Bu gün innovasiya yeni məhsul istehsal etməklə yanaşı, həm də iqtisadi artımı və məşğulluğu təşviq edən, şirkətlərin və cəmiyyətlərin inkişafına töhfə verən göstəricidir. İnnovasiya texnologiyadan sağlamlığa, ətraf mühitdən təhsilə qədər bir çox sahədə həyatımızı dəyişdirəcək yenilikləri ehtiva edir. Xüsusilə son illərdə vacib olduğu anlaşılan anlayışlardan biri də innovasiyadır. Bunun sübutu kimi milli və beynəlxalq müstəvidə innovasiyaya stimul verən ölkə və şirkətləri, şirkət departamentlərinin yaradılmasını, təlim və konfransların təşkilini, konsaltinq şirkətlərinin innovasiya ilə bağlı bazarda fəal rolunu göstərmək olar. Sosial innovasiya cəmiyyətdə qarşılaşdığımız problemlərə yeni perspektivlər gətirən və daha təsirli, ədalətli və davamlı həll yolları istehsal etməyi hədəfləyən bir üsuldur. Sosial innovasiyalar çərçivəsində həyata keçirilən layihələr, çalışmalar və araşdırmalar davamlı inkişaf üçün bir imkan kimi deyil, zərurət olaraq həyatımızda əks olunur. Sosial innovasiya insanların rifahını yaxşılaşdırmaq, sosial əlaqələri və əməkdaşlıqları artırmaq məqsədi daşıyan yeni məhsullar, xidmətlər və modellər hazırlamaq məqsədi ilə indi bir çox şirkət və təşkilatların diqqət mərkəzinə çevrilib. Bütün bu inkişaflar təkcə sosial innovasiyaları təşviq etmir, həm də onu universitetlər, hökumət, sənaye, cəmiyyət və ətraf mühit kontekstində həll yollarına yönəldir. İnnovasiya innovativ ixtiraların, ideyaların, məhsulların və ya həllərin əlçatan şəkildə həyata keçirilməsi və iqtisadiyyata uyğunlaşdırılması və bazara təqdim edilməsidir. Bu prosesdə mühüm detal odur ki, innovasiya mövzusu olan ideya və ya məhsul açıq şəkildə bazardakı problem və ya ehtiyacların həllini təmin edə və sosial fayda verə bilər. İnnovasiyalar qloballaşan dünyada təkcə texnoloji yeniliklərə gətirib çıxarmır, eyni zamanda iqtisadi və ictimai institutlara inkişaf etməyə və təkmilləşməyə kömək edir. İnnovasiyalar gətirdiyi radikal dəyişikliklərlə yanaşı, biznes prosesləri üçün yeni bir imic yaradır və sosial-ictimai xidmətlərin göstərilməsi prosesini təkmilləşdirir. İnnovasiyanın dövlət siyasətində rolu xüsusilə mühüm əhəmiyyət kəsb edir, çünki innovasiyalar iqtisadi artım əldə etməyə və biznes sahəsində təşəbbüskarlığı təşviq etməyə xidmət etməklə yanaşı sahibkarlıq subyektləri üçün sağlam rəqabətli mühit formalaşdırır.44 günlük Vətən müharibəsindən sonra əldə edilən şanlı Qarabağ zəfərinin davamı olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış başlamışdır. Aydındır ki, Böyük Qayıdış prosesi təkcə sosial və ictimai səviyyədə reallaşmır, eyni zamanda bölgədə uzun müddətdən sonra təkmil infastruktur qurulur. Məhz bu infastrukturun qurulmasında icra edilən innovativ həllər son texnoloji alət və üsullardan istifadə, innovasiyanın gətirdiyi səmərəlilik, ekoloji dayanıqlılıq meyarı və sosial təsirlər səbəbindən dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində artıq reallaşan ağıllı infastrukturlu urbanizasiya və suburbanizasiya nümunəsində qurulan yaşayış məskənlərinin ayrılmaz hissəsidir.
Azərbaycanda innovasiyanın inkişaf yolu
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkənin hərtərəfli inkişafı, milli dövlətçiliyin möhkəmləndirilməsi və gələcəyə hesablanmış strateji xəttin müəyyən olunması istiqamətində əvəzolunmaz xidmətlər göstərmişdir. Onun rəhbərliyi ilə əsası qoyulan milli inkişaf konsepsiyası bu gün də müasir Azərbaycanın uğurlarının təməlini təşkil edir. Heydər Əliyev daim elmə, təhsilə və texnoloji tərəqqiyə xüsusi önəm vermiş, elmi-texniki potensialın gücləndirilməsini ölkənin dayanıqlı inkişafının əsas şərtlərindən biri hesab etmişdir. Ulu öndərin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” fikri, yalnız iqtisadi sabitliyi deyil, həm də bu sabitliyin innovativ inkişafla möhkəmləndirilməsinin zəruriliyini ifadə edirdi. Məhz bu baxış bucağından yanaşdıqda, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələrinin yenidən qurulması və gələcəyə yönəlik inkişafında innovasiya strukturlarının yaradılması böyük əhəmiyyət daşıyır. Bugünkü Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasi kurs çərçivəsində işğaldan azad edilmiş ərazilərin “yaşıl enerji zonası”, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında bərpası da məhz ümummilli lider Heydər Əliyevin gələcəyə yönəlik baxışlarının müasir təzahürüdür. Beləliklə, bu bölgələrdə innovasiya strukturlarının qurulması təkcə texnoloji tərəqqi deyil, həm də milli iradənin, müasir idarəetmə və planlaşdırma sistemlərinin, həmçinin elm və texnologiyanın birgə sintezinin təzahürü kimi çıxış edir. Hal-hazırda Azərbaycan iqtisadiyyatı innovasiya iqtisadiyyatına keçid mərhələsindədir. İnnovasiya strukturunun inkişaf etdirilməsi, biliktutumlu və elmtutumlu sahələrin inkişafı və ETT-dən səmərəli istifadə əsas prioritetlər hesab olunur. Ölkədə innovasiya siyasəti üzrə atılan ilk ciddi addımlar 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə yenidən ölkə rəhbərliyinə başına keçməsindən sonra sistemli şəkildə işlənib-hazırlanan və icra edilən milli iqtisadi inkişaf proqramının bir hissəsi kimi çıxış etmişdir. Ümummilli liderin müəllifi olduğu həm neft, həm qeyri-neft dövlət inkişaf strategiyasında bazar münasibətlərinə keçid ilə əlaqədar adekvat milli innovasiya sisteminin uğurlu fəaliyyəti üçün yeni texnologiyaların, yeni texnikanın, ideya və biliklərin istehsalçısı olan müəssisə şəbəkəsinin yaradılması, eyni zamanda mövcud olanların təkmilləşdirilməsi, sadalanan istehsal proseslərinin iştirakçılarının, yəni müəssisələr və digər subyektlərin maliyyələşdirilməsi sisteminin formalaşdırılması, habelə bütün tərəflər arasında münasibətlərin tənzimlənmə mexanizminin əmələ gəlməsi öz əksini tapmışdır.
