«Əsrin aydınları» jurnalının dəyərli qonağı əməkdar hüquqşünas, III dərəcəli Dövlət Ədliyyə müşaviri (Ədliyyə general-mayoru), Qarabağ müharibəsi veteranı və əmək veteranı, Azərbaycan Ağsaqqallar Şurası idarə heyətinin üzvü, Binəqədi rayonu Ağsaqqallar Şurasının sədri, kino məsləhətçisi Akif Rəfiyevdir.
Akif Bəşir oğlu Rəfiyev Respublika ictimaiyyəti tərəfindən öz ixtisasını mükəmməl bilən, təvazökar, xalqa səmimi olan, gənc hüquqşünaslara qayğı ilə yanaşan ziyalı kimi tanınır. O, fəaliyyəti ərzində ixtisası üzrə bir neçə xüsusi kurs bitirmişdir. A.B.Rəfiyev rəhbər vəzifədə işlədiyi müddət ərzində Prezident Aparatında, Milli Məclis iclaslarında, Nazirlər Kabinetində keçirilən müşavirlərdə hüquqa aid bir sıra məsələlərdə fəal iştirak etmişdir. Akif Rəfiyev məşhur Rəfibəylilər soy kökündəndir. O, bir sıra ictimai təşkilatların üzvü və ya fəxri üzvü seçilmişdir. 1998-ci ilin dekabr ayında ona III dərəcəli Dövlət Ədliyyə müşaviri (Ədliyyə general-mayoru) rütbəsi verilmişdir. 2005-ci ildən Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında pedaqoji fəaliyyətlə məşğuldur. 2015-ci il 28 fevral tarixində Bakı şəhəri Binəqədi rayonu Ağsaqqallar Şurasının sədri seçilmişdir. 2016-cı il 18 mart tarixində Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Respublikada ictimai-siyasi fəaliyyətinə görə «Fəxri diplom» ilə təltif edilmişdir. Çalışdığı müddət ərzində hüquq jurnallarında məqalələr və müsahibələri, hüquqşünaslığın ayrı-ayrı aktual məsələ və problemlərinə dair 100-dən artıq çıxışları olmuşdur. Hüquq sahəsi üzrə bir sıra televiziya verilişlərində açılan rubrikalara rəhbərlik etmiş, canlı dialoqların təşkilatçısı və onların aparıcısı olmuşdur. A.B.Rəfiyev eyni zamanda, kiçik həcimli «Sübh çağı qətl», «Analıq», «Ailənin faciəsi», «Bəy», «Müstəntiqin məharəti» adlı hekayələrin müəllifidir.
— Salam, xoş gördük hörmətli Akif müəllim. Sizi «Əsrin aydınları» jurnalının müsahibləri arasında görməkdən çox məmnunuq. Akif müəllim, mənsub olduğu məşhur Rəfibəylilər soyundan, həyatınız və fəaliyyətinizlə bağlı məlumatımız olsa da, istərdik ki, özünüzü oxucularımıza məhz sizin dilinizdən təqdim edək.
— 1936-cı il, martın 23-də Gəncə şəhərində anadan olmuşam. Orta təhsilimi Gəncə şəhərində yerləşən 2 saylı orta məktəbdə almışam. 1955-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Hüquq fakültəsinə daxil olmuşam. 1960-cı ildə oradan məzun olmuşam. Nəslimizin 400 ildən artıq tarixi var. Ümumiyətlə, Rəfibəylilər 16 soyadı daşıyır: Rəfibəyli, Rəfili, Rəfizadə, Rəfibəyov, Rəfiyev. Türkiyədə isə 3 soyad — Arran, Sayqın, Əsgəran. Orta Asiyada da nəslimizin davamçıları var. 1920-ci ildən 1949-cu ilə qədər nəslimiz 9 dəfə sürgün olunub. Hələ mən güllənənləri, öldürülənləri demirəm. Ona görə də bizim nəsildə hətta Kərimov, Kərimli, Rəcəbov, Babayev kimi soyadlar daşıyanlar da az deyil.
— Akif müəllim, hüquq mühafizə sahəsində 42 illik fasiləsiz fəaliyyətiniz olub. O illərə qayıdıb keçdiyiniz yola nəzər salsaq, hansı xatirələrinizi bizimlə bölüşə bilərsiniz?
