sonra Ana xəbər buraxılışını apardım. Onda bizim üçün əsas vəzifəmiz cəmiyyət üçün maraqlı olan yenilikləri operativ şəkildə çatdırmaq, daşlaşmış qayda və stereotipləri aradan qaldırmaq, xəbər buraxılışlarını maraqlı etmək idi.
— Amma sizi televiziyada daha çox tanıdan «7 gün» adlı analitik-informasiya proqramı oldu.
— Mən bu verilişi 1994-cü ildən aparmağa başladım. İlk vaxtlar proqramı Sahib Alıyevlə növbələşib aparırdıq, sonralar mən tək aparmalı oldum. Bu veriliş iki il davam etdi və xeyli populyar oldu. Populyarlığın da əsas səbəbi həm ciddi mövzuların müzakirə olunması, həm də alternativ fikirlərə yer verilməsi idi. Daha sonra 1995-ci ilin avqustunda «Səhər» proqramı açıldı. Mən bu proqramın həm ilk aparıcılarından biri, həm də 12 il rəhbəri oldum. O vaxtlar mən həm də AzTV ekranında ilk müəllif proqramı olan «Təfsilat”ı, bir az sonra da „Gerçəklik“ verilişini aparırdım. 1995-ci ilin martında Samir Əsgərxanov və mən televiziyanın siyasi icmaçıları təyin edildik. Həmin illərdə mənə dövlət başçısı Heydər Əliyevi bir çox səfərlərdə müşayiət etmək qismət oldu. Onun bir çox ölkələrə rəsmi səfərlərindən hesabatlar hazırlamışam. Jurnalist peşəsinin heabına çox ölkələri gəzmişəm, dünyanın 60-a yaxın ölkəsində olmuşam. Bu səfərlərlə bağlı AzTV ekranında maraqlı reportajlarım olub.
— Amma sizin AzTV-dən getməyiniz bir müəmma oldu… Hətta bir çox nüfuzlu qəzetlər sizin gedişinizi «Sonuncu mogikan AzTV-ni tərk edir» başlığı ilə verdilər.
— Əslində burada elə bir müəmma yox idi. 2006-cı ildə AzTV-yə təyin olunan rəhbər (A.Alışanov-red.) yaradıcılıq sahəsi üçün təsadüfi adam idi, o səbəbdən də ümidləri doğrultmadı və bu təyinata sevinən çoxluğu məyus etdi. Məlum oldu ki, ixtisasca mühasib olan bu adam TV işindən, idarəçilikdən və xüsusən yaradıcı menecmentdən çox uzaqdır. Ekran yaradıcılığı heç bir halda feodal düşüncə ilə uyğunlaşa bilməzdi. Ona görə də həmin rəhbər çevrəsindəki bütün nüfuzlu yaradıcı adamları televiziyadan uzaqlaşdırdı. Mən də 2007-ci ildə AzTV-dən getməli oldum və ertəsi gün Xəzər televiziyasında işə başladım. Burada həm gəncləri öyrədirdik, həm də əvvəl «Dost məclisi», sonralar isə «Gündəm» verilişini aparırdım. 2017-ci ildə Xəzər TV-nin sahibləri dəyişəndə orada da çalışmaq mümkün olmadı. 2017-2020-ci illərdə isə GünAz TV ilə əməkdaşlığa başladım və bu kanalda yayımlanan həftəlik «Mətbuat aynasında» populyar proqramının aparıcısı oldum. Hazırda Pressklub adlanan yutub kanalımız var. Orada ara-sıra efirə gedən «Mətbuat klubu» verilişini aparıram. Eyni zamanda Bakı Dövlət Universitetində müəllimlik edirəm.
— Qulu müəllim, az əvvəl Ümummilli Lider Heydər Əliyevlə olan xarici səfərlərinizdən bəhs etdiniz. Ulu Öndərlə hansısa yaddaqalan xatirələrinizdən danışa bilərsinizmi?
