«Əsrin aydınları» jurnalının dəyərli qonağı Ginnesin Rekordlar kitabına düşmüş karatenin Qara Briliantı, karate üzrə 6 qat dünya və 12 qat Avropa çempionu, Azərbaycan Karate Federasiyasının (AKF) WKF üzrə vitse-prezidenti Rafael Ağayevdir.
Ağayev Rafael Mahir oğlu 4 mart 1985-ci ildə Sumqayıt şəhərində anadan olub. Atasının yolu ilə gedərək 7 yaşından futbolla məşğul olub. Eyni zamanda ilk məşqçisi, Rafael Məmmədovun məktəbində karate ilə məşğul olmağa başlayıb. İlk məşqçisi onda karateyə qarşı böyük sevgi oyada bilmiş, ona ilk vərdiş və bacarıqları alışdırmışdır. İlk milli yarışlarda iştirak etməklə o, diqqəti özünə çəkmiş və Füzuli Musayevin rəhbərliyi altında respublikanın ən məşhur idman klublarından biri olan «Budokan"da məşq etməyə başlamışdır.
Rafael Ağayev artıq ilk respublika çempionatında bütün rəqibləri üzərində inamlı qələbə qazanaraq Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun diqqətini cəlb edə bilmişdi. O, beynəlxalq yarışlarda ilk dəfə olaraq milli yığma komandanın tərkibində 1997-ci ildə, Macarıstanda keçirilən açıq Dünya Kubokunda iştirak etmişdir. Növbəti il o, İngiltərənin açıq çempionatının qalibi olmuş və bundan sonra, heç bir yarışdan medalsız geri qayıtmamışdır.
2003-cü ildə 21 №-li orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının təkmübarizlik fakültəsinə daxil olmuş, 2007-ci ildə oranı güləşmə və onun metodikası karate üzrə məşqçi-müəllim ixtisası üzrə bitirmişdir.
Hərbi xidmətdən sonra perspektiv idmançı kimi Azərbaycan Müdafiə Nazirliyinin idman klubuna keçirilmişdir. Fərdi yarışlarda ən çox dünya çempionu olan idmançı kimi Ginnesin Rekordlar kitabına düşüb. 14 fevral 2024-cü ildə Azərbaycan Karate Federasiyasının WKF üzrə vitse-prezidenti təyin olunub.
75 kiloqram çəki dərəcəsində karatenin kumite növü üzrə Rəfael Ağayev 2015 Avropa Oyunlarında ilk görüşü ukraynalı İlya Nikulinə 3:0 hesabı ilə qalib gəlmişdir. İdmançı ikinci görüşdə türkiyəli Erman Eltemura 3:5 hesabı ilə məğlub olmuşdur. Qrupun son görüşündə latviyalı Ruslan Sadıqova 3:1 hesabı ilə qalib gələn Rəfael Ağayev yarımfinala yüksələ bilmişdir. O, yarımfinalda Almaniya idmançısı Noah Bitchini 1:0 hesabı ilə məğlub edərək final görüşünü İtaliya idmançısı Luici Busa ilə keçirmişdir. O, görüşün son saniyələrində fərqlənərək birinci Avropa Oyunlarının çempionu adını qazanmış, qızıl medala sahib olmuşdur.
XXXII Yay Olimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə 3-cü dərəcəli «Vətənə xidmətə görə» ordeni və 2-ci dərəcəli «Vətənə xidmətə görə» ordeni Azərbaycan Prezidenti İlham Əliyevin 12 avqust 2021-ci il tarixli 2856 nömrəli Sərəncamına əsasən ilə təltif edilib. Ailəlidir, iki övladı var.
— Salam, xoş gördük. Rafael bəy özünü oxucularımıza necə təqdim edərdi?
— Baxmayaraq ki, məni dünya arenasında «karatenin brilliantı», «karatenin Maradonası», «karatenin Messisi», «qara pantera», hətta «karatenin Brüs Lisi» adlandırıblar, mən hər zaman özümü Ağayev Rafael Mahir oğlu kimi təqdim edirəm. Düzdür, verilən təxəllüslər də insana xoş təsir bağışlayır. Sumqayıt şəhərində anadan olmuşam. Hazırda Bakı şəhərində yaşayıram.
— Rafael bəy, uşaqlıq dövrünüz, məktəb illəriniz və ya döyüş fəaliyyətinizlə bağlı yaddaşınızda qalan xatirələrinizdən danışa bilərsinizmi?
