«Əsrin Aydınları» nın jurnalının növbəti dəyərli qonağı kikboksinq üzrə üç qat dünya çempionu, dəfələrlə Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi, Azərbaycan kikboksunun WAKO versiyasından ilk Dünya Kubokunun sahibi, Avrasiya çempionu, peşəkarlar arasında Avropa və Asiya kəmərinin sahibi «Əməkdar idman ustası» və «Əməkdar məşqçi» Anar Lalayevdir. Müsahibimiz ehtiyatda olan zabit və 1-ci dərəcəli dövlət quluqçusudur. Hazırda Bakı Şəhər İcra Hakimiyyəti aparatında böyük məsləhətçi vəzifəsində çalışır.
-Anar bəy, sizi oxucularımıza daha yaxından tanıtmaq istərdik. Anar Lalayev kimdir?
-Hələ uşaq ikən 6-7 yaşlarından idmana böyük həvəsim olub. Təbiətən çox aktiv uşaq olduğum üçün valideynlərim məni idmana yazdırmaq qərarına gəliblər. Bir-iki il Cüdo və Sambo idman növləri ilə də məşğul olmuşam. Lakin əsas idmana 1992-ci ildə karate idman növündən başlamışam. Həmin vaxtlarda Van Dam, Brüs Li kimi döyüşçülərin filmlərini izlədikcə daha çox idmana marağım artırdı. Onları izlədikcə idmana vaxt ayırırdım. Valideynlərim də mütəmadi olaraq dərslərimi yoxlayırdı. Karate idman növü üzrə ilk müəllimimi heç vaxt unutmuram. Elə nizam-intizamlı idi ki, tələbələrinə məşq keçməzdən öncə gündəliklərinə baxır, daim təlim-tərbiyə ilə bağlı tövsiyələr verirdi. Biz başa düşürdük ki, müəllimin öyrətdikləri, yolumuza daim işıq olacaq. Bu mənada həm təhsil, həm də idmanı paralel şəkildə inkişaf etdirməyə çalışırdım. Xüsusilə qeyd etmək istərdim ki, təhsilin olması idmandakı uğurlarda da özünü göstərir. Çünki hər idman növünün özünəməxsus, xüsusi taktiki qaydaları var. Bunun üçün insanın şüuru, məntiqi güclü olmalıdır. Bunlar olmadığı halda insan zəif olur. Təkcə fiziki güc ilə uğurlu insan olmaq mümkün deyil. Qismətdən məktəbi də əla qiymətlərlə bitirib, Bakı Ali Neft Akademiyasına qəbul oldum. Lakin bununla bərabər idmanı da davam etdirdim.1997-ci ildə karate idman növü ilə vidalaşmalı oldum. Orada qazandığım uğurlar respublika daxilində idi. Dəfələrlə Azərbaycan və Bakı çempionatlarında qalib gəlmişəm. Eyni zamanda MDB ölkələrində keçirilən bir neçə yarışlarda qalib olmuşam. O dövrdə karate və güləş idman növü çox populyar idi. Gənclərin çoxu karate idman növü ilə məşğul olurdu.
-Anar bəy, bildiyimiz kimi hələ 13 yaşında ikən Ulu öndər Heydər Əliyev ilə görüşmüsünüz. Bu tarixi görüşü necə xatırlayırsınız?
