Xədicə Qayıbova 24 may 1893-cü ildə Tiflisdə dünyaya gəlib. Atası torpaq idarəsində çalışan və Tiflisin məşhur ruhanilərindən olan Osman bəy Müftizadə, anası isə XIX əsrdə burada məskunlaşan tatar əsilli Terequlovlar ailəsinə mənsub Züleyxa xanım idi. Atası qızına mükəmməl təhsil vermək arzusunda idi. Ona görə də bütün imkanlarından istifadə edərək onun Müqəddəs Nina Qızlar Məktəbinə daxil olmasına nail olub. Xədicə xanım burada orta təhsillə yanaşı, eyni zamanda mükəmməl fortepiano təhsili də alıb. 1911-ci ildə Xədicə xanım "Qızıl xaç nişanı" ilə orta təhsilini başa vurub, eyni zamanda professor N.Nikolayevin fortepiano sinfində xüsusi kurs keçərək Qızıl haşiyəli diploma layiq görülüb.
Ancaq atası, bacısı və qardaşını vərəmdən itirən Xədicə xanımın təhsili yarımçıq qalır. 1911-ci ildə buradan ayrılan 18 yaşlı Xədicə Nadir Qayıbovla ailə həyatı qurur. Onu da qeyd etmək lazımdır ki, Nadir Qayıbovun atası Hüseyn Əfəndi Qayıbov bütün Qafqazda məşhur olan Qori Müəllimlər Seminariyasında Azərbaycan bölməsinin açılmasının təşəbbüskarlarından biri olub. Sonrakı bir neçə ildə qadınlar üçün nəzərdə tutulmuş rus-müsəlman məktəbində dərs deməyə başlayan Xədicə xanım 1919-cu ildə ailəsi ilə birlikdə Bakıya köçüb. Sovet Ordusunun Bakını işğal etməsindən sonra Azərbaycan SSR Xalq Təhsil Komissarlığında Şərq musiqisi şöbəsinə rəhbər təyin edilib. Musiqiçinin təşəbbüsü ilə "Qısamüddətli Şərq musiqi kursları" təşkil edilir, uşaq xoru yaradılır. Onun təşəbbüsü və birbaşa iştirakı ilə Azərbaycanlı qadınlar üçün musiqi-dram studiyası yaradılıb. O illərdə qurulan Şərq konservatoriyasının banilərindən hesab olunan Xədicə fortepianoda ifa etdiyi klassik muğam əsərləri ilə qısa zamanda şöhrət qazanıb. Şərq və Avropa musiqisinin gözəl bilicisi kimi o, respublikanın mədəni həyatında fəal iştirak edir, Ü.Hacıbəyli, R.M. Qliyer, Bülbül, H.Sarabski, M.L.Presman, L.Rudolf, L.Ab, Q.Primov kimi sənətkarlarla əlaqə saxlayır, Azərbaycan musiqi folklorunun toplanmasında böyük rol oynayır.
1927-1931-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində təhsil alıb. 1933-cü ildə Xədicə xanım həbs edilib və əks-inqilabçılıqda ittiham olunub. Ancaq lazımi qədər dəlil olmadığından 3 ay sonra sərbəst buraxılan Xədicə xanım çox keçmədən öz peşəkar fəaliyyətinə davam edib. Onu əks-inqilabi fəaliyyətdə və türkçülük ideyalarının yayılmasında günahlandırsalar da heç bir sübut, dəlil olmadığına görə həbsdən azad edirlər. 1934-cü ildən Xədicə xanım Dövlət Konservatoriyasında elmi-tədqiqat işi aparmağa başlayıb. 1934-cü ildə Azərbaycan Dövlət Konservatoriyasının tədqiqat heyətinə daxil olub. 16 mart 1938-ci ildə Azərbaycan Daxili İşlər Xalq Komissarlığının Dövlət Təhlükəsizlik İdarəsi birinci bölməsinin 3-cü şöbə rəisinin müavini leytenant Tevosyanın tərtib etdiyi arayışa əsasən ikinci həyat yoldaşı Rəşid Qayıbovun həbs olunmasından qısa müddət sonra Xədicə xanım da həbs edilib. Azərbaycan SSR XDİK-in Xüsusi Üçlüyünün 1938-ci il 19 oktyabr tarixli qərarına əsasən Qayıbova Xədicə Osman qızı Türkiyə konsulluğu ilə əlaqəsinə və casusluq fəaliyyətinə görə əmlakı müsadirə edilməklə güllələnməyə məhkum edilib. Cəza 1 həftə sonra Bakıda icra olunub. Azərbaycan SSR Ali Məhkəməsi cinayət işləri üzrə Məhkəmə Kollegiyasının 14 fevral 1956-cı il qərarına əsasən Qayıbova Xədicə Osman qızına bəraət verilib.
Mənbə: https://portal.azertag.az/az