Kosmosdan hər 44 dəqiqədən bir X-şüaları və radio dalğaları yayan sirli bir obyekt aşkar edilib. Alimlər bu obyektin təbiətini müəyyənləşdirməyə çalışarkən, əvvəllər belə bir hadisə ilə qarşılaşmadıqlarını bildirirlər.
Aydınlar.az xarici mətbuata istinadən xəbər verir ki, Astronomiya sahəsi, bu vaxta qədər müşahidə edilən ən qeyri-adi kosmik obyektlə üz-üzə qala bilər. NASA-nın Chandra X-şüaları teleskopu, Süd Yolu qalaktikamızda təxminən 15.000 işıq ili uzaqlıqda yerləşən naməlum bir cismin həm radio dalğaları, həm də X-şüaları yaydığını qeydə alıb. ASKAP J1832-0911 adlandırılan bu obyekt, hər 44 dəqiqədən bir təxminən iki dəqiqə müddətində həm radio dalğaları, həm də yüksək enerjili X-şüaları ilə ani parlamalar nümayiş etdirir.
Gördüyümüz heç bir şeyə bənzəmir
Bu kəşf, "uzun periodlu keçici mənbələr" (Long-Period Transients, LPT) adlandırılan yeni obyekt növlərinin X-şüaları spektrində ilk dəfə müşahidə edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Daha əvvəl yalnız radio dalğalarında aşkar edilən LPT-lərin niyə və necə müntəzəm fasilələrlə “açılıb-sönən” siqnallar yaydığı hələ də böyük bir müəmmadır. Curtin Universitetindən tədqiqat rəhbəri Zieng (Andy) Vanq, “Bu obyekt daha əvvəl gördüyümüz heç bir şeyə bənzəmir,” deyərək kəşfin nə qədər qeyri-adi olduğunu vurğulayıb.
LPT-lər radio siqnallarını bir neçə dəqiqə və ya bir neçə saatlıq fasilələrlə kəsik şəkildə yayan kosmik obyektlər kimi ilk dəfə 2022-ci ildə aşkar edilib. O vaxtdan bəri dünyada ondan artıq yeni LPT müəyyən edilsə də, ASKAP J1832-0911-in unikal xüsusiyyətləri onu digərlərindən fərqləndirir. Adını Avstraliyada yerləşən Australian Square Kilometre Array Pathfinder (ASKAP) radio teleskopundan alan bu sirli obyektin, radio siqnalları ilə yanaşı, Chandra teleskopu vasitəsilə X-şüaları yaydığı da müəyyən olunub. Bu təsadüfi kəşf, Chandra-nın dar müşahidə sahəsi ilə ASKAP-ın geniş sahəli skan imkanlarının nadir zaman uyğunluğu nəticəsində mümkün olub.
Cismin təbiəti hələ də sirrlərlə doludur
Tədqiqat qrupu, ASKAP J1832-0911-in ölü bir ulduz olduğu qənaətində birləşir; lakin onun dəqiq hansı tip ulduz olduğu hələ də müəyyən edilməyib. Güclü maqnit sahələrinə malik neytron ulduzu (maqnetar) və ya Günəşin milyardlarla il sonra çevriləcəyi tipdən olan ağ cırtdan ulduz olması ehtimalları üzərində dayanılır. Vanq bildirib: “ASKAP J1832-0911, güclü maqnit sahəsinə malik ölü bir ulduz nüvəsi, yəni maqnetar ola bilər və ya ikili sistemdəki iki ulduzdan biri, təkamülünün son mərhələsində olan aşağı kütləli və yüksək maqnit sahəli bir ağ cırtdan ola bilər. Lakin bu nəzəriyyələrin heç biri müşahidə etdiyimiz hadisəni tam şəkildə izah etmir. Bu kəşf yeni fizika sahəsinə və ya ulduz təkamülünə dair yeni modellərə işarə edə bilər.”
Tədqiqatçılar ümid edirlər ki, azı bir uzun periodlu keçici mənbənin (LPT) həm radio dalğaları, həm də X-şüaları yaymasının kəşfi, bu sirli obyektlərin mənşəyini anlamağa kömək edəcək. Çünki X-şüaları radio dalğalarından qat-qat yüksək enerjilidir; bu isə ASKAP J1832-0911-in arxasındakı obyektin hər iki növ radiasiyanı yarada biləcək gücə malik olduğunu göstərir. Bu hal mümkün mənbələrin sayını məhdudlaşdırmaqla yanaşı, oxşar xüsusiyyətlərə malik daha çox LPT-nin də mövcud ola biləcəyinə işarə edir. Araşdırmanın detalları nüfuzlu elmi jurnal Naturedə dərc olunub.
Xəbər Müəllifi: Vasif Şükür