— Bilirsiz, Heydər Əliyev elə böyük şəxsiyyət idi ki, onunla hər addım, hər epizod yadda qalıb. 1994-cü ilin oktyabr ayında Moskva səfərindən geri dönəndə prezident köməkçisi ümumi salona gəlib Prezidentin məni çağırdığını bildirdi. Özümü sahmana salıb prezidentin yanına keçdim. Məndən ilk soruşduğu bu oldu ki, «sən televiziyada nə işləyirsən?». Xəbərlərdə çalışdığımı və «7 gün» proqramını apardığımı dedim. Dedi ki, «o verilişə baxıram, pis proqram deyil. Amma sən o proqramda bir az altdan-üstdən danışırsan». Anladım ki, prezident mənim verilişdə fərqli fikirlərə yer verməyimə işarə vurur. Sözün açığı, bir az tutulan kimi oldum. H.Əliyev məni belə qaşqabaqlı görüb gülə-gülə əlavə etdi ki, «amma elə danışmasan heç kim sənin verilişinə baxmaz». Təbii ki, bundan sonra əhvalım xeyli duruldu.
Bir dəfə Fransa prezidenti Jak Şirak Heydər Əliyevi Yelisey sarayında protokola uyğun olaraq qarşılayanda bir problemlə üzləşdik. Prezidentlərin əlsıxma məqamında bizim o vaxt Fransadakı xanım səfirimiz bilmədən kameranın qarşısını kəsdi. Operator həyəcanla mənə bildirdi ki, əlsıxmanı çəkə bilmədim. Mən bir az prezidentlərə yaxın məsafədə idim və ona görə də ucadan «cənab Prezident, əlsıxmanı çəkə bilmədik» dedim. Həmin an H.Əliyev çox çevik hərəkət etdi, xanım səfiri nəzakətlə kənara çəkdi və «bu epizod TV üçündür» deyib yenidən Jak Şiraka əl verib görüşdü.
Mənim həyatımda H.Əliyevin müəyyən rolu olub. Bilirsiniz, adam bir az açıqfikirli olanda ona hər yarlıklar yapışdırmağa çalışırlar. O vaxtlar bəzi bədxahlarım da mənim adımı «müxalifətçi» qoyub ora-bura bu barədə donoslar yazırdılar. Bu məzmunda məktubların biri də Prezident administrasiyasına yazılmışdı. Məktubda AzTV-də «müxalif düşüncədə olan adamların» siyahısı verilmişdi və orada mənim də adım vardı. Prezidentə yaxın adamlar danışırdılar ki, H.Əliyevə bu barədə məlumat veriləndə o, siyahıda mənim adımı görəndə etiraz etmişdi ki, çıxardın onun adını siyahıdan. Bu hadisədən sonra bir müddət televiziyada mənə münasibət tamamilə dəyişmişdi.
— Azərbaycan efiri, tarix və müasirlik. Hazırki efirlərimiz nə qədər tarixə dayanıqlıdır və nə qədər müasir tələblərə cavab verir?
— Bu, indi teleməkanımızda ən çox müzakirə olunan məsələdir. Müstəqillik dövründən sonra biz bir kanallı televiziyadan çoxkanallı televiziya sisteminə keçmişik. Özəl kanalların əsas məqsədi pul qazanmaq və özünü dolandırmaqdır. Amma dövlət büdcəsindən maliyyələşən kanalların əsas məqsədi birbaşa cəmiyyətə xidmət etmək olmalıdır. Bundan başqa bizim İctimai televiyamız var. Onun əsas məqsədi cəmiyyətdə demokratiyanı, pluralist düşüncəni inkişaf etdirməkdir, insanlarda vətəndaş duyğusu formalaşdırmaqdır, demokratik dəyərləri təbliğ etmək, insanları maarifləndirməkdir. Bu cəhətdən bizim bu sahədə uğurlarımız da, problemlərimiz də vardır. Çalışmaq lazımdır ki, ilk növbədə televiziya cəmiyyəti güzgü kimi göstərsin
Televiziya bir növ vitrindir, biz bu vitrinə ən yaxşıları çıxarmalıyıq. Təəssüf ki, bəzi televiziyalar bunu başa düşmək istəmir və o vitrini zir-zibillə doldururlar. Ona görə də narazılıqlar çoxalır. Həmin narazılıqların çoxu şou proqramlardan qaynaqlanır. Çünki elə proqramlar hazırlayırlar ki, adama zövq vermək əvəzinə onu qıcıqlandırır. Bu verilişlərdə ən ciddi problem insanların şəxsi həyatını müzakirə predmetinə çevirmək, ailə münasibətlərini şoulaşdırmaq, bayağı sujetlər hazırlamaq və min illər boyu formalaşmış dəyərləri tapdalamaqdır. Məhz efirə və tamaşaçıya belə sayğısız münasibət televiziyaları gözdən salır.