Ümumilli lider Heydər Əliyev sənaye, ETT və innovasiya yönümlü yanaşmalarda əsaslı dönüş yaratmışdır. Məhz 1994-cü ildə dünyanın aparıcı neft şirkətləriylə bağlanılan “Əsrin müqaviləsi” səbəbiylə xarici sənaye praktikası, yeni texnologiyalar və üsullarla neftin çıxarılması və emalı Azərbaycana gəldi. Xüsusilə, 2000-ci illərdə regionlarda sənaye subyektlərinin yaradılması, yeni normativ-hüquqi bazanın qəbul edilməsi və infastrukturun təkmilləşməsi reallaşmışdır. 2000-2020-ci illərdə yeni innovasiya iqtisadiyyatına keçid mərhələsində qəbul edilən sənədlər :
- “Xüsusi iqtisadi zonalar haqqında” AR Qanunu
- “Sənaye parkları haqqında” Nümunəvi Əsasnamə
- “2014-cü ilin Sənaye ili elan edilməsi haqqında” Sərəncam
- AR “Sənayenin inkişafına dair 2015-2020-ci il Dövlət Proqramı” və s.
Hələ 2020-ci ildə qəbul edilən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən dövlətin hədəfi müasir çağırışlar şəraitində elmi potensialın və innovasiya fəalliyətinin dəstəklənməsidir. Azərbaycanda son illərdə innovativ təşəbbüslərün təşviqi və təbliği, eyni zamanda dövlət innovasiya siyasətinin təkmilləşməsi və qlobal trendlərə uyğunlaşmaq üçün bir sıra yeni layihələrə imza atmış, dövlət strateji inkişaf proqramlarında innovasiyanın bütün sahələrdə tətbiqinin zəruriliyi xüsusilə qeyd edilmişdir. Azərbaycanda uğurla icra edilən innovasiyayönümlü təşəbbüs və layihələrin bir neçəsini xüsusilə vurğulamaq zəruri hesab edilir :
1.Təhsil - STEAM mərkəzi, İnnovasiyalar üzrə Bakı Peşə Mərkəzi, Tech Academy, USAİD İnnovasiya İnkişaf Proqramı, ASAN Academy İnnovativ İnkişaf Modulu, DOST Rəqəmsal İnnovasiya Proqramı;
2.Biznes və startap ekosistemi - İnnoland, SABAH.Hub, Bilim Bakı;
3.Aqrar sahə - Aqrar İnnovasiya Mərkəzi və s.
Eyni zamanda Azərbaycan Respublikasının innovasiya siyasəti və ümumi innovasiya fəalliyəti Qlobal İnnovasiya İndeksinin 2022-ci il hesabatında əks olunmuşdur. Hesabata əsasən Azərbaycan 21,5 xalla 93-cü yerdə qərarlaşmışdır. Ötən illə müqayisədə Research and Development (Tədqiqat və İnkişaf) istiqaməti üzrə 7,3% artım əldə edən Azərbaycan sıralamada ölkələrin gəlir qruplaşdırılmasında 32, regionda isə 16-cı yerdə dayanır.
Azərbaycanda innovasiyanın perspektivləri
Azərbaycan iqtisadiyyatı orta və uzunmüddətli perspektivdə müxtəlif dəyişikliklərin təsirlərinə məruz qalan bir mühitdə inkişaf etməyə davam edir. Lakin bu zaman proqnozlaşdırılmayan proseslərin başvermə ehtimalı böyük olsa da, qlobal meyillərin bir neçəsinin növbəti onilliklər ərzində qlobal iqtisadiyyata təsirlərinin ilk əlamətləri artıq indidən görünməkdədir. Qlobal iqtisadi güc mərkəzinin Asiyada yeni yaranmaqda olan bazarlara doğru yerdəyişməsi, texnoloji innovasiyaların əhəmiyyətli təsirləri, dəyişən geosiyasi konfiqurasiya və neft–qaz qiymətlərində bazar dəyişiklikləri proqnoz edilən önəmli hadisələrdən bir neçəsidir.
Məhz bu səbəbdən, Azərbaycanın innovasiya sisteminin inkişafının regional modullar bazasında həyata keçirilməsi məqsədəuyğun sayıla bilər. Bunun üçün aşağıdakı tədbirlərin işlənib hazırlanması zəruridir:
- Qapalı ərazi vahidləri üzrə, onların iqtisadi və sosial inkişafı effektiv inteqrasiyası üzrə inkişaf proqramlarının işlənib hazırlanması və reallaşdırılması;
- Azərbaycanın ayrı-ayrı regionları üzrə elmi mərkəzlərin yaradılmasına dövlət dəstəyi, eləcə də iqtisadi rayonlar üzrə texnologiyaların transferti mərkəzlərinin yerləşdirilməsi;
- Fundamental tədqiqatlar aparan elm və təhsil fəaliyyətinin inteqrasiyasını təmin edən, tədqiqat institutlarının funksiyasını yerinə yetirən ali təhsil məktəblərinin yerləşdirilməsi üçün yerlərin müəyyən edilməsi.
- Regionların investisiya-innovasiya inkişaf proqramı;
Azərbaycan Respublikası ərazisində xüsusi iqtisadi zonaların yaradılması Uzun müddətli dövrdə isə Azərbaycanın elmi potensialı qlobal meyillərə uyğun şəkildə yeni texnologiyaların inkişafına töhfə verəcəkdir. 2025-ci ildə makroiqtisadi sabitlik, xüsusilə fiskal dayanıqlılıq, əlverişli biznes mühiti, inkişaf etmiş infrastruktur, xarici bazarlara sərbəst çıxış və xarici investisiyaların cəlb edilməsi nəticəsində Azərbaycan iqtisadiyyatı xarici şoklara daha davamlı olacaq və ölkədə əmək məhsuldarlığı Şərqi Avropa ölkələrinin müvafiq göstəricisinə çatdırılacaqdır. Azərbaycan iqtisadiyyatı, Dünya İqtisadi Forumunda bildirildiyi kimi, səmərəlilik əsaslı modeldən innovasiya əsaslı modelə keçəcəkdir. İnnovasiyaəsaslı modelin inkişaf etdirilməsi üçün fiziki, insan, institusional və sosial kapital təmin olunacaqdır. Lakin faktiki rəqabət üstünlüyü qabaqcıl texnologiyalar və digər innovasiya formalarından istifadə ilə yanaşı, keyfiyyətli təhsil və peşə təliminin nəticəsi kimi yüksək məhsuldarlıq hesabına yaranacaqdır. Başqa sözlə, 2025-ci ilədək olan dövr biliktutumlu iqtisadiyyata keçid dövrü hesab olunur.
