Əbdülmüslüm Məhəmməd oğlu Maqomayev 18 sentyabr 1885-ci ildə Qroznıda dəmirçi ailəsində anadan olmuşdur. Atası Məhəmməd Abdul oğlu əslən Qax rayonunun İlisu kəndindəndir. Gənc yaşlarında İlisuda yaşasa da, sonralar Qroznıya köçmüş və çeçen əsilli qızla ailə həyatı qurmuşdur. Müslüm Maqomayev burada dünyaya göz açmışdır. Ailədə 3 qardaş, 3 bacı olan Müslüm uşaqlıqdan elmə, biliyə, eyni zamanda musiqiyə böyük maraq göstərmiş, məktəb illərində musiqi dərnəklərində iştirak etmişdir. Bəstəkar əvvəlcə Qroznıda, sonra isə Tiflisdə Qori Müəllimlər Seminariyasında təhsil almış, Müəllimlər Seminariyasının orkestrində çalışmışdır. Eyni zamanda, Qafqaz xalqlarının yaradıcılığı ilə maraqlanmışdır. Azərbaycan xalq musiqisini öyrənərək xalq mahnılarını nota köçürüb, xor üçün tərtib etmişdir. Seminariyada oxuduğu illər onun həyatında böyük əhəmiyyət kəsb etmiş, demək olar ki, həyat yolunun səmtini, yönünü dəyişmişdir. Musiqiyə həvəs, maraq göstərən Müslüm burada dahi bəstəkarımız Üzeyir Hacıbəyovla tanış olmuş, bununla da, Müslüm Maqomayevin taleyində yeni səhifə açılmışdır. Hər iki bəstəkarı bir-birinə bağlayan möhkəm dostluq münasibətləri Azərbaycan musiqisi tarixinə yeni ab-hava, yüksəliş və keyfiyyət gətirmişdir. Dahi sənətkarların əməyi sayəsində xalq musiqisi kimi pərakəndə, üslubsuz, janrsız ifa olunan, təbliğ edilən musiqimiz nota alınmışdır. Üzeyir Hacıbəyovla Müslüm Maqomayevin dostluğu getdikcə, hətta qohumluq münasibətlərinə çevrilmişdir. Hər ikisi Volqaboyu tatarlardan olan, Azərbaycan aktyoru, opera müğənnisi, opera xorunun banilərindən biri Hənəfi Terequlovun bacıları ilə ailə qurmuşlar. Məleykə Hacıbəyova (Terequlova) Üzeyir Hacıbəyovla, Baydıgül Terequlova Müslüm Maqomayevlə ailə qurur. Taleyin maraqlı "naxışlarından" biri isə hər iki dahi eyni gündə, eyni ildə anadan olmasıdır.
1904-cü ildə Seminariyanı uğurla bitirən Müslüm Maqomayevə skripka və pul mükafatı verilir. Təhsilini başa vuran Müslüm əvvəlcə Şimali Qafqazda, sonra isə Lənkəranda müəllimlik edir. Bu illərdə həm də nəfəsli alətlər orkestri, xor, eləcə də balalayka çalanlar ansamblı təşkil edir. Ondakı geniş potensialı görən Üzeyir Hacıbəyov Müslüm Maqomayevi Bakıya dəvət edir. Beləcə, böyük bəstəkarın həm də ictimai xadim kimi həyatında yeni mərhələ başlayır. Bakıda dostunun yaratdığı teatr truppasının rəhbəri olur. "Leyli Məcnun", "Əsli Kərəm", "Şeyx Sənan" operalarına, "O olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyalarına dirijorluq edir.
Bəstəkar ilk irihəcmli musiqi əsərini "Şah İsmayıl" operasını 1916-cı ildə yazır. O, bu operada xalq əfsanəsinə əsaslanan, milli folklor nümunələrindən bacarıqla istifadə etməklə yanaşı, həm də klassik Avropa operasının texniki cəhətdən inkişaf etmiş formalarını da ilk olaraq Azərbaycan operasına gətirir. 1919-cu il mart ayının 7-də nümayiş olunan opera indiyədək 400 dəfə səhnəyə qoyulmuşdur. Maraqlı cəhətlərdən biri də bəstəkar Müslüm Maqomayevin "Şah İsmayıl" operasında yaratdığı Aslan şah obrazını illər sonra nəvəsi, dünyaşöhrətli müğənni Müslüm Maqomayevin ifa etməsidir. O, kinorəssam Məhəmməd Maqomayevin atası, dünyaşöhrətli müğənni-bəstəkar Müslüm Maqomayevin babasıdır.
