«Əsrin aydınları» jurnalının dəyərli qonağı tanınmış oftalmoloq-cərrah, tibb elmləri doktoru, professor, şair, publisist Paşa Qəlbinurdur.
Paşa Qəlbinur 1952-ci il martın 30-da Şəmkir rayonunun Çinarlı qəsəbəsində anadan olmuşdur. Burada Müşfiq adına kənd orta məktəbini qızıl medalla bitirmişdir (1958-1968). N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profılaktika fakültəsində təhsilini davam etdirmişdir (1968-1975). Gəncə şəhər göz xəstəxanasında və 1 saylı uşaq poliklinikasında həkim-okulist işləmişdir (1975-1977). Sonra N.Nərimanov adına Tibb İnstitutunun göz xəstəlikləri kafedrasında baş laborant olmuşdur (1977-1978).
Paşa Qəlbinur İ.M.Seçenov adına 1-ci Moskva Tibb İnstitutunun göz xəstəlikləri kafedrasının nəzdində əyani aspiranturada təhsil almışdır (1978-1981). N.Nərimanov adına Tibb İnstitutunun göz xəstəlikləri kafedrasında assistent, həm də ictimai peşələr fakültəsində dekan müavini işləmişdir (1981-1988). Hazırda həmin kafedranın professoru (1988-ci ildən), həm də kafedranın müdiridir (1991-ci ildən). Azərbaycanlı şair, oftalmoloq 1992-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Ümumittifaq komsomol mükafatı laureatı (1983), tibb elmləri doktoru (1987), professor (1988), Amerika Oftalmologiya Akademiyasının həqiqi üzvü (1994), Rusiya Tibb Elmləri Akademiyasinin fəxri doktoru (2005), Dünya Türk Cümhuriyyətləri Oftalmoloji Birliyinin, Dünya Azərbaycanlıları Konqresinin həmsədridir (2008).
Tibb elminə dair yüzdən çox elmi əsərin, on elmi kəşfin müəllifidir. On mindən çox cərrahiyyə əməliyyatı aparmışdır. Brüsseldə (Belçika) 51-ci Ümumdünya İxtiralar salonunda «Brüssel Evrika 2002» sərgisində «Oftalmologiyada yeni dərman preparatı Aktirol”un kəşfı Böyük qızıl medala və Belçika Maliyyə Nazirliyinin xüsusi prizinə layiq görülmüşdür. Yeni dərman preparatı (şərikli — müəlliflər bacısı Sevinc və tələbəsi Olqa Stroyeva) onun rəhbərliyi altında hazırlanmışdır (2002).
Azərbaycan Alimlər İttifaqı İdarə Heyətinin (1989), Amerika və Dünya Türk Cümhuriyyətləri Oftalmoloji Birliyinin idarə heyətinin üzvü (1997), Azərbaycan üzrə Nobel İnformasiya Mərkəzinin nəzdində fıziologiya bölməsinin ekspertidir (1996). Dünya Türk Cümhuriyyətləri Oftalmoloji Birliyi Bilimsəl qurumunun həmsədri seçilmişdir (2001). ABŞ-ın Biblioqrafiya İnstitutunda keçirilən «2000 alim və intellektual» seçimində «İlin adamı» mükafatına layiq görülmüşdür. Yusif Məmmədəliyev adına mükafata (1999), «İman» izzət və iltifat diplomuna (2000) layiq görülmüşdür.
Paşa Qəlbinur həmçinin «Araz» ali ədəbi mükafatın laureatıdır (1996). Aybəniz Əliyeva «Paşa Qəlbinur» (1996), A.Məmmədov «Qəlbinur poeziyası XXI əsrin astanasında» (1999) kitabını ona həsr etmişdir. «Paşa Qəlbinur — 50» biblioqrafiya məlumat kitabı buraxılmışdır. Xarici ölkələrdə konfrans və elmi simpoziumlarda olmuşdur.