2025-ci ildən sonrakı dövrdə innovasiya əsaslı inkişaf modelinə keçid əvvəlki illərdə rəqabət üstünlüyü olan və inkişaf etmiş qeyri-neft sektorlarında ixtisaslaşmanın daha da dərinləşdirilməsi hesabına daha çox dəyərin ölkədə qalmasını təmin edəcəkdir. Texnologiya transferi və biliyin kommersiyalaşdırılmasının genişləndirilməsi investisiya qoyuluşunun səmərəliliyini artıracaqdır. İqtisadiyyatın həm regional, həm də sahələrarası strukturunun səmərəliliyi artacaqdır. Bu sənədə əsasən, İKT-nin illik artımını təxminən 18-20 faiz ətrafında saxlamaqla, 2028-ci ilə qədər sektorun gəlirlərini 8-9 milyard ABŞ dollarına çatdırmaqdır. Buna əsasən, rəqabət mühitinin yaxşılaşdırılması, sektora olunan fiskal və monetar güzəştlər, ixrac potensialının artırılmasına yönəlmiş siyasət, regional İKT resurslarının, yüksək texnoloji məhsul və xidmətlərin yaradılması, güclü insan kapitalına əsaslanan innovativ sahibkarlığın inkişafı hesabına nail olunması planlaşdırılır.
Ümumilikdə, Azərbaycanın innovasiya fəaliyyətinin genişləndirilməsini labüd edən və şərtləndirən əsas amillər aşağıdakılardan ibarətdir:
- iqtisadi təhlükəsizliyin təmin edilməsi, yeni texnologiyalar sahəsində imkanların beynəlxalq iqtisadi əlaqələrdə istifadəsi;
- elmi-texniki və innovasiya sferalarında dövlət siyasətinin aparılması;
- elmi nəticələrin ənənəvi inzibati-amirlik metodları ilə tətbiqinin yenisi ilə əvəz edilməsi;
- ölkənin əmək potensialının bütün növləri və ilk növbədə yüksək ixtisaslı kadrlar üçün iş yerlərinin yaradılması;
İşğaldan azad edilmiş ərazilərdə innovasiya strukturunun qurulması prioritetləri
Azərbaycanın sosial və iqtisadi inkişafına dair beş Milli Prioritetlərindən biri işğaldan azadolunmuş ərazilərə böyük qayıdışdır. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 16 noyabr 2022-ci il №3587 Sərəncamına əsasən Böyük Qayıdışın əsas elementi olan bölgədə yeni infastrukturun qurulması əsas prioritetdir. Məhz bu səbəbdən də zəfərlə başa çatan 44 günlük İkinci Qarabağ müharibəsindən sonra bu ərazilərimizdə bərpa və quruculuq işlərinə dərhal start verilmişdir.
Azərbaycan Respublikası öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoymuşdur. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır.
Son onilliklər ərzində inkişaf etmiş ölkələrdə inklüzivlik, bərabər imkanlara əsaslanan inkişaf və regional bərabərsizliklərin aradan qaldırılması, rəqəmsal inkişaf, dairəvi iqtisadiyyat və yerli istehsal, “ağıllı” və dayanıqlı yaşayış məntəqələri, infrastruktur, vətəndaş iştirakçılığı kimi amillər idarəetmənin yeni istiqamətləri kimi önə çıxmışdır. İnnovativ strukturun yaradılması zamanı bu regionda klasterlərin, yüksək texnologiya parkları və startapların, biznes inkubatorların, innovasiya və sahibkarlıq mərkəzləri, sənaye və aqrar innovasiya müəssisələrinin ərsəyə gəlməsi prosesi stimullaşdırılmalıdır. Məhz bu addımlar mövcud ənənəvi Qarabağdan yeni smart tipli Qarabağ rəqəmsalına texnologiya iqtisadiyyatına keçidin ilk elementləridir. Böyük Qayıdış prosesində ilk öncə lazımı yaşayış üçün lazım olan infrastruktur qurulduqdan sonra, innovasiya infrastrukturunun formalaşması və İKT-nın bütün sahələrdə tətbiq olunması ilə bu ərazilərin yüksək texnologiya və innovasiyalar məkanına çevrilməsi nəzərdə tutulur.
Cədvəl 1. İşğaldan azad edilmiş ərazilərdə innovativ strukturun qurulmasında nəzərə alınması zəruri olan prioritetlər (sektorlar üzrə)
Sosial | Ətraf mühit və infastruktur |
|
|
Enerji | Nəqliyyat-logistika |
|
|
İdarəetmə və iqtisadiyyat | |
|
Mənbə:https://www.researchgate.net/publication/360720161_Isgaldan_azad_olunmus_bolg lrd_innovasiya_layihlrinin_rolu
Sosial blok
- İctimai asayiş və fövqaladə halların idarəedilməsində innovativ həllər
Dəyişən geosiyasi vəziyyət səbəbindən artıq Cənubi Qafqazda yeni təhlükəsizlik sistemi yaradılır. Qarabağ zəfərindən sonra Azərbaycan regionda etibarlı sülhün və asayişin formalaşmasına töhfə verən Azərbaycan, eyni zamanda dəyişən geosiyasi konfiqurasiyanın mərkəzində dayanır.
Qlobal kontektsdə innovasiyalar ictimai təhlükəsizliyin və təhlükəsizliyin gücləndirilməsində əsas rol oynaya bilir. Texnoloji dəstək alan ictimai asayiş sisteminin qurulması, kibertəhlükəsizlik əməliyyatları, artan kibertəhlükələrə qarşı müqavimətin nümayiş edilməsi işğaldan azad edilmiş ərazilərdə xüsusi strateji əhəmiyyət kəsb edir. Həm ərazi bütövlüyünü təmini, həm də regionda təcavüz və seperatçılıq elementlərinin məhv edilməsi bütünlüklə regionun ab-havasına müsbət təsir göstərir və sabitliyə mane olan faktorları aradan qaldırır.