-1996-cı ildə Ulu Öndər Heydər Əliyev ilə görüşümüz Tofiq Qasımov adına Nefçi stadionunda ilk Əmircan Olimpiya kompleksinin açılışında olub. O zaman Ulu Öndər həmin olimpiya kompleksinin açılış mərasimində iştirak edirdi. Biz idmançılar Ulu Öndərin qarşısında çıxış etdik. Mən və məşq yoldaşlarım ilə göstərdiyimiz idman hərəkətləri onun xoşuna gəlmişdi. Ulu Öndər hətta bizi Xüsusi Təyinatlılara da bənzətmişdi. Ondan sonra Ulu Öndər əlimizi sıxdı, üzümüzdən öpdü və bizimlə bir neçə dəqiqə səmimi söhbət etdi. O görüşdən sonra daha çox idmana bağlandıq və həvəsləndik. Bizim bir məqsədimiz var idi ki, gənc yaşlarında Azərbaycanın bayrağını ölkə xaricində yüksəklərə qaldıraq və tanıtdıraq. Xüsusilə qeyd etməliyəm ki, Azərbaycanda idman hərəkatı Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra inkişaf etməyə başlayıb. Bununla da Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Çünki Heydər Əliyevin Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki xidmətləri əvəzsizdir. Ulu Öndər idmançıların cəmiyyətdəki rolunun artması, özlərinə layiqli yer tutmaları üçün əlindən gələni əsirgəmirdi. Ümumilli Liderin diqqət və qayğısı sayəsində 1997-ci ildə Azərbaycan idmanı özünün ən mühüm mərhələsinə qədəm qoydu. Cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ölkəmizdə idmanın daha daha böyükmiqyaslı tərəqqisinə, Azərbaycanın dünya idman ailəsinin üzvü olmasına, idmançılara dövlət qayğısının artırılmasına, maddi-texniki bazanın möhkəmlənməsinə geniş üfüqlər açdı. Eyni zamanda 2000-ci ildən etibarən müasir tipli olimpiya idman komplekslərinin tikilib istifadəyə verilməsi və son illərdə ölkəmizdə saysız-hesabsız mötəbər beynəlxalq turnirlər, dünya, Avropa çempionatları dövlətin idmana olan qayğısının bariz nümunəsidir. Müasir dövrdə həyata keçirilən idman siyasəti nəticəsində idmançılarımızın sorağı ən mötəbər yarışlardan qalib kimi eşidilir. Azərbaycan Prezidenti idmana xüsusi diqqət ayırır. Bu idmanın inkişafına kömək etməklə yanaşı biz idmançılara və məşqçilərə mənəvi güc verir.
-Yuxarıda qeyd etdiniz ki, 1997-ci ildə karate idman növü ilə vidalaşmalı oldunuz və kikboksing idman növünü seçdiniz. Karatedən kikboksa keçid çətin oldumu yoxsa daha təcrübəli idiniz?
-1997-ci ildə artıq idmanın kikboksinq növü üzrə məşqlərə başladım. Karatedə qazandığım təcrübə kikboksda mənə böyük kömək oldu. Düzdür kikboksinqin əziyyəti çoxdur. Lakin əziyyət çəkmədən bəhrəsini görmək olmaz. Bu idman növündə bütün çətin bariyerləri rahatlıqla aşmağı bacardım. Bu da idmana olan böyük sevgidən irəli gəlirdi. Xüsusilə vurğulamaq istəyirəm ki, kikboksing idman növü üzrə birinci şəxsi məşqçim Azərbaycan Kikboksinq Federasiyasının baş məşqçisi Elşən Abdulrəhmanov və ikinci məşqçim isə Zahid Əliyev olmuşdur. Xüsusilə qeyd etməliyəm ki, onların üzərimdə böyük əməyi vardır. İlk dəfə 1999-cu ildə Avrasiya çempionatında iştirak edərək qələbə qazandım. 2000-ci ildə isə Azərbaycan çempionatında iştirak etdim və böyüklər arasında Azərbaycan çempionu oldum. Elə həmin ildə də Macarıstanda kikboksinq idman növü üzrə Dünya Çempionu oldum.