Ədəbi fəaliyyətə 1978-ci ildə «Ulduz» jurnalının 4-cü sayında çap etdirdiyi «Xal», «Ay gecəyə hicran sıxır», «Mən ilhamı gözlərimlə görmüşəm» şeirləri ilə başlamışdır. «Gözlər» adlı ilk şerini 13 yaşında ikən yazmışdır. Dövri mətbuatda vaxtaşırı çıxış edir. «Gənclik» respublika ədəbi birliyinin üzvüdür. 2008-ci ildən Dünya Azərbaycanlıları Konqresinin həmsədridir.
— Paşa müəllim, istərdik oxucularımmız sizi daha yaxından tanısın…
— Ulu babalarım, valideynlərim uzun əsrlər boyu Qərbi Azərbaycanda yaşayıblar. Keçən əsrin ortalarında Azərbaycana gəliblər. Atam Vedi rayonunun Çimən kəndində doğulub, orada boya-başa çatıb. Anam İrəvan şəhərindəndir. Ulu babam Hüseyn bəy universiteti orada bitirib. Babamın babası Şeyx Hacı Məhəmmədbağır Ağa Qazizadə İrəvani bütün İrəvan quberniyasının Dini İdarəsinin Qazilər Şurasının sədri olub. Azərbaycanda Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbi açılandan iki il sonra babam böyük mülkünü İrəvanda qızlar məktəbinin açılması üçün sərf edib. Bu məktəbinin bütün xərclərini babam dünyasını dəyişənə qədər özü qarşılayıb. O, öz xaqının qarşısındakı xidmətlərinə görə Çar İrəvan quberniyası tərəfindən 2-ci dərəcəli «Anna» ordeni ilə onu təltif olunub. Həmin vaxt o, ordenin çox böyük səlahiyyətləri var idi. Zadəgan silkinə mənsub olmaq, böyük torpaq sahələri almaq kimi… Babam həm də İrəvan quberniyasının qazisi olub. İndiki mənası ilə desək Ədliyyə Naziri olub. Çox böyük ziyalı, böyük fəlsəfi fikirlərə, çoxşaxəli istedada sahib olan insan olub. Eyni zamanda şeirlər də qələmə alıb. Bir çox ziyalılar mənə deyirlər ki, şeir yazmağın babandan sənə keçib.
— Paşa müəllim, sizi yaxından tanıdığımız üçün deyə bilərik ki, bütün xəstələriniz sizin əllərinizdən şəfa tapıb. Bu şəfalı əllərin sahibi göz həkimi olmaq qərarına necə gəlib?
— Göz həkimliyi dayımdan mənə yadigar qalıb. Ona baxıb göz həkimi olmaq qərarına gəlmişəm. Bizim nəsil 150 ildir ki, çoxlu göz həkimləri yetişdirir. Övladlarım, bacım da göz həkimidir. Ailədə üçü uşaq olmuşuq və üçümüz də məktəbi medalla, aspirantura və doktoranturanı isə Moskvada bitirmişik. Daha sonra Azərbaycana qayıtmışam. Tibb Universitetinin göz xəstəlikləri kafedrasında assisent, daha sonra həmin kafedranın professoru və kafedranın müdiri vəzifələrində çalışmışam. Müəllimlərin çox gözəl insanlar olub. Onlardan Akademik Zərifə xanım Əliyeva, professor Ümnisə Musabəyova, professor Zəhra xanım Quliyeva dəyərli müəllimlərim olub. Dünayanın müxtəlif qurumlarına Amerika Oftalmologiya Akademiyasının həqiqi üzvü (1994), Rusiya Tibb Elmləri Akademiyasinin fəxri doktoru (2005), Dünya Türk Cümhuriyyətləri Oftalmoloji Birliyinin, Dünya Azərbaycanlıları Konqresinin həmsədri kimi bir çox qurumların fəxri və həqiqi üzvü seçilmişəm. Üç övladım var və üçü də göz həkimləridir.
— Paşa müəllim, ilk yazdığınız şeiri necə xatırlayırsız?
