Ədəbi-publisistik, elmi-nəzəri yaradıcılığı, eləcə də ictimai-siyasi fəaliyyəti ilə tariximizdə xüsusi yeri olan görkəmli ədib Mirzə İbrahimov XX əsrin 30-cu illərindən başlayaraq ömrünün sonunadək Azərbaycanın mədəni və ideoloji siyasi həyatında silinməz izlər qoyub. O da Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Əli bəy Hüseynzadə, Hacı Zeynalabdin Tağıyev kimi millət və Vətən fədaisi idi.
Mirzə İbrahimov 1911-ci il oktyabrın 28-də Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Evə kəndində anadan olmuş, 1918-ci ildə atası və böyük qardaşı ilə Bakıya gəlmiş, 1919-cu ildə atası vəfat edəndən sonra kiçik yaşlarından Balaxanı və Zabrat kəndlərində muzdurluq edib öz zəhməti ilə bir tikə çörək qazanmışdır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra işləyə-işləyə, fabrik-zavod məktəbində oxumuşdur. Bədii yaradıcılığa Zabrat fəhlə ədəbiyyat dərnəyinin üzvü olduğu vaxtdan başlamışdır. Onun "Qazılan buruq" adlı ilk şeiri 1930-cu ildə "Aprel alovları" məcmuəsində dərc olunub və bundan sonra dövri mətbuatda şeirləri müntəzəm nəşr edilib. O, ilk tənqidi, publisist məqalələrini, hekayə və oçerklərini də 1930-cu illərdə yazıb. 1932-ci ildə beşilliklərin nəhəng tikintilərini və sosialist sənayesinin inkişaf sürətini öyrənmək üçün Ukraynada - Donbas şaxtalarında, Dnepropetrovsk sənaye müəssisələrində olmuş, "Giqantlar ölkəsi" oçerklər kitabını qələmə almışdır. Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun ikiillik hazırlıq şöbəsində təhsil aldıqdan sonra partiya onu Naxçıvan MTS siyasi şöbəsinə - "Sürət" qəzetinin redaktoru vəzifəsinə göndərmiş, 1937-ci ildə SSRİ Elmlər Akademiyasının Leninqraddakı Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil almışdır.
M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru, sonra isə XKS-də incəsənət işləri idarəsinin rəisi vəzifəsində çalışıb. Azərbaycan SSR xalq maarif komissari, Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin sədri, birinci katibi, SSRİ Yazıçılar İttifaqı idarə heyətinin katibi, Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin müavini, Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsində işləyib.
Ömrünün sonunadək isə Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, çoxcildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin redaksiya heyətinin üzvü olmuşdur.
İkinci Dünya müharibəsinin ağır sınaq illərində istər əsərləri, istərsə də fabrik-zavodlarda, kəndlərdə əsgəri hissələrdə odlu-alovlu çıxışları ilə qələbəyə inam, düşmənə isə nifrət və qəzəb aşılayırdı. Yazıçı 1941-ci ildə Sovet Ordusu sıralarında Cənubi Azərbaycanda olarkən "Vətən yolunda" qəzetinin məsul redaktoru vəzifəsində işləyib. 1942-ci ildə Uzaq Şərqdə Xabarovsk, Vladivostok və s. hərbi dairələrdə 416-cı diviziyanın döyüşçüləri ilə görüşlərdə iştirak etmiş, elə həmin dövrlərdə hekayə, povest və romanlarla yanaşı, səhnə əsərlərini də qələmə almışdır: "Həyat" (1935), "Madrid" (1937), "Məhəbbət" (1941) pyeslərindən 20 il fasilədən sonra yazdığı "Kəndçi qızı" (1961), "Yaxşı adam" (1963), "Közərən ocaqlar" (1967) pyesləri ilə Azərbaycan dramaturgiyasını zənginləşdirən ədib V.Şekspirin "Kral Lir", "On ikinci gecə, yaxud hər nə istəsəniz", A.N.Ostrovskinin "Quduz pullar", "Müdrik olan hər kəsə kifayətdir sadəlik", A.P.Çexovun "Üç bacı", Molyerin "Don Juan" pyeslərini Azərbaycan dilinə tərcümə etmişdir. Yazıçının özünün əsərləri isə keçmiş SSRİ xalqlarının dillərinə və bir çox xarici dillərə tərcümə edilib. 3 dəfə "Lenin", "Oktyabr inqilabı" ordenləri və digər orden, medallarla təltif olunub.
Xalq yazıçısı Mirzə İbrahimovun həyat və yaradıcılığı zəngin, çoxşaxəlidir. İlk yazılarından dövrünün aktual mövzularını qələmə alan ədibin yaradıcılıq imkanları, istedadı bədii nəsrdə daha aydın nəzərə çarpırdı. "Zəhra", "Mələk", "Qaçaq", "Qorxulu səs", "Sənət aşiqləri" və s. yazıçının 1930-1935-ci illərdə yazdığı ilk hekayələridir.