Bu gün Azərbaycan Kikboksing Federasiyasının fəxri prezidenti, Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin kikboksing sahəsinin inkişafında xidmətləri əvəzsizdir. Adil müəllim bu idman növünün ölkəmizdə təbliğinə və inkişafı üçün çox böyük işlər görüb. Hazırda isə kikboksing gənclər arasında ən sevilən idman növünə çevrilib. Adil müəllim bütün çıxışlarında qeyd edir ki, «idmanın inkişafını dəstəkləməkdə əsas məqsədi kikboksingin kütləviliyini təmin etmək, gənclərdə vətənpərvərlik hislərini gücləndirmək, yeniyetmə və gəncləri narkomaniya və pis vərdişlərdən uzaqlaşdırmaqdır». Görülən işlərin nəticəsidir ki, bu gün kikboksçularımız beynəlxalq arenalarda hər il böyük uğurlar əldə edirlər. Bu mənada bir idmançı və məşqçi kimi hər zaman Adil Əliyevin bizlərə diqqət və qayğısını hiss etmişik.
-Anar bəy, dəfələrlə Azərbaycan bayrağını həm öz ölkəmizdə, həm də xarici ölkələrdə yüksəklərə qaldırmısınız. Sizin kikboksing idman növü üzrə ən yadda qalan döyüşünüz nə vaxt olub və onu necə xatırlayırsız?
-Ən yaddaqalan döyüşlərim birinci Azərbaycan Çempionatında final görüşü, digəri isə Rusiyanın Çelyabinsk şəhərində bu ölkənin məşhur idmançısı Yevgeni Xillə olub. Azərbaycan Çempionatının final görüşü zamanı məşqçilərim Elşən Abdulrəhmanov və Zahid Əliyev idi. Bundan əvvəlki döyüşlərim çox ağır keçsə də, qalib olmuşdum. Sanki suda buğulan bir adama yenidən nəfəs verilən kimi, son anda qələbə qazanmışdım. Azərbaycan Çempionatında məşqçilərim söylədilər ki, narahat olma, ən asan döyüşün olacaq. Bir anlıq düşündüm ki, məşqçilər həvəsləndirmək üçün bu sözləri deyirlər. Lakin onlar daha çox mənə inandıqları üçün belə demişdilər. Bu döyüşdə rəqibim dünya arenalarında tanınmış bir idmançı olub. Kifayət qədər kikboksda təcrübəsi vardı. Əslində məşqçilərimin dediyi kimi ən rahat döyüşüm oldu. Döyüşdə sürət və aldadıcı fənlər, eyni zamanda döyüşün texniki tərəflərini bilmək çox vacibdir. Artıq sonrakı döyüşlərdə də böyük təcrübə ilə qalib gəldim.
İdmançının yığma komandaya ilk dəfə daxil olması onun üçün böyük qürur hissidir. Məhz bu döyüşlərdən sonra məşqçilərim məni yığma komandaya daxil etdilər. İki ay sonra 2000-ci ilin may ayında Macarıstanın Deberçen şəhərində dünya çempionatında iştirak etdim. Kikboksun WAKO versiyası üzrə döyüşdə qalib və Dünya Kubokunun sahibi oldum.
Daha sonra 2004-cü ildə Azərbaycan kikboks tarixində ilk dəfə olaraq peşəkarlar arasında 10 raund keçirərək Rusiyanın məşhur idmançısı, WAKO versiyası üzrə dəfələrlə dünya və Avropa çempionu Yevgeni Xillə qalib gələrək, Avropa kəmərinin sahibi oldum. Bu ağır və gərgin keçən döyüşdən sonra əldə edilən qalibiyyət idi. Eyni zamanda 2005-ci ildə peşəkarlar arasında Asiya kəmərini də qazandım. Hər zaman beynəlxalq arenada üç rəngli, ay-ulduzlu bayrağımız dalğalananda böyük fərəh və qürur hissi keçirmişəm.
-Anar bəy, hazırda yaşınıza görə veteran idmançı sayılırsınız. Peşəkar idmana yenidən qayıtmaq istərdinizmi?