— Televiziya özündə həm informasiyanı, həm də mədəniyyəti birləşdirir. Ona görə televiziyadan danışanda cəmiyyət qarşısında məsuliyyət məsələsi öndəolmalıdır.
— Bəli, dediyiniz məsələlər klassik TV-nin əsas özəlliyidir. Amma indi TV-lərin internet və sosial şəbəkə kimi ciddi rəqibləri vardır. İnsanların əksəriyyəti məlumatı oradan alır. Ona görə televiziyalar da, saytlar da sosial şəbəkədə təmsil olunmağa məhkumdurlar. Qərbdə TV-lər hələlik öz üstünlüklərini saxlaya bilirlər. Məsələn, Avropa İttifaqına daxil olan ölkələrdə aparılan tədqiqatlara görə, insanlar məlumatın 70-75 faizini televiziyadan alır. Bizdə isə o rəqəm 20-25 faizdən yuxarı deyil. Bir tərəfdən kanalların çoxalması, digər tərəfdən sosial şəbəkələrin mövcudluğu auditoriyanı parçalayıb. Ona görə indi reytinqi öyrənən şirkətlərin dəqiq məlumatı ondan ibarətdir ki, televiziyaya baxanların sayı əvvəlki illərlə müqayisədə çox aşağıdır.
— Bizdə çox baxılan verilişlər əsasən şoulardır, baxanlar isə əsasən evdar qadınlardır. Yüksək intellektual insanlar məlumatları saytlardan alır. Çox az sayda populyar veriliş var ki, tamaşaçı əvvəldən sonadək ona baxsın. Bu baxımdan məsuliyyət daha çox İctimai televiziyanın və AzTV-nin üzərinə düşür. Onlar bu istiqamətdə tamaşaçını marqlandıran yeni proqramlar hazırlamalıdırlar ki, tamaşaçını geri qaytara bilsinlər. Televiziyaya inam tam itməyib. 44 günlük müharibə dövründə sosial şəbəkələrə müəyyən məhdudiyyətlər qoyulmuşdu. O günlərdə mötəbər məlumat almaq istəyən tamaşaçıların 95 faizi mavi ekran qarşısında idi.
Digər tərəfdən də bəzən ekranlarda maraqlı layihələrin gerçəkləşdirilməsi bizlərə ümid verir. Məsələn, TV-lərin bir çoxunda efirə gedən ictimai müzakirə proqramları, tutaq ki, İTV-də 3D proqramı, Müsəllim Həsənlinin XX əsrin tarixi ilə bağlı araşdırma verilişləri ümid verir ki, televiziyada nə vaxtsa daha yaxşı verilişlər görəcəyik.
— Cəmiyyətin bir narahatlığı da ekranlarda uşaq verilişlərinin azlığı və bu verilişlərinin keyfiyyətcə aşağı olması ilə bağlıdır. Bununla əlaqədar sizin fikrinizi bilmək istərdim.