— Bəli, Günel xanım, ilk olaraq 1960-1961-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutunda ekspert-kriminalist kimi fəaliyyətə başlamışam. Daha sonra ardıcıl olaraq 1961-1964-cü illərdə Şəmkir rayon prokuronunun köməkçisi, 1964-1966-cı illərdə Azərbaycan SSR Prokurorluğunda şöbə prokuroru, 1966-1970-ci illərdə İsmayıllı rayon prokuroru, 1970-1976-cı illərdə Mingəçevir şəhər prokuroru, 1976-1979-cu illərdə Zaqatala rayon prokuroru, 1979-1981-ci illərdə Sumqayıt şəhər prokuroru işləmişəm. 1982-ci ilin yanvarından 1989-cu ilin avqust ayına kimi Azərbaycan SSR Daxili İşlər Nazirliyinin İstintaq İdarəsinin rəisi və Nazirliyin Kollegiya üzvü təyin edilmişəm. 1989-1991-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini vəzifəsində çalışmışam. 1991-ci ilin avqust ayında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən təqaüdə ayrılmışam. 1991-2002-ci illərdə isə Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini vəzifəsində çalışmışam.
— Məlum olduğu kimi ölkəmiz müstəqillik əldə etdikdən sonra bir çox sahələrdə köklü dəyişikliklər və islahatlar aparılmışdır. Deyərdim ki, ən önəmli və vacib sahələrdən biri də məhz ədliyyə orqanları idi. Sizin nazir müavini təyin edilməniz də ədliyyə orqanlarının cəmiyyətimizdə rolu və əhəmiyyətinin artdığı zamana təsadüf edir. Bu sahədəki xidmətlərinizdən danışa bilərsinizmi?
— Bəli, həqiqətən də həmin dövrdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin funksiya və fəaliyyəti genişlənir, yeni struktur dəyişikliklər edilirdi. Nazirlikdə ilk dəfə olaraq İstintaq Aparatı, Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları İnstitutu, eləcə də Nazirliyin nəzdində Bələdiyyələrlə İş və Bələdiyyələrə Metodoloji Yardım Mərkəzi yaradılmışdır. Qeyd edim ki, nazir müavini vəzifəsinə təyin edildikdən sonra Avropa Şurası xətti üzrə dəfələrlə Respublikada keçirilən seminar və konfranslara rəhbərlik etmiş, yeni yaradılan bələdiyyələrlə bağlı bir sıra təşkilati və təcrübi işləri həyata keçirmişəm. Bu məqsədlə mətbuatda çıxış etməklə yanaşı, ərazi üzrə seminar və müşavirələr də keçirmişəm. Bütün bunlar təcrübədə öz müsbət nəticələrini vermişdir. Ədliyyə Nazirliyi sistemində işlədiyim müddət ərzində bir sıra xarici ölkələrə səfərlər etmiş, beynəlxalq görüşlərin fəal iştirakçılarından olmuşam. ABŞ, İngiltərə, Fransa, İtaliya, Türkiyə, İran, Çexslovakiya, Almaniya, Bolqarıstan, Banqladeş və başqa ölkələrə dəfələrlə səfərlərim olub. Qanunvericilik və ədliyyə sahəsi üzrə Respublikamıza gələn rəsmi xarici qonaqları qəbul etmiş, tədbirlərin keçirilməsinə rəhbərlik etmişəm. Bir məsələni də qeyd edim ki, ədliyyə işçilərinin vahid geyim forması və onlara rütbə dərəcələrinin verilməsi təklifini də ilk dəfə mən irəli sürmüşəm. 1996-cı ildə Milli Məclis tərəfindən bu barədə qanunun qəbul olunmasına nail olmuşam. Bu sahədə gördüyüm işlər və xidmətlərim 65 illik yubileyim ərəfəsində Ədliyyə Nazirliyinin rəhbərliyi tərəfindən mənə ünvanlanan rəsmi sənəddə də qiymətləndirilib.
— Akif müəllim, dövlət qulluğunda gərgin işləməyinizə baxmayaraq, bilirik ki, ədəbi həyatla da yaxından maraqlanmış, bir sıra əsərlərə rəy vermisiniz. Hətta bütün bunlardan əlavə bir neçə kiçik həcimli hekayələrin də müəllifisiniz. Bu istiqamətdəki fəaliyyətinizdən bəhs edə bilərsinizmi?