— Demək olar ki, peşəkar idmana qayıtmış sayılıram. Çünki tələbələrim var. Onlara bu idman növünün bütün sirlərini, texnikalarını öyrətməyə çalışıram. Bu mənada idmanın kikboksing üzrə növündə yetirmələrimiz müxtəlif arenalarda qalib gələrək bayrağımızı ucaldıblar. Onlarla birlikdə böyük məsuliyyətlə özümü peşəkar idmanda hiss edirəm. Lakin yaşa görə yenidən peşəkar idmana qayıtmaq mümkün deyil. Bu gün biz məşqçilərin üzərinə düşən əsas vəzifə bizdən sonra gələn gənclərə idmanı sevdirmək və bu yolda böyük nailiyyətlər gətirməkdir. İki oğlum var və hər ikisi təhsillə yanaşı idmanı da davam etdirirlər. Hər iki oğlum həm cüdo, həm də boksla məşğul olurlar. Cüdoda xüsusi məşqçiləri var amma boksu özüm onlara öyrədirəm. Çünki 10-12 yaş aralığında olduqları üçün boksda hələki zərbələr yox, məhz bu idman növününü texniki tərəflərini öyrədirəm. Cüdo idman növündə isə tamamilə sərbəstdirlər və yarışlarda iştirak edirlər. Göstəriciləri də yaxşıdır. Həmişə övladlarıma başa salıram ki, idmanla yaşamaq və həyat tərzinə çevirmək lazımdır. Sağlam gəncliyin yetişməsi üçün idman çox vacibdir. Bir məşqçi olaraq ətrafımda olan bütün gənc idmançılara dəstək olmağa çalışmışam. Əldə etdiyim təcrübəni gənc nəslə ötürməklə, ölkəmizin idman sahəsindəki inkişafına dəstək olmaq, gənc idmançılarımızın beynəlxalq arenalarda ən yüksək yerləri tutmaları üçün çalışmaq qürurvericidir. Bu gün dünya və Avropa çempionu olan tələbələrim var. Bu həqiqətən sevindirici haldır. Bu gün həm «Əməkdar idman ustası», həm də «Əməkdar məşqçi» kimi fəaliyyətimi davam etdirirəm. Bu, tələbələrimin xaricdə qazandığı nailiyyətlərə görə olub. Tələbələrim arasında bu gün dünya və Avropa çempionları var.
-Anar bəy, idmanı peşəkar istiqamətdə davam etdirməklə eyni zamanda iki ali təhsil almısınız. Bu sizin üçün çətin olmadı ki?
-1996-cı ildən ali təhsil aldığım Bakı Ali Neft Akademiyasının qaz-neft- mədən fakültəsini 2000-ci ildə bitirdim. O dövrdə bizə azərbaycanlı alim, mütəfəkkir, texniki elmlər doktoru, akademik Azad Mirzəcanzadə dərs deyirdi. Universiteti bitirdikdən sonra 2001-ci ildə həqiqi hərbi xidmətə yollandım. Ali təhsil və idmanı paralel, düzgün şəkildə idarə etmək səbir, təmkin, cəsarət tələb edir. Buna görə mütəmadi idmanla məşğul olsam da, universitet təhsilimi də davam etdirməyə çalışmışam. İkinci təhsilim isə 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında İdarəçilik Akademiyası olub. Ümumilikdə təhsil cəmiyyətin inkişafı üçün ən mühüm amillərdən biridir. Bu gün həm elmi həm də idmanı paralel şəkildə davam etdirmək üçün hər cür şərait var. Düşünürəm ki, bu proses birinci ailədən başlamalıdır. Əgər valideynlər təhsillə yanaşı uşaqları fiziki hərəkətləri əhatə edən məşqlərə cəlb etsələr, o uşaqlar sağlam şəkildə böyümüş olarlar. Əlbəttə elm zehni tərbiyəni inkişaf etdirsə də, idman da fiziki tərbiyə üçün çox önəmlidir. Bu mənada mən də övladlarımı idman və təhsili paralal şəkildə davam etdirməyə istiqamətləndirmişəm.