Beynəxalq praktikaya görə regionda sosial-ictimai innovativ strukturunun qurulmasında texnoloji dəstək alan ictimai asayiş sistemi, kibertəhlükəsizlik siyasəti, bu sahədə sıravi vətəndaşların anında məlumatlanması və öncədən təlim görməsi mühüm əhəmiyyət kəsb edir. Texnoloji dəstək alan ictimai asayiş sistemində əsas alətlər olaraq müşahidə kameraları, dronlar və proqnozlaşdırıcı analitika kimi texnologiyalardan istifadə olunur ki, bu da hüquq-mühafizə orqanlarına cinayətləri daha effektiv aşkar etməyə və qarşısını almağa kömək edir, eyni zamanda fiziki polisin mövcudluğuna ehtiyacı minimuma endirir.
Şübəhsizdir ki, işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində həmin ərazilərə əhalinin qayıdışı təkcə tarixi və sosial məna daşımır. Eyni zamanda bu vətəndaş-dövlət institutları arasında mövcud olan olan ictimai inam və inteqrasiyanı daha da təkmilləşdirməyə kömək edir ki, bu da özünü ictimai asayişin qorunmasında vətəndaş rollarının və həllərinin artırılması istiqamətində töhfə verə bilər. Vətəndaşların rəhbərlik və icra etdiyi etdiyi təşəbbüslər, ictimai layihələr, icma polisi proqramları və ictimai təhlükəsizlik forumları hüquq-mühafizə orqanları ilə yerli icmalar arasında etimad və əməkdaşlığın qurulmasına kömək edə bilər.
İctimai təhlükəsizliyin hal-hazırda mövcud olan ən önəmli elementi mina təhlükəsizliyi problemidir. Ölkəmiz mina təmizləmə prosesində əsasən xarici ölkələrdən gətirilən innovativ alətlərin köməyindən yararlanır.
Dövlət idarəetməsinin modernləşdirilməsi, şəffaflığın artırılması və idarəetmədə yeni fəaliyyət üslubunun formalaşdırılması yönümündəki mühüm tədbirlərdən biri Azərbaycan Respublikasının Prezidentinin 13 iyul 2012-ci il tarixli fərmanı ilə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin olmuşdur. Hələ ötən ilin avqust ayında, Zəngilanın Ağalı kəndində vətəndaşların istifadəsinə verilən yeni ASAN xidmət mərkəzində göstərilən yerində (ASAN xidmət köşklərində) və səyyar xidmətlərin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğunun artırılmasıdır.
Ətraf mühit və infastruktur bloku
- “Ağıllı şəhər” və “Ağıllı” kənd konsepsiyaları
Ağıllı şəhərlər və ağıllı kəndlər icmaların həyat keyfiyyətini, davamlılığını və iqtisadi inkişafını yaxşılaşdırmaq üçün texnologiya və innovasiyalardan istifadə etməyi hədəfləyən anlayışlardır. Ağıllı şəhərlər infrastrukturu, resursları və xidmətləri daha səmərəli idarə etmək üçün texnologiya və məlumatlardan istifadə edən şəhər əraziləridir. Onlar nəqliyyat axını və ictimai nəqliyyatdan tutmuş enerji istifadəsi və tullantıların idarə edilməsinə qədər hər şeyi optimallaşdırmaq üçün texnologiyadan istifadə edirlər. Ağıllı şəhərlər daha yaşana bilən, dayanıqlı və davamlı şəhər mühitləri yaratmaqla vətəndaşların həyat keyfiyyətini yaxşılaşdırmağı hədəfləyir. Ağıllı şəhərlərdə tətbiq edilən innovativ elementlərə tıxacları azaltmaq üçün məlumatlardan istifadə edən intellektual nəqliyyat sistemləri (ITS), enerji istifadəsini optimallaşdıran və tullantıları azaldan ağıllı şəbəkə sistemləri, cavab müddətini və effektivliyi yaxşılaşdırmaq üçün məlumat və texnologiyadan istifadə edən ictimai təhlükəsizlik və fövqəladə hallara cavab sistemləri, sakinlərə rəy bildirməyə və qərar qəbuletmə proseslərində iştirak etməyə imkan verən vətəndaş cəlb platformaları, çirklənmə səviyyələrini idarə etməyə kömək etmək üçün hava və suyun keyfiyyətini izləyən ətraf mühitin monitorinq sistemləri aiddir.
Ağıllı kəndlər isə sosial, iqtisadi və ekoloji problemləri həll etmək üçün texnologiya və innovasiyalardan istifadə edən kənd icmalarıdır. Ağıllı kəndlərin məqsədi rəqəmsal əsrdə inkişaf edə bilən davamlı və özünü təmin edən icmalar yaratmaqdır. Onlar adətən səhiyyə, təhsil və təmiz su kimi əsas xidmətlərə çıxışın yaxşılaşdırılmasına, eləcə də iqtisadi imkanların artırılmasına diqqət yetirirlər. Ağıllı kənd təşəbbüslərinə uzaq icmaları elektrik enerjisi ilə təmin edə bilən günəş və külək enerjisi kimi bərpa olunan enerji sistemləri, tibb mütəxəssisləri ilə uzaqdan tibbi konsultasiyaya imkan verən teletibb proqramları, təhsil və təlim imkanlarına çıxışı təmin edən elektron təhsil platformaları, məhsul məhsuldarlığını optimallaşdırmaq və tullantıları azaltmaq üçün məlumatlardan istifadə edən ağıllı kənd təsərrüfatı texnologiyaları, kənd icmalarına daha geniş bazarlara daxil olmaq və mallarını onlayn satmaq imkanı verən e-ticarət platformaları aid edilir.
Hələ keçən il aprel ayından təməli cənab Prezident İlham Əliyev tərəfindən qoyulan Zəngilan rayonunun Ağalı kəndində icra edilən “Ağıllı kənd” pilot layihəsinda 5 komponentdən ibarət ağıllı infastruktur uğurla icra edilib. Ağalıda qurulan ağıllı infastrukturun əsas komponentləri yaşayış, istehsal, sosial xidmətlər, smart üsullardan istifadə edilərək idarə edilən kənd təsərrüfatı və alternativ enerji mənbələrindən istifadədir.
Cədvəl 2. Ağalıda inşa edilən ağıllı kəndin xarakteristikası
Ərazi (ha ilə) - 110 | Tikinti materialları - izolyasiya olunmuş |
Fərdi eko evlərin sayı - 200 | İkimərtəbəli qeyri-yaşayış evlərin sayı - 4 |
Məktəb (distant təhsilə uyğun) - 360 yerlik | Uşaq bağçası - 60 yerlik |
İçməli su, çirkab su, sel suları sistemi | Abadlıq - park və fəvvarələr |
Əkinə yararlı ərazi (ha ilə) - 600 | Ağıllı idarəetmə sistemli ictimai ferma - 250 baş iribuynuz və 600 baş kiçikbuynuzlu mal-qara |
Yol infastrukturu (piyada keçidləri ilə birlikdə) | Aqrar innovativ texnika ilə kənd təsərrüfatı məhsullarının istehsalı |
Mənbə: president.az
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə ağıllı şəhər və kəndlərin qurulması prosesində yerli mütəxəssislərlə yanaşı, Türkiyə, İtaliya, Çin və digər ölkələrdən gəlmiş mühəndis və işçi heyəti də iştirak edir.