— Ötən illər ərzində bir sıra jurnal və qəzetlərin redaksiya heyətinin üzvü seçilmişəm. Gürcüstanda çap olunan yeni «Molla Nəsrəddin» jurnalının, «Açıq söz», «And» və s. qəzetlərin redaksiya heyətinin üzvüyəm. Cəmşid Əmirovun detektiv janrında yazmış olduğu «Şəhər alovlanır» povestinə rəy vermiş və Mehman Mehmanovun 1991-ci ildə çap olunmuş «Qanlı əlcək» adlı məhkəmə oçerklərinə ön söz yazmışam. Həmçinin, Əhməd İsayevin «Gəncə və gəncəlilər» kitabına, tədqiqatçı-jurnalist Vəsimə İsmayılqızının redaktorluğu ilə 2001-ci ildə buraxılmış «Goranboy ensiklopediyası”na, Anarın „Bu gün də var“ əsərinə və s. bu kimi bir sıra əsərlərə rəy vermiş və ya münasibət bildirmişəm. Ədilxan Ziyadxanovun „Azərbaycan“, Nağıbəy Şeyxzamanovun „Azərbaycanın istiqlal mücahidləri, xatirələrim“ kitablarının tanınmış tədqiqatçı-jurnalist Xanlar Bayramovun vasitəsilə Türkiyədən gətirilib Azərbaycan dilinə tərcümə edilməsində yaxından iştirak etmişəm. Bütün bunların hamısı şəxsi təşəbbüsüm ilə olub. Ədəbiyyat sahəsindəki xidmətlərimə görə „Rəsul Rza“ mükafatını almışam. Azərbaycan kinostudiyosunun çəkdiyi „O qızı tapın“, „Bircəciyim“, „Dronqo“ bədii filmlərinin əsas məsləhətçilərindən biri olmuşam.
— Akif müəllim, geniş və çoxşaxəli fəaliyyətinizlə gənclərimizə hər zaman örnəksiniz. Bügünkü gənclərimizin fəaliyyətini necə qiymətləndirirsiniz və onlara nə kimi tövsiyələriniz var?
— İndiki gənclərdə dinləmə qabiliyyətinin zəiflədiyini hiss edirəm. Məhz bu səbəbdən də gənc ailələrdə münaqişələr, boşanmalar təəssüf ki, artıb. Ölkəmizdə boşanma statistikası çox acınacaqlıdır. Çalışdığım illərdə Respublika Prokurorluğunda, Daxili İşlər Nazirliyində ən çox vətəndaş qəbul edən məhz mən idim. Hər kəs mənə insanlara bu qədər vaxt ayırdığım üçün irad tuturdu. Bilirsiniz, o insanlar problemlərini dinləyəcək, onlara kömək edəcək, zaman ayıracaq birini axtarırlar. Düzdür, çox zaman mənə aidiyyatı olmayan problemlərlə gələn insanları da dinləyirdim. Bütün rayon, kənd və qəsəbələrdən gələn sakinləri dinləyə-dinləyə onların verdikləri məlumatlar üzərindən bir çox müəsisələrin, işçilərin iş prinsiplərindəki nöqsanlardan xəbərdar olurdum. Buna görə qəbuluma gələn hər bir vətəndaş mənə minnətdarlığını bildirirdi. Bir gün bir vətəndaş ucqar rayonlarımızdan birindən gəlmişdi. Mən onun problemini dinlədim, müəyyən məsləhət və tövsiyələrimi verdim. Sonda o insan pozulmuş hüquqlarının bərpası üçün mənə təşəkkür etdi.
— Ulu Öndər cənab Heydər Əliyevlə bağlı görüşünüzdən danışmağınızı istərdik, Akif müəllim.
— Bütün ömrünü müstəqil Azərbaycan dövlətinin qurulmasına və inkişafına həsr etmiş dahi Heydər Əliyev şəxsiyyəti bizim hər birimizin qəlbində əbədiyaşar lider olaraq yaşayacaq. Ulu Öndər cənab Heydər Əliyev çox səbirli, diqqətcil insan idi. İnsanları çox böyük səbir və təmkinlə dinləyərdi. Görüşümüz xoş təəssüratlarla dolu keçərdi. Yadımdadır cənab Heydər Əliyevin qəbulunda olarkən mənə dedi ki, «başqa rayonlarla müqayisədə Sumqayıtda çox yaxşı işləyibsiniz. Belə qərara gəlmişik ki, sizi prokurorluq sistemindən daxili işlər sisteminə keçirək. DİN-də İstintaq İdarəsinin rəisi vəzifəsində çalışacaqsınız». Məndən etirazımın olub-olmadığını soruşdu, dedim ki, necə məsləhət bilirsinizsə, elə də olsun. Mərkəzi Komitədən çıxıb A. Zamanovun yanına gəldim. Məni təbrik elədi və dedi ki, cənab Heydər Əliyev sənin işini bəyəndiyi üçün Azərbaycanda qalmanı məsləhət bilib. Beləliklə, o vaxtın qaydalarına uyğun olaraq Mərkəzi Komitənin Bürosuna gəldim və büroda məni DİN-in İstintaq İdarəsinin rəisi vəzifəsinə təsdiq elədilər.
— Qarabağ cinayətlərinin siz də şahidi olmusunuz. İstərdim, o illərdəki proseslərdən danışasınız.