— Bu çox ciddi bir məsələdir. Ötən əsrin 20-ci illərində radio yeni meydana çıxanda Britaniyada hökumət, parlament və biznesmenlər bu informasiya vasitəsinin kimə məxsus olacağı barədə qızğın mübahisə aparırdılar. O zaman BBC-nin baş direktoru Con Rayt parlamentdə çıxış edərək demişdir ki, radio cəmiyyətə məxsus olmalıdır. O, radionun əsas vəzifəsinin əhalini məlumatlandırmaq, maarifləndirmək və əyləndirməkdən ibarət olduğunu da bəyan etmişdir. Bu üç istiqamət bizim televiziyalar üçün də əsas olmalıdır və uşaqlar üçün verilişlər də bu konsepsiyanın üzərində dayanmalıdır. bu üç istiqamətin hər biri birləşdirə bilir.
— Bizim həm radioada, həm də televiziyada maraqlı uşaq verilişlərimiz olub. Amma təəssüf ki, indi onların sayı xeyli azalıb. Düzdür, ARB Günəş uşaq kanalımız var. Amma burada maddi çətinliklər özünü göstərir. Bundan başqa AzTV-də və İTV-də də uşaqlar üşün müxtəlif formalı verlişlər, əyləncə proqramları hazırlanır. Amma bu verilişlər forma və məzmunca cilalanmalı, müəyyən forma almalı, populyarlaşmalıdır. Eyni zamanda ekranlara uşaq psixologiyasına uyğun yeni verilişlərin gətirilməsinə də ehtiyac duyulur. Bu, cəmiyyətin sosial sifarişidir.
— Dediyiniz kimi bayağı verilişlər artıq gündəmi zəbt edib. Bunun qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
— Bunlar inzibati yolla həll ola bilən məsələlər deyil. Uşaqlar üçün olan layihələr artırılmalıdır və bu dövlət tərəfindən maliyyələşdirilməlidir. Cizgi film, tədris, dil öyrətmə, əyləncə proqramları, milli dəyərləri təbliğ edən proqramlar, nağılvari süjetlər, yarışma proqramları təşkil olunmalıdır. Əgər bu milləti inkişaf etdirmək, gələcəyini qurmaq istəyiriksə uşaq proqramlarına önəm verməliyik.
— Sizin rəhbərlik etdiyiniz «Jurnalistikanın inkişafına yardım mərkəzi» vardır. Bu mərkəz jurnalistikanın inkişafına, jurnalistlərə, jurnalist olmaq istəyənlərə hansı fəaliyyətlərdə kömək edir?
— Bu, təxminən 20 il əvvəl yaratdığımız ictimai birlikdir, əvvəllər daha məhsuldar çalışırdı. Treninqlər, görüşlər təşkil edir, müəyyən metodik vəsaitlər hazırlayır, xüsusən gənc jurnalistləri həvəsləndirirdik. Ana dili ilə bağlı müəyyən tövsiyələr hazırlayır, istedadlı jurnalistlərin üzə çıxarılmasına və işlə təmin edilməsinə yardımçı olurduq. Ancaq indi hələlik parlaq göstəricilərimiz yoxdur. Bu təşkilat da başqa QHT-lər kimi Mediadan kiçik həcmdə qrandar alır, müəyyən layihələr reallaşdırır. Həm də indi belə təşkilatlar çoxlaıb, amma fəaliyyətləri nəzərə çarpmır. Mənim qənaətimə görə, hazırda insanlar bu cür qurumlardan ancaq özlərinin yaşayıb mövcud ola bilmələri üçün istifadə edirlər. Amma tələbə-jurnalistlərlə bağlı yeni layihə düşünürük. Bugünün tələbəsi ilə on il əvvəlin tələbəsi eyni deyil. Bugünki tələbə telefonu ilə 5-6 platforma ilə birdən yazışa bilir. Onun üçün mənbələr çox yaxındadır. Ona indi informasiyanı normal şəkildə işləmək və təhlil etmək qabiliyyəti aşılanmalıdır. Analitik, işgüzar düşüncəni, tətbiqi bilikləri biz öyrətməliyik ki, tələbələr ondan faydalana bilsinlər.