-Anar bəy, dövlətimiz tərəfindən idmana və idmançılara göstərilən diqqəti, qayğını hər il görmək mümkündür. Ümumilikdə ölkəmizdə idmanın inkişafı ilə bağlı sizin də fikirlərinizi öyrənmək istərdik…
-Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclərə, idmana və idmançılara göstərilən diqqət, qayğı göz qabağındadır. Azərbaycan artıq beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır. Bu isə həyata keçirilən uğurlu dövlət siyasətinin nəticəsidir.Digər tərəfdən idmançılar hərtərəfli qayğı ilə əhatə olunub ki, bu da onların beynəlxalq turnirlərdə daha böyük uğurlar əldə etməyə imkan verir. Eləcə idmanda qazanılan uğurlar ildən-ilə artır. Eyni zamanda bizim idmançılar uzun illərdir Azərbaycanı dünyda layiqincə təmsil edirlər. Ölkəmizdə hər zaman güclü idmançılar yetişib və onlar gənc nəsil üçün də örnək olublar. Dekabrın 24-də cənab Prezident İlham Əliyevin ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışı hamımızda qürur hissi yaratdı. Cənab Prezident bildirdi ki, «İdman cəmiyyətimizin ayrılmaz hissəsidir. İdmanın və idman qələbələrinin ictimai məkanda çox böyük rolu var. Xüsusilə gənc nəslin yetişdirilməsi, vətənpərvərlik hislərinin nənc nəslə aşılanması üçün idman amili çox böyük məna daşıyır. Nəzərə alsaq ki, bu Yay Olimpiya Oyunlarında Azərbaycan müzəffər ölkə kimi, qalib ölkə kimi iştirak edirdi, idmançılarımız isə müzəffər xalqın nümayəndələri kimi iştirak edirdilər. Əlbəttə ki, bu vətənpərvərlik amili daim diqqətdə olmalıdır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idman nə qədər vacibdirsə, bir o qədər də hərbi hazırlıq və fiziki hazırlıq vacibdir. Fiziki güc mənəvi saflığa da yol açır və şadam ki, bizim idmançılarımızın mütləq əksəriyyəti idmanda da, məişətdə də, cəmiyyətdə də nümunədirlər, örnəkdirlər». Cənab Prezident Azərbaycanın bütün rayonlarında idmanla məşğul olmaq üçün müasir tələblərə cavab verən infrastrukturun formalaşdırılmasını mühüm vəzifələrdən biri kimi müəyyənləşdirib. Sağlam cəmiyyət hər bir dövlətin əsas məqsədlərindən biridir. Bu gün idmanın inkişafına olan qayğı tək olimpiya idman növlərini deyil, qeyri-olimpiya idman növlərini də əhatə edir. Ona görə də hər bir vətəndaşımızın idmana maraq göstərməsi və mütəmadi olaraq məşğul olması daim dövlətimizin diqqət mərkəzindədir. Yeri gəlmişkən, işğaldan azad edilmiş ərazilərimizdə Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işləri çərçivəsində Şuşada beynəlxalq şahmat, Suqovuşanda beynəlxalq avarçəkmə yarışlarının və Zəngilanın Ağalı kəndinin ətrafında triatlon üzrə yarışın keçirilməsi ondan xəbər verir ki, tarixi torpaqlarımızda mötəbər idman yarışlarının təşkili ənənəsinin əsası artıq indidən qoyulur. Həm qazandığımız medallar, həm idman komplekslərinin tikilməsi, həm də ölkəmizin beynəlxalq arenada idman ölkəsi kimi nüfuzunun artması idaman sahəsindəki uğurlarımızın əsasını təşkil edir. Bu gün biz idmançılar, məşqçilər, idman ictimaiyyəti əminik ki, Prezident İlham Əliyevin ölkəmizin inkişafına xidmət edən siyasi xətti idmanımızın daha da inkişafına böyük töhfələr verəcək.
© Əsrin Aydınları jurnalı
Jurnalist: Fəridə Ağazadə