Mirzə İbrahimovun yaradıcılığında Cənubi Azərbaycan həyatının təsviri geniş yer tutur. "Azad", "Tonqal başında", "İztirabın sonu", "İki həyat" və s. hekayələrindən ibarət olan "Cənub hekayələri" silsiləsinə o, sonralar "İran qızı", "Bir günəşin işıqları" hekayələrini də daxil edib. "Cənub hekayələri"ndə Mirzə İbrahimovun bədii forma axtarışları, orijinal üslubu, tipikləşdirmə bacarığı və fərdi sənətkarlıq imkanı daha aydın, qabarıq görünür.
Mirzə İbrahimovun romanları milli romanımıza yeni keyfiyyətlər gətirməklə yanaşı, müasir ədəbiyyatın yaradıcılıq üfüqlərini genişləndirir. Mirzə müəllimin bir dramaturq kimi fəaliyyəti də uğurlu olub. Azərbaycan dramaturgiya tarixində yeni bir dövr açan C.Cabbarlıdan sonra kənddə kollektivləşmə zamanı gərgin sinfi mübarizənin dolğun lövhəsini yarada biləcək qüdrətli sənətkar fırçasına böyük ehtiyac hiss olunurdu. Belə bir vaxtda, "Almaz" və "Yaşar" pyesləri kimi ədəbi-tarixi salnamənin davamı olan "Həyat" dramı yarandı. O, geniş erudisiyası, müasirlik duyğusu, həssaslığı və heyrətamiz zehni, əməyi sayəsində zamanın nəbzini tutmağı, dövrünün əhəmiyyətli hadisələrinə vaxtında cavab verməyi bacarırdı.
Mirzə İbrahimov orijinal bədii yaradıcılığında əsaslandığı prinsipləri bir nəzəriyyəçi alim kimi öz tənqidi-estetik tədqiqatlarında müdafiə edir, böyük ədəbiyyatın inkişafı uğrunda mübarizə aparırdı. Onun zəngin, özünəməxsus tənqidi görüşləri ədəbi irsə, müasir ədəbiyyatın aktual problemlərinə vətəndaş yazıçı mövqeyini aydınlaşdırır. Mirzə İbrahimovu nəzəriyyəçi, ədəbiyyat tənqidçisi və tədqiqatçısı kimi tanıdan hələ 30-cu illərin əvvəllərində ardıcıl məşğul olduğu realizmin inkişaf mərhələləri, sənətkarlıq, ideyalılıq və xəlqilik, ənənə və novatorluq, realizm, onun romantika ilə əlaqəsi, klassik sənətin gücü, ədəbiyyatların qarşılıqlı təsiri və zənginləşməsi problemləridir. Azərbaycan ədəbi tənqidi fikrini və ədəbiyyatşünaslığını məşğul edən elə bir problem yoxdur ki, Mirzə İbrahimov öz münasibətini bildirməmiş olsun. Azərbaycan Milli Elmlər Akademiyası yarandığı vaxtdan onun həqiqi üzvü olan Mirzə İbrahimov filologiya elminin inkişafı, elmi kadrların hazırlanması sahəsində böyük işlər görüb. O, 1948-1954-cü illərdə Nizami adına Dil və Ədəbiyyat İnstitutuna direktorluq etdiyi dövrlərdə dilçilik və ədəbiyyatşünaslıq elminin yeni, yüksək səviyyədə tədqiq olunmasını təşkil etmişdir.
1960-1965-ci illərdə institutda XIX əsr Azərbaycan ədəbiyyatı tarixi şöbəsinə başçılıq etdiyi zaman klassik ədəbiyyatın tədqiqi problemləri ilə ciddi məşğul olub. Cənubi Azərbaycan ədəbiyyatı tarixi şöbəsinin müdiri vəzifəsində işlədiyi dövrdə "Cənubi Azərbaycan ədəbiyyatı antologiyası" tərtib olunub, demokratik ədəbiyyatın ayrı-ayrı mərhələləri öyrənilib. Bununla yanaşı, Mirzə İbrahimov çoxcildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin yaradılmasında fəal iştirak edib.
Vaxtilə onun aspirantı olmuş, sonralar bir yerdə çalışmış professor Teymur Əhmədov Mirzə İbrahimovun ədəbi yaradıcılığı barədə deyib: "Mirzə İbrahimovun idrakı, maraq dairəsi geniş, çoxşaxəli və zəngindir. Coşğun dəryanın şahə qalxan, bir-birinə bənzəri olmayan əzəmətli dalğaları kimi onun yarım əsr müddətində yaratdığı əsərləri də bütövlükdə, bir baxımda təsəvvür etmək çətindir... Onun ölməz əsərləri zaman-zaman müstəqil Azərbaycanın möhkəmlənməsi uğrunda mübarizə aparan insanlara xidmət edəcəkdir".