— Şairlik, yazıçılıq tale işidir. Həkimlikdən, cərrahlıqdan, müəllim ömründən başqa yazçı, şair ömrü də yaşayıram. O bir taledir. 13 yaşımda ilk şeirimi yazmışam. Şeirin adı Gözlər idi. İndi bu əlamətə retro baxanda, görünür ki, göz həkimi olacaqmışam. Bu mənim taleyimə yazılıb. Ali məktəbdə oxuyanda gözlərimi yoxladılar və məlum oldu ki, uzağı 2 dəfə, yaxını isə 3 dəfə adi adamlardan artıq görürəm. Bəzən əməliyyat vaxtlarında elə olub ki, mikroskop sönüb və mikroskopsuz əməliyyat etmişəm. Bu istedadı Allah mənə qismət edib. Qədim Zərdüşt təqvimini oxuyanda gördüm ki, mart ayının 30-u neçə min il əvvəl Zərdüştlük təqvimində əbədi-əzəli işıq günüdür. Yəni mən həkim ayında, işıq günündə dünyaya gəlmişəm. Gözlərimin görmə qabiliyyətinin artıq olması, neçə minillik təqvimdə doğum günümün işıq günü olması, bunlar o deməkdir ki, Allah məni göz həkimi olmaq üçün dünyaya gətirib. O missiyanı indi də şərəflə daşıyıram.
— Paşa müəllim, Azərbaycanda oftalmologiyanın inkişafında hansı yeniliklər mövcuddur?
— Dünyada oftalomologiya hansı səviyyədədirsə, elə bizdə də o səviyyədədir. Oftalmologiya həmişə inkişaf edib. Akademik Zərifə xanım Əliyeva, professor Ümnisə Musabəyova, professor Zəhra xanım Quliyeva dünyada tanınan oftalmoloqlarımızdır. Azərbaycan ofalmologiyası da Avropa, dünya ilə müqayisə oluna biləcək şəkildə inkişaf edib və bügünki günə çatıb. Azərbayacanda elə uğurlu əməliyyatlar olur ki, heç Rusiyada və başqa qonşu ölkələrdə olmur. Azərbaycan oftalmologiyası bu mənada çox inkişaf edib. Özümüz və tələbələrimiz xarici ölkələrdə oftalmologiya sahəsində çox böyük tədbirlərdə iştirak edir, təcrübə mübadilələri aparırıq. Azərbaycan oftalmologiyasında demək olar ki, dünyada olan hər bir əməliyyat, texniki avadanlıqlar mövcuddur.
— Paşa müəllim, hazırda azyaşlıdan böyük insanlara kimi hamı telefon, kompüter qarşısındadır. Bu mənada yaranan göz problemləri əsasən hansı istiqamətdədir? Bu zaman gözlərimizin qayğısına necə qala bilərik?
-Elm və texnikanın inkişafı bütün təbabətə, həmçinin oftalmologiya elminə böyük inkişaf təkanı verir. Ancaq bununla bərabər səhhətimizə də müəyyən zərərlər vurur. Bütün monitorlar görmə orqanına ziyandır. Mobil telefonlar, televiziya ekranı və s. Bəzən monitorlara filterlər də qoyulur amma o da şüadan tam qoruya bilmir. Ona görə ən qiymətli orqan olan gözümüzü qorumalıyıq. Qorumaq üçün də müxtəlif yollar var. Mənim və Moskvada yaşayan bacım, tibb elmləri doktoru Sevinc Əkbərovanın birlikdə hazırladığımız bir damla dərman var. Son yüz ildə yeganə dərman pereparatdır ki, Rusiya Farmakologiya Komitəsi, eyni zamanda dünyanın inkişaf etmiş ölkələrinin Farmakologiya komitələri onu təsdiq edib. Brüsseldə keçirilən Ümumdünya Sərgilər Salonunda xüsusi qızıl medala layiq görülüb. O dərman pereparatının adı Aktioldur. İndi Moskvada istehsal olunsa da, bizim dərmanımızdır. Onun çoxşaxəli təsir mexanizmi var. Ən birincisi o dərman gözlərimizi monitorların təsirindən qoruyur. Radioprotektordur, yəni radiasiyanın qarşısını alır. Həmçin antivirus dərmanıdır. Bilirsiniz ki, COVİD ağız-burun boşluğundan nəfəs burularına daxil olur. Yeganə dərmandır ki, onu gözə damızdıranda o həmin virusun daxil olmasına icazə vermir. Bununla yanaşı gözlərin quruması zamanı da istifadə oluna bilir. Dərmanın ən qiymətli xüsusiyyətlərindən biri radiasiyanın qarşısnı almasıdır.
