Çilidəki VLT teleskopu kainatın sirrlərinə yeni pəncərə açdı. Aydınlar.az donanimhaber-e istinadən xəbər verir ki, Elm adamları NGC 253 – digər adı ilə Heykəltəraş Qalaktikası – haqqında bu günə qədər əldə edilmiş ən dəqiq və rəngarəng görüntünü yayımlayıblar. Təxminən 11 milyon işıq ili uzaqlıqda yerləşən bu qalaktika Şilidə yerləşən Avropa Cənub Rəsədxanasına məxsus VLT teleskopunun MUSE cihazı vasitəsilə müşahidə edilib.
Yeni görüntü, təkcə qalaktikanın ümumi quruluşunu deyil, həm də ulduzların yaranma bölgələri, qaz və toz strukturlarını da inanılmaz detallarla üzə çıxarır. Mütəxəssislər bu təsviri haqlı olaraq “kozmik ensiklopediya” adlandırırlar. Çünki bu görüntü minlərlə fərqli rəng tonundan ibarətdir və hər bir rəng qalaktikadakı fərqli bir fiziki və kimyəvi prosesi əks etdirir. Əvvəlki görüntülərlə müqayisədə bu qədər rəng zənginliyi, qalaktika haqqında daha çox məlumat əldə etməyə imkan verir.
65 min işıq ili və 100 çəkilişdən ibarət mozaika
Toplam 50 saatlıq müşahidələr nəticəsində 100 ayrı-ayrı pozisiyadan toplanan görüntülər NGC 253 qalaktikasının təxminən 65 min işıq ili uzunluğundakı hissəsini əhatə edir. Bu detallı baxış, ulduzların yaranma bölgələrinin fərdi ulduz ölçüsündə araşdırılmasına şərait yaradır.
Tədqiqat nəticəsində daha öncə məlum olmayan 500 planetvari dumanlıq aşkar edilib. Günəşə bənzər ulduzların həyatlarının son mərhələsində xaricə atdığı qaz və tozdan ibarət olan bu strukturlar, qalaktikalararası məsafələrin ölçülməsində mühüm rol oynayır. Qeyd olunur ki, bu qədər yüksək sayda dumanlığın Samanyolu xaricindəki qalaktikada aşkarlanması olduqca nadir haldır.
Tədqiqat davam edir
Alimlər indi NGC 253-dəki isti qaz axınlarını analiz edərək bu proseslərin qalaktikanın kimyəvi tərkibinə və yeni ulduzların formalaşmasına necə təsir etdiyini araşdırmağı planlaşdırırlar. Beləliklə, Heykəltəraş Qalaktikası yalnız ulduzların deyil, elmin də doğulduğu bir məkan kimi ön plana çıxır.
Xəbər Müəllifi: Vasif Şükür