2.Ətraf mühit və enerji problemləri
Sənayeləşən dünyada atmosfere buraxılan karbon emissiyalarının miqdarının tənzimlənməsi və siyasəti iqlim dəyişikliyinin həllinin vacib hissəsidir və bu, innovasiya strukturunun mühüm komponenti ola bilər. Karbon emissiyalarını
azaltmaq üçün həyata keçirilə biləcək tədbirlərə bərpa olunan enerji vasitələri və alətlərindən istifadə etmək, enerji səmərəliliyi, izolyasiya, LED işıqlandırma, ictimai nəqliyyatın, elektrik nəqliyyat vasitələrinin və aktiv nəqliyyatın istifadəsini təşviq etmək, sənaye proseslərindən və elektrik stansiyalarından karbon emissiyalarını tutmaq və saxlamaq üçün texnologiyaların inkişafı, dairəvi iqtisadiyyat tətbiq etməklə tullantıların utiliziyasına nail olmaq, karbon vergisi və ya hədd və ticarət sistemi kimi karbon qiymətlərinin müəyyən edilməsi sisteminin tətbiqi tədbirlərini aid etmək olar.
“Yaşıl enerji” zonasının yaradılması çərçivəsində elektrik enerjisi dəyər zəncirinin hər bir həlqəsində “yaşıl texnologiya”lardan və “yaşıl enerji” potensialından texniki və kommersiya əlverişliliyi nəzərə alınmaqla istifadə ediləcəkdir. Ərazilərdə tikiləcək binaların və digər obyektlərin layihələndirilməsi zamanı ərazinin potensialından asılı olaraq müxtəlif bərpa olunan enerji mənbələri üzrə qurğuların quraşdırılması nəzərə alınacaqdır. Həmçinin ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə üzrə zəruri infrastrukturun yaradılması təmin ediləcəkdir. Yaşıl enerji iqlim dəyişikliyinin həllinə və davamlı inkişafın təşviqinə yönəlmiş innovasiya strukturunun mühüm komponenti ola bilər. Böyük Qayıdış proqramına uyğun olaraq, “Yaşıl Enerji Zonası Nümayiş Pavilyonu”-nun yaradılması nəzərdə tutulub.
Yaşıl enerji sistemlərinin tətbiq edilməsi müxtəlif innovasiya strukturu nəqliyyat, sənaye prosesləri, yaşayış və ticarət binaları kimi müxtəlif sektorlarda günəş və külək stansiyaları kimi yaşıl enerji sistemlərinin tətbiqini dəstəkləyə bilər. Günəş, külək, geotermal və su elektrik enerjisindən istifadə, enerji sahəsində tədqiqatların aparılması və təşəbbüs layihələri maliyyələşdirmək, şirkətləri yaşıl texnologiyalara sərmayə qoymağa təşviq etmək və bərpa olunan enerjidən istifadəni təşviq edən siyasətlər yaratmaqla işğaldan azad edilmiş ərazilərdə enerji sahəsində innovativ təşəbbüslərə nail olmaq olar. Eyni zamanda yaşıl enerji sistemlərinin istifadəsini stimullaşdıran siyasətlərin yaradılması, onların quraşdırılması üçün maliyyənin təmin edilməsi və ictimai məlumatlandırma kampaniyaları vasitəsilə yaşıl enerji sistemlərinin qəbulunu təşviq etməklə nail olmaq olar. İnnovasiya strukturu həmçinin yaşıl enerjinin elektrik şəbəkəsinə effektiv inteqrasiyasını təmin edə bilən enerji saxlama texnologiyalarının inkişafı və innovasiyasını dəstəkləyə bilər. Buna tədqiqat və inkişaf işlərinin maliyyələşdirilməsi, şirkətlərin enerji saxlama texnologiyalarına sərmayə qoyması üçün stimulların təmin edilməsi və enerji saxlama sistemlərindən istifadəni təşviq edən siyasətlərin yaradılması ilə nail olmaq olar. İnnovasiya strukturu tədqiqatçılar, sənaye ekspertləri və siyasətçilər kimi maraqlı tərəflər arasında əməkdaşlığı və bilik mübadiləsini asanlaşdıra bilər. Buna müxtəlif sektorlardan olan ekspertləri öz bilik və təcrübələrini bölüşmək üçün bir araya gətirən konfranslar, seminarlar və digər forumlar vasitəsilə nail olmaq olar.
- Bərpa olunan enerji mənbələri davamlılığı təşviq etməyə və iqlim dəyişikliyi ilə mübarizəyə yönəlmiş innovasiya strukturunun vacib hissəsidir. Bərpa olunan enerji mənbələrinin innovasiya strukturuna inteqrasiyasının ən çox rast gəlinən və effektiv yollarından biri bu sahədə aparılan tədqiqat və inkişaf meyllərinə investisiya yatırmaqdır. İnnovasiya strukturu günəş, külək, geotermal və su elektrik enerjisi kimi bərpa olunan enerji texnologiyalarının tədqiqatını və inkişafını maliyyələşdirə bilər.
- Hidroenerji : Qarabağ ərazisi bərpa olunan enerji resursları ilə zəngindir. Qarabağ Azərbaycanda yerli su ehtiyatlarının formalaşdığı əsas rayonlardan biridir. Azərbaycanın yerli su ehtiyatlarının 25%-i, yəni ildə təqribən 2 milyard 560 milyon kub metr su ehtiyatları bu ərazidə formalaşır. Regionun Tərtər, Bazarçay (Bərgüşadçay), Həkəri kimi əsas çayları və digər kiçik çayları böyük su enerji potensialına malikdir. Bunların bir hissəsindən sovet dövründən istifadə olunur, lakin xeyli hissəsindən gələcəkdə istifadə etmək mümkün olacaqdır.