— Ümumiyyətlə, yaddaqalan xatirələrim çoxdur. Mən maddi vəziyyəti aşağı olan bir ailədə böyümüşəm. Anam bağça müəlliməsi, atam isə elektrikdir. Uşaqlıqda çox çətin günlərimiz olub. İnsan yaşadığı heç bir xatirəni unutmur. İstər bu xatirələr xoş olsun, istərsə də pis. İdmana gəlməyimdə ailəm və müəllimlərim mənə çox dəstək olublar. Bu sahədə qazandığım uğurlarım, nailiyyətlərim düşünürəm ki, uzun illər danışılacaq.
— Uğurlarınızın səbəbi nədədir?
— Mən dinimə bağlı biriyəm. Bu səbəbdən hər zaman əldə etdiklərimə görə Allaha şükür edirəm. Uğurlarımın, qazandıqlarımın səbəbkarlarından birincisi ailəmdir. Ailəm mənə atdığım hər addımda çox dəstək olub. Baxmayaraq ki, məktəbdə zəif oxumuşam, hədəflərimə çatmaq üçün hər zaman çox çalışmışam. Bunu bəlkə də sözlə ifadə etmək çətindir. Ancaq bugünkü günə çatmaq üçün çox qurban vermişəm. İdmana Rafael Məmmədovun rəhbərliyi altında başlamışam. Bir neçə ildən sonra Füzuli Musayevin məktəbində idmana davam etmişəm. Peşəkar idmançı olmağıma baxmayaraq, hər zaman öz üzərimdə işləyirəm. Mən dəfələrlə qələbə qazansam da, medaldan doymuram. (red: gülür) Uğurlarımın əsas səbəbi məhz üzərimdə durmadan işləməyimdir.
— Rafael bəy, bir rəqibinizi eyni fəndlə dəfələrlə məğlub etmisinizmi?
— İdmanın bilinən və bilinməyən tərəfləri çoxdur. Karate bir fəlsəfədir. 33 ildir bu idmanla məşğul olsam da, mənə qaranlıq qalan, bilmədiyim tərəfləri də var. Elə zərbələrim olub ki, onunla mən illər ərzində dəfələrlə qalib gəlmişəm. Mənim rəqibim və onun müəllimi bunun fərqinə varana qədər artıq taktikamı dəyişmişəm. «Aşparay» deyilən fənd var idi ki, rəqibini iki əllə tutub aşırırdın və 3 saniyə ərzində yerdə qalırdısa ən yüksək xalı, 3 balı qazanmış olurdun. Səhv etmirəmsə, 2014-cü ildən artıq o fənd ləğv edilib. Onu da qeyd edim ki, bu fənd mənə görə ləğv edildi və tək əllə fəndi əlavə edildi. Buna baxmayaraq, mən yenə dünya və Avropa çempionu oldum. Bir daha özümə və xalqıma onu sübut etdim ki, insan qarşısına qoyduğu hədəfə çatmaq üçün çox çalışmalıdır.
— Oxucularımıza gələcək planlarınızdan danışa bilərsinizmi?
— Medallarımı WKF (World Karate Federation) idman növü ilə qazanmışam. Karate idman növü yarandığı gündən bu günə kimi hələ 5 qat dünya çempionu titulunu alan idmançı olmayıb. Azərbaycanda isə bu idman növündə yeniyetmələr arasında qalib olsa da, böyüklər arasında hələ məndən başqa dünya çempionu yoxdur. Kambat karate növü də var ki, burada 3 raund 3 dəqiqə olmaqla döyüş gedir. Əgər kəmərə sahib olursansa, 5 raund 3 dəqiqədən döyüşürsən. Artıq bir neçə ildir ki, bu istiqamətdə də döyüşürəm. Ötən il kambat karate növü üzrə də dünya çempionluğunu qazandım. Əvvəl burada döyüşçülər yalnız karate idman növündən idisə, hazırda boks, MMA, taekvando üzrə döyüşçülər də bura qatılırlar. Sözsüz ki, bu da döyüşləri daha çətin və gərgin edir. Karate Olimpiya oyunları sayılmadığına görə Rusiyada keçiriləcək yarış «dostluq oyunu» adlandırılacaq. Ora qatılmağı düşünürəm. Demək olar ki, 3 ildir mən WKF idman növündən uzaqlaşmışdım. Qeyd edim ki, bu ildən yenidən bu idmana qayıtmışam. Növbəti Avropa çempionatının Ermənistanda keçirilməsi planlaşdırırlır. Əgər ölkə olaraq orada təmsil olunarıqsa, qızıl medal qazanıb himnimizin səsləndirilməsini çox istəyirəm. İdman barəsində düşüncələrin əslində çoxdur. Önəmli olan sağlam bədən və sağlam ruhla addımlamaqdır. Bu zamana qədər döyüşlərdə aldığım zədələrə görə bir neçə dəfə əməliyyat olunmuşam. Sonuncu əməliyyatdan sonra bir az kilo almışam və yarışlara qədər artıq çəkini aradan qaldırmağa çalışıram.