— Paşa müəllim, valideynlər uşaqlarda göz zəifliyini öncədən bilmirlər. Zaman ötdükcə məlum olur ki, gözdə müəyyən problemlər var. Uşaqlarda bu problemi erkəndən necə müəyyən etmək olur?
— Tibbin qanunları ilə uşaq doğulanda, yəni doğum evində müxtəlif mütəxəssislərlə yanaşı həmçinin göz həkimi də olur. Onlar baxırlar, probelmləri müəyyən edirlər. Eyni zamanda ailə həkimi var. Çox vaxt çəplik, göz quruluşunda fərqlilik, rənglərə qarşı həssaslıq olanda onu müəyyən etmək olur. Heç kim bilməsə, mütəxəssislər baxanda dərhal onu bilirlər. Elə valideynlər var ki, uşağı müayinəyə aparmağa tənbəllik edirlər. Təsəvvür edin elə xəstə olub ki, doğum vaxtı gözündə problem yaranıb, 42 yaşında həkim müayinəsinə gətiriblər. Bu da valideyn səhlənkarlığıdır. Dünyada ən qiymətli olan insanın gözüdür.
— Doktor, istər həkim kimi, istər elm adamı, istərsə də bir yazıçı kimi gənclərə tövsiyəniz nələrdir?
— Gənclərə böyük anlamda tövsiyəm odur ki, kitabları sevsinlər onları oxusunlar. Çünki insanı xoşbəxt edən ona kitaba olan münasibəti və məhəbbətidir. Maksim Qorki heç məktəbi bitirməmiş dünyanın ən böyük yazıçılarından biri idi. Əqlin, beynin inkişafı üçün mütaliə çox vacibdir. Bu alzeymer xəstəliyi əsrin xəstəliyidir. Amerikada Jhons Hopkins universitetinin tədqiqatına görə 40% halda daha çox alzeymer xəstəliyinə tutulanlar mütaliəsi az olan insanlardır. Mütaliə özü sağlamlıq deməkdir. Sağlamlıqlarını qorusunlar, vaxtında həkimə müraciət etsinlər. Müəyyən zərərli, kimyəvi sahələrdə işləyənlər mütləq qoruyucu eynəklərdən istifadə etsinlər. Əllərin gözlərlə təmasında çəkinsinlər. Eyni zamanda gözdə problem yaranarsa, əllərinə keçən damlanı istifadə etməsinlər. Evdə mütləq gigiyenaya fikir versinlər.
— Paşa müəllim, müsahibə üçün dəyərli vaxtınızdan ayırdığınıza və səmimi söhbətə görə çox təşəkkür edirik. Sizə cansağlığı, işlərinizdə yeni-yeni uğurlar arzulayıram.
— Mən də öz növbəmdə sizə və komandanıza təşəkkür edirəm. Jurnalınızın adı çox şeyi ifadə edir. Əslində hər bir xalqın gücü onun ziyalılarının səviyyəsi və sayı ilə ölçülür. Jurnalınız ziyalıları təbliğ edir, onları araşdırır və nümunə kimi gənclərimizə təqdim edir. Ümumiyyətlə bu, xeyirxah və lazımlı bir missiyadır. Ziyalılarımızın tanıtımı çox önəmlidir. Bu yolda sizə və komandanıza uğurlar arzulayıram.
© Əsrin Aydınları jurnalı
Tədqiqatçı Jurnalist: Günel Şəmilzadə
SMM, Fotoqraf: Toğrul Abdullayev