— Təcavüzkar Ermənistan öz havadarlarının köməyi ilə Azərbaycan ərazisinin 20 faizini işğal etmişdi. O illərdə dəhşətli faciələr ard arda törədilmişdi. İşimlə əlaqədar olaraq mənim Qarabağa səfərlərim çox olurdu. Müharibə illərini çox böyük ürək ağrısı ilə xatırlayıram. Ermənilər Əsgəran yolunu kəsmişdilər. 20 noyabr hadisəsi ərəfəsində yol bağlanmışdı və biz Əsgərandan keçib, Dağlıq Qarabağa gedə bilmirdik. Yalnız Ağdamda dayana bilirdik, qərargahımız oradaydı. Bundan sonrakı fəaliyyətimiz, əlaqələrimiz isə vertolyot vasitəsilə həyata keçirildi. İkinci yolumuz isə Gəncə-Toğana-Murov istiqamətində idi. Gəncədən Kəlbəcərə vertolyotla 19 dəqiqəyə uçurduq, maşınla isə o yolu 4 saata gedərdik.
— 20 noyabr hadisəsindən iki gün öncə dövlət katibinin yanında müşavirə olmuşdu. Nazirlikdən xəbər gəldi ki, məni də həmin müşavirəyə çağırırlar. Hörmətli Tofiq İsmayılov bildirdi ki, Qarabağa gedənlər arasında mən də varam. Əslində mənim Qarabağa səfərim daha sonra olmalı idi. Hamımız rəhbər şəxslərlə birgə xüsusi reyslə Ağdama getdik. Ağdamda vəziyyətı çox pis idi. Qərar belə oldu ki, mən və milli məclisin birinci müavini Tamerlan Qarayev, DİN-nin müavini Natiq Talıbovla Ağdamda qalaq. Təhlükəsizlik baxımından Qarabağın komendantı general mayor Jenkenin hərbi vertolyotu ilə Xankəndiyə uçmağı qərarlaşdırdılar və nümayəndələr həmin vertolyotla uçdular. Onlar saat 4 reysi ilə geri qayıtmalı idilər. Bir saatdan sonra xəbər gəldi ki, hadisə baş verib. O zaman əlaqə qurmaq çətin idi. Axşam saat 8-də xəbərlər verilməli idi, lakin xəbərlər 1 saat gecikdirildi. Dəhşətli qəza olduğu təsdiqləndi. Müəyyən olunmuş heyətlə qəza yerinə getdik. Cənazələri Natiq Talıbovla birgə Ağdam məscidinə gətirdik. Çox ürək ağrısı ilə xatırlayıram o günü. Onların Bakıya çatdırılmasında şəxsən iştirak etdim. Allah Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizə rəhmət eləsin.
— Akif müəllim, müsahibələrinizin birində demisiniz ki, arzum Murovdağ alınsa, orada ''Besedka'' (söhbət yeri) qurduracağam. Artıq qalib Azərbaycanın qalib vətəndaşlarıyıq.
— Bu gün biz böyükdən kiçiyə fəxr edirik, qürur duyuruq. Bu zəfəri biz müqəddəs missiyanı yerinə yetirən Müzəffər Ali Baş Komandanımıza, Türk dünyasının yenilməz qalib sərkərdəsi İlham Əliyev cənablarına, qəhrəman igid oğullarımıza, qüdrətli ordumuza borcluyuq. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir. İllərdir erməni vəhşiliyinə məruz qalmış yurd-yuvamızı görəndə ürəyim ağrıyır. Qarabağı, Kəlbəcəri, Laçını, Ağdamı elə gözəl xatırlayıram, sanki o torpaqlar təbiətin şah əsəri idi. Allah prezidentimizə, xalqımıza cansağlığı versin. Erməni vəhşiliyindən sonra qısa bir müddətdə həmin el-obamıza işıq gəldi, can gəldi sanki. Həmin ərazilərdə dayanmadan yenidənqurma işləri görülür, torpaqlarımız abadlaşdırılır. Murovdağda olarkən diyarımızın gözəl təbiətini seyr etmək, Gəncəmizi, Naxçıvanımızı aydın görmək olur. Hələki bu arzumu reallaşdıra bilməmişəm.
— Akif müəllim, maraqlı müsahibəniz üçün sizə minnətdaram. Sizə möhkəm cansağlığı, işlərinizdə daima uğurlar arzulayıram.
— Günel xanım, mən də sizə, Aydın müəllimə və bütün əməkdaşlarınıza təşəkkür edirəm. Yolunuz açıq olsun! Uğurlar!
© Əsrin Aydınları jurnalı