Bəstəkarın yaradıcılığı eyni zamanda mahnı janrı ilə də zəngindir. "Çeçen qız", "Bahar", "Bizim kənd" və digər mahnıların müəllifi olan bəstəkar vokal musiqisi sahəsində də öz fəaliyyətini davam etdirmişdir. O, Cəlil Məmmədquluzadənin "Ölülər", Cəfər Cabbarlının "1905-ci ildə" tamaşalarına musiqi bəstələmişdir. 1932-ci ildə "Koroğlu" dastanı əsasında opera yazmaq istəsə də, Üzeyir Hacıbəyovun da eyni mövzuda əsər yazdığını eşidir və dostunun daha mükəmməl bir opera yazacağını vurğulayan bəstəkar öz fikrindən daşınır.
Müslüm Maqomayev Üzeyir Hacıbəyovla birgə "Azərbaycan türk el nəğmələri" məcmuəsini tərtib etmiş, 300-dən artıq Azərbaycan xalq mahnı və rəqs havalarını nota köçürmüşdür. Bakı radiosunun musiqi rəhbəri olmuş Müslüm Maqomayevin təşəbbüsü ilə radioda "Çahargah gecəsi" adlı muğam konserti təşkil olunmuşdur. O dövr üçün musiqimizin kökünü, təməlini, bünövrəsini təşkil edən muğamımızın təbliği, nümayişi baxımından bundan gözəl iş ola bilməzdi. Artıq muğamımız keyfiyyətli şəkildə geniş dinləyici auditoriyasına nümayiş olunurdu. Hətta o dövrdə Azərbaycan radiosu öz efirini Müslüm Maqomayevin radio marşı ilə açırdı.
Çox çalışqan, zəhmətkeş bəstəkar həm də bir sıra musiqi alətlərində mükəmməl şəkildə ifa etmək qabiliyyətinədə malik olub. Eyni zamanda dahi bəstəkarımız Azərbaycanın ilk peşəkar dirijoru kimi də tarixə düşmüşdür. Müslüm Maqomayev Azərbaycanda kütləvi mahnıları yazan ilk bəstəkarlardandır. O, daim axtarış etmiş, musiqimizə yeniliklər gətirmiş, dünya klassik musiqisindən bəhrələnərək Azərbaycan muğamının, folklorunun sintezində yeni əsərlər yaratmışdır. Ancaq bəstəkarın bitirmədiyi, bitirməyə ömrü vəfa etmədiyi əsərləri də vardır. Bunlar, "Sevgi" operası, "Dəli Muxtar" baleti və "Xoruz bəy" adlı musiqili komediyalarıdır. Müslüm Maqomayevin ən böyük arzularından biri də Hüseyn Cavidin "İblis" faciəsinə opera yazmaq olmuşdur. Böyük Üzeyir Hacıbəyov Müslüm Maqomayev haqqında yazırdı: "İstedadlı musiqiçi, qabiliyyətli bəstəkar, pedaqoq və ictimaiyyətçi Müslüm Maqomayev Azərbaycan incəsənəti tarixində haqlı olaraq fəxri yer tutur". Müslüm Maqomayev qısa, amma şərəfli, mənalı ömür yaşayıb. Həyatı heç də rahat, rəvan olmayan, ağır xəstəliyə düçar olan sənətkar 52 illik ömür yolunda çox çətinliklərə sinə gərib. Qısa ömründə çox işlər görən bəstəkar Azərbaycan mədəniyyətində adı qızıl hərflərlə yazılan dahi sənətkarlardandır. Tarix, bəşəriyyət yaşadıqca, Azərbaycan musiqisi inkişaf etdikcə, bu musiqinin professional yaradıcıları, baniləri siyahısında öndə duran dühalardan biri də Müslüm Maqomayev olacaq.
Müslüm Maqomayev uzun sürən xəstəlikdən sonra, 1937-ci il iyulun 28-də Nalçikdə vəfat etmiş və Bakıda Fəxri xiyabanda dəfn olunmuşdur. Azərbaycan Dövlət Filarmoniyası onun adını daşıyır. Təsadüfi deyil ki, hər iki şəxsiyyətin - böyük bəstəkar Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin anadan olduqları gün - 18 Sentyabr həm də Azərbaycanda Milli Musiqi Günü kimi qeyd edilir.
Mənbə: https://portal.azertag.az/az