— Dünyada inkişaf edən media, fərqli informasiya mühiti, yeni yayım texnologiyaları və Azərbaycan reallığı. Bizdə balans necədir, dünya ilə ayaqlaşa bilirikmi?
— Yeni informasiya şəraitində dünya mediası iki yerə bölünür: keyfiyyətli və və keyfiyyətsiz media. 90-cı illərin ortalarının mediası ilə 2000-ci illərin mediasını müqayisə etsək, əlbəttə bugünki mediamız texnoloji sarıdan çox irəlidədir, amma peşəkarlıq baxımından problemlər var. Dünyada da eyni proseslər gedir. Kim texnologiyaları mənimsəyir və peşəkarlıqla çalışa bilirsə keyfiyyətli media yaradır.
Media dedikdə təkcə jurnalistika nəzərdə tutulmur. İndiki texnoloji üstünlük adi bir fərdə belə özünü KİV hesab etməyə imkan verir. Siz sosial şəbəkələrdə öz fikirlərinizi minlərlə insana çatdıra bilirsiz. Bütün bunlar bizi media savadlılığının iki aspektinə gətirib çıxarır. Birincisi, media savadlılığı medianın özünə aiddir ki, o peşəkarlığı artırır. İkinci qat cəmiyyətin özünə aiddir. Bu gün orta məktəblərin 9-11-ci siflərində mütləq media dərsləri keçilməlidir ki, şagird həm məlumat yazmağı, həm də oxuduğu məlumatın xarakterini müəyyən etməyi bacarsın. İndi 10 yaşında uşağın da feysbuk səhifəsi var. O, həmin səhifədən necə istifadə etməlidir, hansı məlumatı paylaşmalıdır, etik dəyərlər, hüquqi nüanslar hardadır? Bax bütün bunlara görə orta məktəblərdə media savadlılığı fənni tədris olunmalıdır.
— Qulu müəllimin Azərbaycan gənclərinə nə kimi tövsiyələri vardır?
— Mən sevinirəm ki, gənclərimizin çoxunda Vətən hissi yüksək səviyyədədir, öz tarixlərinə laqeyd deyillər. 44 günlük müharibənin bizə verdiyi ən böyük mənəvi şans milli heysiyyətin yüksəldilməsi oldu. Milli heysiyyəti yüksək olan xalq tarixini də oxuyur, özünün korifeylərini də tanıyır, milli kimliyini də dərk edir. Milli kimlik məsələsi hər kəs üçün qürur mənbəyi olmalıdır. Baxın, XX əsrin əvvəllərində milli kimlik məsələsi müzakirə olunmasaydı müstəqillik olmayacaqdı. Ona görə də bu gün gənclərimizin milli kimliklərini daim yaşatmaları, dövlətçi düşüncədə olmaları, xalqımızın tərəqqisinə və dünyada daha çox tanınmasına xidmət etmələri çox önəmlidir. Bunun üçün də gənclərimizə həmişə bilikli olmağı, texnoloji bacarıqlara yiyələnməyi, xarici dil bilməyi, dünya trendlərini izləməyi, hər gün daha çox müasir olmağı, amma həm də milli kökdən ayrılmamağı tövsiyyə edərdim.
— Qulu müəllim maraqlı və faydalı müsahibəmiz üçün sizə minnətdaram. Jurnalistikanın inkişafında öz dəsti xətti ilə seçilən və mühim rol oynayan aydınlardansınız. Sizinlə fəxr edirik! Sizə möhkəm can sağlığı və fəaliyyətinizdə daima uğur arzulayıram.
— Çox təşəkkür edirəm! Mən də sizə, sizin cəmiyyətimiz və mediamız üçün faydalı işlər görən jurnalınıza və fədakar kollektivinizə uğurlar arzulayıram!
© Əsrin Aydınları jurnalı
Tədqiqatçı jurnalist: Günel Şəmilzadə
SMM, Fotoqraf: Toğrul Abdullayev