“Əsrin aydınları» jurnalının dəyərli qonağı Azərbaycan mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, informasiya və sənəd menecmenti sahəsini tədris edən müəllimə, jurnalist, ictimaiyyətçi, Peşəyönümlü Təhsilin İnkişafına Dəstək İctimai Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, «Rəsul Rza» mükafatı laureatı, Prezident təqaüdçüsü İradə Əlilidir.
İradə Əlili 20-dən çox kitabın, 40-dan çox tezis və məqalənin müəllifidir. Onun müəllifi olduğu «Xocalı: Şahidlər danışır» kitabı artıq 12 dilə tərcümə edilib, bir sıra digər dillərə də tərcümə olunması nəzərdə tutulub. Sözügedən kitabı BDU-nun baş müəllimi Amalya Paşayeva urdu dilinə də tərcümə edib. «Laçın həsrətim» adlı kitabı 4 dildə, Zəngilan rayonundan bəhs edən «Bir damla göz yaşında torpaq həsrəti» 3 dildə, " «Zəfər yolu» 3 dildə işıq üzü görüb. İ.Əlili, həmçinin qardaş Türkiyənin şəhidlərinə də kitab həsr edib. İzmirin Aliağa ilçesinin qəhrəmanı, şəhid Oğuz Özgür Çevikə həsr edilmiş kitabın keçən il Aliağada təqdimatı olub. Xanım yazar hər zaman şəhid ailələrinin və qazilərin yanında olur, onlara öz dəstəyini göstərir. İ.Əlili eyni zamanda Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğuldur. Azərbaycan Respublikası Veteranlar Təşkilatı tərəfindən «General Həzi Aslanov» yubiley medalı ilə də təltif olunmuşdur. Xocalı rayon İcra hakimiyyətinin başçısı Xocalının «Fəxri vətəndaşı» İradə Əlilinin 60 illik yubileyi münasibətilə ona təbrik məktubu ünvanlamışdır.
— İradə xanım, Azərbaycan gəncliyi bu gün dövlətin qayğısı ilə əhatə olunub və böyük yaradıcı potensiala malikdir. Daha dəqiq desək, gəncliyimizin gələcəyi çox parlaq görünür. İstərdik gənclərlə bağlı tövsiyələrinizi öyrənək.
— İnternetin, texnikanın inkişaf etdiyi dövrdə bugünkü gənclərimiz kifayət qədər geniş biliklərə malikdirlər. Yeni texnologiyadan kifayət qədər rahat və sərbəst şəkildə istifadə edə bilirlər. Bizim yaşda olan insanlar texnologiya ilə bağlı yenilikləri məhz gənclərimizdən öyrənir. Əlbəttə ki, gənclərimizin yaşlı nəslin nümayəndələrindən öyrənə biləcəyi çox biliklər, nümunələr var. Gənclərimiz, milli mentalitetimizi, mədəniyyətimizi daim qoruyaraq yeni texnologiya vasitələri ilə cəmiyyətə daha faydalı ola bilərlər. Bir sözlə, keçmişi qoruyaraq sağlam gələcəyə addım atmaq lazımdır. Sağlam gələcək onların çiyinlərində olacaq. Bununla yanaşı gənclərimiz yaşlı nəslin öyüd-nəsihətlərini də dinləməyi bacarmalıdır.
— İradə xanım, Qarabağımız artıq azad olunub. Bir ziyalı xanım, bir yazar kimi sizin də bir çox kitablarınıza rast gəlirik.
— Çox şükür Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, ordumuzun şücaəti ilə torpaqlarımız yağı düşməndən azad olundu. Bu gün azad Qarabağımızla bağlı çoxlu kitablarım var. Bu kitabların hamısı müxtəlif dillərdə tərcümə olunub. Mənim kitablarımın əksəriyyətinin redaktoru Ombudsman Aparatının əməkdaşı, şair-publisist Azadə Novruzovadır. Bunları yazmaqda məqsədim odur ki, bir vətəndaş, bir ziyalı olaraq bu sahədə kiçik də olsa əməyimi ortaya qoyum. Eyni zamanda Vətənimin həqiqətlərinin tanınmasında kitablarımın da dəstəyi olsun. Təbii ki, hər kəs özünün bacardığı qədər dövlətinə, Vətəninə xidmət etməlidir. Bu Vətən, bu torpaq bizimdir. Burada bizim nənələrimiz, babalarımız, əcdadlarımız yaşayıb. İndi də biz yaşayırıq. Ona görə də biz Vətənimizi hər zaman qorumalıyıq. Professor Xudu Məmmədovun gözəl bir sözü vardı: «Siz Vətəni uşaqlara tanıdın, göstərin onlar Vətəni sevəcəklər». Bu sahədə də məktəblərdə, universitetlərdə böyük işlər görülür. Yeraltı və yürüstü sərvətlərlə zəngin olan Vətənimizdən inanın ki, dünyada yoxdur. Professor Fuad Qasımzadenin bir fikri var: «Azərbaycan dünya xəritəsində bənövşənin ləçəyi boydadır amma onun ətri bütün dünyaya yayılır». Azərbaycanı o qədər gözəl təsvir edib ki, insan doğurdan da bu ətri hər yerdə duya bilir. Biz ziyalılar da çalışmalıyıq ki, Vətənimiz, dövlətimiz, millətimiz üçün gücümüz daxilində bacarıqlarımızı ortaya qoyaq və dövlətə xidmət edək.