- Helionerji : Yer səthinə düşən günəş radiasiyasının miqdarına görə Qarabağın cənub düzənlik hissəsi – Füzuli, Cəbrayıl, Zəngilan rayonları Naxçıvan MR ərazisindən sonra ikinci yerdədir. Burada bir kvadrat metr üfüqi səthə düşən günəş radiasiyası ildə 1600-1700 kVt·st təşkil edir. Bu ərazilərin ümumi günəş enerjisi potensialı 3000-4000 meqavattdır. Böyük Qayıdış proqramına uyğun olaraq ərazidə inşa edilən binalarda damüstü günəş panellərindən istifadə təklif edilib.
- Külək enerjisi potensialı : Qarabağın dağlıq hissəsində 100 metr hündürlükdə küləyin orta illik sürətinin 7-8 m/s olduğu geniş ərazilər mövcuddur.
“Globalwindatlas.info” platformasının məlumatına əsasən, Kəlbəcər və Laçın rayonlarının Ermənistanla sərhəd ərazilərində küləyin orta illik sürəti 10 m/s-ə çatır. Ümumilikdə Qarabağın dağlıq ərazilərində külək enerjisinin potensialı 300-500 meqavatt kimi qiymətləndirilir. Hal-hazırda Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti (Abu Dhabi Future Energy Company) Qarabağda layihələr üzərində işləyir. Şirkət Kəlbəcər və Laçında 100 meqavatt gücündə külək elektrik stansiyasının tikintisi, eləcə də azad edilmiş ərazilərdəki "ağıllı" şəhər və kəndlərdə 150 meqavatt gücündə günəş batareyalarının quraşdırılması prosesinə rəhbərlik edir.
İnformasiya texnologiyalarının köməyi ilə Qarabağda enerji paylanmasını yaxşılaşdırmaq, tullantıların yığımını asanlaşdırmaq, nəqliyyat sıxlığını azaltmaq və hətta hava keyfiyyətini yaxşılaşdırmaq olar. Məsələn, həmin ərazilərdə avtomatik olaraq tullantıların idarə olunması şirkətlərinə məlumat göndərən və lazım olduqda götürülməsini əvvəlcədən planlaşdırılan qrafikə malik ağıllı zibil qutularının qoyulması həmin regionu Azərbaycanın tullantısız, təkrar emal mərkəzinə çevirə bilər. Ağıllı idarəetmə, rəqəmsal hökumət və innovativ həllər istiqamətində uğurlu yanaşmalar olan “Smart ASAN” və “ASAN 2.0” konseptləri, “ASAN müraciət” informasiya sistemi və “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi kimi reallaşmış layihələrin Qara bağda tətbiqinin uğurlu olacağı proqnoz edilir.
Xüsusilə, bu istiqamətdə “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin adını vurğulamaq lazımdır. İlkin səviyyə üzrə formalaşan startupların inkubasiya proqramı, startupların yerli və xarici bazara çıxış əldə edilməsinə imkan verən akkselerasiya proqramı və yüksək texnologiyalar sahəsində icra etdikləri maarifləndirici layihələr innovasiya və sahibkarlıq mühitinin inkişafına dəstək verəcəkdir. Adıçəkilən layihələrin işğaldan azad edilmiş ərazilərdə proqnoz edilən səmərəli fəalliyəti hələ ötən ilin sentyabr ayında Ağdam şəhərində keçirilən “Birinci Qarabağ forumu: innovasiya və inkişaf” tədbirində səsləndirilmişdir Elektron Qarabağ modelinin mərkəzində uzaqdan və mərkəziləşdirilmiş qaydada idarəolunan elektron Qarabağ elementi dayanır. Bu modeldə aşağıda təklif edilən subyektlərlə informasiya mübadiləsinin və kommunikasıyanın səmərəli və sürətli qurulması əsas prioritetdir :
- Hökumət orqanlarının rəsmi portalları;
- Beynəlxalq təşkilatlar;
- Regional idarəetmə instituları;
- “Ağıllı şəhər” və “Ağıllı kənd” -lərdə mövcud olan intellektual idarəetmə mərkəzləri;
- Sosial sahələr (təhsil, elm, səhiyyə, mədəni);
- Sənaye və sahibkarlıq subyektləri;
- Maliyyə və sığorta institutları (banklar və sığorta subyektləri);
- Elm, innovasiya, texnoparklar və s.
İşğaldan azad edilmiş ərazilərdə elektron ticarətin özünü doğrultması əsasən 2 amildən asılıdır :
- Bölgədə təklif edilən məhsul və xidmətlərə tələbin formalaşması;
- Elektron ticarəti dəstəkləyən texnoloji alətlər və hesablaşmalar üçün texniki baza.
Xüsusilə, kənd təsərrüfatı məhsullarının və KOB-ların istehsal etdiyi məhsul və xidmətlərin elektron ticarət vasitəsiylə dövriyyəsi və müştəriyə çatdırılması səmərəli proqnoz edilə bilər.
2.Məşğulluq və əmək resursları
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 16 noyabr 2022-ci il №3587 Sərəncamına əsasən Böyük Qayıdışın əsas prioritetlərindən biri də qayıdan əhalinin məşğulluğunun və sosial müdafiəsinin təmin edilməsi sahəsində əlavə mexanizmlərin tətbiqi, iqtisadiyyatın tələbatına uyğun qısamüddətli ixtisasartırma təhsil proqramlarının təşkili və əhali arasında ixtisasartırma təhsilinin tətbiqinə dair layihələrin hazırlanmasıdır. İlkin mərhələdə 1000 nəfərin qısamüddətli ixtisasartırma, 5000
nəfərin isə qısamüddətli təlim proqramlarına cəlb edilməsi gözlənilir. İxtisaslı mütəxəssislərin ərazilərdə əmək fəaliyyətinə cəlb olunmasının stimullaşdırılmasının əsas məqsədi ərazilərdə əmək bazarının ixtisaslı işçi qüvvəsinə tələbatının davamlı təmin olunmasıdır. Davamlı təminetmə və ixtisasartırma proqramlamları əhalidə innovativ mədəniyyəti formalaşdırır və yeni innovativ alətlərdən və xidmətlərdən istifadəni asanlaşdırır.
3.Böyük datanın idarəedilməsi və yüksək texnologiyalar
Praktikada datadan istifadə edilməsi ilkin mərhələ olaraq Zəngilan rayonunun Ağalı kəndində qurulan ağıllı kənddə tikiləcək olan ictimai fermada nəzərdə tutulub. Fermada quraşdırılacaq olan ağıllı idarəetmə sistemi datadan istifadə edəcək və birbaşa təhlil mərkəzindən idarə ediləcək.