— Rafael bəy, qalibiyyəti yaşamaq sizə çox doğma və tanış bir duyğudur. Bəs qalib ölkənin qalib vətəndaşı olmaq necə bir hissdir?
— Bilirsiniz, Günel xanım, döyüşçü yarışda məğlub ola bilər, müəllimin tələbəsi uğursuz nəticə göstərə bilər, aparıcının efirində problem yaşana bilər. Lakin bu elə bir qələbə, elə bir uğurdur ki, illər keçsə də bu hissi bizimlə bərabər yeni nəsil də yaşayacaq. Mən də sözsüz ki, bir vətəndaş kimi çox sevincli və qürurluyam. Bu qələbəni bizə yaşadan şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı arzu edirəm. Ali Baş Komandanın düzgün və səbirli addımı ilə bu gün biz millət, xalq olaraq bu qələbəni yaşayırıq.
— Uğurlu bir gənc kimi gənclərimizə nə kimi tövsiyyələriniz olardı?
— Gənclərimizə ilk növbədə tövsiyəm odur ki, kompüterə, telefona çox meyilli olmasınlar. Başa düşürəm, yeni əsr texnologiya əsridir. Lakin bacardıqca az istifadə etməyə çalışsınlar. Bunu yalnız gənclərə deyil, böyüməkdə olan körpələrimizə, övladlarımıza da şamil edirəm. Deyərdim ki, onların kompütürə, telefona olan maraqlarının ən böyük səbəbkarı da elə biz valideynlərik. Yeniyetmələri pis vərdişlərdən uzaq olmağa səsləyirəm. Sağlam həyat üçün onlara idmanla məşğul olmağı tövsiyə edirəm. Mən demirəm ki, hər kəs Rüstəm Orucov, Rafael Ağayev, Hacı Əliyev olmalıdır. İnsan öz sağlamlığını qorumaq naminə də idmanla məşğul ola bilər. Hər bir Azərbaycan vətəndaşına uzun ömür, cansağlığı arzu edirəm. Biz gənclərimizə hər zaman dəstəyik və yanlarındayıq.
— Sosial şəbəkələrdən xarici səfərləriniz zamanı idmançılarla, pərəstişkarlarınızla, sizi sevənlərlə görüşdüyünüzü görürük, izləyirik. Bu səfərlər zamanı karatenin canlı əfsanəsinə film təklifləri gəlirmi?
— Mənim həyatımdan bəhs edən iki film artıq çəkilib. İlk filmi italyanlar çəkmişdilər. Təəssüflər olsun ki, hələ Azərbaycanda belə bir film təklifi olmayıb. Mən dəfələrlə mənə olan sevginin şahidi olmuşam. Baxmayaraq ki, Yaponiya karatenin vətənidir, yaponlar mənim onlara dərs keçməyimi istəyiblər. Lakin bu olimpiada qabağı olduğu üçün razılıq verməmişdim. Maraqlı bir hadisəni sizə deyim ki, yarışlar öncəsi yapon kameramanları məni yemək yeyən zaman da lentə alırdılar. Hansı əllə yediyimə belə diqqət yetirirdilər. Son olaraq deyim ki, Azərbaycanda mənə sənədli film təklifi gələrsə, çox şad olaram.
— Şəxsi məktəbinizi açmağı planlayırsınız? Bu yalnız Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da ola bilər.
— Ölkədən kənarda məktəb açmağı düşünmürəm. Lakin bir il ərzində dünyanın 12-yə yaxın ölkəsində oluram, orada seminarlarım təşkil olunur. Bu il üçün Bolqarıstan, Rusiya, Polşada da görüşlərim olacaq. Bu görüşlər seminar xarakteri daşıyır. Azərbaycanda özümə aid bir məktəbin — zalın olmasını çox istəyirəm. Lakin hələ ki, bu istiqamətdə bir addımların atıldığını görmürəm. Düşünürəm, bu sahədə əldə etdiyim bilik və bacarıqlarımı yetişməkdə olan idmançılarımıza da öyrətsəm, uğurlarımız daha çox olar.
— Maraqlı və xoş söhbətiniz üçün sizə təşəkkür edirəm, Rafael bəy. Bizə zaman ayırdığınız üçün minnətdaram.
— Mən də sizə başda Aydın müəllim olmaqla jurnalınızın bütün əməkdaşlarına öz dərin minnətdarlığımı bildirirəm. Zaman ayırıb bizim də fikirlərimizi işıqlandırdığınız üçün var olun. Fəaliyyətinizdə uğurlar arzu edirəm.
© Əsrin Aydınları jurnalı