— İradə xanım, siz həm Birinci Qarabağ Müharibəsi, həm də İkinci Qarabağ Müharibəsini görmüsünüz. Hazırda qalib Azərbaycanın, qalib vətəndaşı olmaq necə bir hisdir?
— Atam İkinci Dünya Müharibəsinin iştirakçısı olub və hətta bir qolunu orada itirib. O zaman atam müharibə ilə bağlı bizə danışardı. Uşaq olduğumuz üçün tam anlamırdıq. Artıq yetkinlik yaşına çatanda biz hər şeyi anlaya bilirdik. 1990-cı il 20 yanvar hadisəsi mənim tələbəlik vaxtıma rast gəldi. Biz onu canlı olaraq gözlərimizlə gördük. Həmin vaxtlarda torpaqlarımızın erməni vandallarının işğalına məruz qalmasına çox üzülürdük. Atam hələ o vaxtı deyirdi ki, hakimiyyətə mütləq Ulu Öndər Heydər Əliyev gəlməlidir. Çünki Azərbaycanı xilas edəcək bir şəxsiyyət var, o da Heydər Əliyevdir. Torpaqlarımız işğalda ikən çox ağrı-acılar çəkdik. Demək olar ki, gəncliyimiz anacaq torpaq, Qarabağ həsrəti ilə keçdi. Çox şükürlər olsun ki, uca Allah xalqımıza Zəfər sevincini yaşatdı. Artıq qalib ölkənin qalib vətəndaşı olmaq qürurunu yaşayırıq. İndi ölkə hüdudlarından kənarda da başımız uca, alnımız açıqdır. Buna görə Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevə, ordumuza, canları-qanları bahasına Şəhid, qazi olan oğullarımıza sonsuz minnətdarıq. Çox tez-tez Şəhid ailələri ilə görüşür, onların övladlarının doğum günlərində iştirak edirəm. «Xocalı: Şahidlər danışır» kitabım artıq 12 dildə nəşr olunub. Düşünürəm ki, gələcəkdə araşdırmalar olan zaman yazdığım kitablar bu istiqamətdə dəstək ola bilər. Bir vətəndaş olaraq nə qədər Azərbaycanımız üçün çalışsaq da çox azdır. Vətənimiz günü-gündən çiçəklənir, inkişaf edir. Biz də bu inkişafın bir parçası olmalıyıq.