İşğaldan azad edilmiş ərazilərdə innovasiya strukturunun qurulması proqnozları
Azərbaycanın 2030-cu ilə qədər nəzərdə tutulan sosial-iqtisadi inkişafın milli prioritetlərinin uğurla həyata keçirilməsi üçün dördüncü sənaye inqilabının tələblərinə cavab verilməlidir. Bunun əsasında Qarabağın və Şərqi Zəngəzurun innovativ iqtisadiyyatının davamlı və inklüziv inkişafı növbəti dövrdə, 5-8 il ərzində təmin ediləcək. Mütəxəssislərin ilkin hesablamalarına görə, bu işlərə təxminən 60 milyard ABŞ dolları məbləğində investisiya tələb olunacaq ki, bunun da yarıdan çoxunu xarici şirkətlərin investisiyaları təşkil etməlidir.Qarabağın yeni tarixi yazılarkən onu regionda həm də yüksək texnologiyalar və innovasiyalar məkanına çevirmək dövlətimizin iqtisadiyyatı və gələcək tərəqqisi üçün vacibdir. Bu məqsədlə ərazi planlaşdırma sənədlərinə uyğun olaraq sənaye zonaları və aqroparkların yaradılması və istehsalın təşviqi planlaşdırılır. Ağdam rayonu ərazisində hələ 2021-ci ildə əsası qoyulan və 7 rezident, 2 qeyri-rezident müəssisəsi olan “Ağdam Sənaye Parkı”, Cəbrayıl rayonu ərazisində 2021-ci ilin oktyabrın 4-də 1 rezident və 1 qeyri-rezidenti olan olan “Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının yaradılması bu istiqamətdə reallaşan layihələrdir. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi isə bu yolda ilk addımını Türkiyənin ən böyük sənaye bölgələrindən birində yerləşən, 130 texnologiya şirkətinə dəstək göstərən “GOSB” texnoparkı ilə memorandum imzalayaraq atmışdır. Hələ 2020-ci ilin dekabr ayında İnnovasiya və Rəqəmsal Agentliyi (İDDA) və Türkiyə Respublikasının “GOSB” texnokparkı arasında bağlanan Memoranduma görə, hər iki ölkə işğaldan azad edilmiş ərazidə elmi-tədqiqat və mədəni sahədə qurulan əməkdaşlıq hesabına birgə layihələri işləyib-hazırlayacaqdır. Memorandumda eyni zamanda, Azərbaycanda texnologiya bilikləri səviyyəsinin artırılması və gənc mütəxəssislərin yetişdirilməsi məqsədi ilə mütəmadi olaraq akselerasiya proqramlarının, texnologiya transferi proqramlarının, bilik və təcrübələrin paylaşması planlaşdırılır. Bunun üçün qarşılıqlı seminar, təlim və konfranslar təşkil ediləcək, ən əsası isə müştərək Yüksək Texnologiyalar Parkı yaradılacaq. Parkda ən son “soft” və “hard” elmi araşdırmaların aparılması, eyni zamanda yüksək texnoloji cihazların istehsalı planlaşdırılır. Mütəmadi təşkil olunacaq kampuslarda isə gənclərimizin və İKT sahəsinin
mütəxəssislərinin bir-biri ilə ünsiyyətdə olmaları, təcrübələrini bölüşmələri və yeni ideyalarını həyata keçirmələri üçün mühit yaradılacaq.
Yüksək texnologiyalardan əlavə regionda inkişaf etmiş və innovativ həllələrlə dəstəklənən telekomunikasiya, fiber internet şəbəkəsi və poçt rabitəsinin də qurulması proqnoz edilir. Eyni zamanda, bir çox şəhər və kəndlərdə müasir İKT-nin tətbiqi ilə göstərilən xidmətlərin keyfiyyətinin səmərəliliyi regional kontekstdə artırıla bilər. Bu baxımdan belə qənaətə gəlmək olar ki, post-münaqişədən sonrakı ərazilərdə ənənəvi iqtisadiyyatdan texnologiyaya keçid və innovasiyaya əsaslanan iqtisadiyyat xüsusi yer tutur. Beləliklə, yeni rəqəmsal və süni intellekt texnologiyaları ümumi dəyər zəncirində yeni gəlir imkanları yaradaraq iqtisadiyyatı stimullaşdıracaq. Bu texnologiyalardan istifadə məlumatların və idarəetmənin keyfiyyətinin yüksəldilməsi istiqamətində də mühüm dəyər yaradır.
Digər bir prioritet sahə isə kiçik və orta biznes subyektlərinin yaradılması və inkişafıdır. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məlumatına görə, son bir ildə xarici dövlətlərin 1000-ə yaxın kiçik və orta şirkəti işğaldan azad edilmiş ərazilərdə işləmək arzusu ilə Azərbaycana üz tutub. Onların arasında Türkiyə, İtaliya, Macarıstan, Yaponiya, İsrail, Böyük Britaniya, Pakistan, Rusiya, Qazaxıstan şirkətləri daha fəaldır. Bu şirkətlər Qarabağın və Şərqi Zəngəzurun demək olar ki, bütün bölgələrinə tikinti, sənaye, ticarət və xidmət, kənd təsərrüfatı və s. kimi sahələrə investisiya qoymaqda maraqlıdır.
Qarabağ və Şərqi Zəngəzurda infrastrukturun inkişafı və iqtisadiyyatın bərpası çərçivəsində enerji obyektlərinin tikintisi xüsusi önəm daşıyır. İşğaldan azad olunmuş ərazilərdə alternativ və bərpaolunan enerji növlərini istehsal etmək imkanı da var. Buna görə də Azərbaycan Respublikasının Prezidenti 2021-ci il mayın 3-də bu ərazilərdə Yaşıl Enerji Zonasının yaradılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Mütəxəssislərin ilkin hesablamalarına görə, bu ərazilərin günəş enerjisində potensialı 4000 MVt-dan, külək enerjisində isə 500 MVt-dan çoxdur. İlkin məlumatlara görə, Kəlbəcərdə 3093 m3/gün, Şuşada isə 412 m3/gün termal su ehtiyatı gözlənilir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində çoxlu sayda elektrik stansiyası yenidən qurulub, müasir yarımstansiyalar tikilərək istifadəyə verilib. Qanuna uyğun olaraq, 2030-cu ilə qədər ölkənin ümumi elektrik enerjisi istehsalında "yaşıl enerji"nin payı 30% təşkil etməlidir. Bütün bu faktlar onu göstərir ki, Qarabağ və Şərqi Zəngəzurda Azərbaycan enerjisinin yeni erası başlayır.
Cədvəl 3. İşğaldan azad edilmiş ərazilərdə innovasiya struktrunun qurulmasının GZİT analizi.