— İradə xanım, istərdim ki, uşaqlıq illərinizdə ən yaddaqalan xatirələrinizi bizimlə bölüşəsiniz…
— Uşaqlıq illərimlə bağlı xatirələrim çoxdur. Çünki evin balaca övladı idim. Anam-atam məni çox sevərdi. Atamla çox ölkələrə səyahət edirdim. Valideynlərim hər zaman bizə düzgün istiqamət verirblər. Yəni, ədalətli, mərhəmətli, səbirli, nəzakətli, doğru-dürüst olmağı, insanları üzməməyi öyrədiblər. Bunların hər biri ailədən gəlib. Çox qəribədir ki, uşaq vaxtı tez böyüməyə tələsirdik. Geriyə baxanda hər yaşın öz gözəlliyi olduğunu görürsən. Əsla 60 yaşıma görə pərişan deyiləm və düşünürəm ki, bu yaşda da Vətənimə, dövlətimə xeyir verə bilirəm. 1989-cu ildən başlayan müəllim fəaliyyətim indi də davam edir. Tələbələrimi yaxşı iş yerlərində, yüksək məqamlarda görəndə çox sevinirəm. Təbii ki, bu uğurların qazanılmasında müəyyən insanların rolu var. Kulturoloq, Tarix Elmləri doktoru «Simruq» Azərbaycan Mədəniyyəti Assosiasiyasının prezidenti, Azərbaycan kulturologiya elminin yaradıcısı Fuad Məmmədov, ilk uğurlarımın qazanılmasında bir ata kimi mənə dəstək olub. Daha sonra Respublika Elmi Tibb Kitabxanasının direktoru Yeganə xanım Pirəliyevanın uğurlarımın qazanılmasında böyük əməyi olan insanlardandır. Tək əldən səs çıxmır. Yalnız sağlam dostluq mühiti ilə uğurlar qazanmaq olur. Mətbuatda AzTV, Mədəniyyət, Dünya, Space, ARB, MTV televiziyalarının da mənim inkişafımda çox böyük rolu olub. Demək olar ki, uğurlarımın qazanılmasında dostlarımın dəstəyini çox görmüşəm. Azərbaycan fəlsəfi məktəbinin banisi, İbn Sinanın şagirdi Əbülhəsən Bəhmənyarın belə bir fikri var: «Özünüzə elə kitablar axtarın, arayın, tapın ki, onları oxuyan zaman filosofları əvəz etsin. Elə dostlar axtarın, tapın ki, onlar gözəl kitabların mütailəsini əvəz etsin». Ona görə bu gün insanlar istər həyat yolunu istərsə də dostunu seçərkən diqqətli olmalıdır.
— İradə xanım, uğur qazanmaq şansdır, yoxsa insanın öz əzmidir?
— Uğur qazanmaq üçün bacarıqlarını ortaya qoymalısan. Hər işin başında böyük əmək, zəhmət dayanır. Ancaq bundan sonra onun qiymətləndirilməsi olur. Anamın söz boxçasından fikirlər paylaşıram. Dostdan məsləhət almaq uğur qapısını çalmaq deməkdir. Uğur qazandığında digər insana ziyan vurmamalı, onun haqqına girməməlisən. O sənin öz uğurun olmalıdır. Çalışmaq lazımdır ki, çəkdiyin əziyyətə haram qatmayasan.
— İradə xanım, növbəti işlərinizdə hansı layihələri planlaşdırırsız?
— Gələcək illərdə Ulu Öndər Heydər Əliyevə bir kitab həsr edəcəyimi planlaşdırıram. Artıq 60 yaşındayam. İstəyirəm biraz ictimai fəaliyyəti azaldım və nəvələrə də vaxt ayırım. Amma düşünürəm ki, dövlətim, Vətənim üçün fəaliyyətim hər zaman davam edəcəm. Bu gün yazdığım kitabların çoxu müxtəlif xarici dillərdə tərcümə olunaraq ölkə hüdudlarından kənarda da istənilir, oxunur. Kitablarım satışa getmir. Sadəcə diasporalara və dostlara hədiyyə edirəm. Bir kitabımı çıxmaq şərtilə digər bütün kitablarımı şəxsi vəsaitim hesabıma etmişəm. 12 dildə olan «Xocalı: Şahidlər danışır» kitabımın 4 dilini məhz Azərbaycan Dillər Universitetinin tərcümə fakültəsi həyata keçirib. Buna görə universitetin rəhbərliyinə və Tərcümə fakültəsinə dərin təşəkkürümü bildirirəm. Hətta Filland və Holland dillərində də kitablarım nəşr olunub. Bunların təcümə olunmasında da xaricdə yaşayan dostlardan Arzu Oktay və İlkanə Qoca dəstək olublar. Bu kitabın ərəb dilinə tərcüməsini isə Pərviz Əfəndiyev etmişdir Düşünürəm ki, biz yorulmadan həm televiziya, həm səndli filmlərimiz, həm də kitablarımız vasitəsilə Azərbaycan həqiqətlərini dünyaya tanıdılmasında çalışmalıyıq.
— İradə xanım maraqlı müsahibəniz üçün sizə təşəkkür edir və gələcək fəaliyyətinizdə möhkəm can sağlığı və müvəffəqiyyətlər arzulayıram.
— Mən də sizə, Aydın müəllimə və jurnalınızın bütün əməkdaşlarına təşəkkür edir və bol şans diləyirəm. Uğurlarınız bol, yolunuz açıq olsun!
© Əsrin Aydınları jurnalı
Tədqiqatçı Jurnalist: Günel Şəmilzadə
SMM, Fotoqraf: Toğrul Abdullayev