Güclü tərəflər | Zəif tərəflər |
|
|
İmkanlar | Təhlükələr |
|
|
müsbət təsiri
|
|
Mənbə:https://www.researchgate.net/publication/360720161_Isgaldan_azad_olunmus_bolg lrd_innovasiya_layihlrinin_rolu
Əlavə olaraq, xüsusilə COVİD-19 pandemiyası dövründə dünya iqtisadiyyatının böyük böhran yaşamasına baxmayaraq, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə böyük infrastruktur layihələrinin həyata keçirməyə nail olması onun güclü iqtisadi potensiala sahib olduğunun sübutudur.
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu strateji inkişaf xətti bu gün işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq proseslərinin ideoloji və metodoloji təməlini təşkil edir. Onun dövlət idarəçiliyində elmi əsaslara söykənən yanaşması və gələcəyə yönəlmiş baxışları, xüsusilə müasir texnologiyaların tətbiqi və milli potensialın innovativ istiqamətdə səfərbər olunması ideyaları, Qarabağ və Şərqi Zəngəzurun yeni inkişaf mərhələsinə çıxışını təmin edir. Bu baxımdan, azad edilmiş ərazilərdə innovasiya strukturunun qurulması təkcə texnoloji və iqtisadi məsələ deyil, həm də milli iradənin, strateji düşüncənin və lider uzaqgörənliyinin nəticəsidir. Bu ərazilərdə ağıllı infrastrukturun formalaşdırılması, rəqəmsal idarəetmə sistemlərinin tətbiqi, startap ekosisteminin inkişafı və elm-təhsil əlaqələrinin möhkəmləndirilməsi kimi prioritetlər Azərbaycanı regionda innovasiya mərkəzinə çevirmək yolunda mühüm addımlardır. Beləliklə, ümummilli lider Heydər Əliyev irsindən güc alan bu yenidənqurma prosesi yalnız keçmişin izlərini silmir, eyni zamanda gələcəyin güclü, rəqabətqabiliyyətli və texnoloji cəhətdən inkişaf etmiş Azərbaycanın təməlini qoyur. Buraxılış işində "İşğaldan azad edilmiş ərazilərdə innovasiya strukturunun qurulmasının prioritetləri" mövzusundan bəhs edilmişdir. Həmçinin digər buna bənzər xüsusiyyətli mövzulara da müəyyən formada inteqrasiya edilmişdir. Bu metod mövzuyla əlaqəli daha dolğun fikrin formalaşması üçün əhəmiyyətlidir. Belə ki, əldə edilmiş informasiya bazası innovasiya fəalliyəti və dövlət innovasiya siyasəti, eyni zamanda Azərbaycanda innovasiya fəalliyətinin yolu və son olaraq post-konflikt ərazilərində innovativ strukturun qurulmasının prioritetlərinin müəyyən edilməsinə şərait yaratmışdır. Lakin, işğaldan azad edilmiş ərazilərdə innovativ strukturunun qurulması prosesi hal-hazırda davam etdiyindən bu mövzu elmi ədəbiyyatlarda öz əksini tam və əhatəli şəkildə tapmayıb. Bu səbəbdən xüsusilə, rəsmi hökumət orqanlarının elektron bülletenləri, xəbərləri və televiziya efirlərindən istifadə səmərəli qiymətləndirilir. Bu araşdırmanın nəticələrinə əsasən, 44 günlük II Qarabağ savaşından sonra işğaldan azad edilmiş ərazilərdə innovativ həlli strukturun qurulması istiqamətində aşağıdakı təkliflər verilə bilər :
- İşğaldan azad edilmiş ərazilərdə insan resurslarının dəyərli insan kapitalına çevrilməsi üçün innovasiya yönümlü (elm, mühəndislik, yüksək texnologiyalar) sahələrin tədrisi (müxtəlif təhsil səviyyələri üzrə) vacibdir.
- İnnovasiya strukturunun qurulması prosesi hal-hazırda da davam etdiyindən bu sahənin elmi tədqiqat obyekti olması üçün təşviqedici təkliflər və proqramlar hazırlanmalıdır.
- İnnovativ strukturun qurulması böyük maliyyə resursları tələb etdiyindən, xarici investorların və investisiya şirkətlərinin cəlbi mühüm əhəmiyyət kəsb edir.
- İnvestisiya imkanlarının səmərəliliyi həmçinin bölgədə sahibkarlığın yüksəlişinə təkan verə bilər.
Yekun olaraq, araşdırma nəticəsində məlum olmuşdur ki, işğaldan azad edilmiş ərazilərdə təkmil infastruktur qurulmasında innovativ həllərdən istifadə edilməsi innovasiyanın gətirdiyi səmərəliliklə yanaşı, ekoloji dayanıqlılıq meyarı və sosial təsirlərə səbəb olur. Eyni zamanda innovativ alətlər və texnologiyalar innovativ strukturun bir parçası olmaqla, dövlət və özəl subyektlər tərəfindən təklif edilən xidmətlərin keyfiyyətini və səmərəliliyini artırıraq vətəndaş-cəmiyyət əlaqələrini daha şəffaf və innovativ səviyyəyə keçidini təşviq edir. Şübhəsizdir ki, belə keçid gələcəkdə rəqəmsal transformasiyanın mərkəzi və innovasiya şəbəkəsinə çevrilməsi potensialı böyük olaraq qiymətləndirilən Qarabağ üçün mühüm əhəmiyyət kəsb etməklə yanaşı, Azərbaycanın ənənəvi iqtisadi rejimdən innovasiya tutumlu iqtisadiyyatına keçid prosesində əsas prioritetə çevriləcəkdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq hazırlanmış “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, həmçinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” uğurla icra olunur və bu, ölkənin sosial, iqtisadi və institusional inkişafı üçün mühüm zəmin yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizin ötən illərdə əldə etdiyi sosial-iqtisadi nailiyyətlərin davamlı şəkildə artırılması, bunun üçün özəl, o cümlədən birbaşa xarici investisiyaların cəlbinin genişləndirilməsi, biznes mühitinin əlverişliliyinin yüksəldilməsi, iqtisadiyyatın bilik və texnologiya tutumunun gücləndirilməsi, həmçinin işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın davamlılığının təmin edilməsi məqsədilə “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncam imzalamışdır. Azərbaycanın bütün sahələrdə qazandığı misilsiz uğurlar məhz cənab Prezident İlham Əliyev siyasətinin təntənəsidir. Müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında inkişafını davam etdirir. Cənab Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi dövr ərzində bütün sahələr öz inkişafını tapıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev - Azərbaycanın müstəqilliyinin və dinamik inkişafının qarantı olan qətiyyətli, müdrik Liderdir.
Murtəza Həsənoğlu
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dekanı, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
Rizvan Xəlilov
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi